Həmyerlisini öldürüb, daha bir neçə nəfəri yaralayan şəxsin işi MƏHKƏMƏDƏ
13 aprel 2021 10:52 (UTC +04:00)

Həmyerlisini öldürüb, daha bir neçə nəfəri yaralayan şəxsin işi MƏHKƏMƏDƏ

Ötən ilin avqustunda İmişli rayonu, Göbəktala kəndi ərazisində 1985-ci il təvəllüdlü Amid Əmirahovun öldürülməsi, 1990-cı il təvəllüdlü Səbuhi Əmirahovun isə öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə İmişli rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İmişli Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, istintaqla 1984-cü il təvəllüdlü Pünhan Hüseynovun kənd ərazisində yerləşən kafelərin birində alkoqol sərxoşluğu vəziyyətində əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan  hərəkətlər edib Səbuhi Əmirahova bıçaqla xəsarətlər yetirib qəsdən öldürməyə cəhd etməsinə, sonuncunun qohumu Amid Əmirahova isə bıçaqla bədən xəsarətləri yetirərək öldürməsinə, həmçinin ətrafdakı şəxslərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə və  nəqliyyat vasitələrinə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Pünhan Hüseynov Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə), 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.10 (təkrarən qəsdən adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1503
avatar

Oxşar yazılar