Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb.
Əməliyyat nəticəsində paytaxt sakinləri Rafət Əliyev və Lətif İmanov, həmçinin onların narkokuryerliyə cəlb etdikləri daha 4 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər. Bu şəxslərdən ümumilikdə 1 kiloqrama yaxın heroin, metamfetamin, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdikləri bank kartları və elektron tərəzilər aşkar edilib.
Saxlanılan şəxslər ifadələrində xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələrdə tanış olduqdan sonra onlar tərəfindən narkokuryerliyə cəlb edildiklərini bildiriblər.
Faktlarla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.