Bakıda arvadına xəyanət ŞƏRİ ATAN  əmisi oğlunu 36 dəfə bıçaqladı – TƏFƏRRÜAT
03 iyul 2024 14:20 (UTC +04:00)

Bakıda arvadına xəyanət ŞƏRİ ATAN əmisi oğlunu 36 dəfə bıçaqladı – TƏFƏRRÜAT

Bakıda arvadının xəyanətindən xəbər verdiyi üçün əmisi oğlunu bıçaqlayıb öldürən şəxsə hökm oxunub.

Lent.az-ın əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü Nəsimi Hüseynov  Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məlum olub ki, hadisə 2023-cü ilin oktyabr ayında baş verib.

40 yaşlı Nəsimi Hüseynov 2008-ci ildə Samirə Hüseynovaya (ad şərti) ilə ailə həyatı qurub. Birgə nikahdan onların 3 qız övladı dünyaya gəlib. Müxtəlif tikinti yerlərində usta kimi işləyən Nəsimi, təxminən 2021-ci ildən Rusiyanın Mahaçqala şəhərinə gedib, orada usta kimi fəaliyyət göstərib. Çox zaman Rusiyada olsa da, amma daimi olaraq orada yaşamayıb. İl ərzində bir neçə ay işlədikdən sonra qayıdıb Bakı şəhərinə gəlib.

Həyat yoldaşı Samirə isə Bakıda mağazada satıcı işləyib. Uzun müddət bir-birini görməyən cütlüyün münasibətləri həmişə yaxşı olub.

2023-cü ilin fevralın ayında Nəsimi yenidən Bakıya, ailəsinin yanına qayıdıb. Bir gün atası Nəsimini və qardaşlarını öz evinə çağırıb. Söhbət əsnasında ata Nəsimiyə deyib ki, yoldaşı Samirə ona xəyanət edir, buna görə də boşanmalı olduğunu deyib. Nəsimi səbəbini soruşduqda isə atası ona bu barədə əmisi oğlunun (öldürülən şəxs) xəbər verdiyini deyib. Hətta əmisi oğlu Elməddinin Samirəni oğlanla öpüşən yerdə şəkil və videolarını çəkdiyini deyib. Nəsimi atasına məsələ ilə məşğul olacağını deyib, əmisioğlunun işlədiyi mağazaya gedib. Elməddinə məsələni tam danışmasını və çəkdiyi görüntüləri ona verməsini tələb edib. Elməddin Samirənin başqa oğlanla görüşdüyünü, hətta öpüşdüyünü gördüyünü desə də, görüntüləri çəkdiyi telefonunu itirdiyini deyib. Bunların hamısının bəhanə olduğunu düşünən Nəsimi inanmayıb. Səhəri gündən arvadı Samirəni izləməyə başlayıb.

Məhkəmə ifadə verən təqsirləndirilən şəxs Nəsimi Hüseynov deyib:

"Əmimoğlunun yalan danışdığını hiss elədim. Samirə ilə onu üzləşdirmək qərarı aldım. Üzləşmədə Samirənin üzünə başqa oğlanla görüşdüyünü desə də, öpüşdüyünü deyə bilmədi. Samirədən Elməddinin niyə belə dediyini soruşdum. O dedi ki, borcu qaytarmaq üçün iş yoldaşı ilə mağazanın qabağında görüşüb, pulunu götürüb. Bunları görən Elməddin səhv başa düşüb.

Elməddin “gəl Bakıya söhbət edərik” kimi ifadələr işlətdi. Elməddin arvadımın xəyanəti məsələsini bütün nəsil içində yaymışdı. Bizi biabır etmişdi. Əsassız yerə arvadımın adını çıxardığı üçün ona dərs vermək istədim. Buna görə oktyabrın 5-i Bakıya qayıtdım. Onu öldürməyi düşünmürdüm, amma bıçaqlamaq fikrim vardı. Ona görə oktyabrın 12-si 1 manat 60 qəpiyə bıçaq aldım".

Onun sözlərinə görə, əmisi oğlunu öldürməyinə səbəb arvadı haqqında “küçə qadını” ifadəsi işlətməsi olub:

"Onun ayağına bıçaqla xəsarət yetirmək fikrim vardı. Amma o məni buna məcbur elədi. Yoldaşım haqqında çox nalayiq ifadələr işlətdi. Buna görə bıçaqlamağa başladım. Qışqırıb qaçmaq istəsə də, qoymadım. Elməddini bıçaqladıqdan dərhal sonra özüm polisə təslim oldum. Polisi hadisə yerinə gətirdim".

Məhkəmə istintaqı zamanı bütün hadisənin üzərində cərəyan edən Samirə Qafarova ifadəsində bildirib ki, iş yoldaşı Qurban ondan 42 manat borc alıb:

"Şirniyyat mağazasında işləyirəm. İş yoldaşım Qurban məndən 42 manat borc pul aldı. Tarix yadımda deyil, təxminən 3-4 gün sonra maaş aldığımıza görə işdən çıxan zaman Qurban borcu qaytardı. Qaytaranda yoldaşımın əmisi oğlu görüb. Elməddin yanlış anlamış, guya mənim Qurbanla görüşdüyümü düşünüb. Sonra gedib qaynımgilə “sizin gəlininiz başqa adamla görüşür” deyib. Qurbandan pul alanda yoldaşımın əmisi oğlu yaxınlaşdı və böhtan atmağa başladı. Elməddinə başa salmaq istədim ki, fikirləri yanlışdır. O, durmadan Qurbanı döydü, təhqir etdi. Qurban pulu çöldə bankomatdan çıxarıb verməli olduğu üçün məhəllədə görüşdük. Nəsimi Azərbaycanda olmadığı üçün dəfələrlə işdən çıxanda Elməddin məni izləyib, güdüb. Elməddinlə üzləşsək də, mənə atdığı böhtanı sübut edə bilmədi".

Məhkəmə istintaqında dindirilən hər iki tərəfin əmisi oğlu hadisədən xəbərsiz olduğunu deyib:

"Əmim uşaqları ilə aramız həmişə yaxşı olub. Hadisənin baş verməsini mənə Elməddinin əvvəlki arvadı zəng edib xəbər verdi. Dəqiqləşdirmək üçün qardaşıma, əmimə zəng etsəm də, onların xəbərsiz olduğunu bildim. Hadisənin nə üçün baş verdiyini belə bilmirdim.

Təxminən 2 il əvvəl Elməddin və Nəsiminin qardaşı Müşfiq Samirənin iş yoldaşı Qurban adlı şəxslə sevgi münasibəti yaşadığını bilmiş, hətta bununla əlaqədar Qurbanla söhbət edib, onu döymüşdülər. Qardaşım Elməddin əvvəllər heç vaxt ona Nəsimi tərəfindən ölümlə hədələnməsi, təqiblərə məruz qalması barədə məlumat verməyib".

Şahid qismində dindirilən Samirənin qaynanası bu hadisənin təməlinin 2023-cü ilin oktyabrında qoyulduğunu deyib:

"Bu işin təməli 2023-cü ilin oktyabr ayında qoyulub. Samirə mənim gəlinimdir. Samirənin Qurban adında iş yoldaşı olub, ondan 40 manat borc verdiyi pulu maaş yüklənən vaxt alıb. Elməddin bunu görüb. Qaynım oğlu Müşfiq də orada işləyib. Elməddin Müşfiqi oraya aparıb ona Samirə ilə Qurbanı göstərib, onları dəfələrlə gördüyünü, telefonunda da görüntülərin olduğunu deyib. Bu sözə görə birinci Qurban onu vurmuş, sonra araşdırmışlar ki, belə bir şey yoxdur, ancaq borcunu qaytarırmış. Həmin dalaşma Bakıda baş verib.

Oğlum Sadiq Elməddinə bildirib ki, əgər görüntü yoxdursa ona yalan söylədiyini desin. Elməddin gəlinimi təhqir etmiş, Nəsimiyə “pozğun arvada görə mənim yanıma gəlirsən” deyib. Ondan sonra da bu hadisə baş verib. Məlum ölüm hadisəsi ilə bağlı yoldaşıma qardaşı oğlu xəbər verib. Hadisəyə qədər Nəsimi ilə Elməddin qardaş olublar, aralarında heç bir ədavət olmayıb".

Hadisənin məhkəmə tədqiqi zamanı təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmadığı məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə Nəsimi Hüseynov Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib. Məhkəmənin yekun qərarı ilə ona 17 il müddətində həbs cəzası verilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11847
avatar

Fidan İlqar

Oxşar yazılar