CİNAYƏT İŞİ
Qısa arayış…
2020-ci il noyabrın 26-da Bakı şəhəri Yasamal rayonu, 2-ci Alatava massivi, Kənar dairəvi yolda baş verən kütləvi davada Əli Əliyevin öldürülməsi barədə polisə məlumat daxil olur.
Daxil olan məlumat əsasında dərhal hadisə yerinə əməliyyat qrupu çıxır. Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanır.
Hadisədən 2 gün sonra Yasamal rayon Polis İdarəsinə könüllü gəlib təslim olan Elvin Şəmmədov kütləvi davada iştirak etdiyini, dostu Həsənağa Abdullayevin bıçaq zərbəsi ilə Əli Əliyevi öldürdüyünü etiraf edir. Onun verdiyi məlumat əsasında, səhər saatlarında dostu Sabunçu rayonunda tutulur.
Lent.az sözügedən dəhşətli qətlin istintaq materiallarını əldə edib
İstintaqla müəyyən edilib ki, 2000-ci il təvəllüdlü Həsənağa Abdullayev dostu 2003-cü il təvəllüdlü Elvin Şəmmədovun təhsil aldığı Bakı Biznes və Kooperasiya kollecində, qrup yoldaşı Alı Nuriyevlə yaranmış mübahisənin səbəbini aydınlaşdırmaq istəyib. Bu məqsədlə ona noyabrın 26-ı saat 19 radələrində Moskva prospekti, 67 ünvanında yerləşən “Azərsu” ASC-nin inzibati binasının qarşısında görüş təyin edib. Elvin Şəmmədovla birlikdə həmin ünvana gəldikdə, Alı Nuriyevin orda olmayıb. Onun əvəzinə görüşə dostları Əli Əliyev, Elvin Kərimov, Babək Məşədiyev və Eltac Rəsulov gəliblər. Mübahisənin maneəsiz davam etdirilməsi üçün 2-ci Alatava massivi, Kənar dairəvi magistral yolun kənarında yerləşən, yaşayış evlərinin qarşısındakı sahəyə gediblər. Qrup halında, səbəbsiz yerə uca səslərlə söyərək, ictimai asayişi kobud surətdə pozublar. Həsənağa Abdullayev üzərində gəzdirdiyi bıçaqla Əli Əliyevə zərbələr vuraraq, zərərçəkmişi qəsdən öldürüb. Daha sonra bıçaqla hadisə yerində olan Babək Məşədiyevə hücum edib, sağ əlinin barmağını kəsib. Elvin Şəmmədov isə yerdən götürdüyü daşlarla Eltac Rəsulova və Elvin Kərimova sağlamlığa zərər vurmayan xəsarətlər yetirib.
Əli Əliyevin meyiti
İş üzrə dindirilmiş Həsənağa Abdullayev bildirib ki, pandemiyaya qədər müxtəlif restoranlarda ofisiant işləyib. Ürək çatışmazlığı olduğundan sülh dövründə hərbi xidmətə yararsız sayılıb:
“Noyabrın 26-da səhər dostum Elvin Şəmmədovla birlikdə iş axtarmaq məqsədilə Dərnəgülə gedirdik. Elvin təhsil aldığı Bakı Biznes və Kooperasiya kollecində Alı adlı tələbə yoldaşı ilə Whatsapp-da mübahisəsi düşdüyünü dedi. Elvinin sözlərinə görə, bir gün əvvəl kollecin whatsapp qrupunda onun tələbə yoldaşı Elşad Əlibəyli şərab şəklini paylaşıb. Alı Nuriyev çaxırı nə vaxt içəcəklərini soruşanda, o qrupda qızların da olduğunu bildirərək, Alıya belə məzmunda söhbətlər etməməsini deyib. Bu mübahisədən sonra, özünü Alının yaxın dostu kimi təqdim edən Ataş Elvinə zəng edərək, bu söhbəti aydınlaşdırmaq istədiklərini bildirib və onu axşam “20 Yanvar” metrosunun yanına çağırıb. Sonradan bildik ki, özünü “Ataş”ın əsl adı, soyadı Faiq Abbaszadədir. Saat 19 radələrində avtobusla “20 yanvar” metrostansiyasının qarşısına getdik. Ora çatan kimi 7-8 nəfər yaxınlaşaraq Alının məsələsinə görə gəlib-gəlmədiyimizi soruşdular. Biz də həmin məsələyə görə gəldiyimizi dedik. Özünü Sənan kimi təqdim edən, sonradan isə əsl adının Əli olduğunu bildiyim şəxs burada camaatın sıx olduğunu deyərək, sakit bir yerdə söhbət etməyi təklif etdi”.
Davaya səbəb olan həmin yazışma
Yolda uşaqlardan kimsə Alının işdən icazə ala bilmədiyini, bu səbəbdən də görüşə gələ bilməyəcəyini deyib. Əli Alının yaxın dostu olduğunu, onun iştirakı olmadan məsələni yoluna qoyacağlarını söyləyib:
“Yolda Ataş və bir neçə nəfər bizdən ayrılıb, başqa istiqamətdə getdilər. Saat 20 radələrində Kənar Dairəvi magistral yolunun kənarında dayandıq, əvvəl mübahisəni mehribanlıqla həll etməyə çalışdıq. Amma dediklərimizi qərəzli qəbul etdiyimiz üçün aramızda dava başladı. Əli sifətimə yumruqla vurub, məni yerə yıxdı. Qalxanda Əli badalaq atıb yenə məni yerə yıxdı. Üstümə çıxıb, yumruqla vururdu. Digərləri Elvinlə dalaşırdı. Gücüm çatmadığı üçün cibimdən bıçağı çıxartdım və yerdə uzanmış vəziyyətdə Əliyə kortəbii zərbələr vurdum. Bu zaman Əli başımdan təpiklə vurdu. Zərbələrin təsirindən sağ gözümdən xəsarət aldım və bıçaq əlimdən düşdü. Özümü qoruyaraq, yerə düşmüş bıçağı götürdüm, ayağa qalxıb Əlinin sol buduna vurdum. Sonra Əli qışqırıb yerə yıxıldı. Əlinin yanında olan şəxslər qaçdı. Onun ayağından qan axdığı üçün bel kəmərimi çıxarıb, yarasını sıxıb bağladım. Əli yaralanandan bir neçə dəqiqə sonra onun dostlarından yalnız Eltac geri qayıtdı. Təxminən 10-15 dəqiqə sonra Eltac bir qədər kənarda maşın saxladı. Bir azdan polislərin gələcəyini fikirləşib, Elvinlə birlikdə Binəqədi rayonuna, nənəmgilə gedib, gecəni orada qaldıq. İzlənə biləcəyimizdən qorxaraq, telefonumun nömrəsini qırıb tulladım. Noyabrın 27-i saat 7 radələrində taksofondan qardaşım Qabilə zəng etdim. Onunla görüşdüm və kütləvi davada bir nəfəri bıçaqla yaraladığımı bildirdim. Elvin bıçaqlanan oğlanın vəziyyətini öyrənmək üçün yoldan keçən tanımadığı adamdan telefon istədi və dayısı Ümidvar Kərimliyə zəng edərək, hadisəni ona danışdı. Bundan sonra Sabunçu rayonunda yaşayan tanışım Nicatın evinə getdim. Amma törətdiyim cinayət barədə ona heç nə danışmadım. Səhər saat 11 radələrində polislər həmin ünvana gəlib, məni 29-cu Polis Şöbəsinə apardılar”.
Qətlin baş verdiyi ərazi
Orada bıçaqla yaraladığı Əli Əliyevin öldüyünü bilib. Əməlindən çox peşman olub.
Təqsirləndirilən Elvin Şəmmədov ifadəsində bildirib ki, dava vaxtı kiminsə “məni vurdular” deməsini eşidib. Bundan sonra hamı dayanıb, çevriləndə Əli adlı oğlanın əlləri ilə ayağından tutub, yerə yıxıldığını görüb:
“Yaxınlaşıb, əynimdəki gödəkçənin başlıq hissəsini Əlinin sol buduna basdım. Dava zamanı mən sol ənsə, dodaq və sol gözaltı nahiyələrimdən xəsarətlər aldım. Noyabrın 28-də gecə Yasamal rayon Polis İdarəsinin qarşısına gələrək, təslim oldum. Ən böyük səhvim o oldu ki, Alı Nuriyevə qızların daxil olduğu qrupda içkidən danışmağın yaxşı olmadığını dedim. Başqa heç nə deməmişəm. Ölən oğlanı əvvəllər tanımırdım. Nə Əli ilə, nə də qrup yoldaşımla ədavətim yox idi. Alının mənimlə başqa cür danışmaq istədiyini düşünüb, bu barədə Həsənağaya dedim. Həsənağa da dost kimi mənimlə görüşə getdi”.
İstintaq fotosu
Zərərçəkmiş şəxsin hüquqi varisi Calal Əliyev ifadəsində göstərib ki, qətlə yetirilən oğlu Əli Əliyev Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində oxuyurdu. Noyabrın 26-ı saat 15 radələrində həyat yoldaşı Aynurə Əliyeva ilə birlikdə dostunun atasının yas mərasimində olublar:
“Yas mərasimində olarkən Əli zəng edib doğum gününü dostları ilə birlikdə qeyd etmək üçün tort sifariş edəcəyini və evdən çıxmaq istədiyini dedi. Sulutəpədə yaşayırdıq. Lakin Əli arabir nənəsinin 2-ci Alatava massivində yerləşən evində qalırdı və orda, qonşuluqda yaşayan həmyaşıd uşaqlarla dostluq edirdi. Saat 21 radələrində, qayınanam zəng edib Əlinin Respublika Kliniki Xəstəxanasına aparıldığını xəbər Verdi. Yoldaşımla birgə xəstəxanaya yollandıq. Ora çatanda oğlumun aldığı 2 bıçaq xəsarətindən öldüyünü bildik. Sonradan Əlinin tanımadığı şəxslərlə mübahisəsi etdiyini və Həsənağa adlı şəxsin bıçaq zərbələri ilə Əlini öldürdüyünü öyrəndik”.
Cinayət işinin protokolu
Zərərçəkmiş Eltac Rəsulov ifadəsində göstərib ki, noyabrın 26-ı saat 19 radələrində evdə olarkən Əli Əliyevlə ortaq dostları olan, eyni məhəllədə yaşayan Alı Nuriyev zəng vurub. Alı qrup yoldaşı Elvin Şəmmədovla mübahisə etdiyini bildirib, onu “Azərsu” ASC-nin binasının qarşısına çağırıb:
“Evdən çıxarkən telefonuma Əlidən də səsli mesaj göndərildiyini gördüm. “20 Yanvar” metrosunun yanına piyada getdim. Deyilən yerə çatanda orda mənimlə bir məhəllədə yaşayan Babək, Faiq, Kamal, Elvin, Hüseyn, Əli və Əlibahimi gördüm. Tanışımız Alının işdə olduğunu və bir azdan onun da çıxıb. gələcəyini dedik. Təxminən 15 dəqiqədən sonra Elvin və Həsənağa “Azərsu”yun qarşısına gəldilər. Məhəlləmizə tərəf gedərkən, yolda Alı Faiqlə əlaqə saxlayaraq, işdən icazə ala bilmədiyini, bu səbəbdən də gələ bilməyəcəyini, Elvini yola salmalarını və görüşü başqa vaxta təyin etməyi dedi. Məhəlləyə çatanda Kamal, Əlibrahim, Hüseyn və Faiq bizdən ayrıldı. Mən, Əli, Babək, Elvin və görüşə gələn 2 nəfər məhəllənin yuxarı hissəsinə qalxaraq, ordan Kənar Dairəvi yola çıxdıq. Əli Həsənağanı yumruqla vurub yerə yıxdı. Elvin beşbarmağı sağ əlinə keçirib Əlinin üzərinə gedərkən, ona mane olmaq üçün qarşısına keçdim. Elvin məni uca səslə söyüb qollarıma və bədənimə vurdu. Əynimdə qalın paltar olduğu üçün ancaq sağ əlim sıyrıldı. Dostum Elvin Kərimov Elvin Şəmmədovun arxa tərəfinə keçdi. Əlləri ilə onun gödəkçəsinin başlıq hissəsindən tutub kənara itələdi. Sonra Elvin Şəmmədov beşbarmaqla Babəki vurmaq istədi, amma Babək zərbələrdən yayındı. Bu müddət ərzində Əli Həsənağa ilə dalaşırdı. Həsənağa qəfil ayağa qalxaraq, cibindən bıçaq çıxarıb, Babəkin üstünə getdi. Babək təpiklə Həsənağanın əlindən vurub bıçağı yerə saldı. Əli yenidən Həsənağaya hücum edib, ona yumruqla vurmağa davam etdi. Bir anda ayağa qalxan Həsənağa Əlinin ayağından yaraladı. Elvin üzərimə gələndə, bir qədər Şamaxinka istiqamətdə qaçdım. Həsənağanın zərbəsindən yayınan Babək sağ əlindən xəsarət alaraq, oradan uzaqlaşdı. Əlinin yanına qayıdarkən yerdən əlimə bir neçə daş götürdüm. Kənardan Həsənağanın sağ dizi ilə yerdə uzanmış Əlinin baş nahiyəsinə güclü zərbə vurduğunu gördüm. Bu zaman Əliyə yardım göstərməyə çalışan Elvin Kərimov Həsənağanı itələyib yerə yıxdı. Elvin Şəmmədov beşbarmaqla Elvin Kərimovun qulağına xəsarət yetirdi. Kərimov da məhəlləyə tərəf qaçdı. Onların üstünə qışqırıb, Əlidən əl çəkmələrini, əks təqdirdə onun qanitirmədən ölə biləcəyini dedim. Bir müddətdən sonra Elvin, Babək və Tural hadisə yerinə qayıtdılar. Yol kənarında dayanıb, saxladığım taksi ilə Əlini xəstəxanaya apardıq. Həmin gecə dostum orda dünyasını dəyişdi”.
Qətlin baş verdiyi ərazi
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsənağa Abdullayev 16 il, Elvin Şəmmədov isə 2 il müddətinə azadlıqdan məhrum olunublar.