2 il əvvəl küt alətlə qətlə yetirilmiş qadın... - ÜSTÜ AÇILDI
29 yanvar 2022 16:33 (UTC +04:00)

2 il əvvəl küt alətlə qətlə yetirilmiş qadın... - ÜSTÜ AÇILDI

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin  birgə fəaliyyəti nəticəsində 2 il əvvəl törədilərək bağlı qalmış  cinayətin üstü açılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2020-ci il sentyabrın 4-də Masallı rayonunun Hüseynhacılı kəndinin ərazisində 02.04.1962-ci il təvəllüdlü Şəmmədova Aidə Ağadadaş qızının yaşadığı evdə başına küt alətlə vurularaq qətlə yetirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, lakin cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmayıb.

Peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət olan istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə zərərçəkmişin həmkəndlisi 05.05.1992-ci il təvəllüdlü Tapdıqov Şəhriyar Əliyar oğlunun 04.09.2020-ci il tarixdə Aidə Şəmmədovanın  yaşadığı evə tamah niyyəti ilə daxil olaraq  sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

29.01.2022-ci il tarixdə Şəhriyar Tapdıqov şübhəli şəxs qismində tutulmuş, sonuncu istintaqa verdiyi ifadəsində törətdiyi cinayət əməlini etiraf etməklə cinayətin alətini təqdim edib

Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə  istintaq tədbirləri davam etdirilir.

# 2472
avatar

Oxşar yazılar