Tüstülənən tank, mərcə açılan atəş, ratsiyadakı sirli qız səsi... - XATİRƏ
27 fevral 2013 16:30 (UTC +04:00)

Tüstülənən tank, mərcə açılan atəş, ratsiyadakı sirli qız səsi... - XATİRƏ

Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın...Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.

 

Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...

 

Bu da mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin bir səhifəsi. İndi bu səhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gec deyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçək şahidləri varıq, bu səhifələri bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik. Tamamilə oxunmaz hala gəlmədən...

 

Öz vertolyotumuz Şirin Mirzəyevi niyə məhv etmək istəyib?

 

Abdal Gülablı kəndini ermənilərdən təmizləyib “keçi cığırı” deyilən posta yaxın bir yerdə, dağın döşündə bir çəmənlikdə Şirin Mirzəyevlə görüşdük. Səhv etmirəmsə, Sənanla birlikdə iki əsgər itirmişdik biz bu döyüşdə. Əsgərlərimizin ölümünə çox acıyırdı...

 

Şirin Mirzəyevin rəhbərlik etdiyi dəstə ortadan ermənilərin mövqeyinə ağır zərbə vuraraq Filman Abbasovun rəhbərlik etdiyi qrupla birləşmişdi. Öyrəndik ki, ikinci ekipajdan Abdalın girəcəyində vertolyotun Şirin Mirzəyevin olduğu mövqeyi atəşə tutmasının səbəbini soruşublar. O da deyib ki, “yuxarıdan” əmr verilmişdi ki, Şirin Mirzəyevin bir komandir olaraq erməniyə əsir düşməsinin qarşısını almaq üçün onu məhv edək.

 

Əslində, Şirin Mirzəyevin varlığı, Ağdam və bu istiqamətdə torpaqlarımızın müdafiəsində inamla dayanması kimlərisə narahat etməsi bizlərə çoxdan məlum idi. Özü və çox yaxın ətrafı fərqindəydi - komandirin həyatın hər an təhlükə altında idi. Uşaqlar bunu anlayır və onu qorumağa çalışırdılar...

 

19-cu yazı

 

İki mərmiylə düşmən mövqeyinin külünü göyə sovurdu...

 

Üstündən xeyli vaxt keçib, çox adları unutmuşam. Amma bu döyüşdə “Qatır Məmməd”in (Yaqub Rzayev), Fred Asifin (Asif Məhərrəmov), rəhmətlik Faiq Baxşəliyevin əsgərləriylə yanaşı Yelmarın (Komandos) döyüşçüləri də iştirak etmişdi. Ümumiyyətlə, Abdal Gülablıda bir neçə döyüş oldu deyə indi mən də, çoxları da bəzi detalların hansı döyüşdə baş verdiyini qarışıq salırıq.

 

Vaxtını unutmuşam, amma bu da Abdal Gülablı döyüşlərinin birində olub. Batalyonumuzun minaatanlar dəstəsi də (Əslində adı minaatanlar idi, bu dəstənin uşaqları bütün silahdan istifadə edirdilər. Digər tərəfdən, bir də gördün, dəstənin bir qrupu piyada kimi döyüşün önündə gedir. Harada vəziyyət çətin olurdu Şirin Mirzəyev bu dəstənin uşaqlarını ora göndərirdi) bu döyüşdə idi.

 

Bakıdan gəlmiş bir minaatan dəstəsi ermənilərin Ağbulaqda - dağın başındakı mövqelərin vurmaq istəyirdi, amma vura bilmirdi. Bu vəziyyəti kənardan dəliqanlılıqla seyr edən bizim batalyonun minaatanlar dəstəsinin komandiri - rəhmətlik Hidayət İbrahimov özünü saxlaya bilmirdi, Bakıdan gələn peşəkar dəstənin zabitinə (Səhv etmirəmsə, polkovnik-leytenant idi) arada müxtəlif göstərişlər verirdi: “Bir qədər sağa götür, bir qədər sola...” Onsuz da hədəfi vura bilmədiyindən hövsələdən çıxan zabit Hidayəti acıladı:

 

- Elə vura bilənsənsə, niyə qıraqda durmusan, gəl vur, baxaq də!

 

- Cəmi üçcə mərmiyə hədəfi vursam, nə verərsən? - deyə, Bakıdan gələn zabitə sual verdi.

 

Zabit onun nə istədiyini  soruşdu.

 

Hidayət hədəfi vuracağı təqdirdə 10 yeşik minaatan mərmisi (Batalyonda mərmi ehtiyatı az idi) istədi. Razılaşdılar. Qarşı tərəf şərt qoymadı.

 

Hidayət əsgərlərə tapşırıq verdi. Bizim batalyonun minaatanları öz minaatanlarını çox qısa bir vaxtda müvafiq yerdə qurdular. Bu arada qeyd edim ki, Bakıdan gələn dəstənin minaatanların nişangahı (Busolu) filanı da var idi. Amma bizim batalyonun minaatanların nişangahı yox idi, elə Hidayətgil həmişə gözəyarı atırdılar. Lakin həmişə də nəticəsi uğurlu olurdu.

 

Bizim minaatanlar dəstəsinin uşaqları bir göz qırpımında minaatanlardan birini hazırlayıb, mərmisini qoyub, Hidayətin tapşırığını gözlədilər. Hidayət özü minaatanı gözəyarı aşağı, yuxarı, sağa, sola fırlatmaqla nizamladı. Birinci mərmi ermənilərin mövqelərinin üstündən keçib getdi, dağın dalına düşdü. Durbinlə mərmini düşdüyü yerə qədər müşayiət edən Hidayət ikinci mərminin minaatan qoymamışdan qabaq da yenə minaatanı bir qədər sağa, sola, aşağı və yuxarı fırlatdı. Və “Allah, Məhəmməd ya Əli” deyib mərmini minaatanın borusuna buraxdı... Bu dəfə düz hədəfi vurdu. Ermənilərin postundan toz-duman göyə qalxdı.

 

Bakıdan gələn zabit pərt olsa da Hidayəti qucaqlayıb vəd etdiyi 10 qutu mərminin bizim minaatanlara verib, şey-şüylərini yığışdırıb, oradan uzaqlaşdı. Bu, qeyri-peşəkarların - silah-sursatları ala-yarımçıq olan, amma torpağını, yurdunu dəlicəsinə sevən və bu amal uğrunda ən inanılmaz uğura da imza ata bilən gənclərin qələbəsi idi.

 

Həsəni vurdular...

 

Batalyonumuzda cəmi iki tank vardı. Onlardan birinin lüləsi yırtıq idi. Yəni elə səsi-küyü var idi, amma topu, demək olar ki, işləmirdi - uzağa ata, hədəfi vura bilmirdi. Lüləsi yırtıq tankımız Ağdamın Papravənd kəndində dayanırdı. Onu əvvəlcə Seymur, sonra isə Şahlar adlı bir əsgərimiz idarə edirdi. (Yeri gəlmişkən, Papravənd bu müharibədə insanlarının qəhrəmanlığı, döyüşkənliyi ilə xüsusi ilə seçilirdi).

 

Digər bir tankımız isə Qaralar kəndi tərəfdə dayanırdı. Bunu Həsən adlı peşəkar tankçı idarə edirdi. Həsənin rütbəsi mayordu, Əfqanıstan müharibəsindən keçmişdi. Tale elə gətirmişdi ki, Həsən həbsxanaya düşmüşdü. Cəzasını Ağdamdakı Şahbulaq həbsxanasında çəkirdi. Ordu üçün lazımlı adam olduğundan Şirin Mirzəyev onun azadlığına nail oldu və o, bizə qoşuldu.

 

Həsən zahirən çox zəhmli adam təsiri bağışlayırdı, amma xasiyyətcə mülayim idi. Biz gecələr kəşfiyyata gedəndə arada bizi tankın belində Xaçın çayını adladırdı. O tayda bir az manevr edib, geri qayıdırdı. Guya ermənilərin ayıq-sayıqlığını yoxlayır... Hava soyuq olanda çayı piyada keçib getmək it zülmü idi. Elə soyuq havalarda bəzən Həsən bizə beləcə yardım əlini uzadırdı...

 

Abdal-Gülablı istiqamətində, Aranzəmin, Dəhraz, Naxçıvanik tərəfdə gedən döyüşlərin birində Həsən tankla xüsusi qəhrəmanlıq göstərmişdi. Deyəsən, mayın 6-da olan döyüşdə. Döyüş dağ döşündə, elə bir yerdə gedirdi ki, hər tərəfdən savaş meydanı ovuc içi kimi görünürdü. Hətta hamının eşitdiyi mülki rabitə qurğusunda (ratsiyada) Həsənin qəhrəmanlığı  futbol reportajı kimi yayılırdı. Biz bunu Ağdam cəbhəsinin Ağdərə istiqamətində dinləyirdik... Həmin gün biz başqa əməliyyatdaydıq. Avtomobillərində mülkü rabitə qurğusu quraşdırılan bir neçə adam uzaqdan döyüşə baxaraq gördükləri canlı müharibə səhnələrini həmin o mülki rabitə qurğusu ilə digər tanışlarına danışırdı. Hətta bizim futbolçulara məsləhət verən idman şərhçilərimiz kimi, onlar da qiyabi məsləhətlər verirdilər Həsənə. Bunu eşidən bir neçə maşın da gəlib döyüş meydanından “canlı yayıma” çıxırdılar. Qəribə şeylər baş verirdi bəzən cəbhə bölgələrində, döyüş meydanlarında. Həsənin hərəkəti hamının diqqətindəydi. Axı tank yekəydi, kənardan daha aydın görünürdü. İndi o “reportajdan” az səhnələr yadımda qalıb:

 

- Həsən düz ermənilərin postuna tərəf gedir (tankla - R.K.)...

 

- Odey posta çatdı... Ay Allah, indi onu vuracaqlar...

 

- Bəs piyadalarımız hanı? Niyə yoxdular onun yanında? Tankı qorumaq lazımdır... Yox, indi vuracaqlar Həsəni... Vay dədə vay... Ermənilər qaçır... Ermənilər texnikalarını da qoyub qaçdılar...

 

- Həsən vurur erməniləri... Vay dədə vay, bir erməninin qumbarası tankın altına düşdü...

 

- Ay Allah! Həsənin tankı tüstüləyir! Vurdular Həsəni! Həsəni vurdular!!!

 

Hamının eşitdiyi mülki rabitə qurğusunda hər kəsin səsi kəsilir, hamısı nəfəsini içinə alıb Həsənin taleyini düşünür...

 

Yenidən ratsiyada səslər eşidilir...

 

- Yox ey, Həsəni vurdular! Odey, yanır Həsənin tankı, tüstüdən tankı görünmür. Kimsə bağırır:

 

- Yox vurmayıblar!

 

- Özü qəsdən tüstü buraxıb ki, onu vura bilməsinlər, manevr edə bilsin. Həsənin tankı yenidən hərəkət edir.

 

- Şükür Allaha! Həsən sağ-salamatdır!

 

Arada Şirin Mirzəyevin, həmişə mənə məşhur sovet hərbi diktoru Levitanın səsini xatırladan, amiranə səsi yayılır ratsiyada:

 

- Dayandırın bu söz-söhbəti! Bu biabırçılıqdır, təxribatdır, dayandırın!  

 

Komandirin səsini tanıyan əksəriyyət səsini kəsir. Rabitə cihazında ölü bir sükut hakim kəsilir. Yenidən həyəcanlı səslər gəlməyə başlayır:

 

- Kəşfiyyatçılarımız ermənilərə əsir düşüb!

 

- Həsən ona görə piyadaları gözləmədən irəli şığıyırmış ey. Kəşfiyyatçıları azad etmək üçün...

 

Yenidən ratsiyada döyüş reportajı başlayır. Kimsə artıq yaralılarımızın olduğunu söyləyir:

 

- Kömək edin, tez, “skoru” hanı? Tez maşın gəlsin! Tibb bacıları harada qaldı?

 

Və kəşfiyyatçıların əsir düşməsi xəbəri yayılır. Biz arxayın idik ki, kəşfiyyatçılar əsir düşməyib, çünki bizdən o döyüşdə kimsə yox idi. Amma hər kəs narahat idi. Bizim taleyimizlə maraqlanırdılar. Yenə bağırtı, qışqırıq...

 

“Rey! Mən səksən səkkizəm, mənə cavab ver!”

 

Qəflətən bu qarışıq kişi bağırtılarının içində ürkək bir qız səsi gəldi qulağıma:

 

- Rey...

 

Hıçqırıq  onu boğdu. Əvvəl elə bildim qulağım səsə düşüb. Amma o səs yenidən məni çağırdı:

 

- Rey...

 

Və yenə hıçqırıq.

 

Bu dəfə tam əmin oldum ki, bu onun səsidir. Müharibədən əvvəl çalışdığım tikinti idarəsində yetim bir qız var idi, atalı-analı yetim qız. Əvvəlcə sözümüz tuturdu, sonra mehribanlaşdıq,  dostlaşdıq, indi sevgiyə çevrilmişdi dostluğumuz... İşlədiyimiz idarədə ratsiya vardı. Çağırış kodu da 88 idi. Sən demə, bütün kollektivimiz birgə qulaq asırmış “döyüş reportajına”. Və kəşfiyyatçıların əsir düşməsi xəbəri onlara da çatıb. Bilməyiblər neyləsinlər, axırda qərara gəliblər ki, məni çağırsınlar.

 

Sonra iş yoldaşım Elmiranın səsi gəldi:

 

- Rey! Mən səksən səkkizəm, mənə cavab ver! Rey! Mən səksən səkkizəm, mənə cavab ver!

 

Amma cavab verə bilmirdim, olmazdı... Heç bir cavab vermədim... Nə Elmiraya, nə o qıza.

 

İndi taleyindən xəbərim yoxdur o qızın, ona görə də adını yazmıram, amma aramızda parolumuz var idi – ABBBA...

 

Bir neçə gün sonra köhnə iş yerimə getmişdim. Ona dedim ki, ratsiyada məni çağırdığını eşitdim. And-aman elədi ki, məni çağırmayıb, məni çağıran ancaq Elmiraymış. Üstündən bir xeyli keçəndən sonra Elmira bir gün dedi ki, o məni çağıranda həmin qız da kənardan durub baxırmış və astadan iki dəfə adımı çağırıb...

 

...Həsənin tankının yanına bir neçə mərmi düşmüşdü. Amma özü sağ idi, ağır kontuziya almışdı, səhv etmirəmsə, heç tank da tam sıradan çıxmamışdı...

 

(Ardı var)

 

[email protected]

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5535
avatar

Rey Kərimoğlu

Oxşar yazılar