Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın...Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.
Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...
Bu da mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin bir səhifəsi. İndi bu səhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gec deyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçək şahidləri varıq, bu səhifələri bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik. Tamamilə oxunmaz hala gəlmədən...
Qazançı əməliyyatından sonra kəşfiyyat işlərimiz də daha da çoxaldı. Demək olar ki, kəşfiyyat dəstəsi hər an düşmənin arxasındaydı. Rəhmətlik İdris kişiylə (Hümbətov İdris) xeyli əməliyyatlar həyata keçirdik...
Martın ortaları idi...Hələ dağların zirvəsində qar əriməmişdi...İdris kişi, Qırımxan, Ziyad, Fərman və mən Xankəndi-Ağdərə yolu ilə ermənilərin hərəkətlərini müşahidə etmək üçün gecə yola çıxdıq. Ermənilərlə təmas xətti ilə Qaralar kəndi arasındakı Xaçın çayından adlayıb, erməni postlarını sakitcə keçib nəzərdə tutulan yerə doğru irəlilədik.
Gecə qarı ərimiş palçıq yollarda yerimək nə qədər çətin idisə, çayı keçərkən qurşağa qədər islanmış qalın paltarlarımız da bir o qədər işimizi çətinləşdirirdi...İşıqlaşana qədər yol getdik. Hərdən meşə ağaclarının qurumuş qanadlarını külək vurub yerə salanda yaranan şıqqıltını əvvəlcə qulaqlarımızda, sonra beynimizdə, ardınca isə ürəyimizdə hiss edirdik...
Erməni kəşfiyyatçıları ilə üz-üzə gəldik...
16-cı yazı
Biz dəfələrlə bu halla qarşılaşsaq da, hər dəfə eyni hissi yaşayırdıq. İdris kişi həmişə öndə gedərdi. Növbəti şıqqıltı onu adəti üzrə çömbəlməyə vadar etdi və o, bizə “sakit olun” komandası verdi. İdris kişinin bu komandası hansısa meşə quşunun, adətən, gecə çıxardığı səsi yamsılaması idi. Deməli, ciddi təhlükə var! Qarşıdan bizə tərəf bir dəstə erməni əsgəri gəlirdi. Biz diqqətimizi səs gələn tərəfə yönəltdik. Artıq danışıqları və ayaq səsləri lap aydın eşidilirdi.
Verilən təlimata əsasən, biz heç vaxt işlək yollardan, cığırlardan istifadə etmirdik. Baxmayaraq ki, artıq ermənilərin hər an sərbəst hərəkət etdiyi yollara çatmışdıq və burada mina olma ehtimalı sıfıra bərabər idi, yenə də ehtiyatı əldən verməyib, cığırın kənarıyla gedirdik.
Səsi eşidəndə əvvəlcə yerə çömbəldik, sonra isə sıx kolların arasında yerə uzanaraq ətrafı dinşəməyə başladıq...
Ermənilər bizə çatdılar. Dörd nəfər idi, təxminən bir metr aralıdan keçib getdilər. Əlimiz avtomatlarımızın tətiyində çox həyəcanlı bir vəziyyətdə gözləyirdik. Bizi görsələr, onları vuracaqdıq. Gözümüzün qabağında olduqlarından onları vurmaq asandı. Onlar çox güman ki, erməni kəşfiyyatçılarıydı.
Amma Şirin Mirzəyevin xüsusi təlimatı vardı. Özümüzü büruzə verməməli, tapşırığı nəzərdə tutulan kimi həyata keçirib, sağ-salamat qərargaha qayıtmalıydıq. Əməliyyatı heç bir halda poza bilməzdik.
Ermənilər heç nə hiss etmədən keçib getdilər. Bəlkə də heç belə deyildi, bəlkə onlar da özlərini görməzliyə vurmuşdular. Nə bilmək olar...
Biz hər hansı ərazidə kəşfiyyat əməliyyatı aparmaq üçün düşmənin arxasına keçəndə belə hallar çox olurdu. Bu da Şirin Mirzəyevin taktikası idi. O zaman biz gedəcəyimizdən fərqli istiqamətə gedər, sonra erməni kəşfiyyatçılarını axıra qədər izləyib, geri - qərargaha qayıdırdıq. Erməni kəşfiyyatının ərazidə olduğu barədə məlumat verirdik. Dərhal bütün postlarımızda, oradakı əsgərlərin sayında, hərbi texnikanın yerləşməsində dəyişikliklər edilirdi. Əslində Şirin Mirzəyev çox nadir hallarda bizə kəşfiyyat əməliyyatının nə üçün keçirildiyini bildirərdi. Biz yalnız sağ-salamat kəşfiyyatdan döndükdə hansı əməliyyat hazırlandığını bilirdik.
Ermənilər keçib gedəndən sonra biz yolumuzu davam etdik. Düz Vəngin körpüsü deyilən yerə qədər gedib çıxdıq. Burada iki gün müşahidələr aparıb qeydlərimizi götürdükdən sonra geri qayıtdıq. Batalyona qayıdan kimi Şirin Mirzəyevə yazılı və şifahi məlumat verdik. Onu da qeyd edim ki, Ş.Mirəzyev bu məlumatları hər kəşfiyyatçıdan ayrılıqda alırdı.
Uğursuz əməliyyat...
Mart ayının ortalarında kəşfiyyat dəstəsinin böyük bir qrupunun iştirakı ilə əməliyyat hazırlanmışdı. Gündüz saat 11-12 radələrində kəşfiyyat dəstəsinin komandiri Eldardan əmr gəldi ki, düşmənin arxasına keçməliyik. Adətən biz düşmənin arxasına gecələr keçirdik. Çünki təmas xətti nəzarət altında olurdu.
Sonralar öyrəndik ki, Müdafiə Nazirliyinin Bakıdan gələn rəsmisi, gündüz olmasına baxmayaraq, bizim kəşfiyyata getməyimizi tələb edib. Şirin Mirəzyev isə bunun gündüz həyata keçirilməsi mümkün olmadığını deyərək etiraz edib, amma Müdafiə Nazirliyinin Bakıdan gələn rəsmisinin təkidindən sonra naəlac qalıb razılaşıb...
Günün günorta çağı Məhəmməd Nağıyev, zərdablı balası Azad Musayev, Ziyad Əliyev, İdris Hümbətov və mən (ola bilsin, kimisə unutmuşam) Qaralar kəndi istiqamətindən Xaçın çayını keçərək, ermənilərin nəzarətində olan əraziyə keçdik. Hündür olmayan qayadan dırmaşıb elə meşə zolağına az qalmışdıq ki, ermənilər bizi gördülər və şiddətli atəşə tutdular... Elə bir yerdə qaldıq ki, nə meşəyə girə bilir, nə geri - Xaçın çayına tərəf qayıda bilirdik. Özümüzə mövqe tutmağa heç daş, ağac da yox idi. Amma özümüzü ələ alıb, atəş açmağa macal tapıb, yavaş-yavaş sürünərək geri, Xaçın çayına tərəf qayıtdıq. Qayadan çaya tullandıq. Mart ayı, soyuq çay...Soyuq su adamı qılınc kimi kəsirdi. Ermənilər çayda da bizi atəşə tutdular, yalnız bizim postlardan erməniləri atəşə tutandan sonra onlar susdular. Çay çox dərin idi. Ziyad qabağa keçib, çayın dayaz yerini tapdı. Biz də onun ardınca gedib çaydan çıxırdıq. Bir də gördük ki, su içərimizdə boyca gödək olan Məhəmmədi batırdı. Birtəhər onun qolundan yapışıb, qırağa çıxartdıq. Yalnız bu zaman bəlli oldu ki, onun avtomatını su aparıb. Çay çox sürətlə axırdı. Silahın əvəzsiz bir vaxtında avtomat itirmək kəşfiyyat dəstəsi üçün böyük bir biabırçılıq olardı. Əvvəlcə mən soyunub, Ziyadın çay bizi aparmasın deyə tapdığı məftili belimə bağlayıb, çaya baş vurdum. Bir neçə cəhddən sonra hiss etdim ki, bədənim donur. Kənara çıxdım. Sonra Azad Musayev çaya baş vurdu. Avtomatın düşdüyü ərazidə suyun altına girdi. Bir neçə cəhddən sonra avtomatı tapdı. Qaralar kəndində postda duran əsgərlərimizin olduğu qərargaha gəldik. Burada təlimata uyğun olaraq yataq dəsti-yorğan, döşək yox idi. Azadla mən isinmək üçün bit-birənin içərisində olan adyala bürünmüşdük... Bir azdan Şirin Mirzəyev Qaralara gəldi. Çox həyəcanlı idi...Amma bizi sağ-salamat görüncə sevindi, hətta bizə baxıb gülümsəyirdi...
Hərdən zarafat da lazım gəlirdi
Artıq yazın nəfəsi duyulurdu...Kəşfiyyat dəstəsinin işi çoxalmışdı. İndi əvvəlindəkindən daha intensiv əməliyyatlara gedirdik. Bunlarla yanaşı, tez-tez erməni mövqelərini müşahidə xarakterli əməliyyatlara gedirdik. 1992-ci il martın sonu, aprelin əvvəli idi. Sonralar məni ölümdən xilas edəcək Azadla Ağdamın Qalayçılar kəndinin üstündəki dağdan Ağdərənin Canyataq və Gülyataq kəndlərini müşahidə edirdik. Ermənilərin postları bizimlə üzbəüz, dağın başında idi. Azadla burada müşahidə aparırdıq, qeydlərimizi dəftərə köçürürdük. Ermənilər arada bizi atəşə tuturdu. Amma biz atmırdıq. Arada Azad erməniləri daha aydın görmək üçün başını gizləndiyimiz yerdən çox çıxarırdı. Mən ona ehtiyatlı olmağı tapşırır, o isə məni dinləmirdi. Hələ kəşfiyyatçı kimi tam təcrübə qazanmayan Azad bir çox hallarda bizi eşitmirdi. Bir söz deyən kimi, deyirdi ki, erməni qələt eləyir! Çox cəsur idi Azad. İşimizi bitirib onun pulemyotunu alıb ermənilərə tərəf xeyli atəş açdım. Pulemyotun lüləsi yaman qızmışdı...Atəşi dayandıran kimi, tez pulemyotun od kimi lüləsini Azda uzadıb dedim:
- Tez ol, tut bunu!
Cəld pulemyotun lüləsindən yapışdı. Əli cızıltı ilə yandı...
Amma Azad mənə heç nə demədi. Sonralar onunla bu hadisəni birgə xatırlayıb yaxşıca gülürdük...
Şuşanın və Laçının işğalı
May ayı idi. Bütün Qarabağda vəziyyət gərginləşmişdi. Şuşada isə vəziyyət lap ağır idi. Amma cəmi bir neçə gün sonra bu qədim Azərbaycan şəhərini itirəcəyimizi heç ağlımıza da gətirmirdik. Batalyonun şəxsi heyəti bu itkini çox ağır yaşadı. İnana bilmirdik Şuşanın işğalına. Mayın 5-dən 12-dək Şuşaya erməni hücumlarının kəsərini azaltmaq, onların hərbi gücünü parçalamaq üçün Ağdam istiqamətində müxtəlif əməliyyatlar oldu. Onlardan biri də mayın 6-da ermənilərin yaşadığı Aranzəmin və Ağbulaq kəndləri istiqamətində gedən döyüş oldu.
Hərbi işlərdə “pripiska” xəyanətdir
Bu o döyüş idi ki, Müdafiə Nazirliyi Mətbuat Mərkəzi bununla bağlı yanlış məlumat yaymışdı. Bunun ardınca Şirin Mirzəyev də 24 may 1992-ci ildə “Xalq ordusu” qəzetinin redaksiyasına etiraz məktubu ünvanlamışdı. Təəssüf ki, məktub həmin ərəfədə çap olunmadı. Sonralar çap edilib-edilməməsi ilə bağlı dəqiq məlumatım yoxdur.
Ş.Mirzəyein imzaladığı o məktubun surəti bu gün əlimizdədir. O məktubun üslubuna, nöqtə və vergülünə toxunmadan nəzərinizə çatdırıram:
“Hərbi işlərdə “pripiska” xəyanətdir
24 may 1992-ci il
“Xalq Ordusu” qəzetinin redaksiyasına
Surəti: Azərbaycan Respublikası Müdafiə Naziri R.Qazıyevə
Surəti: Azərbaycan Respublikası Radio və Televiziya verilişləri redaksiyasına
Qəzetinizin 12 may 1992-ci il (N: 25) tarixli nömrəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Mərkəzinin verdiyi məlumata istinad edərək xəbər verilmişdir ki, guya Ağdam Ərazi Özünümüdafiə bölmələri hücumu genişləndirərək, erməni işğalçılarının ixtiyarında olan Aranzəmin, Ağbulaq, Dəhraz və Pircamal kəndlərini azad etmişdir. Və Guya Naxçıvanik kəndini ələ keçirmək uğrunda mübarizə aparılır.
Əfsuslar olsun ki, bu heç də belə deyildi. Ruslar demişkən “eto bıla jelanie vıdat mnimoe za realnost”
Həqiqətən yuxarıda deyilənlər hücum planında nəzərdə tutulmuşdu. Əslində isə yalnız Aranzəmin və Ağbulaq kəndləri ələ keçirilmişdi. Döyüşün operativ idarə olunmaması və müqavimətlə qarşılaşma nəticəsində döyüşçülərimiz Aranzəmin kəndindən geri çəkilməyə məcbur olmuşdular və yalnız Ağbulaq kəndini əldə saxlaya bilmişdilər - bu günə kimi də saxlamaqdadırlar.
Döyüşü təşkil edənlər ehtiyat qüvvələrdən düzgün istifadə etməklə və döyüşə yeni qüvvələr daxil etməklə, deyilən planı müvəffəqiyyətlə başa çatdır bilərdilər. Əfsuslar olsun ki, bu belə olmadı, döyüşü yarımçıq qoyub Bakıya başa çatmamış əməliyyat barədə tələsik məlumat verdilər.
Bu vaxtı ilə Respublikamızda dəbdə olan pambıq planını yalandan, vaxtından qabaq yerinə yetirmək oyununa bənzəmirmi? Pambıq planını yerinə yetirməkdəki “pripiskanın” ağır nəticələri bizə məlumdur, hərbi işdə isə “pripiska” xəyanət deməkdir. Çünki Müdafiə Nazirliyinin sonrakı bəyanatında deyilirdi ki, alınan dörd kənd xəyanət nəticəsində geri qaytarılmışdır. Əslində isə xəyanəti yalançı məlumat verənlər etmişdilər.
Gəlin hər bir uğursuzluqlarımızı xəyanətlə bağlamayaq, fədakarlıqla döyüşən əsgər və zabitlərimiz arasında şübhə, inamsızlıq yaradıb, xəyanətkar axtarmayaq. Yaxşı olar ki, uğursuzluqlarımızın səbəblərini öyrənib onlardan nəticə çıxardaq.
Bəs yalançı məlumatı kimlər vermişdir? Müdafiə Nazirliyinin mətbuat mərkəzi bu məlumatı şəxsən kimlər tərəfindən verildiyini yaxşı bilməlidir.
Ağdam rayonu Ərazi Özünümüdafiə alayının komandiri, polkovnik Ş.V.Mirzəyev”
Əslində Ş.Mirzəyevin o zaman müvafiq qurumlara ünvanlanmış, amma cavabsız qalan məktubları, telefonoqramları çox olub. Məqamı gəldikcə onları nəzərinizə çatdıracağıq.
Mayın 15-də isə mənim də iştirak etdiyim Abdal-Gülablı döyüşü oldu...
(Ardı var)