Qarapaltarlı qızın sirri, erməni Barxudarın əsirliyi, qır qazanına dönən Qazançı... - XATİRƏ
21 yanvar 2013 12:28 (UTC +04:00)

Qarapaltarlı qızın sirri, erməni Barxudarın əsirliyi, qır qazanına dönən Qazançı... - XATİRƏ

Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın...Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.

Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...

Bu da mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin bir səhifəsi. İndi bu səhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gec deyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçək şahidləri varıq, bu səhifələri bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik. Tamamilə oxunmaz hala gəlmədən...

 

Növbəti ikimərtəbəli bir evə daxil oluruq... Odun sobasının üstündə çaydan və qazan var. Sobanın yanındakı qırmızı kərpicin üstündə isə çaynik qoyulub. Yemək stolunun üstünə səliqəsiz süfrə salınıb, süfrədə siqaret qutusu və müxtəlif ərzaqlar var. Divarın yanında rezin uzunboğaz çəkmə, bir az kənardakı şkafda 16 kalibrli ov tüfənginin patronları yığılmış patrondaşı gözümüzə sataşır. Əlabbas mətbəxdə qoyulmuş qədimi su səhənginin dolu, ya boş olmasını yoxlamaq üçün səhəngi silkələyir:

- Nə yaxşı oldu, susuzluqdan ciyərim yanırdı.

Sonra səhəngi yuxarı qaldırıb başına çəkir... Eldarın, “Ə, neynirsən? Zəhərli olar ey!” çağırışına məhəl qoymadan. Doyunca su içib, səhəngi yerə qoyur. Və bir anlığa əvvəlcə mənə, sonra  Eldara baxır:

- Eldar, Rey təcrübəsizdir, bizə baxanda hələ çox gəncdir, amma sən Əfqanıstan müharibəsindən çıxmısan, belə şeyləri çox görmüsən. Açıq küçə döyüşləri gedir, hər an kimsə həlak ola bilər. Taleyin qismətidir, kim həlak olsa, onun meyitini burada qoymayaq, yaxşımı?

Eldar  Əlabbası qınayır:

- Ə, vallah, sənin başın xarabdı ey!

Amma qapıdan çıxar-çıxmaz astadan əlavə edir:

- Düz deyirsən!

 

Əvvəlki qaydada döyüşə-döyüşə kəndin sonuncu evlərinə tərəf irəliləyirik... Növbəti evə yaxınlaşırıq. Ermənilər evi tərk edib binanın sağ tərəfindən kiçik ot tayasının arxasına, sağ və sol tərəfinə çəkilir. Oradan bizi güclü avtomat və pulemyot atəşinə tuturlar. Biz dərhal ermənilərin atəş nöqtəsi ilə üzbəüz hasarın arxasında mövqe tuturuq.

Hasar deyəndə, bura eni 20-25 sm, hündürlüyü texminən 1 metr, uzunluğu 4-5 metr olan betonun üzərinə çəkilmiş dəmir tordan ibarət bir yerdi. Hasarın arxasında özümüzə etibarlı bir mövqe seçirik.

Artıq onların müqaviməti  zəifləmiş, Əlabbasın  sərrast atəşləri ilə xeyli erməni cəhənnəmə vasil edilmişdi, amma nə qədər çalışsaq da, ermənilərin atəş nöqtəsini tam susdura bilmirdik. Bu zaman Əlabbas deyir ki, kaş yanan güllələrimiz, ya da fişəngimiz olaydı, ot topasını yandırardıq, dığalar da üzə çıxardı... Qəflətən arxadakı evdən atəş səsi gəlir... Ani olaraq güllələr vıyıltı ilə sağımızdan, solumuzdan keçərək beton hasara dəydikcə hasardan toz qalxır. Qəfil mənə bitişik uzanmış Əlabbasın səsini eşidirəm:

 

14-cü yazı

 

Qazançı döyüşü (ardı)

 

- Uyy...məni vurdular!

 

Mən sola çevriləndə Əlabbas halsız vəziyyətdə qollarımın üstünə düşdü. Rəngi ağarıb... Başını azacıq qaldırıb nəsə demək istəyir... Səsi xırıldayır, heç nə deyə bilmir. O, başı sinəmə dayanmış vəziyyətdə elə bil donub qalıb. Əlimi sifətinə vururam, sifəti buz kimidi... Tez əlimlə başını yoxlayıram, qan yoxdu, deməli, yarası da yoxdu... Hərbi mundirinin yaxasını açıram, sinəsində də yara yeri yoxdu. Əlimlə kürəyini yoxlayıram, yenə güllə yarası tapılmır. Lənətə gəlmiş güllə axı buna haradan dəyib?! Bu arada tez-tez ayağıma ilişən elektrik naqili ağlıma gəlir:

- Yəqin, Əlabbasa güllə dəyməyib, onu “tok” vurub!

 Axı kəndin bütün elektrik naqilləri qırılıb yerə tökülüb. Yanan evlər isə qarı əridib deyə yer tamam palçıqdı. Özümüz də suyun palçığın içindəyik. Yəqin yerə düşən elektrik naqillərindən birinə toxunub. Üzümü Eldara tuturam:

 

- Eldar, yəqin Əlabbası “tok” vurub?!

 

Eldar qayıdır ki, Əlabbasa güllə dəyib, o, həlak olub! Bu dəfə elə bil məni “tok” vurur! Necə yəni həlak olub?! Özümdən asılı olmayaraq ayağa durub, avtomatı ermənilərin atəş nöqtəsinə tərəf tutub söyə-söyə, bağıra-bağıra atmağa başladığımı sonralar xatırladım. Eldar deyir ki, heç yanımdan ötüb-keçən güllələr vecimə də deyilmiş... Eldar məni dartıb yerə yıxdığını, hətta özümə gəlmək üçün mənə çəkdiyi bir-iki silləni də indi xatırlayıram.

 

Əlabbas həlak olmuşdu! Eldar, Məhəmməd bir də mən böyük çətinliklə Əlabbasın cəsədini Qazançının ortasına qədər gətirə bildik. Döyüşün əməliyyat qərargahı kəndin mərkəzinə köçürülmüşdü. Burada Kərim Cəlilovu, Telman Bağırovu, gənc əsgər-həkim Müşfiqi və digərlərini gördük. Ermənilər buranı ardıcıl atəş altında saxlayırdı...

 

Müşfiqə dedim ki, Əlabbasın ölüb-ölmədiyini dəqiqləşdirsin. O, Əlabbasın cəsədinə görəndə bərkdən ağlamağa başladı, anlaşılmaz sözlər deyib qışqırırdı. Eldarın üsulundan istifadə edərək onu sillələdim, yaxasından tutub möhkəmcə silkələdim, üstünə qışqırıb özünə gətirmək istəyirdim. O sakitləşdi, amma bu dəfə də keyləşib qalmışdı. Eləcə üzümə baxırdı... Əlabbasın cəsədini götürüb kəndin ayağına tərəf getməyə başladıq, bu zaman dağlara çəkilmiş ermənilər bizi atəşə tutdu. Məcbur olub yaxınlıqdakı çaya tullandıq. Əlabbasın paltarı qarın, palçığın içində olduğundan cəsədi daha da ağırlaşmışdı, aparmaq çətin idi.

 

Ziyad çayın kənarındakı ağaclardan iki böyük budaq kəsdi, kəmərlərimizlə ağacları üç yerdən bir-birinə bağlayaraq xərək düzəltdi Əlabbasın cəsədini xərəyə qoyub oradan çıxartdıq. Onun cəsədini çox böyük çətinliklə güllə yağışı altından çıxardıq! Cəsədi yuyulanda məlum oldu ki, güllə Əlabbasın sağ qolunun altından girib, gedib ürəyini parçalayıb sinəsində qalmışdı. Məzarı da Ağdamdadır Əlabbasın, Ağdamdakı şəhidlər xiyabanında...

 

Qeyd: Əməliyyat başlanmasına  az qalmış Əlabbas axırıncı dəfə rabitə ilə əlaqəyə çıxıb son məlumatını verib. Məlumatın sonunda açıq mətnlə zarafatla qızlara bunu deyib: “Bərk acmışam...” Rabitəçi qızlar Əlabbas şəhid olandan sonra danışıqların stenoqramı yazılan jurnalda “Dağlının məlumatı” sətirlərində boş qalan yerə SON sözünü əlavə etmişdilər. Qeyd belə alınmışdı: “Dağlının SON məlumatı”.

 

Ölümündən sonra Əlabbas İsgəndərova Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

 

Qazançı döyüşü: başqa istiqamətdə baş verənlər

 

Qazançı döyüşünün digər cinahlarında baş verənləri isə mənə kəşfiyyat dəstəsinin komandiri Əkbər Məmmədov, Xıdırlı rotasının komandiri Elbrus Mustafayev, kəşfiyyatçılar Həsən Mehdiyev, Rafiq Kərimov və digər döyüşçü dostlarım danışıblar.

 

Döyüş başlayanda kəşfiyyat dəstəsinin komandiri Əkbər dəstəsinin digər üzvləri -  Mehdiyev Həsən, Kərimov Rafiq (Çantos ) ilə Qazançının qəbiristanlığından sol tərəfə hərəkət etdilər. Amansız küçə döyüşündə ilk Həsən yaralandı. Ermənilər onu ayağından  vurmuşdu... Rafiq Həsəni bağrına basıb yuvarlana-yuvarlana döyüş meydanından çıxaranda Həsən ikinci dəfə ayağından güllə yarası aldı. Həmişə şən, hazırcavab olan Həsən bu dəfə də öz zarafatından qalmadı. Onun yaralı halda erməniyə səslənməsi indi də keçmiş döyüşçülər arşında bir lətifə kimi danışılır.

 

“Ayə, ay erməni!..”

 

İkinci dəfə güllə yarası alan Həsən Rafiqə qayıdıb deyir ki, ayə, sən canın bir dəqiqə dayan! Elə Rafiqin qollar üstündəcə güllə atılan tərəfə səslənir:

 

- Ayə, ay erməni! Ay qurumsaq, nədi, gözün elə təkcə məni görüb? Ayrı adam yoxdur burda atasan?!

 

Həsəni döyüş meydanından çıxarıb geri qayıdan Rafiq qəflətən erməni ilə rastlaşır. Qarşılaşan kimi erməni Rafiqə atəş açır və vurur. Güllə Rafiqin sinəsinin sağ tərəfindən dəyir. Bu arada qeyd edim ki, ermənilər də bizim kimi sovet hərbi mundirində olduğundan bəzən döyüş meydanında qarşılaşanda onları səhv salırdıq. Erməni onu vuranda Rafiq də ani olaraq elə bilib o, bizim əsgərlərdəndir. Və qayıdıb deyib:

 

- Ə, qardaş, nağayrırsan? Məni öldürmüşdün ki...

 

O, son anda anlayıb ki, bu ermənidir və dərhal da ermənini vurub.

 

Erməni başından ölümcül yaralanır. Rafiq isə ani olaraq huşunu itirir və böyük bir ağacın budağı üstünə yıxılır. Əkbər Rafiqi ağacın budağı üstündə yırğalanan görüb, elə bilib yellənir orada. Öz-özünə Rafiqin qarasına deyinib ki, bunun kefinə bax ey,  burada qan su yerinə axır, bu da özü üçün yellənir. Yalnız Rafiqin ayağa durmaq istəyərkən yenidən yıxıldığını və onu qan apardığını görəndə anlayıb ki, o, yaralıdır. Əkbər Rafiqin yarasını sarıyarkən yerdə can üstə olan erməni yalvarıb deyib ki, onun da yarasını sarısın, qoymasın ölməyə. Uşaqlar sonradan erməninin avtomatını yoxlayanda görüblər ki, avtomatın qoruyucusu tək-tək atılmaya qoyulub, avtomatik rejimdə olsaymış, Rafiq də həlak olmuşdu.

 

Batalyonumuzun ilk könüllü tibb bacısı Diləfruz da bu döyüşdə ağır yaralandı. Başqa bir istiqamətdə gedən döyüşdə Bağbanlar, ya da Saybalı kəndindən olan Əliyə - ona Alik deyirdilər - ilk tibbi yardım göstərəndə Diləfruzu vurdular. Əlinin bir ayağı onsuz da axsayırdı, bu dəfə salamat ayağından yaralanmışdı. Onun ayağını dizləri üstə alıb sarıyarkən güllə Diləfruza dəymişdi. 20 il əvvəl aldığı o yaradan hələ də özünə gələ bilməyib Diləfruz. 

 

Digər cinahda isə Baratı vurdular, xıdırlı Baratı. Elbrus danışır ki, Baratı bir erməni qadının arxasında gizlənmiş erməni döyüşçü vurub. Düz beş güllə Baratın ürəyinə dəyərək, sinəsində balaca dairə şəkli çəkmişdi. Ürəyinin üstündə həmin güllələrin yeri qalmışdı...

 

Şiraslan Qazançının girəcəyində BRDM-də minaya düşərək həlak oldu...

 

Ağdamın Saybalı kəndində olan iki dost (həm də qohum idilər) Manafla Əyyub da bu döyüşdə qəhrəmanlıqla şəhid oldular. Hər ikisi gözəl dam ustası idi, həmişə mənə deyirdilər ki, “Sənin Şıxbavalıdakı eviyin damını özümüz vurajıyıx”. Çox təəssüf, nə onlar salamat qaldı, nə də mənim Şıxbabalıdakı evim.

 

Digər şəhidimiz isə Məmməd müəllim oldu. Məmməd Bağbanlarda hərbi hazırlıq müəllimi işləyirdi. Bağbanlar rotasının komandiri idi.

 

Maarifin ölümü və onun nakam sevgisi

 

Bu döyüşdə şəhid olan Maarif adlı dostumuzu xatırlayıram. Ağdamın Qiyaslı kəndindən idi Maarif və taborda xidmət edən “R” adlı bir qızla bir-birini sevirdilər. O qızın adını indi çəkmək istəmirəm. Ancaq Maariflə bir-birini çox sevirdilər. Həmin gün biz əməliyyata  gedəndə o qız başdan-ayağa qara geyinmişdi. Müğənni Nəzakət Teymurovanın bacısı Aida bizim taborda rabitədə işləyirdi. O da, digər qızlar da Maarifin sevgilisi qınadılar ki, “sən niyə qara geyinmisən, axı bu gün uşaqlar döyüşə gedir”.

 

Rəhmətlik Maarif hamıya “dayıoğlu”, “dayıqızı” deyə müraciət edirdi. Qızların sevgilisinə irad tutmasını da zarafata saldı. Üzünü qıza tutub:

 

- Narahat olma, dayıqızı, inşallah, sağ-salamat döyüşə gedim, gəlim, Novruz bayramında səni bu qızların tənəsindən qurtaracağam, - dedi.

 

Novruzda onların nişanı olmalı idi...

 

Qazançı döyüşündə Maarif həlak oldu. Səhv etmirəmsə, düz ağzından vurmuşdular Maarifi. Sevgilisi döyüşdən qayıdan hamının üstünə qaçıb Maarifi soruşurdu. Elə bil ürəyinə dammışdı ki, Maarifə nəsə olacaq. Şəhidlərin hamısının üzü örtülü olsa da o Maarifin cənazəsini uzaqdan tanıdı. Biz istəmirdik ki, qız sevgilisinin cəsədini görsün. Ancaq mümkün olmadı, o, Maarifin cəsədi aparılan xərəyə tərəf qaçdı. Onu tutmağa çalışdıq, xeyri olmadı, əlimizdə çıxıb Maarifin cənazəsini qucaqladı. Bir neçə kişi onu saxlaya bilmirdik.

 

Maarifin şəhid olması, cənazəsinin gətirilməsi, sevgilinin reaksiyası çox dəhşətli idi... Buna ürək dözməzdi, amma dözdük.

 

Həmin gün biz səkkiz oğul itirdik. Səkkiz oğul! Məmməd müəllimi (Ağdamın Bağbanlar kəndi), Manafı, Əyyubu (Ağdamın Saybalı kəndi), Hümbəti (Ağdamın Bağbanlar kəndi), Marifi (Ağdamın Qiyaslı kəndi), Baratı (Ağdamın Xıdırlı kəndi), Şiraslanı (Ağdamın cinli kəndi) və Əlabbas İsgəndərovu (Ağdamın Mollalar kəndi)...

 

Azərbaycanlı humanizmi, yoxsa xəyanət?

 

...Dörd tərəfdən kəndi mühasirəyə alıb ev-ev təmizləyərək mühasirə halqasını daraldırdıq. Amma bizim gözləmədiyimiz halda azərbaycanlılar yaşayan Manik kəndi tərəfdəki mövqeyimizdən (Orada əsasən Manik kəndindən olan döyüşçülər ermənilərin çıxa biləcəyi yolları qoruyurdular) ermənilərə koridor verildi, təxminən 50 nəfərə yaxın erməni silahlısı oradan qaçıb sağ-salamat qurtarmışdı. Sonradan bu xəyanəti batalyonda hamı bildi. Məsələnin maraqlı tərəfi ondan ibarət idi ki, ermənilərin başçısı olan Barxudarın həyat yoldaşı Manik kəndindən olan bir azərbaycanlı qadın idi. Hələ də bilmirəm, bunu azərbaycanlı humanizmi hesab edim, yoxsa xəyanət?

 

Bu döyüşdə çoxlu itki verdi ermənilər, silah-sursatla birgə 15 nəfər də əsir götürdük. Əsir götürdüyümüz erməniləri, meyitləri Xocalıda əsir düşmüş insanlarla dəyişdirdik. Əsir düşənlər arasında hələ sovet dönəmində ermənilərin separatçı məqsədləri üçün vəsait toplayan gizli təşkilatın - “Krunk”un fəallarından biri, həm Qazançının müdafiəsini, həm də azərbaycanlılar yaşayan kəndlərə hücumları, qətlləri həyata keçirən Arutunyan Barxudar da var idi...

 

(Ardı var)

 

[email protected]

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5697
avatar

Rey Kərimoğlu

Oxşar yazılar