Ölümün pəncəsində, Şəmistanın hüznlü səsi, son döyüşüm... - XATİRƏ
31 may 2013 18:30 (UTC +04:00)

Ölümün pəncəsində, Şəmistanın hüznlü səsi, son döyüşüm... - XATİRƏ

Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın...Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.

Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...

Bu da mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin bir səhifəsi. İndi bu səhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gec deyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçək şahidləri varıq, bu səhifələri bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik. Tamamilə oxunmaz hala gəlmədən...

Azadın dediyinə məhəl qoymadan avtomatın lüləyini boğazıma dirəyib gözləyirdim. Birdən  taxıllıqda ayaq səsləri eşitdim. Amma bilmədik gələn bizimkilərdir, yoxsa ermənilər. Açığı, artıq bilmirdik ki, ermənilər hansı tərəfdədir, bizimkilər hansı tərəfdə. Ayaq səslərini eşidib, daha da həyəcanlandım! Ayaq səsləri yaxınlaşdıqca, ürəyimin döyüntüsü də artırdı. Lap az qalmışdı... Əlim tətikdə gözüm səs gələn tərəfdə gözləyirdim. İndi səs düz mənimlə üzbəüzdür...

 

Yaşamağa davam...

 

30-cu yazı

 

...Birdən taxıl sünbülləri aralandı, üzü tüklü bir hərbiçi bizə tərəf boylandı... Əliağalı rotasının komandiri Baxşeyiş idi. Qucaqlaşdıq! Elə bir vəziyyət idi ki, bəlkə də tanımadığım ayrı adam olsaydı, erməni bilib, özümü vuracaqdım. Baxşeyişlə bərabər bir neçə nəfər də gəlmişdi. Sərxan, Nadir... digərlərinin adını unutmuşam. Sərxan da, Nadir də sonrakı döyüşlərdə ağır yaralandılar. Onlar bizi Xaçın çayını keçirdib hərbi təcili tibb yardım maşını ilə batalyona tərəf gətirdilər. Yolda isə kəşfiyyatçı İdris Hümbətovun oğlu Vüqarın “Moskviç” markalı avtomobili ilə Ağdamın Mahrızlı kəndindəki səhra hospitalına apardılar.

 

Elə hospitalın həyətindəcə yanları açıq ağ çadırda paltarımı soyundurub alt paltarlarımı bıçaqla kəsib götürdülər... Yaralarıma baxan həkim vəziyyətinlə bağlı tibb bacılarına diktə eyməyə başladı. Onlar da əllərindəki kağıza nəsə yazırdılar. Az sonra adım, soyadım, hərbi hissəm, yaralanma tarixim yazılmış balaca - əl boyda plastmas lövhəni kəndirlə boynuma asıb içəri apardılar. Azadla Xaliq də buradaydı...

 

Ağdam səhra hospitalında nələr baş verdi?

 

Sonralar öyrəndim ki, ayağımda əməliyyat aparan Mütəllim həkim olub. Yaralı çox idi. 1992-ci il avqust ayının 9-u, isti bir gün idi. Elə bil göydən od tökülürdü. Bir böyük otaqda eyni vaxtda 8-9 adamı əməliyyat edirdilər. Bizi elə uzatmışdılar ki, Xalidin dabanı düz gözümün qabağına düşmüşdü. Öz yaralarımın ağrısı bir yana, həkim Xalidin dabanından ət parçalarını qopardıqca o yavaşca inildəyirdi, mən isə bu mənzərəni görüb bağırırdım. Nəhayət, həkim Xalidin dabanını qoparıb sümüyə sancılmış böyük bir qəlpəni çıxarmaq üçün tibbi kəlbətinlə o yan-bu yana burmağa başladı. Daha dözə bilmədim, həkimi söydüm ki, Xalidin ayağını gözümün qabağından çəksin. Mütəllim həkim mənim hər iki ayağımdan qəlpələri təmizləməklə məşğul idi. Adi keyidicini yarama vurub sonra qəlpələri bir bir-çıxarırdı. Sonra yanmış, parçalanmış ət parçalarını kəsib, özləri demiş, yaranı işləyirdilər. Qan axdığından heç 2-3 dəqiqə keçməmiş keyidicinin təsiri keçirdi. Sözün əsl mənasında, ətimdən ət kəsirdilər... Dəhşətli ağrılar ürəyimi üzürdü. İnsan hara qədər dözə bilərdi? Mən hələ ki dözürdüm. Arada həkimdən üzr istəyə-istəyə kimi gəldi söyürdüm.

 

Qəlpələri tam təmizləmək mümkün olmadı, həkim dedi ki, bəziləri çətin yerdədir, sinirə toxuna bilər. Bu səbəbdən onları çıxarmadı. Balacaları saymasaq, düz 7 yerdən yaralanmışdım. Həkim yaralarıma tikiş qoyub ayaqlarımı alagözlü bir tibb bacısına tapşırdı. Gözləri ona görə yadımda qalıb ki, yalnız gözləri görünürdü. Heç indi də adını bilmədiyim bu alagözlü qız səliqə ilə yaralarımın yan-yörəsini yuyub təmizlədi, sonra tənziflə sarıdı. Elə sarıdı ki, elə bil Misir fironlarını mumiyalayırdı. Hər iki ayağım barmağımın ucundan tutmuş, qurşağıma qədər sarğının içindəydi. Məni xərəkdə palataya gətirdilər, köhnə, lap Nikolaydan qalma bir çarpayıya uzatdılar. Ayaqlarımın  qanı yavaş-yavaş tənzifi qızardırdı.

 

Yetim ağlayanda da yetimliyi bilinir

 

Yanıma ilk gələn o oldu - ABBBA. O biri yazılardan tanıdığınız yetim qız, bu onunla bizim aramızda əhd-peyman savaşının kodu idi. İş yoldaşlarım Fariz Ağayev, İlya dayı, Mirzə, Elmira və indi adını unutduğum digərləri də gəlmişdilər. Bizi tək qoydular. ABBBA çarpayının ayaq tərəfində dayanıb səssizcə ağlayırdı. Yetim belə olur, ağlayanda da səsini çıxarmağa qorxur elə bil. Bir azdan atam, anam, bacım gəldi. Atamın xalası oğlanları Kərəm əmi, Siyavuş dayı, xalama oğlanları Qoja, İlyas, Kərim onların ardınca qohum, qardaş gəldi...

 

Gündüz isti olsa da, gecə sərin keçdi. Səhərə yaxın bərk yağış yağdı. Səhər saat 10-11 radələrində vəziyyəti ağır olan yaralıları təcili olaraq vertolyot meydançasına gətirdilər. Bizi xərəkdə bir tibbi avtobusa qoydular. Bu avtobus müstəqil Azərbaycanın istehsalı olan ilk avtomobil idi. Rusiya istehsalı olan “PAZ” markalı avtobusun bazası əsasında hazırlanmışdı. Yanlarında və önündə primitiv formada boya ilə milli bayrağımız çəkilmişdi. Avtobusun tavanına isə ay ulduz çəkilmişdi. Arabir yağış damcıları üzümü isladırdı. Tavandan damırdı. Bu mənzərəni görən Azad gülümsədi...

 

Vertolyot meydançasında bizi minaatan və kəşfiyyat dəstəsinin uşaqları yola saldılar. Məmmədov Fəxrəddin mənimlə vertolyotun içində sağollaşdı. “Möhkəm ol” dedi! Bu onunla son görüşüm oldu. Az sonra şəhid oldu...

 

Tibb bacıları adamı necə utandırdılar?

 

Vertolyotda yaralı çox idi. Səhv etmirəmsə, 3 tibb bacısı bizə nəzarət edirdi. Bir az keçmiş yana çevriləndə yaralarım gizildədi və təbii olaraq ufuldadım. Bu 3 tibb bacısı necə narahat oldularsa, ufuldamağıma özüm peşman oldum.

 

- Qardaş, sənə nə oldu? -, deyib, biri əlimi, biri ayağımı, digəri isə əlləri ilə alnımı sığallamağa başladılar. Dava-dərman da öz yerində. Adam, doğurdan da, özünü bacılarının əhatəsində hiss edirdi.

 

Vertolyot Zabrat hərbi aerodromuna endi. Bizi təcili-tibbi yardım avtomobillərində şəhərə apardılar. Burada Azadla Xaliddən ayrı düşdüm. Məni hərbi hospitala gətirdilər. Hospitalın həyəti də yaralılarla dolmuşdu, burada yer olmadı. Məni təcili yardımla tanımadığım (Malakan bağının yanında yerləşən Əziz Əliyev adına Travmatologiya institutu) bir xəstəxanaya gətirdilər. Hospitaldan çıxanda böyük qardaşım Nazimi qapının ağzında gördüm. Ardımca Bakıya gəlmişdi. Bizi gətirən təcili yardım avtomobilindəki orta yaşlı bir tibb bacısının - 8-ci mikrorayondakı təcili yardım stansiyasında işləyən Nailə xanımın - diqqət və qayğısını da unutmamışam. O, sonra bir dəfə mənə baş çəkməyə də gəldi.

 

Burada mənim ayaqlarımı rentgen edib ikinci mərtəbəyə, 9-cu palataya gətirdilər. Hələ yuxarı qalxandan köhnə, təmirsiz olsa da, olduqca təmiz görünən xəstəxanada məni yod, dərman, ayaqyolu qoxusu vurmuşdu. 9-cu palatada yaralı çox idi, təxminən 7-8 nəfər. Məni girəndə sağ tərəfdə qıraqdan bir çarpayıya uzatdılar. Sağ tərəfdən divarın yanında saqqallı bir yaralı uzanmışdı. Səs-səmiri də gəlmirdi. Qardaşım Nazim çox dilxor idi. Sonra öyrəndim ki, həkim ona deyib ki, ola bilsin, bir ayağını kəsəcəklər...

 

Həmin gün heç nə yeyə bilmədim, gecə qardaşım bir boşqab ət xörəyi gətirdi. Yemək istədim, yeyə bilmədim, ürəyim bulandı...

 

Ağrıkəsici iynə vurmuşdular deyə sakitcə uzanmışdıq. Öz-özümə yerimdə zümzümə edirdim. Daha doğrusu, “Segah” muğamı üstə ağzıma gələni oxuyurdum. Sağ tərəfdən divarın yanından üzü saqqallı yaralı zümzüməni dayandıranda Sabirabad ləhcəsi ilə mənə səsləndi:

 

- Qardaş, nə qəşəng oxuyursan, oxu, dayanma...

 

Bu Sabirabad rayonundan olan Ələmqulu idi, 4 uşaq atası Ələmqulu. Sonra bu xəstəxana, ağrı-acılar bizi dostlaşdıracaqdı. Ağdamda Eldar Bağırov adına 845 saylı batalyonda döyüşürmüş.

 

Oxumadım, özümü naza qoydum. Digər uşaqlar da xahiş edəndən sonra onlar üçün  bir neçə ağız oxudum.

 

Səhəri  həkimlər kəsdirdilər başımızın üstünü. Yusif Orucov, Rüfət Qaradağlı...Bunlar buranın əsas travmatoloq cərrahlar idi.

 

Onlar gedib sonra əllərində adi daş, dəmir, taxta deşmək üçün istifadə olunan elektrik “drel”i yenidən qayıtdılar. Ələmqulunun ayağına dəmirdən olan “İlizarov” qurğusu qoyacaqdılar. Gözümüz baxa-baxa Ələmqulunun ayağını, divarı deşən kimi, topuqdan və dizdən aşağı deşdilər. Onlar bunu edəndə heç Ələmqulunun səsi də çıxmadı. Çox dözümlü oğlan idi. Onun yerinə mən qışqırmaq istəyirdim. Həkimlər isə öz işlərində idi. Axırı özümü saxlaya bilmədim:

 

- Ayə, ay rəhmətliyin oğlu, ayağın ağrımır? Heç olmasa, arada bir qışqır də, bu dəqiqə sənin əvəzinə mən qışqıracam.

 

Həkimlər qarışıq hamı gülüşdü...

 

Çexovun “6-cı palatası”

 

İki gün sonra Ələmqulunu və məni 6-cı palataya köçürdülər. Çexovun “6-cı palata” hekayəsini xatırlayıb güldüm. Sonradan bura ictimai bir palata oldu. Yeriyə bilmirdik, eləcə arxası üstə uzanıb qalmışdıq. Elə istəyirdim ki, yeriyəm. Ən böyük arzum tez sağalıb batalyona qayıtmaq idi. Amma hələlik arzum əlil arabasında da olsa belə, xəstəxananın dəhlizindən Malakan bağına baxmaq idi. Çünki heç vaxt oraları görməmişdim.

 

Baş tibb bacısı Gülya, tibb bacıları Heyran, Şirin, Təranə, Mərziyə və digərləri bizim ağxalatlı xilaskar mələklərimizə çevrilmişdilər. Gün ərzində bütün dərd-sərimizi onlara deyirdik. Hətta bəzi yaralılarla bu qızlar arasında sevgi macərası da yaşandı.

 

Gecələr bürkü olurdu, bir tərəfdən də ağcaqanad. Ömrü boyu gecə ağcaqanadla yoldaşlıq etməyən bəndəniz indi bu balaca və zəhlətökən məxluqun əlində qalmışdı. Ələmqulunun kürəkəni Əlisəfa, dayısı oğlu Bəxtiyar və mənim qardaşım Nazim gecələr bizi ağcaqanaddan qorumaq üçün yatmayıb keşik çəkirdilər.

 

Ən dözülməzi, dəhşətlisi isə hər gün sarğılarımızın yenilənməsi idi. Yara çirk eləməsin, tez sağalsın deyə, bu hər gün təkrarlanan çox məşəqqətli bir proses idi. Bəzən elə olurdu ki, yaraya qurd da düşürdü... Ayaqlarımdakı yaralardan hər gün bir vanna tənzifdən hazırlanmış piltə çıxarırdılar. Və bir o qədər də piltə qoyurdular yaralarıma. Açığı, bu ağrılara dözə bilmirdim, qışqırırdım. Ta uşaqlar da bezmişdi mənim qışqırtımdan. Axırı bunun çıxış yolunu tapdıq. Sarğı başlayanda ağızam qabıqlı bir fındıq və ya balaca qoz qoyurdum. Ağrıdıqca dişlərimlə qabıqlı fındığı, qozu dişləyirdim. Sarğı qurtaranda ağzım qanla dolurdu... Sonra da dişlərimin ağrısından əziyyət çəkirdim. Amma bu yaralarıma piltə qoyulmasının, onların çıxarılmasının yanında toya getməli idi.

 

Mənim həkimim çox təcrübəli hərbi cərrah Rüfət Qaradağlı idi. Həkim kimi, çox peşəkar, insan kimi çox yaxşı insan idi. İndi deyəsən tibb sahəsindən uzaq düşüb.

 

Bizim palataya Şamaxı rayonunun Mərəzə kəndindən Mübariz adında bir yaralı gətirilər. O da ayaqlarından yaralı idi.

 

Avqustun 20-də xəbər gəldi ki, kəndimizin uşaqları Ağdamın Gülablı kəndində, Çıraqlı postunda ağır itki verib. Uşaqlar posta nahar edərkən erməni tankının atdığı mərmi düz gəlib ortalarına düşüb. Şıxbabalı kəndindən Müşfiq Rəhimov, Habil Əliyev, Ağdamın Şelli kəndində isə Eyvaz və Ədalət, bir nəfər isə Göyçay rayonundan şəhid olublar.

 

Digər həmkəndlilərim Fərman Rəhimov, Fəxrəddin Rəhimov, Seyid Lazım Ağanın nəvəsi Lazım Əliyev, Qabil Yusifov və Nazim Həsənov yaralanıb. Ən ağır yaralanan Fəxrəddin Rəhimov ömürlük əlil arabasına məhkum oldu. Sonralar kəndimizdən sinif yoldaşım Mübariz Əliyev və İsrayıl Tağıyev də şəhid oldu.

 

Şəmistanın kədərli səsi

 

Bu itki mənə çox pis təsir etdi... Bundan bir neçə gün sonra batalyon komandirimiz Allahverdi Qəmbərov bizə baş çəkməyə gəlmişdi. Bir az yanımızda oturdu, yekə də bir qarpız alıb gətirmişdi. Tibb bacılarına dedi ki, “bunu tez sağaldıb göndərin batalyona!” Yastığımın altına pul da qoydu. Qapıdan çıxanda dedi ki:

 

- Rey, tez sağal gəl, uşaqlar səni gözləyir!

 

O günə qədər avqustun 28-i taleyimdə həmişə əlamətdar gün kimi düşmüşdü. Hər ilin 28 avqustda mütləq nəsə yaxşı bir hadisə olurdu. Həmin gün də avqustun 28 idi...

 

A.Qəmbərovun gəlişindən 2-3 gün keçmişdi. İlk dəfə idi ki, əlil arabası ilə dəhlizə çıxmışdım. Tibb bacısı Heyran məndən soruşdu ki, o gün bura gələn Allahverdi adlı komandirin soyadı necə idi? Komandirin soyadını ona dedim...

 

Həkimlər otağının qapısı açıq idi. İçəridəki radiodan Azərbaycanın Levitanının - Şəmistan Əlizamanlının səsi gəlirdi. Cəbhə xəbərlərini oxuyurdu. Xəbərin axırı idi. Amilin adını eşitdim və birdə yalnız sonu qulağıma çatdı:

 

- ...qəhrəmancasına həlak olublar! Ürəyimin döyüntüləri artdı. Nədənsə mənə elə gəldi ki, bu bizim batalyonun uşaqlarıdır. Amma kim? Gözlədim, xəbəri rusca oxusun.

 

Rusca xəbəri oxumağa başladı, Şəmistan Əlizmanlının səsi indi daha hüznlü idi:

 

- Bu gün Ağdərə rayonun Qazançı kəndi uğrunda gedən döyüşdə batalyon komandiri Allahverdi Qəmbərov, döyüşçülər Fəxrəddin Məmmədov, Amil Rəhimov,... qəhrəmancasına həlak olublar...

 

Qulaqlarımda yalnız bu üç ad və “qəhrəmancasına həlak olublar” sözləri əks-səda verdi. Əvvəlcə ürəyim sancdı... Sonra beynimin düz ortasından və dabanımdan elə bil eyni vaxtda iynə batırdılar. 19 gündən bəri ilk dəfə ayağa durdum... Tibb bacıları məni əlil arabasına oturtdular. Deməli, Allahverdi Qəmbərovla, Fəxrəddin Məmmədovla sonuncu dəfəymiş görüşürmüşəm. Sonra eşitdim ki, bu döyüşdə İmadi Eldar, Fəxrəddin Abışov, Sadıq da yaralanıb.

 

Ordudan tərxis olundum...

 

Ayağa duranda yaralarımın tikişi cırılmışdı. Təzədən yaralarıma tikiş qoydular. Sentyabrın sonlarında xəstəxanadan çıxdım. Birinci gedib ABBBA ilə görüşdüm, sonra evə və batalyona getdim.

 

1992-ci ilin oktyabrın axırında Fərrux istiqamətdə ağır bir döyüşdə iştirak etdim. Çox ağır bir döyüş oldu. Elə məqam oldu ki, ermənilərlə əlbəyaxa olduq...

 

Yaralarım şişdi, çirk elədi...

 

1992-ci ilin dekabrında yenidən Moskvada əməliyyat olundum.

 

1993-cü ilin fevralın 23-də ordudan tərxis olundum...

 

P.S. Mən Bakıda xəstəxanada müalicə olunanda mənə baş çəkməyə gələn Rövşən Camalov və Teymur Yusifov da sonra həlak oldular.

 

Hələlik SON.

 

Ardı... növbəti döyüşlərdən sonra olacaq. İnşallah...

 

Bu unikal və çox qiymətli, tarixi şəkilləri Şirin Mirəzyevin batalyonun Şıxbabalı rotasının keçmiş əsgəri Sakit Abdullayev təqdim edib. Şəkillər olduqca keyfiyyətsizdir, hamını tanımaq olmur. Biz yalnız sifəti görünüb, tanınanları təqdim edirik.

 

[email protected]

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7009
avatar

Rey Kərimoğlu

Oxşar yazılar