Heyrətamiz məktub, tərk edilmiş post, parçalanmış əsgərin son arzusu - XATİRƏ
17 may 2013 12:10 (UTC +04:00)

Heyrətamiz məktub, tərk edilmiş post, parçalanmış əsgərin son arzusu - XATİRƏ

Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın... Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.

Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...

Bu da mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin bir səhifəsi. İndi bu səhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gec deyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçək şahidləri varıq, bu səhifələri bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik. Tamamilə oxunmaz hala gəlmədən...

 

Balaca, boz arıların vətəni

 

28-ci yazı

 

Canyataq və Gülyataq kəndlərini azad edəndən sonra bizim batalyonun əsgərləri öz mövqelərinə qayıtdı. Əsas qüvvələrimizin bir hissəsi Xaçın çayı boyunca, üzü Ballı qaya-Kiçan-Qazançı istiqamətində idi. Kəşfiyyat və Minaatanlar dəstəsinin şəxsi heyəti Qazançının “Sarıqaznaq” deyilən nöqtəsi ilə üzbəüz  yerləşən “Tək Palıd” postunda dayanırdıq.

 

Səhərin gözü açılar-açılmaz boz, balaca arılar “Tək palıd” postunda yay günəşinin yandırıb qurutduğu otların arasında vızıldamağa başlayırdılar. Onlar nə bal arılarına, nə də adi arılara bənzəyirdi. Biz döyüş olmayan hər günün səhərini bu arıların vızıltısı ilə açırdıq. Günün müəyyən vaxtlarında böyük bir qismi harasa uçub gedən arılar bir müddət sonra səs-küylə, vızıldaya-vızıldaya geri - bizim postdakı yuvalarına qayıdırdılar. Bir neçə arı isə onlar gələnə qədər bu balaca - girişi noxuddan da kiçik diametrdə olan - yuvalarının ağzında elə həmin səs-küylə uçuşurdular. Vay o gündən ki, ayrı tərəfdən azıb gələn arılar onların yuvalarına tərəf gələydilər. Bax onda bu bir neçə balaca arı bir haray salırdı ki, gəl görəsən! Biz bir-birimizə heç nə demədən hər gün bu mənzərəni heyrətlə izləyirdik. Harasa getmiş arı dəstələri dəstələrlə yuvalarına dönəndən sonra hamısı içəri girməzdi. Bir-iki arı yuvanın ağzında dayanıb keşik çəkirdilər. Yad arılar onların yuvasına tərəf gələndə o keşikçi arı bir növ içəri xəbər verirdi və dərhal yuvadan nisbətən iri 6-7 arı çıxaraq “yad”ları ərazidən uzaqlaşdırırdı, qovurdu. Bu maraqlı prosesi biz hər gün eyni şəkildə izləyirdik. Ermənilər bizim mövqeləri atəşə tutanda biz səngərlərə, bu balaca arılar isə öz yuvalarına girərdi...

 

Bu sətirləri yazarkən gözümün önünə minaatanlar dəstəsindən Fəxrəddin Məmmədov, Firudin Məmmədov, Şamil Əbilov, Cabir, Amil, Rafiq, Rabil, Elçin gəlir...

 

Bir dəfə indi Azərbaycanda çox tanınmış Qarabağ döyüşçüsü, qazi Firudin Məmmədovun dayısı oğlu, çox nadir hallarda danışan Süleyman dedi ki, Allahın arsının da vətəni var, o da öz vətənini qoruyur, amma bəziləri hələ də vətənin nə olduğunu anlamır.

 

“Burnundan gəlsin...”

 

Neçə gün idi ermənilər “Tək palıd” postuna atəşi dayandırmırdılar. Ciddi itkilərimiz olmasa da, arada yaralananlar olurdu. Bəzən elə olurdu ki, nahar vaxtı ermənilər postumuzu top və minaatanlardan atəşə tuturdu. Dəmir əsgər nimçələrimizdəki xörəklərimiz torpaqla dolardı. Buna necə öyrəşmişdiksə, xörəyimizi elə torpaq qarışıq yeyərdik.

 

Belə günlərin birində bizə nahar və quru ərzaq gətirdilər. Gətirilən ərzağın içərisində 3 litrlik şüşə banka diqqətimi çəkdi. O zamanlar ön cəbhədə döyüşən əsgərlər üçün müxtəlif bölgələrimizdən sovqatlar göndərilirdi. Bizim batalyona gələn belə sovqatlar həmişə əsgərlər arasında ədalətli şəkildə bölünərdi. Bu dəfə bizim payımıza 3 litrlik  bankada mürəbbə düşmüşdü. Uşaqlar bankanı səliqəylə açdılar. Unutmuşam, bankadakı ya heyva, ya da əncir mürəbbəsi idi. Elə qaşığı bankanın ağzına salanda qaşıqda sellofana bükülü nəsə çıxdı. Sellofanı açdım, bir məktub çıxdı:

 

“Bu mürəbbəni anamın köməkliyi ilə özüm bişirmişəm. Milli ordumuzun ön cəbhədə erməniylə üzbəüz dayanan əsgərləri üçün. Əgər bunu başqa birisi açıb yeyərsə, burnundan gəlsin, haramı olsun!

İmza: Beyləqan rayonu, İsmət Qayıbov adına orta məktəbin 10-b sinif şagirdi...”

 

İndi o məktubu yazan qızın adını unutmuşam. Elə oradanca həmin ünvana, o qıza cavab məktubu yazdım. Yazdım ki, narahat olmasın, mürəbbəsi elə ön cəbhədəki əsgərlərə qismət olub. Amma bilmədim, o məktub o qıza çatdı, ya yox?

 

Yalçının hekayəti

 

Ayını, günün unutmuşam, bir gecə Qazançı istiqamətinə olacaq hücuma hazırlaşmağa başladıq. “Tək palıd” postundan xeyli irəliləyib özümüzə mövqe tutmuşduq. Sağımızda, solumuzda müxtəlif batalyonun hissələri düzülmüşdü. Sarıqaznaq da daxil olmaqla müxtəlif istiqamətlərdən Qazançının ermənilər olan yüksəkliklərinə yaxınlaşıb gözləyirdik. Sağ tərəfimizdə “General Ərşad”ın batalyonundan olan əsgərlər üzü erməniyə tərəf uzanmışdılar. Hər kəs yaxınlığındakı döyüşçü dostu ilə söhbət edir, bəzən zarafatlaşırdı. Bəziləri isə ilk dəfəydi rastlaşırdılar deyə, tanış olurdular. Aylı gecə olsa da yalnız yaxınlıqdakı adamları seçə bilirdin. Belə bir vəziyyətdə mən də kiminləsə, nədənsə danışırdım. Birdən kimsə məndən təxminən 80-100 metr aralı bir məsafədən adımı çəkdi:

 

- Kimdir məni soruşan? - deyə o tərəfə səsləndim.

- Rey, sənsən?-, o tərəfdən cavab gəldi.

- Hə, mənəm, kimdir?

- Mənəm ey, Yalçın, Yalçın!

 

Tanımadım deyə, cavab verməyə tələsmədim. Bu dəfə Yalçın bir də məni səslədi:

 

- Sən “mexanizasiya”da oxuyan Rey deyilsən?

 

“Mexanizasiya” mənim ilk təhsil aldığım, çox uzun adı olan texnikuma (Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Ağdam Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi texnikumu) Ağdam camaatının arasında qısa adı idi.

 

- Hə, mənəm...

 

Sözümüz yarımçıq kəsib bir də özünü tanıtdı:

 

- Qaqa, mənəm ey Yalçın, Yalçın! Dını, Mexanizasiya...

 

Dını?! Hə, tanıdım. Bu o Yalçın idi! Yalçına öz aramızda Dını deyərdik... “O hara, bura hara?” - deyə düşündüm. 

 

Yalçınla Ağdam Rayonu Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi  Texnikumunda, o mexanika, mən isə inşaat fakültəsində oxumuşuq, elə onda da tanış olmuşduq. “Mexanizasiya”nın qabağında Yaşarın çayxanasında tələbə dostlarım, yoldaşlarım Saməddin Qəhrəmanovla, Elman Səfərovla, Elbrusla, İlqar-Makarla, Aydınla, Yaşarla, Əlişlə, İlhamla tez-tez bir yerdə oturub çay içərdik.

 

Yeri gəlmişkən, o zamanlar - 1988-ci ilin payızından, 1991-ci ilin əvvəlinə qədər - bu uşaqlarla birgə müəllimlərimiz Məcid, Rəsul, Rafiq, Mahir və indi adını unutduğum digər ilə dəfələrlə ermənilərlə həmsərhəd kəndlərdə postlara getmişik.

 

Yalçınla ilk dəfə 1989-cu ildə indi milli bayrağımızın rəmzi olan döş nişan ilə bağlı narazılığımız oldu. O zamanlar tələbələr də bu nişanı fəxrlə sinələrinə taxırdılar. Birini də mən pencəyimin sol yaxasına taxmışdım. Yalçın əli ilə o nişana toxunub zarafat edirdi. Ona xəbərdarlıq etmişdim ki, bayraqla zarafat etmək olmaz. Günlərin bir günü bunun üstündə Yaşarın çayxanasında onunla bərk davamız oldu. Ondan sonra Yalçınla heç rastlaşmadım. Rastlaşanda da danışmırdı mənimlə...

 

Onunla indi, o hadisədən bir neçə il keçəndən sonra, özü də ümumi düşmənimizlə üzbəüz dayanan bir gecədə tapışdıq. Səs istiqamətinə tərəf irəliləyərək bir yamacda görüşdük Yalçınla. Qucaqlaşıb, bir-birimizi bağrımıza basdıq. Bir qədər söhbətləşib hərəmiz öz mövqeyimizə çəkildik. O könüllü olaraq yenicə batalyona yazılmışdı. Səhər açılanda döyüş başladı. Bilirdim ki, Yalçıngil sağ cinahımızdadır. Biz onlardan hündür bir yüksəkliklə irəliləyirdik. Yalçıngil isə bizdən aşağıdakı bir dağın yamacı ilə irəliləyirdilər. Gəlib Qazançının sağ tərəfinə çatdıq.

 

Qazançıya düşən dağdan aşağı enəndə Qazançının qəbiristanlığının yanına çatan Yalçıngili ovuc içi kimi görürdük. Onlar güllə yağışı altında qəbiristanlığın üstündəki yamaca tərəf irəliləyirdilər. Nədənsə, ürəyimə damdı ki, yaxşı olmayan bir hadisə baş verəcək... Yamaca çatanda hansı qaratikan kolundan 30-40 santimetrlik çəpərlə hasara alınmış əraziyə çatıb, o çəpəri adlayırdılar. Yalçın da onlar kimi çəpərə çatıb adlamaq istədi. Bilmədim onu vurdular ya, ayağı sürüşdü, birdən arxası üstə yerə yıxıldı... Yıxılmağı ilə minanın partlaması bir oldu. Yalçın arxası üstə minanın üstünə düşmüşdü...

O səhnə sonralar baxdığım neçə müharibə və dəhşət filmlərinin ən ağır səhnələrini belə kölgədə qoyur hələ də... Ölümcül yaralanan, param-parça olan Yalçın uşaqlardan xahiş edib ki, onu vursunlar. Amma heç kəs vurmayıb. Yalçın elə oradaca həlak oldu. Bədənindən ələ keçən bir yer qalmamışdı, nəyi dəfn elədilər, bilmədim...

 

Topçuların postu

 

Gecə xəbər gəldi ki, ermənilər Qalayçıların üstündəki dağda yerləşən topçuların postunu alıb. Bizi Qalayçılara gətirdilər. Yenə kəşfiyyat, minaatanlar dəstəsinin əsgərləri birgəydik. Biz ora çatanda topçuların komandirini və topçuları kəndin qırağında gördük. Gecəydi deyə çox adamı tanıya bilmirdik... Amma topçuların komandirinin danışığını eşidirdik. O durmadan ona verilən suallara “Ermənilər postu aldılar, gücümüz çatmadı, topu da qoyub aşağı düşdük!” - deyib təkrarlayırdı. Qəflətən güllə kimi bir şillə səsi gəldi. Bizim batalyonun rəhbərlərindən kimsə topçunu şilləylə vurmuşdu. Topçunun səsi kəsildi.

 

Gecənin bu qaranlığında nə edəcəyimizi bilmirdik. Batalyon komandiri Allahverdi Qəmbərov təkidlə bildirdi ki, nəyin bahasına olur-olsun, topun yerləşdiyi postu geri qaytarmaq lazımdır.

 

İri çaplı PK markalı pulemyotu əlində tutan minaatanlar dəstəsindən Şamil Əbilov məni axtardı:

 

- Rey hanı? 

 

Ona yaxınlaşdım:

 

- Burdayam, qaqa.

 

- İkimiz gedək, ayrı adam lazım deyil!

 

Razılaşdım. İkimiz yola düzəldik. Qaranlıq gecədə meşə ilə dağın zirvəsinə tərəf irəliləyirdik. Bir müddət yol gedib, dağın başındakı topun yanındakı posta çatdıq. Ermənilər iki istiqamətdən oranı atəşə tuturdular. Burada erməni varsa, niyə özlərini vurular? Bir-birimizə bu sualı verərək yavaş-yavaş posta tərəf süründük. Yaxınlaşıb orada kimsənin olub-olmadığını yoxladıq. Post boş idi! Sən demə, heç ermənilər də hələ posta girməyiblər, sadəcə, topçular orada olanda atəşə tuturmuşlar. Sonra hücum edəcəklərmiş...Biz topun yanındakı postun səngərinin içinə atıldıq. Bu arada atəş də kəsildi, ermənilər yavaş-yavaş bizim səngərə tərəf irəliləyirdilər. Şamil pulemyotuna yer rahatlayıb ermənilərin hənirtisi gələn tərəfi atəşə tutdu. Mən də avtomatla ona dəstək verdim. İki əsgər yoldaşı, iki dost çiyin-çiyinə səngərdə dayandıq...

 

Bir azdan digər əsgərlərimiz də gəlib çatdı. Səhərə yaxın biz aşağı düşəndə topçuların komandiri papağı əlində üzü yuxarı qalxırdı...

 

[email protected]

 

Ardı var 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5259
avatar

Rey Kərimoğlu

Oxşar yazılar