Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın... Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.
Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam.
Umudluda işıq, qaz yox idi, ərzaq və tibbi ləvazimat çatmırdı...
7-ci yazı
Hələ ki, Umudludayıq... Axşamdan yağan qar bütün kəndi ağ təbəqəyə bürüyüb... Hara baxırıqsa ağappaq qar, arxada qorxunc bir əjdaha kimi dayanmış Murov dağı, önümüzdə isə Sərsəng Su Anbarı.
Axşamdan Rəmiyəddin bir neçə qucaq saman gətirib səngərin içinə - ayaqlarımızın altına səpib ki, çəkmələrimiz suyla dolmasın. Bizim səngərdən baxanda Sərsəng su anbarının o tayındakı meşəlikdə ən xırda qaraltı da aydınca görünür. Mühasirəsində olduğumuz erməni kəndlərindəki evlərin bacalarından tüstü qalxır. Umudluda isə işıq, qaz yoxdu, çörək, tibbi ləvazimat çatışmır. Kəndin çörək sexində (kənd camaatı bura “pekarnı” deyir) qalan unu qənaətlə işlədirdilər. Çox dadlı çörək bişirilirdi “pekarnı”da. Amma yeməyə ayrı bir şey yox idi.
Ramiz, Rəmiyəddin və mən Yəhya kişinin evində qalırdıq. Evdə bir neçə üçkiloluq şüşə balonlara yığılmış ərinmiş kərə yağı və yaydan tədarük görülmüş xeyli balon pomidor bağlaması var idi. Umudluda qaldığımız o günlərdə bu ərzaqlar bizim dadımıza çatdı, səhər kərə yağı ilə qayğanaq, günorta ya axşam isə pomidor-yumurta yeyirdik. Yumurtanı da elə Yəhya kişinin toyuqlarından “alırdıq”...
Bir gün səhər tezdən Rəmyəddin bir vedrə təzə sağılmış süd gətirdi qaldığımız evə. Bəlli oldu ki, südü kəndin fermasından gətirib. Südün bir hissəsini içdik, bir hissəsindən isə Rəmiyəddin qatıq çaldı. Arada Nailə, Valehə və digər uşaqlara da süd-qatıq payı göndərirdik... Yəni biz ərzaq sarıdan o qədər də çətinlik çəkmirdik. Ferma demişkən, iki dəfə kənd fermasında xəstələnən dananı kəsib həm əsgərlərə, həm də kənd camaatına payladılar.
Umudluda çox epizodlar oldu. Amma mənim bildiklərim, yadımda qalanlar bunlardı. Umudluda tanış olduğum insanlardan indi xatırladıqlarım - Məhəmməd (Seyid), İbiş kişinin oğlu Rəhman, Yəhya kişi və oğlu oldu. Daha heç kəs xatırlamıram. Hərdən uşaqlar danışırlar, yadıma salmağa çalışırlar, amma heç birini xatırlaya bilmirəm.
“R”-nın qumbaraatan mərmisi hekayəti
Yanvarın axırı bizi Umudluda Şirin Mirzəyevin batalyonunun başqa bir dəstəsi əvəz elədi. Biz vertolyotla Ağdama, öz hərbi hissəmizə qayıtdıq. Vertolyot hərbi hissənin düz yaxınlığında yerə endi. Batalyona çatıb uşaqlarla görüşüb, hal-əhval tutandan sonra Şirin Mirzəyevin qarşısında cərgəyə düzüldük, gəlməyimizlə bağlı məlumatı dinlədi, əvvəlcə bizimlə hərbi qaydaya uyğun olaraq ümumi, sonra isə hər kəslə bir-bir görüşdü. Şirin Mirəzyev verilən tapşırığı müvəffəqiyyətlə yerinə yetirdiyimizi deyib, rəsmi şəkildə bizə şifahi təşəkkür etdi.
Bu yerdə maraqlı bir hadisəni danışmalıyam. Deməli, Müdafiə Nazirliyinin xətti ilə bizə tank və zirehli maşınları vurmaq üçün qumbaraatan (qranatomyot) və onun mərmisini vermişdilər. Umudluda döyüşlərin birində lazım oldu, atmaq istədik, amma atılmadı. Həmin mərmini Umudluda balaca qayalıqdan bəlkə də 100 dəfə yerə tulladıq, yenə partlamadı. Bir neçə dəfə avtomatla nişan alıb vurduq, güllə dəydi, bu da nəticəsiz qaldı.
Ağdama qayıdanda üzünə dirənmiş bu qumbaraatan mərmisini də özümüzlə götürdük ki, Şirin Mirzəyevə göstərək.
Uşaqlar mərmini ona göstərdilər, o da istehkamçı (sapyor) dəstənin komandiri Kərim Cəlilova tapşırıq verdi ki, zərərsizləşdirsinlər. Kərim də bunu R. (adını və ləqəbini yazmıram) adlı bir əsgərə tapşırdı. O da hamıdan xəbərsiz aparıb bu mərmini batalyonun ayaqyolusuna tullayıb... Qəfil partlayış səsi hamımızı təşvişə saldı. Tez partlayış səsi gələn ayaqyolu tərəfə qaçdıq, baxanda nə görsək yaxşıdı?! Partlayışın zərbə dalğası ayaqyolunun torpaqdan yuxarı hissəsini göyə elə uçurmuşdu ki, heç izi-tozu da qalmamışdı.
Arıq və ucaboy R. uzun qollarını yana açıb, bostan müqəvvaları kimi eləcə dayanmışdı. R.-nı ayaq üstə görsək də əvvəlcə elə bildik ki, o, yaralanıb. Amma bir qədər yaxınlaşıb gördük ki, yox, sağ-salamatdır, lakin üst-başı heç baxılası deyil. Öncə özü gülməyə başladı, sonra hamımız ona qoşulub möhkəm gülüşdük. Uşaqlar su şlanqı ilə kənardan onun üstünə su vurdular, birtəhər təmizlənən R.-ya təzə paltar və bir neçə günlük evə buraxılış icazəsi verildi...
Əslində bu hadisə bir daha onu təsdiq edir ki, bu batalyonun əksəriyyəti əsl hərbçi deyildi, sadəcə, öz torpaqlarını erməni təcavüzündən qorumaq üçün məcburən silaha sarılmış müxtəlif peşə sahibi olan bu yerlərin sakinlərdir...
Biz Umudludan qayıtdıq, amma bizi əvəzləyən digər 54 nəfərlik dəstə hələ də o kənddə ermənilərlə üzbəüz dayanmışdı...
Fərrux əməliyyatı
Fərrux Ağdam rayonu ilə Əsgərən rayonunun (Xankəndi istiqamətində) sağ tərəfdən arasında yerləşən böyük bir dağ idi, dağın ətəyində isə eyni adlı balaca bir kənd idi. Fərrux Ağdamın Cinli kəndinin yaxınlığında yerləşirdi. 1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurumuş əsasən Yerevandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Cinli, Yetim Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Hər dəfə də yerli insanların və Ağdam milis şöbəsinin əməkdaşları, eyni zamandan Ağdam OMON-u tərəfindən onların qarşısı alınıb. O zaman Cinli ermənilərin bütün Qarabağdakı əsas hədəflərindən biri idi.
Qeyd edim ki, bu kənd və yüksəklik xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 1905 və 1918-ci ildə Qarabağda baş verən erməni-müsəlman davasında da Fərrux alınmayıb. Yəni ermənilər Fərruxun alınmaz bir qala olduğu haqqında mif yaratmışdılar. Erməni alimi Zor Balayanın Qarabağın “qızıl açarı” adlandırdığı Fərrux kəndinin Ağdama tərəfə olan hissəsindəki müdafiəsi sıra ilə inşa edilmiş bir neçə evin qarşısı boyu tikilmiş “topdağıtmaz” dəmir-beton istehkam idi. Kəndin ən böyük müdafiəsi isə Fərrux dağının düz zirvəsində yerləşən “daş başı” postu idi...
Umudludan qayıdandan sonra - 31 yanvar 1992-ci ildə Şirin Mirzəyevin batalyonu Ağdamın yerli OMON qüvvələri ilə birgə Fərrux kəndinin quldurlardan azad edilməsi əməliyyatında iştirak etdi. Həmin gün Fərrux erməni quldurlarından təmizləndi, kənd bizim nəzarətimiz altına verildi. Əməliyyat zamanı 3 erməni əsir götürülmüşdü, düşməndən bir neçə silah da qənimət kimi əldə olunmuşdu. Bu əməliyyatla bağlı ilk dəfə 1992-ci ilin həmin günlərində Azərbaycan televiziyasında efirə bir süjet verilib, 1995-ci ildə isə hərbi jurnalist İbrahim İbadoğlunun hazırlayıb “İşıq” nəşriyyatında nəşr etdirdiyi “Sərkərdə” kitabında yazılıb və o əməliyyatda iştirak edən əsgərlərin mətbuatda dərc edilən müxtəlif yazılarında ara-sıra xatırladılıb. Amma aşağıdakı hadisələr heç harada yazılmayıb...
Mən həmin gün, yəni Fərruxun alınması əməliyyatında iştirak etməmişəm. Amma fevralın 1-də batalyonun Şıxbabalı rotası ilə birlikdə Fərruxun ermənilərdən müdafiəsində iştirak etdim... Həmin gün hava yaxşı deyildi, qar yağırdı, dişim də bərk ağrıyırdı, ağrıyan dişimin yeri irinlədiyindən şişmişdi. Bizim kənd rotasından Nail, Ramiz, Valeh Rəhimov, Əfqan (Əsgər əminin oğlu), Əlasdan Hüseynov, Müşfiq Rəhimov (1992-ci ilin yayında şəhid oldu), Xalid Əliyev, Avtandil Əliyev (Afan - Zakir əminin oğlu) və mən (çox güman ki, bəzilərinin adını unutmuşam) Fərruxun müdafiəsində iştirak etmək üçün Cinli ilə Fərruxun arasındakı dolu dağıdan topun yanına gəldik. O zaman hərbi əməliyyatlarda yalnız dolu dağıtmaq məqsədi ilə istehsal olunub Azərbaycanın dağlıq rayonlarına verilmiş, müharibə başlayanda isə bu yerlərə gətirilmiş “dolu dağıdan” toplardan istifadə edilirdi. Onunla da hədəfi vurmaq müşkül məsələ idi, çünki nişangahı yox idi. Hələ başqası, yəni əsl hərbi toplarımız yox idi. Topun yanında motoru dağılmış bir BTR də var idi, xarab olduğu üçün yalnız onun pulemyotundan istifadə edilirdi. Şirin Mirzəyev və batalyonun rəhbərliyi də burada idi. Açığı, onlardan indi yadımda qalanlar -BTR-in yanında gördüyüm Hidayət İbrahimovu (1992-ci ildə şəhid oldu) və leytenant Rauf Fərəcovu xatırlayıram. Bizim kənddən gedən dəstəyə mən rəhbərlik edirdim. Şirin Mirzəyevdən tapşırığımız alıb, Fərruxa tərəf qalxmağa başladıq. Bizim postumuz Fərruxun fermasının o biri başı idi... Ermənilər kəndin üstündəki meşədə mövqe seçib, bizim əsgərləri tez-tez atəşə tuturdular. Elə biz kəndə çatanda da ermənilərin güclü atəşi ilə rastlaşdıq. Döyüş zamanı kəndin evləri, demək olar ki, tamam yanmışdı, küçədə bir neçə erməni meyiti var idi. Bir meyit isə yarıya qədər yanmışdı, ağzına isə sapına qədər girmiş bir mətbəx bıçağı vurulmuşdu... Kənddə ilk gördüyüm bu mənzərə məni ürpətdi...
Gözümün qabağında kor qalmış dostum
Bir qədər irəliləyib postumuza - Fərruxun fermasına yaxınlaşdıq. Ermənilərin atəşi daha da şiddətlənmişdi. Demək olar ki, başımızı qaldıra bilmirdik. Biz - Şıxbabalı rotasının əsgərləri erməni atəşindən qorunmaq üçün dərin bir arxın içərisi ilə əyilə-əyilə fermaya tərəf qaçmağa başladıq. Yalnız Ramiz Həsənov bizdən solda, yolun içərisi ilə irəliləyirdi... Müxtəlif maneələrin arxasında mövqe tuta-tuta, ermənilərə tərəf atəş aça-aça irəli addımlayırdı. Avtomat və pulemyotların səsindən ağız deyəni qulaq eşitmirdi. Bir neçə dəfə Ramizə dedim ki, gəl arxın içiylə irəlilə. Çünki onun yanından - sağından və solundan güllələrin necə keçib yerə dəydiyini görürdüm. Amma o, mənim dediklərimə qulaq asmadı, dedi ki, narahat olmayım. Elə uşaqlıqdan höcət idi, bir iş beyninə girdimi, mütləq edəcəkdi! Bir az zarafatımız da var idi, Ramizlə. Fermaya lap az qalmışdı, sonuncu dəfə azacıq ayağa qalxıb çöməli halda Ramizə dedim: - Ayə, ay gözünə güllə dəyməsin, gəl buradan gedək də! Heç Ramiz dediyimi eşitmədi də... Üstündən bir-iki dəqiqə keçmişdi, fermaya çataçatda qəflətən Ramizin səsini eşitdim: - Uy gözüm!
Özümüzü Ramizin yanına atdıq, onu sürüyüb güllə yağışı altından çıxardıq. Ramizin başını dizimin üstünə qoyub, gözünə baxmaq istəyirdim.
- Ramiz sənə nə oldu, harana dəydi?! - deyə qeyri-ixtiyari ondan soruşdum və əslində nə edəcəyimi bilmirdim.
Ramiz əlləri ilə gözünü tutub yerdə qıvrılırdı, cavab vermək hayında deyildi. Eləcə, “vay gözüm, vay gözüm” deyib inildəyirdi. Qışqırmırdı, eləcə inildəyirdi, Ramiz. Ramizin əllərini aralayıb gözlərinə, daha doğrusu yaralanan gözünə - sağ gözünə baxdım. Erməninin atdığı pulemyot gülləsinin fermanın divarına dəyib parçalanan qəlpələrindən biri - təxminən 1 sm uzunluğunda 2 mm enliliyində bir parçası düz Ramizin gözünün didəsinə sancılmışdı... Ramiz əli ilə gözünü ovuşdurmaq istəyirdi, qoymadım. Onda dedi ki, çıxart o qəlpəni! Adamın yağına tikan batanda necə çıxarırsa, bax eləcə ehmallıca Ramizin gözündən qəlpəni çəkib çıxartdım. Bayaqdan inildəyən, qıvrılan Ramiz əlini gözünə tutaraq yalnız indi qışqırdı! Əlini gözündən qaytaranda bir ovuc qan qarışıq su var idi Ramizin ovcunda... Ramizi dərhal iki nəfərlə aşağı - topun yanına göndərdim. Oradan da Ağdam şəhər göz xəstəxanasına aparıblar... Və mənim üçün ən acı olacaq bu xəbəri iki gün sonra uşaqlardan eşidəcəkdim: “Xəstəxanada deyiblər ki, Ramizin o gözü ömürlük görməyəcək...”
Bax beləcə bir dostum, həmkəndlim yanımda vətən uğrunda kor oldu!
Beləcə ilk iki müharibə dostumdan biri sıradan çıxdı, qaldıq Naillə mən...
Ramizi aşağı göndərəndən sonra biz irəli gedib postumuza çatdıq...Hələ bu harasıdır, bir azdan bizi çox şiddətli bir döyüş gözləyirmiş...
(ardı var)
[email protected]
Ayaqyolunda partlayan mərmi, Fərrux qələbəsi və Ramizin itən gözü... - XATİRƏ
9882