Nəqliyyat naziri Ziya Məmmədov Bakının ən böyük və nəqliyyatın intensiv hərəkət etdiyi prospekti olan Heydər Əliyev prospektinə alternativ yolun salınacağını deyib. Lent.az-ın əldə etdiyi məlumata görə, yeni prospekt Bakı şəhərinin Nərimanov rayonu ərazisindən keçəcək.
Məlumata görə, alternativ prospekt Dərnəgül yolu kimi tanınan Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospekti arasında Sabunçu qovşağınadək uzanacaq. Bu yolu həm də Həsən Əliyev küçəsinin davamı kimi də təqdim etmək olar. Bakının ən uzun (Tbilisi prospektindən) və nəqliyyat vasitələrinin sıx cərgələndiyi küçələrindən olan Həsən Əliyev küçəsi yeni prezident iqamətgahı yaxınlığında bu yola birləşəcək. Yeni prospekt metronun “Gənclik” stansiyası yaxınlığından başlamaqla, F.Xoyski küçəsinə paralel olaraq Keşlə qəsəbəsinədək uzanacaq. Buradan isə yola hazırda zavodların yerləşdiyi ərazidən - metronun “Ulduz” stansiyası yaxınlığından, Müzəffər Nərimanov küçəsini kəsməklə - davam edəcək.
M.Nərimanov küçəsini kəsdikdən sonra yeni yol Heydər Əliyev prospektinə yaxın və paralel olmaqla davam edəcək və Koroğlu qovşağına çatmamış Böyükşor qəsəbəsinə doğru istiqamətlənəcək. Qəsəbədən keçən yol daha sonra Böyükşor gölünün qurudulmuş hissəsi ilə davam edəcək və Bakı Olimpiya Stadionunun yaxınlığından keçərək Sabunçu qovşağına birləşəcək.