Bazarlarda meyvə niyə bahadır? - RƏSMİ CAVAB
29 iyun 2022 16:03 (UTC +04:00)

Bazarlarda meyvə niyə bahadır? - RƏSMİ CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu bazarlarda meyvələrin bahalaşması ilə əlaqədardır.

Gilas, ərik, gavalı və şaftalının mövsümü olsa da, bazarlarda bu meyvələrin qiyməti bahadır. Bu barədə sosial şəbəkələrdə də dəfələrlə vətəndaşlar öz iradlarını və qiymətlərdən narazı olduqlarını bildiriblər.

Görəsən, meyvələrin baha olması nə ilə əlaqədardır?

Sualımıza İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti aydınlıq gətirib. Bildirilib ki, bazarlarda qiymətlər tələb-təklif əsasında müəyyən edilir:

“Qiymətlərini dövlət tənzimləməyən malların işlərin, xidmətlərin, o cümlədən meyvə-tərəvəzin qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri sərbəst müəyyən edir. Ölkəmizdə meyvə-tərəvəz məhsulları əsasən fərdi təsərrüfatlarda yetişdirilir və istehlak bazarına təqdim edilir. Buna görə də onların qiymətlərinin formalaşmasına mövsümi amillər, regionlardan bu cür məhsulların tədarük edilərək paytaxt və digər iri şəhərlərə satış üçün daşınması ilə bağlı müvafiq xərclər, hava şəraiti ilə əlaqədar yığılan məhsulların yararsız hissəsinin maya dəyərinə əlavə olunması və digər amillər təsir edir. Keyfiyyətinə, mənşəyinə və digər xüsusiyyətlərinə görə istehlak bazarının müxtəlif məntəqələrində (bazarlar, yarmarkalar, şəbəkə və müstəqil pərakəndə satış mağazaları və s.) fərqli qiymətlərlə meyvə-tərəvəz məhsulları təklif olunur. İstehlakçılar öz ehtiyaclarına görə keyfiyyəti və qiyməti onlara daha sərfəli olan məhsulları seçərək ala bilərlər.

Əlavə olaraq bildiririk ki, dünya ərzaq bazarında qiymətin artımı fonunda ölkənin istehlak bazarında qiymət manipulyasiyalarına yol verilməməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qanunamüvafiq tədbirlər keçirir. Əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymətin formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə Dövlət Xidməti istehlak bazarında gündəlik monitorinqlər aparır. Tədbirlər çərçivəsində Dövlət Xidməti həmçinin bir sıra qida məhsullarının qiymətində olan dəyişikliklərin antiinhisar qanunvericiliyinin tələblərinə uyğun olmasının yoxlanılması məqsədilə bazarda araşdırmalar aparır. 

İstehlakçılar istehlak bazarında qiymət manipulyasiyası halları ilə rastlaşdıqda 195-1 Çağrı Mərkəzi, elektron poçt (office@competition.gov.az) və rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) vasitəsi ilə Dövlət Xidmətinə müraciət edə bilərlər”.

# 3915
avatar

Mehman Nəbiyev

Oxşar yazılar