“Azəriqaz" istehlakçıları kənar müdaxilə hallarından uzaq durmağa çağırır
27 may 2022 15:13 (UTC +04:00)

“Azəriqaz" istehlakçıları kənar müdaxilə hallarından uzaq durmağa çağırır

"2021-ci ildən fəaliyyət göstərən "Azəriqaz" İstehsalat Birliyinin işçi qrupu "Bakı 2010" MTK-nın 11 ildir ki, qeyri-qanuni təbii qazdan istifadə etdiyini aşkarlayıb". 

Lent.az xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Açıq qapı" aksiyasında deyib. Media nümayəndələri ilə keçirilən görüşdə qurum rəsmisi qeyd edib ki, təbii qazdan qeyri-qanuni qoşulmaya görə, Birliyə külli miqdarda zərər dəyib:

"Adı çəkilən MTK əvvəlcə təbii qazdan imtina ilə bağlı müraciət edib. Bundan sonra MTK bina sakinlərini müxtəlif formada qazla təmin edib. Binada ümumi olaraq 62 mənzil var ki, neçə mənzilin qeyri-qanuni qoşulmadan istifadə edib-etmədiyi araşdırılır. Araşdırma zamanı MTK-nın səlahiyyətli şəxsləri qeyri-qanuni qoşulma faktını təsdiqləyib. Hazırda dəymiş zərər hesablanır", - deyə şöbə rəisi qeyd edib.

Eldəniz Vəliyev, həmçinin, bütün istehlakçılara səslənərək hər bir kəsi dövlət əmlakına ziyan vurmaqdan, qaz təsərrüfatına qeyri-qanuni, kənar müdaxilə hallarından uzaq durmağa çağırıb.

Media nümayəndələri ilə keçirilən görüşdə Birliyin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov aprel ayında gecə klubunda baş vermiş partlayışdan sonra aidiyyatı dövlət qurumlarının birgə yaradılmış işçi qrupunun obyektlərə keçirilən baxışın davam etdiyini bildirib.

Onun sözlərinə görə, bu günə qədər 2600-ə yaxın obyektdə yoxlanış keçirilib. Şöbə rəisi qeyd edib ki, yoxlamalar regionlar da daxil olmaqla Bakı və Abşeronu əhatə edir: "Qazdan istifadə qaydasında ən çox pozuntu paytaxtın payına düşür. 

Artıq yoxlamalar mütəmadi hal aldığı üçün əksər obyekt sahibləri əvvəlcədən tədbir görmüş olurlar. Bəzi obyekt sahibləri isə heç bir pozuntuya yol vermədiyi üçün yoxlanış rahat başa çatır. Araşdırma zamanı 420 müəssisədə qazdan istifadə qaydası pozulub. Ümumi olaraq 290 müəssisənin sayğacı çıxarılıb, 133 halda isə möhürlənərək qaz təchizatı dayandırılıb".

“Azəriqaz” İB-nin Qəza-çağrı xidmət şöbəsinin rəisi Xalidə Şimşək cari ilin ilk 4 ayı ərzində Birliyin Çağrı mərkəzinə daxil olan zənglərin statistikasını media nümayəndələrinin diqqətinə çatdırıb.

Şöbə rəisinin sözlərinə görə Çağrı mərkəzinə yanvar-aprel ayları ərzində  418 602 müraciət daxil olub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 18 424 müraciət azdır. “Bu müraciətlərdən 30 518-i təbii qazın təzyiqi ilə bağlı, 21 744 müraciət təbii qazın olmaması, 19 639-u qaz sızmaları, 162 683 müraciət isə sayğaclarla bağlı olub”, - deyə o, əlavə edib.

Şöbə rəisi, həmçinin, təbii qaz olmaması səbəbindən Birliyə daxil olan 21 744 müraciətin 10 352-nin istehlak olunan təbii qaza görə yaranan debitor borc səbəbindən qaz təminatının dayandırılması ilə bağlı olduğunu da diqqətə çatdırıb.

# 708
avatar

Oxşar yazılar