Azərbaycan "yaşıl enerji"yə necə keçir? - TƏHLİL
16 mart 2022 15:46 (UTC +04:00)

Azərbaycan "yaşıl enerji"yə necə keçir? - TƏHLİL

Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 27 000 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.
Ölkəmizdə bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub. Dövlət Proqramının qəbulu bərpa olunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaratmışdır.
2021-ci il ərzində respublikada elektrik enerjisinin istehsalı 27,8 milyard kVt•st təşkil edib. Bu dövrdə elektrik enerjisinin istehsalı İES-lərdə 26,2 milyard kVt•st, SES-lərdə 1277.3 mln. kVt•st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 339.9 mln. kVt•st olub. İl ərzində külək elektrik stansiyalarında 91,5 mln. kVt•st, Günəş Elektrik Stansiyalarında 55,2 mln. kVt•st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 193.2 mln. kVt.st elektrik enerjisi istehsal edilib. Bərpa olunan enerji mənbələri hesabına istehsal olunmuş elektrik enerjisi ümumi istehsalın təqribən 5.8 %-ni təşkil edib.
Enerji mənbələri arasında 2020-ci ildə yeganə artım bərpaolunan enerji növləri üzrə qeydə alınıb. Pandemiya səbəbindən dünyada enerji tələbatının ötən il 5 faiz azalmasına baxmayaraq, bərpaolunan enerji mənbələrinin istehsalı 7 faiz yüksəlib. Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozuna görə, növbəti 10 ildə bərpaolunan enerji sektoruna hər il orta hesabla 440 milyard dollar investisiya qoyuluşu nəzərdə tutulur. Alternativ enerji mənbələrinin istehsalı 2021-ci ildə 10 faiz, növbəti beş ildə isə 50 faiz artaraq 2025-ci ildə qlobal elektrik istehsalının 33 faizini təşkil edəcək. Ümumilikdə, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95 faizi bərpaolunan enerji mənbələrinin payına düşəcək.
Azərbaycanın bərpaolunan zəngin enerji potensialı var. Günəş enerjisi üzrə demək olar ki, bütün ölkə ərazisində layihələrin həyata keçirilməsi mümkündür. Külək enerjisi üzrə isə Xəzər akvatoriyası, Abşeron yarımadası, Bakı, habelə Xızı rayonu daha əlverişli sayılır.
Bu baxımdan Qarabağ bölgəsində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə də böyük potensial mövcuddur. Belə ki, günəş enerjisi əsasən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin orta illik surəti 7-8 m/s təşkil edir ki, bu da külək enerjisinin istehsalı baxımından çox əlverişlidir. Azərbaycanda yerli su ehtiyatlarının 25 faizinin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı daha əlverişli sayılır.
Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, 2024-cü ilə qədər dünyada bərpa olunan mənbələr hesabına enerji istehsalı 2018-ci illə müqayisədə 50% artaraq 3 721 qiqavata çatacaq. Şirkətlər arasında da bərpa olunan enerjiyə investisiya yatırmağa maraq artmaqdadır. Belə ki, ötən il 23 ölkənin 100 şirkəti 19,5 qiqavat gücdə təmiz enerji üçün müqavilələr imzalayıb ki, bu, 2018-ci ildən 44% çoxdur. “Google”, “Facebook”, “Amazon” kimi şirkətlərlə yanaşı, karbohidrogenlərin hasilatı ilə məşğul olan nəhəng enerji şirkətləri də bu enerji növünə investisiyalar edir.
Yeri gəlmişkən, Azərbaycan Paris İqlim Sazişinin tələblərinə uyğun olaraq, 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35% azaltmağı hədəf kimi götürüb. Bərpa olunan enerji ekoloji cəhətdən təmiz olduğu üçün, bu, həm Azərbaycanın Pariş sazişi çərçivəsində öhdəliklərinin yerinə yetirilməsinə, həm də ölkədə ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına dəyərli töhfə verəcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2481

Oxşar yazılar