Azərbaycanda İcbari Sığorta Bürosu yaradılacaq
07 iyul 2011 10:55 (UTC +04:00)

Azərbaycanda İcbari Sığorta Bürosu yaradılacaq

Azərbaycanda İcbari Sığorta Bürosu yaradılacaq. Lent.az-ın verdiyi məlumata görə, bunu II Azərbaycan Beynəlxalq Sığortaçılar Forumundakı çıxışında maliyyə naziri Samir Şərifov söyləyib.

Samir Şərifov deyib ki, bu, daşınmaz əmlak, avtonəqliyyat daşımaları ilə bağlı az əvvəl parlamentdə qəbul edilən və yaxın vaxtlarda qüvvəyə minəcək qanunda nəzərdə tutulub. Qanunun mahiyyəti daşınmaz əmlak, avtonəqliyyat daşımaları ilə bağlı ehtiyac yarandıqda kompensasiyaların ödənilməsi ilə bağlıdır. Məsələn, qanun avtonəqliyyat şəxslərinin üçüncü şəxslər qarşısında məsuliyyətini müəyyən edəcək. İcbari Sığorta Bürosu da bu məqsədlə yaradılır.

Maliyyə naziri onu da qeyd edib ki, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı sığorta bazarının da inkişafını şərtləndirib. Hazırda ölkədə adambaşına düşən ümumdaxili məhsulun (ÜDM) həcmi 10 min dollara yaxındır: “Paralel olaraq, sığorta ilə bağlı göstəricilər də artıb. Əgər 2003-cü ildə ölkədə adambaşına düşən sığorta haqqı 7 manat olubsa, indi bu göstərici 17,2 manatdır. Azərbaycanda ümumi sığorta haqlarının həcmi 155,6 milyon manata çatıb. Sığorta şirkətlərinin nizamnamə kapitalı da 18,4 milyon manatdan 150 milyon manata qədər artıb”.
# 865

Oxşar yazılar