Bakıda 23 tikinti şirkəti fəaliyyətini dayandırıb
29 oktyabr 2009 14:45 (UTC +04:00)

Bakıda 23 tikinti şirkəti fəaliyyətini dayandırıb

Bir aya 23 binanın satış işləri tamamlanıb

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi (“ƏBİ” İB) ilkin mənzil bazarında apardığı monitorinqin nəticələrini açıqlayıb. Qurumdan Lent.az-a daxil olan məlumata görə, bu ilin sentyabr ayının sonuna Bakı şəhəri üzrə “ƏBİ” İB tərəfindən qeydə alınmış, tikintisi davam etdirilən yeni tikililərin sayı keçən aydakı 476 ədədə qarşı 456 ədəd olub. Ay ərzində 22 binada satış tamamlandığına görə siyahıdan çıxarılıb, yeni aşkarlanan 2 bina isə monitorinq siyahısına əlavə olunub.


Qeyd edilən 456 binanın inşası 154 tikinti təşkilatı tərəfindən aparılır (Bu, əvvəlki ayla müqayisədə 23 şirkət az deməkdir. Belə ki, keçən ay 476 binanın tikintisi 177 tikinti şirkəti tərəfindən həyata keçirilirdi. Xatırladaq ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi keçən ay yaydığı məlumatda indiyədək lisenziya müddəti başa çatan bina və qurğuların layihələndirilməsi ilə məşğul olan 10-a yaxın şirkətin lisenziyasını geri aldığını açıqlamışdı).


Ən çox yeni tikili əvvəlki ayda olduğu kimi Yasamal rayonu ərazisində aparılır. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdəki mövqelərini qoruyur. Üç rayon üzrə tikintisi aparılan yeni binaların ümumi tikinti portfelindəki payı 63,4% təşkil edir. Qalan rayonlarda isə hələlik tikintinin həcmində hər hansı ciddi dəyişiklik baş verməyib.


Şəhər üzrə satış üçün təklif olunmuş mənzillərin orta qiyməti avqust ayı ilə müqayisədə sentyabr ayı ərzində daha 0,8% artaraq 948 $/kv.metrdən 956 $/kv.metrə qalxıb. Orta qiymətə uyğun olaraq, qiymət indeksi də 2,9 bənd artaraq 362,9 bəndində qərarlaşıb. Qiymət artımı qiyməti nisbətən ucuz olan binalarda qeydə alınıb. Qiymət artımının əsas səbəbi kimi isə monitorinq qrupunun siyahısına daxil olan binaların əksəriyyətində tikinti işlərinin başa çatması göstərilir.


Bundan başqa, nisbi artıma mövsümi amillərin də müəyyən təsirləri var. Şəhər üzrə tikintisi aparılan binalarda orta mənzil sahəsi keçən aydakı kimi 121,8 kv.m qalıb. Orta blok göstəricisi ötən ayla müqayisədə artaraq (4,3%) 2,4 blok, orta mərtəbə göstəricisi isə ötən aydakı kimi 14,9 mərtəbə təşkil edib.

Ay ərzində qiymət artımı Yasamal rayonu üzrə 2,6%, Nərimanov rayonu üzrə 2%, Nizami rayonu üzrə isə 1,1%, Nəsimi rayonu üzrə 2,8% olub.

Qiymət azalması isə Səbail rayonunda 2,9%, Suraxanı rayonu üzrə 10,6%, Binəqədi rayonu üzrə 2,8%, Sabunçu rayonu üzrə 11,1% qeydə alınıb. Qalan rayonlarda isə qiymətlər stabil qalıb.

Sentyabrda da avqust ayında olduğu kimi kəskin passiv tendensiya davam edib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 692

Oxşar yazılar