Müşfiq Əmirov: “3G texnologiyası üçün lisenziya verməyə hazırıq” - MÜSAHİBƏ
29 sentyabr 2009 15:00 (UTC +04:00)

Müşfiq Əmirov: “3G texnologiyası üçün lisenziya verməyə hazırıq” - MÜSAHİBƏ

“Azərcell” və “Azərfon” rəhbərlərinə anlaşma yoluyla məsələlərin həlli tövsiyə edildi”

Bu gün dünyada xalqların, dövlətlərin inkişaf səviyyəsinin əsas göstəricilərindən biri rabitə və informasiya texnologiyalarından istifadə səviyyəsi, bu texnologiyanın ölkə daxilində istehsalı ilə bağlıdır. Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir? Hansı addımlar atılır, perspektivdə hansı işlərin görülməsi nəzərdə tutulub? Bu yöndə suallarımızı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov cavablandırır...


- Son 5 ildə Azərbaycanda rabitə, informasiya kommunikasiya texnologiyalarının (İKT) inkişafına nəzər salsaq, İKT və poçt sektorunda istehsal olunmuş məhsulun və göstərilmiş ümumi xidmətlərin həcmi 4 milyard dolları ötüb. Göstərilmiş xidmətlər üzrə orta illik artım 31 faiz təşkil edib. 2008-ci ildə İKT sektoruna 89, 5 milyon dollar investisiya qoyulub. Ümumilikdə, son 5 ildə bu sektora 890 milyon dollar investisiya yatırılıb. Bunun 21 faizi xarici investisiyaların payına düşür. Son 5 ildə İKT sektorunda çalışan işçilərin ümumi sayı təqribən 40 faiz artaraq 20 mini ötüb.

- Azərbaycanda mobil rabitənin və internetin inkişafı hansı səviyyədədir?

- Azərbaycanın dünya informasiya cəmiyyətinə inteqrasiyasında mobil rabitə şəbəkəsi abunəçilərinin yeni xidmətlərə artan tələbatının ödənilməsi və mobil rabitənin gələcəkdə də inkişafına nail olmaq başlıca istiqamətlərdir. Ənənəvi mobil rabitə xidmətlərinin göstərilməsi ilə yanaşı, provayderlər tərəfindən respublikada mövcud olan GSM və digər şəbəkələrin texniki imkanları artırılır, yeni nəsil texnologiyaların tətbiqinə hazırlıq işləri aparılır. 2008-ci il internet şəbəkəsinin inkişafında dönüş ili oldu. Bu il simsiz genişzolaqlı qoşulmanın mütərəqqi növü olan “Vimax” texnologiyası tətbiq edilməyə başlanıb. Bu texnologiyanın tətbiqi internet istifadəçilərinin sayını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.
Son 5 ildə mobil rabitənin davamlı inkişafı xidmət operatorlarını İKT sahəsinin əsas iştirakçılarına çevirib. Bu gün Azərbaycanın mobil rabitə bazarında GSM və SDMA standartlarında mobil operatorlar fəaliyyət göstərirlər. GSM standartında 3 operator – “Bakcell”, “Azercell” və “Azərfon”, SDMA standartında “Katel” və “Naxel” fəaliyyət göstərir.
2008-ci ildə mobil rabitə abunəçilərinin sayı 2007-ci illə müqayisədə təxminən 1,5 dəfə artaraq 6 milyon 548 min 300-ə çatıb. Hazırda ölkədə hər 100 nəfərə 75 mobil rabitə abunəçisi düşür.
Azərbaycanda internet servis provayderlərinin fəaliyyət göstərməsi üçün də lisenziya tələb olunmur. Bu da bu seqmentdə xüsusən orta və kiçik sahibkarlığın inkişafına geniş imkanlar açıb. İnternet xidmətləri bazarı kifayət qədər liberaldır. Hazırda 30-dan artıq provayder fəaliyyət göstərir və onların heç biri hakim mövqeyə malik deyil. 2004-2008-ci ildə internet xidmətləri bazarı 4,4 dəfə artıb, illik artım tempi 45 faiz təşkil edib. 2008-ci ildə internet istifadəçilərinin sayı 2007-ci illə müqayisədə 2 dəfə artaraq, 3 milyon nəfəri ötüb. Bu da hər 100 nəfərə 37 internet istifadəçisi düşməsi deməkdir.
2005-ci ildən İKT məhsullarının ixracı 3,7 dəfə artıb. Bunun da başlıca səbəbi yerli məhsul istehsalının dəstəklənməsi və elektron avadanlıqların istehsalı üzrə Kür şirkətinin fəaliyyətə başlaması olub. İxracın artımı audio və video avadanlıqlar üzrə 20 dəfə, kompüter və kompüter avadanlıqları üzrə 12 dəfə, telekommunikasiya avadanlıqları üzrə 1,9 dəfə, elektron avadanlıqları üzrə 1,2 dəfə olub. Azərbaycanın kompüter bazarının həcmi son 5 ildə orta hesabla 20-40 faiz artıb. Bazarın həcminin kəskin artımı həm də yerli istehsal müəssisələrinin xidmət göstərməsi və sərfəli şərtlərlə istehlak kreditlərinin verilməsiylə bağlıdır.
Ölkədə kompüterlərin yayılma səviyyəsi müqayisə olunan dövrdə 3,5 dəfə artıb, 2008-ci ilin sonuna hər 100 nəfərə düşən kompüterlərin sayı 8 ədəd təşkil edib.

- Poçt şöbələrimiz dünya standartlarına nə dərəcədə cavab verir?

- Son 5 ildə poçt şöbələrinin sayı 318 ədəd artaraq 1537-ə çatıb. 2005-ci ildə Dünya Bankı ilə Azərbaycan hökuməti arasında “Poçt sahəsində maliyyə xidmətlərinin inkişafı” layihəsi üzrə inkişaf krediti haqqında saziş imzalanıb. Sazişin həyata keçirilməsi nəticəsində poçt şöbələri vahid kompüter şəbəkəsində birləşdiriləcək və poçt müəssisələri bank-maliyyə xidmətləri göstərməklə kefiyyətcə yeni inkişaf səviyyəsinə çatacaq. Poçt şəbəkəsinin iqtisadi durumunun yaxşılaşdırılması və rəqabətə davamlılığı, pul köçürmələrinə sərf olunan xərclərin azalması regionlarda sahibkarlığın inkişafını və yeni iş yerlərinin açılmasını təmin edəcək.

- Bəs İKT sahəsində hansı yeni layihələr planlaşdırılır?

- Bu sırada telekommunikasiya sahəsində “Elektron İdarəçilik Təşəbbüsü” layihəsini qeyd etmək olar. Azərbaycanda elektron idarəetmə şəbəkəsi respublikanın bütün bölgələrini əhatə edəcək. Bu şəbəkə 10 qeqabayt/saniyə sürətlə ölkədədaxili məlumat ötürülməsinə imkan verəcək. Layihənin Bakı-Sumqayıt şəhərlərini, Gəncə istiqamətini və Abşeron yarımadasını əhatə edən hissəsi fəaliyyətdədir. 2009-cu il ərzində şəbəkənin ölkədə tam şəkildə fəaliyyət göstərməsi nəzərdə tutulub.

- Azərbaycanın süni peyk layihəsi istiqamətində hansı işlər görülüb?

- Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 2008-ci il tarixli “Azərbaycan Respublikasının kosmik sənayesinin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” sərəncamına uyğun olaraq ölkəmizin informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edəcək süni peykin orbitə çıxarılması üzrə işlər davam etdirilir. Digər tərəfdən, Trans-Asiya-Avropa magistralını da xüsusi qeyd etmək lazımdır. Bu layihə ölkəmizin informasiya tranziti potensialını artıracaq. Trans-Asiya-Avropa magistralından daha səmərəli istifadə etmək məqsədilə Azərbaycanın Qazaxıstan və Türkmənistanla Xəzəraltı optik kabel əlaqəsinin yaradılması üzrə aparılan danışıqlar davam etdirilir.
Qərb-Şərq yüksək sürətli magistral layihəsinin təşəbbüskarı isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevdir. Bu layihə Qərbi Avropa və Sakit okean hövzəsini birləşdirən yüksək sürətli Avropa-Asiya informasiya magistralının yaradılmasını nəzərdə tutur. Magistral Şərqi Avropa ölkələri, MDB, Türkiyə, İran, Mərkəzi Asiya ölkələri, o cümlədən Əfqanıstan və Pakistanı əhatə etməklə, Çin və Hindistana çıxmaqla, bu böyük regionda transmilli informasiya magistralı yaratmaqla bölgənin hər bir ölkəsinin sosial-iqtisadi inkişafına, beynəlxalq informasiya mübadiləsinə təkan verəcək.

- Elektron imzanın tətbiqi ilə bağlı məsələlər nə yerdədir?

- Elektron imzanın tətbiqinə şərait yaratmaq üçün müvafiq infrastrukturun qurulması və milli sertifikat xidməti mərkəzinin formalaşdırılması həyata keçiriləcək. Yaradılacaq infrastruktur əhalinin və təşkilatların öz fəaliyyətlərində elektron imzadan istifadə etməsinə şərait yaradacaq.
Elektron hökumətin formalaşması layihəsi də qarşıda duran məsələlərdən biridir. Elektron hökumətin formalaşdırılması üçün fəaliyyət proqramının təsdiq olunması, müxtəlif layihələrin həyata keçirilməsi istiqamətində də işlər davam etdirilir.
O cümlədən əhalinin İKT-dən istifadə imkanlarını genişləndirmək üçün nazirlik “Microsoft” və “İntel” şirkətlərilə əməkdaşlıq edir və birgə “Xalq kompüteri” layihəsinin həyata keçirilməsi start götürüb. Layihə güzəştli kredit şərtlərilə müvafiq standartlara uyğun kompüter əldə edilməsinə imkan verir.

- Azərbaycanın İKT sahəsində uğurları dünya səviyyəsində etiraf olunurmu?

- Bu günlərdə Ümumdünya İqtisadi Forumunun “2009-2010-cu ildə dünya ölkələrinin rəqabət qabiliyyətli iqtisadiyyatı haqqında” hesabatında Azərbaycan iqtisadiyyatının əhəmiyyətli səviyyədə inkişafa nail olduğu qeyd edilib. Hesabata əsasən, bu ilki nəticələrə görə, Azərbaycan 18 pillə irəliləyib və 51-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadi sabitlik, yüksək milli yığımla böyük büdcə profisitli və dövlət borcunun azaldılması ilə səciyyələnir. Azərbaycanın Ümumdünya İqtisadi Forumunun İKT inkişafı göstəriciləri üzrə hesabatında da ön mövqelər tutur. Bu barədə 2009-2010-cu illər üzrə qlobal rəqabət qabiliyyəti ilə bağlı icmalda vurğulanır. Ümumdünya İqtisadi Forumunun məlumatına əsasən, Azərbaycan bir sıra göstəricilərinə görə MDB məkanında lider mövqeyə malikdir. Ölkəmiz dünyada stasionar rabitə abunəçilərinin sayına görə 75-ci, mobil rabitə üzrə isə 82-ci yerdədir. Azərbaycan internet istifadəçilərinin sayına görə 86-cı yeri tutur.

- 3G texnologiyasına keçidlə bağlı hansı işlər görülüb?

- Azərbaycan Respublikası Prezidentinin bununla bağlı fərmanının təsdiq olunması ilə əlaqədar Nazirlər Kabineti qərar verdi. Hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 3G texnologiyasına keçidlə bağlı mobil operatorların müvafiq sənədlər təqdim etmələrini gözləyir. Operatorlar sənədləri təqdim etdikdən sonra nazirlik onlara lisenziya verəcək.

- Mobil operatorlar 3G texnologiyasına keçidlə bağlı hansı addımları atıblar, hansı yeni texnologiyaların ölkəyə gətirilməsinə başlayıblar?

- Mobil operatorlar da 3G texnologiyasının tətbiqində maraqlıdırlar. Nazirlikdən asılı olan məsələ lisenziyadır və biz hər zaman bu lisenziyanı verməyə hazırıq.

- Yeri gəlmişkən, Azərbaycanda mobil rabitə bazarında rəqabət hansı səviyyədədir?

- Azərbaycan bazarında 3 mobil rabitə operatoru fəaliyyət göstərir. Rəqabət mühiti şəffafdır. Nazirlik bu sahədə tənzimləyici qurum kimi fəaliyyət göstərir. Beynəlxalq hesabatlarda da Azərbaycanda mobil rabitənin inkişafı müsbət qiymətləndirilir.

- Mobil rabitə operatorları arasında bəzən mübahisələr də yaranır. Məsələn, az əvvəl “Azercell” və “Azərfon” arasında mübahisə yaranmışdı. Belə vəziyyətlərdə nazirlik hansı addımları atır?

- “Azercell” və “Azərfon” arasında belə bir problem yaşandı. Nazirlik “Azercell” və “Azərfon” şirkətlərinin rəhbərlərilə görüşlər keçirdi, qarşılıqlı anlaşma yolu ilə məsələlərin həll edilib, yoluna qoyulması tövsiyə edildi. Belə də oldu. Hər iki şirkətin müvafiq şöbələri, nümayəndələri görüş keçirərək, məsələləri yoluna qoydular. Ümumiyyətlə, belə vəziyyətlərə çox nadir hallarda təsadüf edilir. Belə hallar yaranan zaman da nazirlik tənzimləyici qurum kimi danışıqlar yolu ilə məsələlərin həll olunmasını tövsiyə edir.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1158

Oxşar yazılar