Torpaq hərracı qaydaları özünü doğrultmayıb
29 sentyabr 2009 14:00 (UTC +04:00)

Torpaq hərracı qaydaları özünü doğrultmayıb

Hərrac və müsabiqəyə çıxarılan torpağa dövlət reyestrindən çıxarışın alınması çoxlu vaxt və xərc tələb edir

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi (İTYİB) avqustun 14-də Bərdə və Salyan rayonlarında keçirilmiş torpaq hərracları prosesinə dair apardığı monitorinqin nəticələrini açıqlayıb. “Azərbaycanda yerli özünüidarəetmənin gücləndirilməsi” layihəsi çərçivəsində aparılmış monitorinq zamanı hər iki rayonda bələdiyyə torpağının hərrac və müsabiqələr yolu ilə satılmasına dair yerli əhalinin məlumatlılıq səviyyəsi, hərracın keçirilməsi barədə elanının əldə edilməsi səviyyəsi öyrənilib.

Lent.az-ın məlumatına görə, monitorinqin nəticələri İTYİB-in keçirdiyi mətbuat konfransında elan olunub. Birliyin sədr müavini Rövşən Ağayev bildirib ki, əhali arasında sorğu vasitəsilə aparılan monitorinqin nəticələri əsasında hesabat və tövsiyələr hazırlanıb. Həmin tövsiyələrin hökumətə, eyni zamanda Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsinə təqdim olunması nəzərdə tutulub.

Daha sonra təşkilatın eksperti Samir Əliyev monitorinqin nəticələrinə dair təqdimatla çıxış edib. O qeyd edib ki, avqustun 14-də Bərdədə Yeni Daşkənd bələdiyyəsinə məxsus 0,08 hektar torpaq sahəsi müsabiqəyə, Salyanda isə Aşağı Noxudlu bələdiyyəsinə məxsus 0,026 ha torpaq hərraca çıxarılıb. Onun sözlərinə görə, iyul-avqust aylarında aparılan monitorinqin nəticələri hərrac və müsabiqənin bütün mərhələlərində ciddi nöqsanların olduğunu göstərir. Belə ki, Salyanın Aşağı Noxudlu kəndində 30 nəfər arasında keçirilmiş sorğuda iştirakçıların cəmi 40 faizi rayonda avqustun 14-də keçirilən hərrac barədə məlumatlı olduğunu bildirib. Respondentlərin 6,7 faizi bu barədə qismən məlumatlı olduğunu, 53,3 faizi məlumatsız olduqlarını qeyd edib. Bərdənin Yeni Daşkənd kəndində isə 56 sorğu iştirakçısının demək olar ki, hamısı torpaq müsabiqəsindən xəbərdar olduğunu, cəmi 2 nəfərin qismən məlumatlı olduğunu bildirib.

Bununla belə, hər iki rayonda keçirilən monitorinqlərin nəticələri vətəndaşların torpaq satışı barədə məlumatlara əlçatanlığında problemlərin olduğunu göstərib. Samir Əliyev bildirib ki, bu problemlərdən biri satışa çıxarılan torpağın sənədləşdirilməsi ilə bağlıdır. Onun sözlərinə görə, sənədləşməyə çəkilən xərclər adətən, yüksək olur: “Bu xərclər hətta torpağın satış qiymətlərini də üstələyir. Hərrac və ya müsabiqənin nəticələrinin ləğv olunması isə rəsmiləşdirmə xərclərini bir qədər də artırır. Bütün bunlar bələdiyyələrlə alıcılar arasında gizli sövdələşməyə gətirib çıxarır”.

Samir Əliyev bildirib ki, bələdiyyələrin əsas çətinliklərinin torpaqların dövlət reyestr xidmətində qeydiyyat məsələsi ilə bağlı olur. Çünki torpaq hərrac və müsabiqəyə çıxarılmazdan əvvəl onun Dövlət Əmlakının Reyestri Xidmətindən çıxarış olmalıdır. Onun sözlərinə görə, bu çıxarışın alınması üçün çoxlu vaxt aparmaqla yanaşı qeyri-rəsmi xərclərdə tələb edir. Həmin xərcləri isə torpağı alan vətəndaşa ödətdirirlər.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 915

Oxşar yazılar