İnternetlə ticarət reallaşır
12 sentyabr 2009 10:30 (UTC +04:00)

İnternetlə ticarət reallaşır

Ən geci gələn ildən Azərbaycanda da bu ticarət növündən istifadə etmək mümkün olacaq

İlin sonunadək Azərbaycanda ilk elektron ticarət portalı fəaliyyətə başlayacaq.
Elektron ticarət portalını Kiçik Sahibkarlığın İnkişafı və Stimullaşdırılması İctimai Birliyi özünün hazırladığı layihəyə əsasən yaradır. Portalın yaradılması üçün tələb olunan vəsaiti isə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ayırıb.

Kiçik Sahibkarlığın İnkişafı və Stimullaşdırılması İctimai Birliyindən Lent.az-a bildiriblər ki, portalı “Azərbaycanda elektron ticarətin və internet sahibkarlığının inkişafına dəstək” layihəsinə çərçivəsində yaradılır. Layihədə məqsəd ölkədə fəaliyyət göstərən yerli və xarici ticarət şirkətlərinə, sahibkarlara reklam-marketinq xidmətinin göstərilməsi, Azərbaycanda elektron kommersiyanın və biznesin, informasiya texnologiyalarının və internetin inkişafına hərtərəfli dəstək verməkdir. Portalın hər bir istifadəçisi agent və tərəfdaş kimi qeydiyyatdan keçməklə orada yerləşən məhsulların satışı ilə məşğul olaraq gəlir əldə etmək imkanına da sahib olacaq.

Xatırladaq ki, elektron kommersiya anlayışı 1980-ci illərə təsadüf etsə də, ilk dəfə internet vasitəsilə alqı-satqı 1995-ci ilə təsadüf edib. Hazırda Azərbaycanda elektron ticarət (e-commerce) sisteminin təşkil olunması məqsədi ilə “Elektron ticarət haqqında”, “Elektron imza və elektron sənəd haqqında” müvafiq qanunlar qəbul olunub. Həmçinin “Azərbaycanda elektron ticarətin tətbiq istiqamətlərinin tədqiqi” və “Azərbaycanda elektron mağazaların fəaliyyətinin təşkili üçün tövsiyələr paketi” adlı layihələri həyata keçirilib. Bu layihələr internet-mağazaların sayının artırılması və elektron ödəniş sistemlərinin genişləndirilməsini nəzərdə tutur.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 756

Oxşar yazılar