Bir məqsəd, üç təklif
26 may 2009 10:00 (UTC +04:00)

Bir məqsəd, üç təklif

Bələdiyyələrin səlahiyyətlərinin artırılmasına dair təkliflər paketi hökumətə təqdim ediləcək

İqtisadi Təşəbbüslərə Yardım Birliyi bələdiyyələrin səlahiyyətlərinin müəyyən olunması mexanizmlərinin təkmilləşdirilməsinə dair yeni sənəd hazırlayıb. Mütəxəssislərdən ibarət ekspert qrupunun hazırladığı yaxın günlərdə hökumətə təqdim olunacaq.

Lent.az-ın məlumatına görə, bu barədə birliyin sədr müavini Rövşən Ağayev həmin sənədin təqdimatına dair jurnalistlər üçün keçirdikləri mətbuat konfransında bildirib. Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinin məhdudluğu bu qurumların yarandığı dövrdən ən çox müzakirə edilən məsələlərdən olduğunu deyən Rövşən Ağayev bələdiyyələrin real yerli hakimiyyətə çevrilməsinə mane olan problemlərdən danışıb. Onun fikrincə, hazırda ölkə qanunvericiliyində bələdiyyələrin səlahiyyətləri ilə bağlı nəzərdə tutulan mexanizmlər yerli özünüidarənin nəinki cəmiyyətin idarə olunmasında geniş iştirakına imkan vermir, hətta onların əhatə etdiyi ərazilərin lokal problemlərinin həllinə qanuni məsuliyyət daşıyan cavabdeh orqanlara çevrilməsinə hüquqi əsas yaratmır.

Ekspert bildirib ki, yeni hazırlanması zamanı yerli özünüidarənin statusu və səlahiyyətləri ilə bağlı beynəlxalq təcrübə tədqiq edilib, həmin təcrübələrin Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinə dair qanunvericilikdə tətbiqi imkanları nəzərdən keçirilib. Həmçinin Azərbaycanın müxtəlif ərazilərində fəaliyyət göstərən ayrı-ayrı bələdiyyə təmsilçiləri ilə görüşlər keçirilib, onların rəy və fikirləri öyrənilib.

Rövşən Ağayev bələdiyyələrin səlahiyyətlərinin artırılması ilə bağlı hazırladığı təkliflərin 3 alternativ variantdan ibarət olduğunu bildirib. Birinci variant bələdiyyələrin səlahiyyətlərində müstəsnalığın təmin olunması və səlahiyyətlərin dəqiqləşdirilməsini nəzərdə tutur. Onun sözlərinə görə, bu alternativ bələdiyyələrin statusunu tənzimləyən qanunvericilikdə yerli özünüidarəetmənin təhsil, səhiyyə, ərazinin məişət tullantılarından təmizlənməsi və su təchizatı sahəsində səlahiyyətləri üzrə müstəsnalığın təmin olunmasını, müvafiq sahə qanunvericiliyində həmin səlahiyyətlərin tətbiq mexanizmlərinin dəqiqləşdirilməsindən ibarətdir.

İkinci variant isə bələdiyyələrin inzibati ərazi dairələri (kənd, qəsəbə və şəhər) üzrə vahid idarəetmə subyekti kimi müəyyən olunması şərtilə səlahiyyət bölgüsünün həyata keçirilməsini nəzərdə tutur. Mütəxəssis qrupunun təkli etdiyi bu alternativ müstəsnalığın təmin edilməsi şərtilə inzibati ərazi dairələrində (kənd, qəsəbə, şəhər) icra nümayəndəliklərinin ləğvini və onların mövcud idarəetmə səlahiyyətlərinin bələdiyyələrə ötürülməsini ifadə edir.

Nəhayət, sonuncu alternativ variant bələdiyyələrin yerli hakimiyyət statusunun təmin olunması şərti ilə yerli özünüidarənin səlahiyyət bölgüsünün həyata keçirilməsini nəzərdə tutur. Bu alternativ bütün səviyyələrdən olan ərazi vahidləri (rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd) üzrə idarəetmənin yerli özünüidarə prinsipləri əsasında formalaşdırılması və ikipilləli bələdiyyə sistemi yaradılması əsasında səlahiyyət bölgüsünün həyata keçirilməsini özündə əks etdirir.

Birliyin eksperti Samir Əliyev isə parlamentdə müzakirə ərəfəsində olan bələdiyyələrin birləşdirilməsi məsələlərindən danışıb. O, qeyd edib ki, təmsil olunduğu təşkilat hələ 8 ay əvvəl hökumətə bələdiyyələrin birləşdirilməsi ilə bağlı təkliflər paketi təqdim edib.

“Təkliflərin mahiyyəti odur ki, kiçik bələdiyyələr birləşdirilməlidir və birləşmə prosesi inzibati ərazi dairələri əsasında aparılmalıdır. Yəni birləşmə “bir inzibati ərazi dairəsi – bir bələdiyyə” prinsipi əsasında həyata keçirilməlidir” - deyə, Samir Əliyev bildirib.

Ekspert hökumətin kiçik bələdiyyələrin birləşdirilməsi istiqamətindəki addımını dəstəklədiklərini deyib. O, həmçinin qeyd edib ki, birləşmədən sonra bu qurumlara səlahiyyət və maliyyə mənbələri verilməsi vacibdir. Samir Əliyevin fikrincə, indi hökumət təcili olaraq Seçki Məcəlləsində dəyişiklik etməli və əhalinin bələdiyyələrdə təmsilçilik məsələsini həll etməlidir: “Biz təklif edirik ki, yenidən formalaşdırılmış bələdiyyələrdə əhalinin hər 200-250 nəfərinə 1 nəfər bələdiyyə üzvü norması müəyyənləşdirilsin”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1078

Oxşar yazılar