Böhran yeni göydələnləri yenə “vurdu”
25 may 2009 16:00 (UTC +04:00)

Böhran yeni göydələnləri yenə “vurdu”

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi (“ƏBİ” İB) ilkin mənzil bazarında apardığı növbəti monitorinqin nəticələrini açıqlayıb. Təşkilatdan Lent.az-a verilən məlumata görə, 2009-cu ilin aprel ayının sonuna Bakı şəhəri üzrə “ƏBİ” İB tərəfindən qeydə alınmış, tikintisi davam etdirilən yeni tikililərin sayı keçən aydakı 461 ədədə qarşı 454 ədəd olub. Yeni tikililərin sayının kəskin azalmasına, iqtisadi böhran nəticəsində tikintinin tempinin aşağı düşməsi, eyni zamanda bəzi binalarda tikinti işlərinin başa çatması səbəb olub.

Araşdırmalar göstərir ki, tikintinin tempində nəzərəçarpacaq geriləmə davam etməkdədir. Ay ərzində 10 binada satış tamamlandığından onlar tikintisi davam etdirilən binaların siyahısından çıxarılıb. Daha 3 bina isə bazara yeni daxil olub.

Yuxarıda qeyd edilən 454 binanın inşası 178 tikinti təşkilatı tərəfindən aparılır. Qeyd edək ki, keçən ay 461 binanın tikintisi 189 tikinti şirkəti tərəfindən həyata keçirilirdi.

Ən çox yeni tikili əvvəlki ayda olduğu kimi Yasamal rayonu ərazisində aparılır. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdəki mövqelərini qoruyurlar. Tikintisi aparılan yeni binaların ümumi tikinti portfelində bu üç rayonun payı 62,3% təşkil edir. Qalan rayonlarda isə hələlik tikintinin həcmində hər hansı ciddi dəyişiklik baş verməyib.

Şəhər üzrə satış üçün təklif olunmuş mənzillərin orta qiyməti aprel ayı ərzində 1,9% azalaraq 1006 $/kv.metrdən 987 $/kv.metrə enib. Ay ərzində heç bir rayon üzrə qiymət artımı qeydə alınmayıb. Bütün rayonlar üzrə müxtəlif qiymət azalması müşahidə edilib. Orta qiymətə uyğun olaraq qiymət indeksi də 7,4 bənd azalaraq 374.7 bəndində qərarlaşıb. Şəhər üzrə tikintisi aparılan binalarda orta mənzil sahəsi keçən aydakı nəticədən 0,4% artaraq 121,7 kv.m-ə qalxıb. Orta blok göstəricisi keçən aydakı 2,2-dən 2,4-ə qalxıb, orta mərtəbə göstəricisi isə ötən aydakı kimi 15,1 mərtəbə olub.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1450

Oxşar yazılar