Bir ildə tikinti materialları 50% ucuzlaşıb
23 may 2009 14:30 (UTC +04:00)

Bir ildə tikinti materialları 50% ucuzlaşıb

Xüsusilə metal və metal məmulatlarının, ağac məmulatlarının qiyməti düşüb


“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi tikinti materialları bazarında apardığı monitorinqin növbəti nəticələrini açıqlayıb.

Təşkilatdan Lent.az-a verilən məlumata görə, 2009-cu ilin aprel ayı ərzində Bakı şəhəri üzrə tikinti materialları bazarında 38 adda, 87 çeşiddə tikinti materiallarının qiyməti izlənilib. Araşdırılan məhsullar üzrə Azərbaycanda istehsal olunan malların ümumi istehsalda həcmi 52,9% təşkil edib. Dünyada baş verən maliyyə böhranı tikinti materiallarının qiymətlərindəki ucuzlaşmanı dərinləşdirməkdə davam edib.

Dünya bazarlarında neftin qiymətində artımlar və maliyyə birjalarında qiymət indekslərinin müsbətə doğru dəyişməsi müşahidə olunsa da, bu, tikinti materialları və ümumiyyətlə daşınmaz əmlak bazarına təsir göstərməyib. Əksinə, ötən aylarda olduğu kimi, tikinti materialları bazarında qiymətlərin ucuzlaşması, xüsusilə də metal və metal məmulatlarının, ağac məmulatlarının qiymətindəki azalma davam etməkdədir. Eyni zamanda yerli istehsalın idxal məhsullarını üstələməkdə davam edir.


Aprel ayında 87 adda məhsul üzrə araşdırma aparılıb ki, bunlardan 36-sı üzrə qiymət azalması, 51-i üzrə isə stabillik müşahidə edilib. Nəticədə ay ərzində bazarda formalaşan orta qiymətlərdə azalma ötən mart ayı ilə müqayisədə 5,1% təşkil edib. Aprel ayında da son 3 ayda olduğu kimi heç bir tikinti materialı üzrə qiymət artımı qeydə alınmayıb.

Apreldə katinka 3%, şveller 6,4%, künyə 9,1%, dəmir təbəqə 7,3%, armatur 8%, sink təbəqə 9,2%, boru 4,5%, plastik boru 4,8%, şüşə 8,5%, taxta 1,9%, mismar 10,5%, üzlük daş 4,8%, çınqıl 10%, qum 5,6%, sement 10,4%, bitum 5%, şüşə pambıq 8%, penaplast 11,5%, asma tavan 3% ucuzlaşıb.

Ümumiyyətlə, ötən ay sementin qiymətinin 2 ay ərzində ikinci dəfə ucuzlaşması tikintidə xərclərin azalması və mənzil tikintisində istifadə olunan tikinti materialları üzrə ümumi portfeldə xərc strukturunun dəyişməsi ilə nəticələnib.

Qalan tikinti materialları üzrə qiymətlər dəyişməz qalıb.

Aylıq nəticə isə belədir ki, ay ərzində tikinti materiallarının qiyməti 5,1%, ilin əvvəli ilə müqayisədə 10,8%, ötən illə müqayisədə isə 49,5% azalıb. Qiymət indeksi isə ötən aya nisbətən 5,1 bənd azalaraq, 93,1 səviyyəsində qərarlaşıb.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1423

Oxşar yazılar