İqtisadi riskə qarşı təlim başa çatdı
21 may 2009 12:40 (UTC +04:00)

İqtisadi riskə qarşı təlim başa çatdı

10 həftəlik təlimdə müxtəlif dövlət təşkilatlarından 39 nümayəndə iqtisadi risklərin təcrübəni öyrənib

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) DYUK Universitetinin Beynəlxalq İnkişaf Mərkəzi ilə birgə Layihələrin Qiymətləndirilməsi və Risklərin İdarə Olunması (LQRİO)üzrə Azərbaycanda hökumət qurumlarının nümayəndələri üçün təşkil etdiyi 10 həftəlik təlim kursu başa çatıb. Müxtəlif dövlət təşkilatlarından 39 nümayəndənin iştirak etdiyi təlimin rəsmən yekunlaşdığı elan olunub.

Lent.az-ın məlumatına görə, Dövlət İqtisad Universitetində keçirilən mərasimdə USAİD-in Azərbaycan üzrə direktoru Skot Teylor bildirib ki, magistr səviyyəsində keçirilmiş kurs maliyyə, iqtisadi və maraqlı tərəflər baxımından xərc-gəlir üzrə təfsilatlı təhlilin aparılması, risklərin təhlili və idarə olunmasına dair mövzuları əhatə edib. Onun sözlərinə görə, 39 tələbə mühazirələrdə, tədris məşğələlərində iştirak edərək verilmiş tapşırıqları kompüterdə yerinə yetirə bilib: “Bu layihə vasitəsilə Dövlət İqtisad və Xəzər universitetləri uzunmüddətli əlaqələrin qurulmasına nail olublar. Bu əməkdaşlıq gələcəkdə Azərbaycanda iqtisadiyyat üzrə peşəkar siyasətlərin qəbuluna dəstək verəcək. Biz həmçinin layihələrin hazırlanması zamanı xərc-fayda prinsipinin qoruna biləcəyini gözləyirik. Həmçinin xərc-gəlir təhlili üzrə tədris proqramı dünyanın ən qabaqcıl təcrübəsi kimi dövlət rəsmilərinə icra ediləcək ən səmərəli dövlət investisiyası layihələrinin müəyyən edilməsində kömək edəcək”.

USAİD-ın nümayəndəsi bildirib ki, təlimdə investisiya layihələrinin hazırlanması, qiymətləndirilməsi və idarəçiliyi üzrə ən qabaqcıl təcrübə öyrənilib. Həmçinin Azərbaycanda reallaşdırılan ayrı-ayrı layihələr və onun icra vəziyyətinə dair geniş təhlillər aparılıb. Onun sözlərinə görə, təlim kursu Dövlət İnvestisiya Proqramı çərçivəsində kənd təsərrüfatı, təhsil, sənaye və energetika, su və nəqliyyat kimi prioritet sahələrdə layihələr üzrə texniki-iqtisadi biliklərin tətbiqinə də imkan verəcək.

Xatırladaq ki, LQRİO Layihəsi makroiqtisadi təhlil, orta-müddətli sahə planlaşdırılması və büdcə sənədlərinin hazırlanması, kapital xərcləri və layihələrin qiymətləndirilməsi çərçivəsində dövlət investisiya islahatına strateji və çoxşaxəli yanaşmaya xüsusi önəm verir. Təkmilləşdirilmiş qanunlar, qaydalar və prosedurlarla LQRİO layihəsinin təlim komponenti dövlət investisiya islahatlarını daha da gücləndirir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1164

Oxşar yazılar