“Türk iş adamı birbaşa uşaq evinə elçiliyə gəlmişdi...” – İNTERNAT DRAMI
16 may 2015 13:12 (UTC +04:00)

“Türk iş adamı birbaşa uşaq evinə elçiliyə gəlmişdi...” – İNTERNAT DRAMI

Lent.az-ın “İnternat dramı”nda SOCAR-in Qobustan Regional Təlim-Tədris Mərkəzinin tələbəsi Səbinə Babayevanın hekayəsi davam edir.

 

I hissə: http://news.lent.az/news/201795

II hissə: http://news.lent.az/news/202531

 

Müdirə aramla danışırdı:

 

- Mənim rəfiqəmdir, rus dili müəlliməsidir. Burada darıxırsan, heç kimlə söhbət edə bilmirsən. İstəyirəm səni bir neçə günlüyünə onlara qonaq göndərəm.

 

Katya övladlığa götürülməyi heç vaxt ağlından keçirməmişdi. Amma kiminsə gəlib onu buradan xilas etməyini, uzaqlara aparmağını çox istəyirdi. Deyəsən, bu dəfə Allah onun səsini eşitmişdi. Katya sevincək qadının əlindən tutub getdi...

 

Birbaşa bazara gedib, Katya üçün təzə paltar, ayaqqabı aldılar.

 

Katya birinci dəfə idi ki, bu qədər səliqə-sahmanlı bir evə daxil olurdu. Hər şey yerində-yatağında idi. O indiyə kimi də bəzi evləri görmüşdü. Uşaq evinin müdirəsi, müəllimləri onları öz mənzillərini təmizləməyə, həyət-bacada işləməyə aparırdılar. Amma bu evlərin heç biri bu qədər hüzurlu və cəlbedici deyildi. Burada sanki divarlar da uşaq səsinə qəribsəmişdi...

 

Qadın tək yaşayırdı. Övladı olmamışdı. Katyanın qayğısına öz övladı kimi qalırdı. Birlikdə ev təmizləyir, həyətdə gül-çiçəyə qulluq edirdilər. Katya birinci gecə üstündə əl gəzdiyini hiss eləyəndə, əvvəlcə qorxmuş, gecələr bir qadının qalxıb üstünü örtə biləcəyi ona qəribə gəlmişdi. Qadın hər gecə bir neçə dəfə qalxıb onu yoxlayırdı. Səhərlər Katya tezdən oyanmaq məcburiyyətində deyildi. Nə vaxt oyansa, mətbəxdə onu dadlı səhər yeməyi gözləyirdi. Elə birinci günü yediyi dadlı yeməyin adını öyrəndi. Bu tamı heç vaxt unutmayacaqdı. Qadın, bunun bal ilə qaymaq olduğunu dedi...

 

Bir həftə tez keçdi. Katyanın sınaq müddəti bitmişdi. Qadın Katyanı qarşısında oturdub, əllərini ovcuna aldı:

 

- Mənə ana deməyini istəyirəm.

 

Katyanın bir həftədir gözündə parlayan işıq söndü. Əllərini qadının ovcundan çəkdi:

 

- Mən müdirəmizə də müəllimə deyirəm. Başqa cürə alınmır...

 

Katya qadınla birlikdə, yenidən uşaq evinə qayıdarkən, Nazilə müəllimə Katyanın cavab verməsini gözləmədən bir neçə sualı dalbadal verdi:

 

- Nə oldu Katya? Tətilin bitdi? Necə keçdi? Get, əynini dəyiş.

 

Katya əlini qadından çəkib, qapıya yaxınlaşanda onun gözünü sildiyini gördü...

 

Bu bir həftəlik “tətil”dən Katyaya təzə paltarı və ayaqqabı qalmışdı. Artıq gəzməyə gedəndə geyinmək üçün başqa paltarı var idi...

 

***

 

- Arazın hekayəsindən Lənkəran uşaq evindəki işgəncələrdən bir az məlumatlıyıq. Oxucularımız Nazilə Babayevanı qəddar qadın kimi tanıyır...

 

- Müxtəlif cəzalar var idi. Xüsusi ilə də böyük oğlanlara qarşı. Döyür, xüsusi otaqda ac saxlayırdılar. Uşağı olmayan qadın uşağın dərdini başa düşə bilməz. Bizi onun gözünün qabağında döyəndə oturub baxırdı. Bizim gözümüzdən yaş axırdı, onun isə vecinə də olmurdu. Amma uşağın özünü aparmağından çox şey asılı idi. Normal uşağı niyə döysünlər? Mən oxumurdum, döyürdülər. Cavab qaytarırdım, döyürdülər... Səmimi deyirəm, döyülüb söyülsəm də xoş günlərim də olub. Küçə ilə müqayisədə mənim üçün ora çox əla idi. Dram teatrına aparırdılar, tədbirlər, bayramlar olurdu, gələn qonaqlar bizi təbiət qoynuna gəzməyə çıxardırdı, yayda meşəyə gedirdik... Hətta bir dəfə Akif yenə iki uşaq gətirmişdi. Nazilə müəllimə dedi ki, Akif müəllimin gətirdiyi uşaqları çağırın, görüşsünlər.

 

- Necə görüşdünüz?

 

- Hamımıza əl verib görüşdü. Soruşdu burada sizə necə baxırlar? Dedik yaxşı. “Yemək yeyirsiniz, dərs oxuyursunuz”, dedik “bəli!” Məndən isə xüsusi soruşdu ki, yenə Bakıya getmək istəyirsən? Dedim yox, burada qalmaq istəyirəm.

 

- Özünüz uşaq evindən çıxa bilirdiniz?

 

- Yox. Amma qonşuluqdakı bağlara gizlicə girirdik. (Gülür) Uşaq idik, qanmırdıq, qarnımız doymurdu, özbaşına qonşunun bağından meyvə dərirdik. Öz həyətimizdəki meyvələri kal-kal yeyirdik. Buna görə də bizi cəzalandırırdılar ki, bu səbəbdən qarnınız ağrıyır. Həm də bağ sahibləri gəlib şikayət edirdilər. Bəlkə yaxınlaşıb istəsək verərdilər. O qədər söyülüb, döyülmüşdük ki, elə bilirdik elə kimdən nə istəsək, söyüb, döyüb qovacaq...

 

- Əsasən kim söyürdü?

 

- Ən çox tərbiyəçilər və köməkçiləri. Yetim, it qızı, küçük qızı, sizi qırılasınız deyirdilər. Axı ata-anamız bizimlə içimizdə yaşayırdı. Ona görə də belə sözlər bizi hiddətləndirirdi, cavab qaytarırdıq. Deyirdik sənin də qızın bizim kimi “detdom”da qalsın. Bu sözdən sonra isə pis döyülürdük... Amma belə olanda artıq elə halda olurduq ki, heç döyülməkdən də qorxmurduq...

 

- Uşaqları ancaq döyərək, karserə salaraq cəzalandırırdılar? Başqa uşaq evinə göndərmək olurdu?

 

- Üç-dörd nadinc uşaq var idi ki, onlar heç cür ipə-sapa yatmırdılar. O uşaqları Qubadakı uşaq evinə göndərdilər.

 

- Niyə Qubaya?

 

- Çünki orada daha ağır rejim idi... “Qubada şərtlər çətindi, orada ağlınız başınıza gələr” deyirdilər.

 

***

 

Burada doyunca yemək verilmirdi deyə, kim harada nə görsə, götürüb yeyirdi.

 

5-ci sinif şagirdi Aqşin mətbəxdə gəzişərkən, zibil qabının yanında bir banka qatığa rast gəldi. Qapıya yaxın idi. Mətbəxdə işləyənlər adətən ərzaq dolu zənbillərini buradan götürüb gedirdilər. Bu dəfə niyə qatığı burada unudublar deyə uşaq düşündü: “Onsuzda bu qatıq bizimdir. Əgər yesəm, oğurluq sayılmaz. Amma onlar bizə gələn ərzaqı oğurlayırlar”.

 

Aqşin ətrafa göz gəzdirdi, heç kim yox idi. Qatıq bankasının qapağını açıb, başına elə çəkdi ki, aşpazın nə vaxt içəri girdiyini görə bilmədi. Aşpaz özünü uşağa çatdıranda, sir-sifəti qatığa bulaşan Aqşin əlində bomboş banka ilə dayanmışdı. Aşpaz qışqırırdı:

 

- Axı niyə özbaşına qatığı götürürsən?! O qatıq xarab olub!

 

- Elə qəşəng idi, içində qaymağı da var idi...

 

- Ay qanmazın balası, o qaymaq deyildi...

 

Bir neçə dəqiqə keçmədi ki, müdirə hadisə yerində idi. Qorxudan dili-dodağı təpiyən aşpaz izah edirdi:

 

- Dovğa üçün qatıq gətirmişdilər. Baxdım ki, qıcqırıb. İçinə də siçan düşmüşdü. Gətirib qoydum zibil qabının yanına. Aqşin qatığı siçanla qarışıq udub... Uşaq siçanı qaymaq hesab eləyib...

 

Aqşini taksi ilə xəstəxanaya apardılar...

 

***

 

- Uşaq evində sizdən başqa rus var idi?

 

- Dörd qız idik. Nina, Regina, mən və bir də başqa Katya var idi. Hamımıza fərqli adlar qoymuşdular.

 

- Sizin adınızı dəyişəndə sənədləriniz necə idi?

 

- Milovanova Yekaterina Sergeyevna. Akif  məktəbdən axtarıb tapmışdı, amma doğum haqqında şəhadətnaməm yox idi. Orada yenisini verdilər. Valideynlər bölümünü boş saxladılar...

 

- Ad gününüzü nə vaxt qeyd edirsiniz?

 

- Səhv etmirəmsə, məktəbə sentyabrın 15-də getdim. Bir ay sonra, oktyabrın 15-də mənə ad günü etdilər... O vaxtdan oktyabrın 15-i mənim ad günümdür.

 

***

 

Katya 9 illik məktəbi bitirmişdi. Təhsilini yuxarı siniflərdə davam etdirməliydi. Müdirənin otağına çağırdılar:

 

- Katya, artıq böyümüsən, 10-cu sinfə keçirsən. Başqa məktəbə gedəcək, yad uşaqlar görəcəksən. Özün də namaz qılırsan, ibadət edirsən, müsəlmansan. Müsəlmanların əhatəsində yaşayırsan. Heç istəyərsən ki, adında, soyadında dəyişiklik olsun?

 

- Hə, niyə istəmərəm. Uşaqların bütün günü məni “rus-kukuruz” çağırmaqlarından bezmişəm.

 

- Hansı adı istərdin?

 

- Sabrina adından xoşum gəlir.

 

Müdirə dodaqlarını büzdü:

 

- Axı bu da bir az rus adına oxşadı. Gəl, Səbinə olsun. Səbinə həm Sabrinaya oxşayır, həm də rus adı deyil.

 

Katya sevinirdi:

 

- Olsun, olsun! – birdən tutuldu – bəs, soyadım...

 

- Sən burada yeganə uşaqsan ki, sənə öz soyadımı verəcəyəm. Babayeva Səbinə.

 

***

 

- Axı sizin öz soyadınız var idi...

 

- Amma mənim xoşuma gəlmirdi. Həm də istəyirdim ki, keçmiş həyatımı unudam. Küçə ilə bağlı yadımda heç nə qalmasın. Düzdür, bunu unutmaq asan deyil. Uşaq evində isə heç mümkün deyil... Amma sizə bir şey deyim, mənə həmişə o qaranlıq qalıb ki, Nazilə müəllimə niyə öz soyadını mənə verdi.

 

- Soyadını verdiyinə görə sizə qarşı xüsusi bir qayğı göstərirdi?

 

- Özəl yanaşma olmadı. Hamıya eyni gözlə baxırdı. İndi də görəndə maraqlanır, uşaqları bir-bir soruşur...

 

- Adınızı dəyişəndən sonra hər şey gözlədiyiniz kimi oldu? Nə isə dəyişdi?

 

- Uşaqlar yenə də mənə Katya deyirdilər. Təzə məktəbdə isə adımı Səbinə çağırırdılar.

 

- Təzə məktəbdə sizə münasibət necə idi?

 

- İki il oxudum, məni yaxşı qarşıladılar. Müəllimlər çox yaxşı davranırdı. Bəzi uşaqlar “detdom uşağı” deyib yanımda oturmaq istəmirdi. Bəziləri isə deyirdi ki, o da bizim kimi uşaqdır...

 

***

 

Onun əynindəki təzə köynək müdirənin diqqətini çəkmişdi. Axı uşaq evində belə geyim yox idi. Səbinə  sevinə-sevinə anlatmağa çalışdı:

 

- Sinfimizdən bir qız hədiyyə edib. Onun əyninə olmurdu...

 

Müdirə ona qulaq asmadan:

 

- Arxamca gəl, - dedi.

 

Səbinə nəyi səhv etdiyini başa düşməmişdi. Müdirə uşaqlar üçün ayrılmış paltarların arasından hələ yarlığı üstündə olan, qatı açılmamış bir köynək çıxardı:

 

- Səhər də sən bunu o qıza hədiyyə et!

 

Səbinə əynindəki geyilmiş köynəyə, bir də əlindəki təzə paltara baxaraq nə deyəcəyini bilmədi. Müdirə tərəddüd içində donub qalmış Səbinəyə izah edirdi.

 

- O sənə öz geyilmiş köynəyini verib, sənsə ona təzəsini apar ver. Amma o, götürməz. Çünki başqasından paltar almağı özünə sığışdırmayacaq. Sən də heç vaxt heç kimdən heç nə alma. Valideynlərin yoxdursa, bu o demək deyil ki, sən başqasının kör-köhnəsini geyinməlisən. Sən bu dövlətin övladısan. O da sənə sahib çıxıb. Paltarın da var, yeməyin də...

 

***

 

- O biri rusların da adını dəyişdilər?

 

- Yox. Namaz qılan bircə mən idim.

 

- Namaz qılmağı harada öyrənmişdiniz?

 

- Artıq 8-ci sinifdən namaz qılırdım. Mirhaşım Talışinskinin bacısı var idi, Səadət müəllimə. O gəlib bütün uşaqlarımıza namaz və Quran öyrədirdi. Tək bu yox, ümumiyyətlə, məşğuliyyətimiz çox idi.

 

- Başqa nələr var idi ki?

 

- Xalça toxumaq, tikmək öyrədirdilər. Şirniyyat bişirməyi çox yaxşı öyrənmişdik. Sizə şəkillərimi göstərərəm, baxarsınız. Mən toxuculuq dərnəyində idim. Mil ilə də, milçə ilə də sərbəst işləyirdim. Uşaqlara ayaqlıq, kukla paltarları toxuyurdum. Yəni mən özümü bütün işlərə atırdım ki, boş qalmayım, məşğuliyyətim olsun ki, vaxt tez keçsin. Yoxsa, orada gün keçmir...

 

- Bir də yuxarı siniflərdə qızların ərə verilməsi var idi...

 

-  Mən onların yerinə danışa bilmərəm, amma hiss edirdik ki, bu məcburi deyil. Sevinirdilər, gözləri gülürdü. Bizim hamımızın bir niyyəti vardı, təki buradan çıxıb gedək. Gəlinlikdə, ya lap kloun paltarında. Təki uşaq evindən çıxıb gedək.

 

- Kimləri ərə verdilər, xatırlayırsınız?

 

- Nazilə müəllimə iki qızımızı ərə verdi, bacı idilər...

 

***

 

Bacılardan biri Aytən, o biri isə Afaq idi. Bakıda, uşaq evində keçirilən tədbirlərdən birinin videogörüntüsünə baxan türk iş adamı, Aytənin kimliyi ilə maraqlanıb, birbaşa Lənkərana, müdirənin yanına gəlmişdi. Hər şey o qədər tələsik oldu ki, müdirənin Aytəni çağırıb söhbət etməsindən, oğlan tərəfin uşaq evinə elçi gəlməyindən heç kim xəbər tutmamışdı. Bir də onu gördülər ki, bütün partalar uşaq evinin idman zalına gətirilir. Bu, yeganə gün idi ki, 185 uşağın heç biri işləməyə etiraz etmirdi. Bir neçə saatın içində idman zalı toy sarayı kimi bəzəndi. Şar üfürüb gəlin-bəy masası hazırlayan uşaqların nəfəsi kəsilirdi, amma elə xoşbəxt idilər ki... Hamı eyni sözü deyirdi: “Toy olacaq!”

 

Əvvəlcə müdirənin otağında nişan mərasimi düzənləndi. Qapı arxasında toplaşan uşaqların hay-küyündən ağız deyəni qulaq eşitmirdi. Amma açar yerindən baxa bilənlər, Aytənin başına qırmızı yaylıq örtdüklərini, üzük taxdıqlarını, çoxlu xonça gətirdiklərini deyirdi.

 

Lənkəran ansamblı həmişə uşaq evinin tədbirlərində yaxından iştirak edirdi. Bu dəfə isə xüsusi həvəslə gəlmişdilər.

 

Aramsız rəqs edən Katya süfrədəki şirniyyatlardan doymaq bilmirdi. Oğlanın qohumlarından kimsə ilk dəfə türk paxlavası dadan uşaqları başına toplayıb, Azərbaycan paxlavası ilə Türk paxlavasının fərqini izah edirdi. Qadın bir neçə dəfə təkrarlasa da, heç kim bu fərqi başa düşə bilmirdi. Zamanını söhbətə yox, əylənməyə və yeməyə sərf etmək istəyən Katya hamının yerinə dilləndi:

 

- Nə fərqi var axı? Əsas odur ki, yeyək, qarnımıza getsin.

 

Türk qadının uzun-uzadı izahını başa düşməyə çətinlik çəkən uşaqlar üçün Katyanın bu cavabı daha anlayışlı oldu və hamı iki əlli süfrəyə cumdu.

 

Bu uşaq evinin divarları heç vaxt bu qədər xoşbəxt uşağı bir arada görməmişdi...

 

***

 

- Aytənin uşaq evindən ağ paltarda çıxması sizə hansısa bir ümidi verirdi?

 

- Başqa uşaqlara bəlkə də, mənim üçünsə yox.

 

- Niyə?

 

- Ağır atletika ilə məşğul idim, ştanq qaldırırdım. Beş dəfə respublika çempionu oldum. İdman müəllimimiz Məmməd müəllim bizi Bakıda yarışlara gətirirdi. Hamısından da yaxşı nəticə göstərirdim. Tək deyildim, uşaq evindən üç qız idik, Aygün, Zahidə və mən. Sonra da Məmməd müəllim elə Aygünlə ailə qurdu. Məmməd müəllim bizimlə çox məşğul olurdu...

 

- Bu nə vaxt idi?

 

- Onda hələ Katya idim, 2000-ci il idi...

 

***

 

2004-cü ildə uşaq evinin atletləri Yunanıstanda keçiriləcək Avropa çempionatına hazırlaşırdı. Bu, qızların Avropa oyunlarında ilk çıxışı olduğu üçün, həkim müayinəsindən keçməli idilər. Həkim əvvəlcə Aygünün, sonra Zahidənin sağlam olduğunu, çempionatda iştirak edə biləcəyini dedi. Katya elə əmin idi ki, on iki il öndə, uşaq evinə gətiriləndə həkim müayinəsindən keçməyini xatırladı, - Onda da üç qız idilər. O vaxt yeddi, indi isə on doqquz yaşı var idi,- “Qızlar tərtəmiz və sağlamdırlar”.

 

Həkim yoxlamanın nəticələrini açıqlayırdı:

 

- Amma üçüncü qızımız haqda bunları deyə bilməyəcəyəm. Səhhətində ciddi problemlər var. Onu göndərə bilmərik. Beynində sümük travması var. Sadə dildə izah etsək, beynində sümük aralanıb. Təzə zədəyə oxşamır. Görünür uşaqlıqda olub... Siz kəllə-beyin travması almamısınız?

 

Katya artıq həkimin nə dediyini eşitmirdi. Onun üçün lap uzaqdan işaran ümid qığılcımları bu müayinənin nəticəsi ilə də sönmüşdü...

 

Həkim  əlavə edirdi:

 

-  Yaşamağın üçün, mütləq bu idman növünü atmalısan. Yüngül atletika ilə məşğul ola bilərsən, amma ağır atletika ilə yox.

 

***

 

- Bu hadisədən sonra həyatdan küsmüşdüm. Yaxşı heç nəyə ümid etmirdim. Sonra məktəbi bitirib, sənədlərimi universitetə verdim. Ən böyük arzum jurnalist olmaq idi. Pulluya düşdüm. Nazilə müəllimə dedi ki, çalışacağam səni oxutduram, görüm kim bu pulu ödəməyə razı olar. Dediyinə görə çox adama ağız açdı, amma sponsor tapa bilmədi. Mən də ağır depressiyada idim... Çempionat alınmadı, təhsil almaq üçün sponsor tapılmadı... Demək ki, gələcəyin xəyalını qurmaq qeyri-mümkün idi. Yaşım da çatırdı, tezliklə uşaq evini tərk etməli idim...

 

- Bəs necə oldu?

 

- Nazilə müəllimə məni Araz kursuna yazdırdı. Bu dəfə isə ibtidai sinif müəlliməsi olmağa hazırlaşırdım. Universitetə qəbul olsam, qalmaq problemim həll olunacaqdı. Uşaqlarımızdan Lənkəran Dövlət Universitetində təhsil alanlar var idi, Nazilə müəllimə ərizə yazıb təhsil şöbəsindən xahiş etmişdi, o qızlar uşaq evində qalırdı. Elə Aygünün bacısı, o biri ailə quran qızımız Afaq da universitetdə oxuyurdu. Dərsə gedib gələndə bir nəfər onu yolda görmüşdü. O da uşaq evindən gəlinliklə çıxdı...

 

- Aygünlə Afaqın hər iki valideyni yox idi?

 

- Ataları yox idi, amma anaları var idi... Amma indi anasının toyda olub-olmamasını xatırlamıram. Biz kimin gəlməsinə fikir vermirdik, tək fikrimiz-zikrimiz o idi ki, doyunca yemək yeyəcəyik. (Gülür)

 

- İmtahan üçün sizi Bakıya kim gətirirdi?

 

- Nazilə müəllimə Bakıda qohumu, qalmağa yeri olan müəllimələrdən biriylə göndərirdi hamımızı. Birinci dəfə məni də elə göndərmişdi, ikinci dəfə isə bir müəlliməmiz öz qızını gətirirdi imtahana, məni də ona qoşdu... Bu dəfə isə balım çatmadı... Yenə həyatdan bütün ümidimi üzdüm...

 

***

 

İkinci dəfə də imtahandan kəsiləndən sonra, müdirə onu çağırdı:

 

- Səbinə, sənin artıq on doqquz yaşın var, çoxdan uşaq evindən məzun olmalısan...

 

(Ardı var...)

 

IV hissədə:

 

Çantasını yerə qoyub, platformaya yaxınlaşdı. Tuneldən şığıyan işıq stansiyanın divarlarına yayıldı. Qatarın çatmasına saniyələr qalmışdı. Ayaqlarını relslərə tərəf sürüdü. İndi onu intihardan dabanları boyda məsafə ayırırdı. Pəncələri platforma xəttini keçmişdi...

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7521
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar