“Söz atan oğlanı döydüyü üçün o qıza yeddi il iş verdilər...” -<span style="color:red;"> İNTERNAT DRAMI
07 aprel 2016 11:39 (UTC +04:00)

“Söz atan oğlanı döydüyü üçün o qıza yeddi il iş verdilər...” - İNTERNAT DRAMI

 

 

Vüsalə Məmmədovanın təqdimatında dəhşətli dram: “Məktubu oxuyub, hönkürdüm” 

 

(Əvvəli: I hissə II hissə III hissə)

 

IV hissə

 

- Həbsə?

 

- Mən oranı həbsxana kimi xatırlayıram.  Əsl  həbsxana idi... Həmişə deyirdim ki, bircə tez böyüyüm, canım buradan qurtarsın. Sən demə, bizi daha betər günlər gözləyirmiş...

 

***

 

Cabir 1992-ci ildə, 16 yaşında internatdan məzun oldu. Ailəsi olan uşaqları valideynləri apardı. Kimsəsiz uşaqların taleyi haqda qərarı isə internat verirdi...

 

Azərbaycan və rus bölməsini bitirənlər arasında 13 uşaq kimsəsiz idi. 13 nəfər qarşıda nələr dayandığını bilmədən, hər şeyə rəğmən azad olduqları üçün sevinərək deyə-gülə məktəbin qarşısından onları gələcəyə aparacaq avtobusa minirdi...

 

Müəllim və tərbiyəçilər Cabirin qulağına pıçıldayırdılar:

 

- Özündən muğayat ol!

 

Uşaqların Tutu xala çağırdığı xadimə Cabirlə qucaqlaşandan sonra çiyinlərindən tutub, onu təpədən dırnağa süzdü:

 

- Donacaqsan!

 

- Hava istidi, Tutu xala...

 

Yayın son günləri idi. İnternatda bütün uşaqlara payız geyimləri paylanmışdı, onlara isə məzun olduqları üçün paltar verilməmişdi. Cabir yayda geyindiyi ağ köynəyində, enli şalvarında idi. Tutu xala Cabirin ayağındakı vyetnamkalara baxıb, ayaqlarındakı qaloşu çıxartdı:

 

- Cabir, gəl ayaqqabılarımızı dəyişək! Corabın olmasa da, heç olmasa qaloş ayağını isti tutar...

 

Cabir sevinə-sevinə vyetnamkalarını Tutu xalaya verib, onun qaloşlarını geyindi. Raya müəllimə əlindəki zərfi Cabirə uzatdı:

 

- Cabirçik, sənə sürprizim var! Yolda oxuyarsan!

 

- Bu nədir?

 

- İllərdir səni gözləyən məktub!

 

Cabir məktubu alıb, avtobusa qalxdı... Raya müəllimə Cabiri sevindirəcəyini düşünürdü, amma qadın fərqində deyildi ki, məktub yox, Cabir illərdir bu məktubu gözləyib...

 

Avtobus yola düşdü, uşaqlar sevinə-sevinə pəncərədən əl edirdilər. İnternat məktəbi gözdən itən kimi uşaqlar xorla mahnı oxuyurdular. Yeni həyatlarına xoşbəxt başlamaq istəyirdilər.

 

Cabir zərfi açdı... Məktub rus dilində yazılmışdı:

 

“Əziz oğlum, mən səni sevirəm! Anan sənin həyatda olduğunu bilmir... Bəlkə də heç vaxt bilməyəcək, bəlkə də o özü artıq həyatda deyil... Bunu heç mən də bilmirəm, xəbərim yoxdur...”

 

Cabir məktubun davamını oxuya bilmədi. Göz yaşları məktubu isladırdı... Cabir hönkürürdü. İllər öncə Nelya Arturovnanın kabinetindəki ağ köynəyinin yaxalığına qızılı gitara sancaq bağlayan kişi kimi hönkürürdü... Yenə Cabir üçün dünyanın bir hissəsi uçub sökülürdü...

 

Məktubda ünvan yox idi. Kim bilir, bəlkə də Nelya Arturovna icazə verməyib o vaxt məktuba ünvan yazmağa. Olsa, doğrudan da bu məktub bu an Cabir üçün sürpriz ola bilərdi. Amma indi Cabir ağlı kəsəndən alaq otu kimi böyüdüyü uşaq evindən qopub, taleyin ona cızdığı kələ-kötür yolla yuvarlanırdı...

 

Məktubu əlində bərk-bərk sıxıb ağlayanda kimisə elə qınamaq istəyirdi ki... Bu günə qədər yaşadığı heç bir dəhşətdə kimsəni məzəmmət etməmişdı... Bu, heç ağlına da gəlməmişdi. İndi isə mütləq səbəbkarı tapmalı idi... Ürəyində öz-özünə deyirdi: “Raya xanım bu məktubu mənə illər öncə verə bilərdi. O vaxt Nelya Arturovna nə etmişdisə, etmişdi... Amma o artıq neçə ildir yoxdur və Raya xanım o gedəndən sonra məktubu mənə verə bilərdi...”

 

Bir də ki, məktubda ünvan qeyd edilməmişdi. Raya müəllimə onu nə vaxt versə, bugünkü kimi, Cabirin həyatında ciddi bir dəyişikliyə səbəb olmayacaqdı. Amma orada Cabirin içindəki tənhalıq hissini, ağlı kəsəndən hiss etdiyi lazımsızlıq duyğusunu susduran ecazkar bir cümlə var idi: “Əziz oğlum, mən səni sevirəm!”

 

Ona bu günə qədər kimsə oğlum deyə müraciət etməmişdi. O, heç sevildiyini eşitməmişdi. Cabir 16 yaşına qədər yer üzünün bütün sevgilərinə tamarzı böyümüşdü...

 

***

 

- Avtobus sizi hara apardı?

 

- Qızıldaşa... Dağ, karyerlər, çirkli, şəraitsiz, dəhlizlərindən tualet iyi gələn yataqxana... Yandakı yataqxanada isə icbari cəza müddətinə buraxılan məhbuslar idi. Təsəvvür edin, biz hələ cəmiyyətə alışmamış, küçəsində məhbusların dolaşdığı bir yerə gəlib çıxdıq... Elə bil ki, ora nə isə başqa bir planet kimi idi. Qızıldaş dəhşətli yerdir... Bir otaqda 4 nəfər qalırdıq. Yeməyə səhər, axşam sıyıq, günorta isə şorba verirdilər...

 

- Orada ancaq sizinlə gələn uşaqlar idi?

 

- O biri uşaq evlərindən də gələnlər var idi. Qızlı-oğlanlı... Oğlanlar yenə cəhənnəm, qızlar üçün isə bura daha təhlükəli idi... Onları burada nə gözləmirdi ki... Bizim internatdan dörd qız gəlmişdi. Hərəsi birinə ərə getdi, xoşbəxt olanı da oldu, olmayanı da... Biri isə həbsə düşdü... İçimizdə Yesenya və Mətanət adlı iki qız var idi, çox qoçaq, dilli-dilavər, vuran-tutan qızlar idi. Müəllimlərimiz deyirdilər ki, onlar heç vaxt batmazlar. Əsas Cabirdən nigaranıq ki, birinci o məhv olacaq. Amma elə ən birinci Yesenya batdı. Rus idi, Nelya Arturovna da həmişə onu qorumuşdu, internatın “atamankası” idi. Bütün internatı idarə edir, heç kimi saymırdı. Adam döydüyü üçün həbsə düşdü, ondan sonra sındı...

 

- Niyə döymüşdü ki?

 

- Kimsə küçədə söz atmışdı, o da qabağından yeyən deyildi... Kimsəsiz bir qıza şəxsiyyətini qoruduğu üçün yeddi il iş verdilər... Mətanət isə başqa cür məhv oldu... Ümumiyyətlə, internat uşaqları belədir ki, zəiflər həmən batır, güclü isə qalib gəlirdi. Zəiflər ya fahişə olur, ya həbsxanaya, ya da dəlixanaya düşürdü. İnternatda daha çox əzab çəkən uşaqlar isə zəif olmur deyə, onlar xilas ola bilirdi... Əzablar bizi bərkitmişdi...

 

- Orada nə işlə məşğul olurdunuz?

 

- Peşə məktəbində oxuyurduq. Bizdən hansı peşəni seçmək istədiyimizi soruşdular. Mən tikməyi xoşlayırdım deyə, dərziliyi seçdim. 61 saylı peşə məktəbinə daxil oldum. Vəziyyət çox ağır idi...

 

***

 

Cabirin varı-yoxu atasının adı, soyadı yazılmış yenicə aldığı pasport və onun arasında atasının ünvansız məktubu, içində dəyişək üçün nazik köynək olan bir torbadan ibarət idi. Bir də xeyli ümidsizlik...

 

Peşə məktəbindən 30 manata yaxın təqaüd alırdı. Bu, çox az idi. Bu günə qədər qazandığı pulları isə vallara və qəzetlərə xərcləmişdi... Burada verilən sıyıqdan və şorbadan doymurdu. Yemək yeyəndən bir az sonra acırdı. 

 

Peşə məktəbində oxuyur, günortaya qədər Volodarski adına tikiş fabrikinin Qızıldaşdakı filialında təcrübə keçirdi. Tikdiyi hər papağa görə 10 qəpik pul verəcəklərini desələr də, heç işçilərin maaşını ödəməyə imkan yox idi.

 

Cabir günortadan sonra boş olsa da yataqxanaya gedib yatmaq istəmirdi. O, lap körpəlikdən yatmaqdan, yataqdan qorxurdu. Uşaqlıqdan bilirdi ki, yatağa bağlansa, heç vaxt ayağa qalxa bilməyəcək.

 

Müəllimlərinin dedikləri sözləri tez-tez xatırlayırdı: “Cabir, sənin üçün elə ən yaxşı yer buradır. Azadlıqda sən tez məhv olacaqsan. Sənin kimi insanlar mütləq himayədə olmalıdır!”

 

İndi həmən vaxt idi. Müəllimlərinin dəfələrlə xəbərdarlıq etdiyi – Cabirin məhv olmaq məqamı yetişmişdi... Özü-özünə təskinlik verirdi: “Sən yaşamağa indi başlamırsan. Hələ körpəlikdən yaşamaq üçün mübarizə aparmısan. Əgər nə vaxtsa səni idarə edə bilməyən xəstə ayaqlarınla addım atmağa başlamısansa, indi də onların üzərində möhkəm dayanmaq vaxtı gəlib çıxıb. Sən məhv olmayacaqsan! Əgər bu qədər ümidsiz xəstəliklə 16 yaşına qədər yaşamağı bacarmısansa, bundan sonra da yaşayacaqsan. Əgər uşaq ikən kimsəsizlikdən ölmək istəyirdinsə, artıq ölmək yoxdur! Xilas olmalısan!”

 

Tutu xalanın qaloşu Qızıldaşın daş-kəsəkli yollarına tab gətirməyib cırılmış, əynindəki ağ köynək yuyulmaqdan süzülmüşdü... Yataqxanada su yox idi, vedrələrlə parkdan su gətirir, qazda isidir, çimirdilər. Bütün bu şəraitə baxmayaraq, Cabir köynəyinin təmiz olmasına diqqət yetirirdi.

 

***

 

Ölkədə ciddi çörək qıtlığı yaşanırdı. Gecədən çörək sexlərinin, mağazaların qarşısında növbələr düzülürdü. Çörək sexində çalışan, yataqxananın qonşuluğunda yaşayan Zərifə xala növbəyə dayanan Cabiri çağırdı:

 

- Cabir, gəl içəri... Soyuqdur, əynin nazikdir, donub ölərsən!

 

Cabir o qədər biganələr arasında böyümüşdü ki, kimsə halına yanıb bir kəlmə söz deyəndə üzü gülür, onu insan hesab etdikləri üçün özünü xoşbəxt sayırdı. İndi də sevincək içəri keçib, soyuqdan ayaqlarını bir-birinə sürtdü. Zərifə xala da eynən Tutu xala kimi qaloşunu çıxardıb:

 

- Sənin qaloşun cırılıb, bununla qışı keçirə bilməzsən. Geyin, buranın qışı Sibir qışına bənzəyir, - dedı.

 

Elə bil ki, Cabirə köhnə qaloş yox, bütün dünyanı bağışlamışdılar. Onun çarəsiz, nimdaş görkəminə ürəyi ağrıyan Zərifə onlara yaxınlaşan sexin müdirindən xahiş etdi:

 

- Ağaverdi müəllim, bəlkə Cabiri işə götürək. Elə yaxşı uşaqdır ki... Yazıqdır, heç kimi yoxdur... Qışın günü nazik köynəkdə, cırıq qaloşda gəzir. Sexin istisində heç olmasa canı qızar. Gündə də bir-iki “payok” verərik...

 

Ağaverdi müəllim onun çəlimsiz görkəmini süzüb, soruşdu:

 

- Un daşıya bilərsən?

 

- Hə, hə, hə! Daşıya bilərəm!

 

- Onda götürək! Elə indi başla. Bir az tez ol, qapıya un gəlib, tez çıx, başla. Zərifə hara gətirib yığacağını sənə başa salacaq!

 

Zərifə xala sanki bayaqdan hazır edibmiş kimi, tez bir ağ xalat gətirdi:

 

- Al, tez bunu geyin, get daşı!

 

70 kiloluq un kisəsini belinə alanda Cabirin öz çəkisi heç 40 kilo deyildi. Buna baxmayaraq, günün sonunda sir-sifəti ağappaq una bulaşan gəncin üzündə bir az da olsun yorğunluq hiss olunmur, gözlərindən sevinc yağırdı. İndi onun qarnı doyunca yeməyi var idi – əmək haqqı olaraq hər gün çörək verirdilər! İşdən qayıdan Cabir çox vaxt bu yavan çörəyi yataqxanadakı otağına çatana qədər yeyib qurtarırdı...

 

***

 

- Ancaq un kisəsi daşıyırdınız?

 

- Sexə həftədə iki dəfə un gəlirdi. Qalan günləri isə o biri işləri görürdüm. Yəni, nə iş olsa görürdüm, təki çörək versinlər... İndi düşünəndə deyirəm, allah mənə necə güc veribmiş... Xəstə, çəlimsiz halımla elə gün olurdu ki, tək canıma 150 kisə un daşıyırdım...

 

- Heç “payok”unuzu artırırdılar?

 

- Un daşıdığım günlərdə normam 2 çörək idi. Amma adi günlərdə, yəni sexdə kömək edəndə cəmi 1 çörək. Xoşlayırdım, yavan yeyirdim... Ağaverdi müəllimin maşınını da yuyanda 3 çörək verirdi. Arada deyirdim, Ağaverdi müəllim, olar “payokumu” artırıb, 4 çörək edəsiniz? Deyirdi, “Yox, yox! Nə danışırsan? Dörd çörək nədir?” Sonra əlavə edirdi, “yaxşı, maşınımı yu, baxarıq!” Tez gedib maşını yuyub parıldadırdım... Axırda bir çörək də artıq verirdi...

 

- Dörd çörəyin hamısını yeyirdiniz?

 

- Birini yeyir, qalanlarını isə 20 qəpiyə satırdım. Çörək sexində 2-3 il işlədim. Sonra ora bağlandı, getdim çörək zavodunda fəhlə işlədim...

 

- Təhsil necə, davam edirdi?

 

- Bəli, peşə məktəbində 2 il oxudum, tikməyi tam öyrəndim. O vaxt fabrikdə də maaş yox idi, bizə pul əvəzinə parça qırıqları verirdilər. Bu da yaxşı idi, onları bir-birinə calayıb, özümə jiletlər tikirdim. Əynim qalın olurdu. Yəni dolanırdım, amma mühit dəhşətli idi... Çox kriminal yerlər idi... Küçələr dolu idi cinayətkarlarla...

 

- Qızıldaşda nə qədər yaşadınız?

 

- 19 yaşıma qədər orada yaşadım... Bilirsiniz necədir, məni heç vaxt adam yerinə qoyan olmayıb. Həmişə hamı üçün lazımsız bir insan olmuşam... Təsəvvür edin, səhər tikiş fabrikinə gedib işləyir, oradan gəlib axşam çörək zavoduna gedirdim... Səhərə qədər un daşıyır, bişmiş çörəkləri rəflərə yığırdım... Səhər yenidən otağa qayıdır, üz-gözümün ununu yuyub təmizləyib, fabrikə yollanırdım. Bütün ömrüm, gəncliyim fabriklə zavodun arasında yaşanırdı... İndi deyirəm mən bütün bunları niyə edirdim? Nəyə görə? Bircə dənə çörəyə görə! O da yeyəndə yeyir, yeməyəndə 20 qəpiyə satırdım.

 

- Bu nə qədər davam etdi?

 

- Ölkədəki çörək qıtlığı bitəndən sonra çörək payımı azaldıb bir çörək etdilər. Başladım əmək yarmarkalarına getməyə... Məni görüb, bəyənir, fəhlə işinə götürmək istəyirdilər. İnternat uşağı olduğumu biləndə deyirdilər lazım deyil...

 

- Niyə?

 

- İnternat uşağını heç vaxt işə götürmürdülər. Orada işlər çox idi, şirkətlər, otellər... Mənim üçün fərqi yox idi, deyirdim nə iş olur-olsun, mən işdən, çətinlikdən qorxmuram. Təki məni işlə təmin edin. Onlar da razılaşır, sənədlərini gətir deyirdilər. Amma görəndə ki, “uşaq evi”, üstəlik Qızıldaşda yaşayır... Qızıldaşın adı elə çıxıb ki, heç kim oradan gələn yetim uşağı işə götürmək istəməz...

 

- Peşə məktəbini bitirəndən sonra nə əcəb Qızıldaşda yaşamağınıza icazə verirdilər?

 

- Əvvəl bir söz demirdilər, amma sonra çıxartdılar... Bir gün gəldim, dedilər sabahdan yataqxanaya başqa heyət gəlir, buranı tərk elə! Hara gedim, düşündüm? Haram var ki, getməyə? İnternatı bitirəndən mənim gedib gəldiyim yer bir fabrikdir, bir də zavod... Bax, onda demaqoqlaşdım...

 

***

 

Sosial Müdafiə Nazirliyinə gəlib, nazirlə görüşmək istədiyini dedi:

 

- Mümkün deyil! Nazirin qəbulu ikinci günlər olur, o da uşaq-muşaq üçün deyil!

 

- Mən onunla görüşməliyəm!

 

- Niyə? Kimsən axı?! Ondan nə istəyirsən?

 

- Vətəndaşam! Məni işlə, yerlə təmin etməlidir! Kimsəsizəm, “detdom” uşağıyam!

 

- Pah! Mənim də ata-anam yoxdur! İndi nazir məni evlə, işlə təmin etməlidir?!

 

- Xahiş edirəm, mən axı küçədə qalıram... Kömək edin... Geri qayıtmaq üçün cibimdə cəmi 20 qəpik pulum var... Çox gözləyə bilmirəm... Avtobuslar saat 7-yə qədər işləyir...

 

Cabir özünə faciə, digərlərinə çərənçilik kimi görünən dərdlərini sayarkən qolundan çəkib küçəyə atdılar... Artıq saat 7 olmuşdu, cibindəki 20 qəpiyi isə Qızıldaşa qayıtmağa imkan vermirdi. Gecəni şəhərdə keçirməli idi. Bir az Bakı bulvarında dolaşandan sonra, skamyada uzanıb, yatmağa çalışdı. Atılmış olsa da, bu günə qədər heç küçədə qaldığı olmamışdı. Bu gün ilk dəfə idi anlayırdı ki, yataqxana da olsa, insanın qısıla biləcəyi bir komaya necə ehtiyacı var...

 

Heç yuxuya getməmiş polis başının üstünü aldı. O başına gələnləri danışmağa macal tapmamış özünü polis şöbəsində gördü...

 

- Cavan oğlansan, bulvarda niyə yatırsan?

 

Cabirin uşaqlıq qorxuları qayıtmışdı. Polis şöbəsində olduğunun fərqində deyildi, indi bütün gücünü ortaya qoyub, ciddi-cəhdlə onlara dəli olmadığını sübut etməyə çalışırdı. Əllərini havada oynadır, dili dolaşırdı:

 

- Puu...uuu...ulum ooo...lmaaaa...dıııı... Qıııı...zıııı...ldddaaa...şaaaa qaaaa... yıııı...tmaaa...ğaaa...

 

Gecə növbəsində yorğun olan polislərin onu dinləməyə səbri çatmadı:

 

- Ə, bu nə deyir, ə? Aparın tullayın içəri, səhər baxarıq. İndi iş çoxdur!

 

Beləcə, Cabir polis şöbəsində ilk gecəsini keçirdi...

 

(Davamı olacaq...)

 

V hissədə:

 

- Qızıldaşa gedənə qədər heç kimlə intim münasibətim olmamışdı. Orada yaşayanda çox gənc idim, yaraşıqlı idim. Çox oğlan mənə yaxınlaşıb müxtəlif təkliflər edirdi... Maraqlı gəlirdi ki, bu necə ola bilər? Deyirdim, axı mən ağrıdan çox qorxuram... “Yaxşıdır, ağrı da olmayacaq” deyirdilər. Amma heç vaxt gedib kiminləsə görüşmək arzusunda olmadım. Belə hisslərim olmadı... Bəlkə bunu da allah eləyib ki, hissiyyatım olmasın... Nə qadına qarşı hisslərim var idi, nə də kişiyə...

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7938
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar