I hissə: http://news.lent.az/news/208598
II hissə: http://news.lent.az/news/208828
III hissə: http://news.lent.az/news/210014
2001-ci ildə internatdan məzun olanda bütün məzunlar kimi o da hara gedəcəyini bilmirdi. Tək bir şeydən əmin idi. Gecələri işləyib, gündüzləri oxuyacaq. Mütləq ali təhsil alacaq. İxtisas da seçmişdi, hüquqşünas olmaq istəyirdi. Şəxsiyyətini təsdiq edən tək sənədi doğum haqqında şəhadətnaməsi idi. Sənədlərini hazırlamalı idi. Doğulduğu kənd erməni işğalında idi, rayon mərkəzinə gedib, arxiv sənədlərini qaldırmaq lazım idi. Qazağa yollandı. Doğum haqqında şəhadətnaməsini yoxlayıb verdikləri cavabdan heyrətləndi:
- Sənədləriniz saxtadır!
- Necə yəni?
- Siz Azərbaycan vətəndaşı deyilsiniz! Özü də neçə ildir... 1989-cu ildə Türkmənistandan məktub gəlib. Məktubda bildirilir ki, bu şəxsin adı, soyadı dəyişdirilib və vətəndaşlıq verilib – Meredov Kakış Xudaverdi oğlu. Əlinizdəki sənəd isə etibarsız sayılır!
Xəyal uzaqda qalan günləri unutmamışdı. O vaxt Maya uşağın sənədlərini düz-əməlli araşdırmağa da imkan verməmişdi... Xəyalın məsələsini Təhsil Nazirliyində türkmən yemişi ilə tez-bazar həll edib, təcili Türkmənistana qayıtmışdı...
IV hissə
Söhbətə xalası müdaxilə etdi:
- Bəs necə edək?
- Ata-anası gəlsin...
- Atası nə gəzir, ölüb! Anası isə başqa ölkədə yaşayır. İndi uşaq qalsın ortalıqda?
- Biz heç nə edə bilmərik! Heç olmasa əsgərliyə getmiş olsa yenə düzələrdi...
Xalası vaxt itirmədi. Bir neçə dəqiqə sonra Xəyalla birlikdə hərbi komissarlıqda idi:
- Bacım oğludu, əsgər getməyə gəlib!
- Lap yaxşı! 18 yaşı olub?
- Olub!
- Sənədlərini gətirin, problem yoxdur!
- Nə sənədi? Cavan, sağlam uşaqdı, əsgər getmək istəyir. Sənədi neynirsiniz? Nə həvəslə gəlib buracan. Məktəbi qurtarandan deyir mən əsgər gedəcəm. Həvəsin qırmayın uşağın.
- “Forma 9” lazımdır!
- Sizə də “Forma 9” lazımdır? “Forma 9-u” olsa universitetə gedər də, daha əsgər niyə gedir ki?
- Bəs əsgərliyə haradan çağıraq? Heç olmasa yaşayış yerindən arayış lazımdır!
- Mənim üstümə yazın, səhər arayışı gətirəcəyəm. Bir parça kağıza uşağın ürəyini qırmayın. Nə həvəslə məktəbi qurtarıb ki, əsgər gedəcək. Həvəsi var, qoy getsin, geri qaytarmayın. Uşaqdır, tay-tuşundan qalmasın, deyir yaman sevinirəm ki, əsgər gedəcəyəm...
Xalası hərbi komissarlıqda çalışan qonşusunu tapıb, xahişlə, minnətlə Xəyalı əsgərliyə göndərdi.
***
- Tərtərdə xidmət elədim. Snayperçi idim. 3 düşmən hədəfi məhv etmişdim. Snayper yarışları keçiriləndə birinci yeri tutdum. Rayona mənim adıma fəxri fərman göndərmişdilər. Danışıq qabiliyyətimi bəyənirdilər, bayramlarda çıxış üçün mənə söz verirdilər. 2002-ci il idi, Qurban bayramında AzTV çəkilişə gəlmişdi, mən də çıxış elədim. O veriliş efirə gedəndə xalalarım televizora baxıb ki, Haxını göstərəcəklər...
- Qayıdandan sonra necə, sənədlərinizi düzəldə bildiniz?
- Yenə qeydiyyata almırdılar ki, kimin üstünə yazaq? Atası yox, anası yox. Süründürürdülər...
- Əsgərlikdən qayıdandan sonra harada yaşayırdınız?
- Yenə İlhaməgilə gəldim. Bir neçə il də orada yaşadım. Kafel-metlax düzürdüm. Hələ də universitetə sənəd verə bilmirdim. Sənədlərimi düzəltmək üçün düz üç il vaxtım getdi. Hərbi komissarlığa bir gün xalamla getdim, bir gün bibimlə...
***
Xalası Xəyalla birlikdə hərbi komissarlığa gəldi:
- Gəl, gəl atan ölsün! Ölüb gedib, uşaq qalıb ortalıqda. Bir sənədi də yoxdur...
Bu gün alınmadı. Səhər bibisi ilə gəlməli oldu. Bibisi də xalası kimi içəri hay-küylə girdi:
- Gəl, anan ölsün, gəl! Bir uşaq nədir ki, ona baxmadı. Gül kimi uşağı doğub atdı çöllərə. Yekə kişi olub, sənədi də yoxdur!
Bu gün də alınmadı. Çıxarkən, hərbi komissar Xəyalı çağırdı:
- Siz bir dəqiqə yubanın! Olar bir söz soruşum?
- Buyurun!
- Bu nədir, dünən gələn atanı söyür, bu gün gələn ananı. Nə məsələdir?
- O xalam idi, bu isə bibimdir...
- Aydındır, gedə bilərsən...
***
- Onda hərbi komissar məhkəmənin qabağına gəlib kənd sovetinə dedi ki, yekə kişisən, fəxr etməlisən ki, briqada komandiri belə oğul yetişdirib göndərdiyin üçün sənin rayonuna fəxri fərman göndərib. Sən isə onu sənəd üçün süründürürsən. Necə insansan? Ağzına gələni dedi... Bircə həftə sonra sənədlərimi düzəldib verdilər. Sonradan öyrəndim ki, o kənd soveti qohumum imiş...
- Ata qohumlarınızla əlaqəniz var idi?
- Uşaq vaxtı anamla gələndə kimin evinə getmişdimsə, onları tanıyırdım. Mayıl bibimi də elə tanıyrdım. Mayıl bibim məni saxlamaq istəyib, anam tərəf verməyib. Saxlayım, böyüyüb atasının evində yaşasın deyib. Verməyiblər... Böyüyüb evinə gedəndə də məni normal qarşıladı.
- Atanızdan isə heç bir xəbər yox idi?
- Mən əsgərlikdə olanda rayona gəlib. Orada həbsdə bir yerdə yatdıqları yoldaşı ona deyib ki, oğlun böyüyüb, indi mənim oğlumla bir yerdə əsgərlikdədir. Oğlumun yanına gedəndə onu da görürəm. Yerimi soruşub, gedəcəyəm deyib. Sonra kişi oğlunun yanına gələndə mənə dedi ki, atan gəldi? “Nə ata?” soruşdum, dedi ki, bəs atan məndən yerini soruşdu, sonra dedi ki, gedib cibinə pul qoydum... “Mən heç atamın üzünü də görməmişəm, tanımıram” dedim... Sonra kişi yenə soruşub, ona deyib ki, utandım getməyə. Dedim birdən gedərəm acılayar.
- Acılayardınız?
- Nə bilim? Mən yüz il əvvəl edilən pisliyin intiqamını alaram, amma o intiqam kimisə bədbəxt edəcəksə, etmərəm. Daha da çox əzab çəkərəm, amma etmərəm. Mən sanki çəkdiyim əzabları hiss etmirəm. Allah adama çəkə biləcəyi qədər dərd verir. Atam da olsa, onun pis vəziyyətini görsəm, dözə bilmərəm... Yoxsa mən özümü yetişdirdiyim adam olmaram, əksik biri olaram. Mən axı o adam olmaq istəmirəm. Mən özümü yetişdirmək üçün çox əziyyət çəkmişəm. Yaxşı insan olmaq üçün əmək vermişəm.
- Sənədləriniz hazır olandan sonra necə, universitetə sənəd verə bildiniz?
- Təkrar hazırlaşmağa imkan olmadı, işləyirdim. Elə yadımda qalanlarla İncəsənət Universitetinə sənəd verib, 350 bal topladım. Amma ödənişli təhsil almalı idim. 1500 dollar ödəməli idim. Qeydiyyatım xalamın üstünə olsa da, qaçqın olduğumu sübut edən sənədim də yox idi ki, təhsil haqqından azad olam. Bu qədər pulu isə verə bilməzdim. Ona görə də qəbul olunduğumu heç kimə demədim. Dedim ki, kəsildim. İstəmədim kimsə ürəyinə salsın ki, pulu olmadı deyə oxuya bilmədi...
- Nə iş görürdünüz?
- Gecələri Xalqlar dostluğu parkında qarovulçu işləyir, gündüzləri isə dondurma satırdım.
- Ananız haqqında qohumlardan soruşurdunuz?
- Qətiyyən! Önəmli deyildi mənim üçün...
***
2006-cı il.
Xəyal Sevinc Şadlıq Sarayında günü 25 manata fəhlə işləyir, kirayədə yaşayırdı. Hər gün arzusunu reallaşdırmaq üçün maaşından beş manat ayırıb, kənara qoyurdu. O tez-tez dayısı qızıgilə gedir, orda toplaşan qohumlar üçün yeni yazdığı mahnılarını oxuyurdu. Onlar isə hər dəfəsində “Müğənni olmaq üçün adamın gərək adamı olsun, kimə lazımdır sənin oxumağın” deyirdilər.
Xəyal topladığı pulla mahnı yazdırıb, qohumların qarşısına çıxmağı arzulayırdı. Amma qəfil başa düşdü ki, mahnısını onlara dinlətmək üçün çoxfunksiyalı telefon da almalıdır. Müğənni olmaq üçün xərcləri çox çıxmalı idi.
Elə bu vaxt, Türkmənistandakı qonşuları Bakıya gəlmişdi. İlhaməgilə də qonaq gələn qadın illərdir xəbər çıxmayan Mayadan xəbər gətirmişdi:
- Ballı üç ildir rəhmətə gedib. Maya da xəstədir, gah ödü, gah da böyrəyi incidir. Vəziyyəti çox pisdir, oğlu ilə tək qalıb. Heç cür dolana bilmir. Heç qohumlarının yanına gəlmək üçün yol pulu da tapa bilmir...
Xəyalın pulu var idi. Amma mahnı yazdırmaq üçün topladığı pul anasını Bakıya gətirmək üçün çox az idi. Yenə xalasının yanına getdi. Xalası ürək-dirək verdi:
- Bacı-qardaşımla danışaram. Hərəmiz bir az pul yığıb göndərərik, gələr...
Xəyal bütün xərclərinə qənaət eləməyə başlamışdı. Günlük maaşının üstündən 5 manat yeməyinə ayırıb, qalanlarını saxlayırdı. Türkmənistandan gələn qonşu qayıdana qədər 150 dollar toplayıb, xalasının yanına gəldi:
- Mən bir belə pul yığmışam.
- 50 dollar da məndə var. Vəziyyət pisdir, hamı qaçqındır. Heç kim artıq pul düzəldə bilmədi. Elə 200 göndərsək, gəlməyinə bəs edər...
İlhamə zəng edib “Anan gəlib, vağzaldadır, get kömək elə” deyəndə, Xəyal çiynində kartof kisəsini mətbəxə daşıyırdı. Təcili getməli idi. Amma icazə almaq üçün səbəb deyə bilmirdi. Kimsəyə anamı qarşılayacağam deyə bilmirdi...
Xəyal üst-başını dəyişib, səliqəli geyindi. Vağzala tələsdi. Naməlum, amma doğma gözləri olan bir qadın doqquz yaşlı oğlu ilə dayanmışdı. Qadın o qədər dəyişib yaşlanmışdı ki... Yanında çantaları var idi. Xəyal heç unutmamışdı. İllər öncə Maya onu yemiş dolu çantası ilə Bakıya gətirəndə də Xəyal bu oğlan yaşında idi.
Yaxınlaşdı. On bir ildir ki, görüşmürdülər. İllər Mayanı elə dəyişmişdi ki, qarşısındakı qadınla yaddaşındakı qadın bir-birinə zərrə qədər də bənzəmirdi. Amma necə oldu, onu tanıdı, bilmədi. Doğmalıq belə bir duyğudur, hər halda. Ananı on bir il görməsən belə, vağzaldakı minlərlə insanın arasında düz gəlib onun qarşısında dayana bilirsən. Son illəri çox ağır həyat keçirdiyi hər halından bəlli idi. Əyilib çantalarını düzəldərkən paltarının yaxasından görünən sinəsinin ağı ilə bədəninin açıq qalan yerləri kəskin fərqlənirdi. Günün altında o qədər işləmişdi ki, Xəyal onu ilk baxışdan zənciyə bənzətdi. O qədər arıqlamışdı ki, gözünün ətrafındakı dərisi sallanırdı. Xəyalın yaddaşındakı gözəl qadından əsər-əlamət qalmamışdı. O ana deyib, üstünə gedə bilməsə də, onu belə görməkdən çox sarsılmışdı.
- Salam.
- Salam.
Yad adamlar kimi görüşdülər...
Xəyal soruşmaq istəyir, amma necə soruşacağını bilmir, tərəddüd edirdi. Avtobusa minib, üz-üzə oturdular. Xəyal arada kiçik qardaşına baxırdı. Bu uşaq onun tanıdığı doqquz yaşlı uşaqdan – Kakışdan çox fərqlənirdi. Onun qədər diribaş deyildi. Anasına qısılıb oturmuşdu, pəncərədən bayıra baxırdı.
Xəyal nəhayət ürəklənib, ona rahatlıq verməyən sualı soruşdu:
- Kənddəki anamgildən nə xəbər var? Necədirlər?
- Kişi rəhmətə getdi. Qadın isə hələ də səni soruşur. Eşidəndə ki, Azərbaycana gəlirəm, gəlib dedi ki, oğlumu görmək istəyirəm. Dedi ki, nahaq oğlumuzu bizdən ayırdın...
***
- O vaxta qədər onu görməyi arzulamırdınız?
- İçimdə görmək istəyi var idi, amma artıq doğmalıq yox idi. Elə bil ki, bir dostunla xoş günlərin olub, hərdən onu görmək keçir içindən və bu qədər...
- İllər sonra üz-üzə oturmuşdunuz. Necə duyğu idi?
- Elə dəyişmişdi ki, çox pis oldum. O gözəllikdə qadın nə günə düşmüşdü. Sifət dartılıb sallanırdı. Sir-sifət, qollar qapqara...
- Qardaşınızla münasibətiniz necə idi?
- İndi də normaldır. Yaxşı, sakit, tərbiyəli, ürəyi təmiz uşaqdır. Adı İslamdır.
- Ona qarşı içinizdə hər hansı paxıllıq var idi ki, məni uşaq evinə verdi, onu isə özü saxladı?
- Əksinə, ona daha çox yazığım gəldi. Məktəbə qoymadı, saya bilmir, yaza bilmir, oxuya bilmir... 12 yaşından 15 yaşına kimi rayona bir qohumunun yanına apardı ki, çobanlıq eləsin. Onun da təkcə doğum şəhadətnaməsini götürüb gəlmişdi... Açığını deyim, həmin günü biz üz-üzə oturanda, qardaşımın hələ də məktəbə getmədiyini görəndə sevindim ki, məni internata verib. Hesab edirəm ki, internata verilən uşaqların hamısı sevinməlidir. Düzdür, onlarda həyata küskünlük var. Amma alternativ həyatı düşünək. Uşaq evləri olmasa biz küçələrdə, ortalıqda məhv olub gedəcəkdik. Kim idi bizə oxumaq, yazmaq öyrədən? Orada həm isti yatağımız var idi, həm də məktəbə gedirdik. Qardaşım anasının yanında böyüyüb, amma adını yaza bilmir. Ailədə böyüyüb savadsız olmaqdansa, uşaq evində böyüyüb təhsil almağı üstün tuturam.
- Ballı o uşaqla necə davranırmış?
- Onu çox istəyirmiş. Ballı dayı pis adam olmayıb. Bizimkilər onu aldadıb, o da acığa, prinsipə məni incidib. Mən nə demişdim, siz neylədiz demək istəyib... Allah rəhmət eləsin. İttiham etmək istəmirəm. Mən heç uşaq evində olanda anamı da ittiham etmirdim. Sadəcə istəyirdim ki, gəlsin. İndi isə edirəm. O vaxt fikirləşmək istəmirdim ki, niyə belə edib. Uşaqlığım onsuz da ana-ata sevgisi olmadan keçib. Anamın yanında olanda belə sevgi hiss etməmişəm. Yəni ailədə yaşasam da, atılmış kimi olmuşam. Ancaq yenə də istəyirdim ki, gəlsin. Baxmayaraq ki, onun yanında olanda atalığımdan və ətrafımdakı insanlardan daha çox əziyyət çəkmişəm, nəinki uşaq evində. Əksinə, uşaq evi mənim əzablarımı azaltdı.
***
Xəyal gah şadlıq evində fəhləlik edir, gah gecələribenzin doldurma məntəqəsində çalışır, gah da çayxanada işləyirdi. Yenə də boş vaxtlarını musiqi ilə doldururdu. Artıq bir neçə mahnı yazdırmışdı. Hər gün işləyə-işləyə kreditə aldığı telefonunda öz mahnılarını dinləyirdi. Qohumları isə hələ də onun oxumağını ələ salırdılar. İndi həm də çalışdığı Politexnik Universitetinin çayxanasına gələn müştərilər qohumları kimi danışırdı:
- Nə olsun oxuyursan. Özün üçün oxuyursan də, televizora ki, çıxmırsan! Əgər yaxşı səsin olsa, səni televizorda göstərərdilər!
- Ay müəllim, səsim olmasa oxumaram!
- Bəs onda niyə məşhur deyilsən?
- Buna maddi vəsait lazımdır. Çətindir... Kirayədə yaşa, çörək qazan, həm də oxu...
- Bəsdir görək. Yaxşı oxusan pulun da olar. Maddi vəsait sözü də bəhanədir düşüb hamının dilinə...
Xəyal pərtliyini və qəzəbini büruzə verməməyə çalışırdı ki, televizordan eşitdiyi elan onu yerindən tərpətdi. Bu il keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsi üçün seçim turlarına start verilmişdi. Xəyal üzünü müəllimlərə tutub, inamla dilləndi:
- Sənəd verəcəyəm. Əgər keçsəm, hamınız sakit duracaqsınız!
- Get, sənəd ver. Heç sənə qulaq da asmayacaq onlar. Səsin yox, adamın yox. Kimə lazımdır sənin oxumağın...
- Amma turu keçsəm, lağlağını kəsəcəksiniz! Yaxşı?
- Yaxşı! Sən get keç, bizim bir də sənin oxumağınla işimiz olmaz!
***
- Səhər sənədlərimi toplayıb, getdim. Keçməyəcəyimi də bilirdım deyə çayxanaya gələn müəllimlərə heç nə deməmişdim ki, pərt olmayım.
- Niyə keçməyəcəyinizdən əmin idiniz? Axı istedadınıza inanırdınız.
- Sənəd verəndə gördüm ora ancaq peşəkarlar gəlib – Ayaz Qasımov, Xəyyam Mustafazadə, İlhamə Qasımova, Səbinə Babayeva, Erkin Osmanlı... Mənim isə musiqi savadım da yoxdur. Bilib, bundan sonra daha çox lağ edərlər deyə qorxurdum. Amma bir gün zəng edib seçim turuna çağırdılar...
- Hansı mahnını oxudunuz?
- Çətin olmasın deyə öz mahnımı oxudum və ilk turu keçdim. Musiqi savadım olmadığını dedim. Amma yazdığım mahnını çox yaxşı qarşıladılar. Hətta münsiflər heyətində əyləşən əməkdar artist Tünzalə Ağayeva dedi ki, səninlə duet oxuyacağam. Müəllimlərə dedim ki, iki həftə sonra televizorda oxuyacağam. Bunu deyəndə qəfil özümə gəldim ki, mən axı hazır deyiləm... İndi də başladım qulaqcıqla mahnıları öyrənməyə...
- Neçə mərhələ iştirak etdiniz?
- SMS ilə idi, bir mərhələ adladım. Həmin ili Səbinə Babayeva seçildi. İkinci il də qatıldım və bu dəfə hətta 17 səs topladım. İndiyə qədər məəttəl qalmışam ki, 17 nəfər kim mənə səs göndərə bilər? Yəqin səhvən gəlmişdi düşündüm. Kimim vardı ki, səs verə?
- İndi nə iş görürsünüz?
- İki il də Rusiyada işləyib, gəlib Binəqədidə torpaq sahəsi aldım. Amma ev tikmək üçün icazə vermirlər. Hər müraciətimdə “sənədləri yığın” deyirlər.
- Hansı sənədləri?
- Lazım olan sənədlərin hamısı hazırdır, sadəcə icazə üçün pul istəyirlər. Mənim də o qədər pulum hardandır? Qaçqın kimi də heç bir güzəştim yoxdur. Axı müharibə vaxtı orada yaşamamışam...
- İndi necə dolanırsınız?
- Restoranlara müraciət edirəm, bizə məşhur adam lazımdır deyirlər. Pul qazana bilmək üçün gərək tanınasan, adamın ola. Efirə ancaq “Eurovision” seçimlərində çıxmışam. Məni efirə kim çıxardacaq? Bunlar hamısı böyük vəsait istəyir. Efirə çıxsam, hansısa bir müğənni ilə duet də oxuya bilərəm. İndi mahnılarımı kimə təqdim edirəm, məndən pul istəyir. Amma efirdə olsam, müğənnilər də mahnımı pulsuz oxuyacaqlar. Yoxsa gedib tanınmış adama 5-10 min manat verib mahnı alırlar. Dolanmağımı soruşdunuz, yataqxanada bir otaqda yaşadığım oğlan fəhlə işləyir. Axşamlar gələndə özü ilə makaron, peçenye alıb gətirir... Mən isə hələ iş tapa bilmirəm, çünki tanınmış deyiləm...
- Ananız harada yaşayır?
- Bakıya yeni gələndə bir yerdə yaşamağa başladıq, amma alınmadı, qısa müddətdə ayrıldıq. Artıq kənd işğal olunmuşdu, getməyə atası evi yox idi. Bir az xalamgildə qaldı, həyatdır də, ora-bura sürüyür... İndi isə bir qadın var, evində qalıb, ona baxır.
- Niyə bir yerdə yaşamaq alınmadı?
- Mən onunla yaşaya bilmirdim, utanırdım. Ana deyə bilmirdim deyə özümü narahat hiss edirdim. Mən ona indi də ana demirəm.
- Bəs necə çağırırsınız?
- Adını da demirəm, deyə bilmirəm. Çıxıb gedəndə çağırmaq lazımdırsa arxasınca gedib saxlayacağam, ya da yanında kimsə varsa onu çağıracam. Qardaşım ordadırsa İslam çağıracağam, biləcək ki, onu çağırıram. Mənə qəribə gəlir ki, ana deyə bilmirəm. Haqqında danışanda deyə bilirəm, amma üzünə yox. Hiss edirəm ki, anamdır. Amma deyə bilmirəm, yad gəlir. Nə bilim, qəribə qadındır. Ona baxanda elə bilirsən ki, bu adam heç nə haqda düşünmür...
- Öz ailənizi qurmaq haqqında nə düşünürsünüz?
- Həyatda ən çox bunu istəyirəm. Amma mənim həyat şərtlərimlə çətindir. Evim yox, işim yox. Bu problemlərimi həll edən kimi evlənəcəyəm. Uşaq evi məzunları daha ailəcanlı olur. Düzdür, bəzilər özünü bədbəxt hesab edir. Amma bu düz deyil. Ağlımız var, yanlışı, düzü seçə bilirik. Allahın yazdığı taleyi yaşamışıq... Yenə də deyirəm, internatda böyüdüyüm üçün özümü şanslı hesab edirəm. Çünki alternativ həyatı təsəvvür edirəm. Düzdür, bu alternativ həyat kənddəki valideynlərimlə yaşamaq da ola bilərdi. Amma neyləməli...
- Heç içinizdən keçməyib ki, kaş kənddəki ata-anamın yanında qalardım?
- O hiss məni bir gün də olsun tərk etməyib! Həmişə olub, indi də var. Mən ata deyəndə kənddəki atamı xatırlayıram, ana deyəndə də kənddəki anamı. Onlardan sevgi görmüşəm. Onları həyatda gördüyüm ən yaxşı insanlar kimi xatırlayıram...
(SON)