İnternat dramı: “İşgəncə verən o tərbiyəçi ilə indi rastlaşsam...” - <span style="color:red;">I HİSSƏ
28 noyabr 2014 12:36 (UTC +04:00)

İnternat dramı: “İşgəncə verən o tərbiyəçi ilə indi rastlaşsam...” - I HİSSƏ

Əziz oxucu, bu gündən Lent.az-da yeni silsiləyə başlayırıq. Sizə insanların uğur hekayələrini təqdim edəcəyik. Bilirəm, uğur hekayəsi adı altında çox tanınmış insanların övladları və ya nəvələri ilə tanış olmusunuz. Biz o layihələri davam eləməyi düşünmürük. Bizim qəhrəmanlar həyata uğursuzluqla başlayanlar, valideynlərinin adı rastlaşdıqları qapıları üzlərinə taybatay açan yox, gəldikləri yerin adı duyulunca bütün qapıların sifətlərinə çırpıldığı insanlar olacaq. Bir ananın qucağından, bir atanın sığalından məhrum olub yerin dibinə düşən, ordan böyüyüb öz ayaqları üstünə qalxan insanlar... Körpə yaşdan dünyanın bütün vəfasızlığını görmüş, içlərində ünvansız nəhəng sevgi saxlayan insanlar – internat məzunları.

 

Onların məktəbdən sonrakı həyatı həmişə mənə maraqlı idi və gün gəldi ki, bu marağımın dalınca düşdüm. Əgər bu, sizə də maraqlıdırsa, F-11 düyməsinə klikləyin.

 

***

 

İlk qəhrəmanım Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşı, İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyinin sədri Araz Əhmədovdur.

 

34 il əvvəl, bugünkü gün – 28 noyabr 1980-ci ildə Şamaxıda, Əhməd kişinin ailəsində dünyaya gəlib.

 

- 13 yaşıma qədər ev şəraitində böyümüşəm. Ailədə beş uşaq olmuşuq, məndən sonra iki bacım, iki kiçik qardaşım var. 1990-cı ildə atam dünyasını dəyişdi. Avtomobil qəzası... Bir neçə gün xəstəxanada yatdı, həkim dedi aparın evə...

 

Danışmağa çətinlik çəkir... Sözlər diktofonda qırıq-qırıqdır. Ora bura dağılmış sözləri yığıb cümləyə çevirəndə bir də görürəm ona təsəlli verməyə çalışırmışam:

 

- 10 yaşınız var imiş. Bu yaxşıdır ki, nə isə xatırlayırsınız. Məsələn, mən onu daha tez itirdiyimdən heç nə xatırlamıram...

 

- Əksinə, siz daha şanslısınız. Xatırlamamaq ən yaxşısıdır... Bircə onu bilirsiniz ki, bu haqda heç nə bilmirsiniz. Yoxsa mən...

 

- Məsələn, nə bilirsiniz?

 

- Həmişə mənə bir şey təskinlik verir. Son saatları idi, dedilər ürəyi qarpız istəyir. Götürüldüm mağazaya. Baxıb-baxıb ordakı ən böyük, gücüm çatan ən yekə qarpızı qucaqlayıb evimizə qaçdım... Ondan kəsib verdilər... Həmişə tək təsəllim odur ki, o vaxt qarpızı tapıb gətirdim, onun son istəyini yerinə yetirə bildim...

 

- Bir az onunla münasibətinizdən danışmağınızı istəyərdim...

 

- Rayon yerində həmişə evin böyük oğluna “Sən evin kişisisən” deyirlər. Atam da bu sözü mənə tez-tez deyirdi. Elə bil ki, bu yolla məni özünün yarımçıq qoyub gedəcəyi işlərini davam etdirməyə hazırlayırdı...

 

- Qardaşlarınızın neçə yaşı var idi?

 

- Elçinin 3 yaşı var idi, Rəşadınsa heç bir yaşı olmamışdı. 6-7 aylıq idi. Bu gün kimi xatırlayıram. Qucağımdan yerə qoymurdum ki, yasda heç kimə mane olmasın... Elçin isə yanımda dayanırdı...

 

- Atanızla son nəfəsində görüşə, danışa bildiniz? Sizə nə isə dedi?

 

- Biz tərəflərdə bir adət var, belə hallarda uşağı evdən uzaqlaşdırırlar ki, içində psixoloji travma qalmasın. Mən isə yanında oturmaq, danışmaq istəyirdim.

 

- Heç nə danışa bilmədiniz?

 

- Dumanlı xatırlayıram. Mənə nə isə danışırdı. Aydın məsələdir ki, bacı-qardaşımı, anamı tapşırırdı. Sözlərin arasından qırıq-qırıq “sənə ümidliyəm, “sən evin kişisisən” deyirdi...

 

- Artıq başa düşürdünüz ki, doğrudan da evin böyüyü sizsiniz...

 

- Bəli. Məsuliyyətləri bir-birinin ardınca yüklədi mənə. Beş uşaqla anamın himayəsində qaldıq.

 

- Ananız işləyirdi?

 

- Evdar qadın idi. Atam ticarətçi olmuşdu deyə, maddi problemimiz yox idi. Sadəcə o vaxtlar ölkədə vəziyyət pis idi, pulun əlində qalırdı, yemək tapmaq mümkün olmurdu. Qaz yox, işıq yox. Evdə körpə uşaqlar. Atam rəhmətə gedəndə hardasa sentyabr ayları olardı. O qarpızdan həmişə mənə elə gəlir ki, sentyabr idi. Yas bitən kimi qış gəldi. Artıq bilirdim ki, odun və çörək tapıb gətirməliyəm...

 

- Sizə yardım edəcək əmi-dayı yox idi?

 

- Anamın bir bacısı var idi. Ata tərəfdən isə əmim və bibilərim var idi...

 

Susur. Onun sükutu körpəlikdə nənəmdən eşitdiyim məsəli yadıma salır: “Əmi yaxşı olsa idi, allah birini də özünə yaradardı”. Deyirəm, gülməyə başlayır...

 

10 yaşlı oğlan ailə yükünün altına tək girməli olur. İlk qarşısına çıxan ağacı doğrayıb evə odun gətirir...

 

Gecə yarısına qədər təkbaşına çörək növbəsində dayanır...

 

Şaxtalı gecələrdə dostları ilə rayonun inzibati binalarının damına çıxıb, çöl göyərçini ovlayıb, evə, özü demiş, “şah yeməyi” gətirir. Beləcə, ömrünün üç ili ərzaq növbələrində, göyərçin ovunda, odun axtarışında keçir...

 

Gülzar xanım ərindən qalan pullardan otuz min manatı aparıb banka qoyur. “Atalarından qalan bu pulla uşaqları oxudacam, qoy ortalıqda qalmasınlar” deyir.

 

- Bəs dərsə nə vaxt gedirdiniz?

 

- ...Müharibənin ən ağır illəri idi. Hamı sabaha inamını itirmişdi. Müəllimlər dərs keçmək yerinə qonşuluqdakı şəhid yasından danışırdılar. Məhəlləyə çıxmaq mümkün deyildi. Demək olar ki, hər gün yas çadırı qurulurdu. Şəhid dalınca şəhid verirdik... Dostlarımla biz evimizdə qazan qaynasın deyə bütün gecəni göyərçin ovuna gedir, Şamaxının soyuğunda əlimiz, ayağımız, üzümüz dona-dona gecə saat 2-yə, 3-ə qədər çörək növbəsində dayanırdıq. Adımızı un növbəsinə yazdırırdıq, nə vaxt gələcək deyə gözləyirdik... Yəni mənim atam rəhmətə getmişdisə, onların da ataları müharibədə idi. Biz uşaqlığı, məktəbi unutmuşduq. Lazım olduğundan tez böyümüşdük... Oxumağın lazımlı olduğunu bilirdik. Amma ailə üçün bunları da eləmək lazım idi axı.

 

Özümüzün olmasa da, başqalarının müharibə haqqında filmlərində çox görmüsünüz yəqin... Yox, bizim də var. Bircə “Şərikli çörək” var. Vasif Adıgözəlovun sehrli musiqisi, Oqtay Ağayevin kədərli səsini yəqin ki, xatırlayırsınız:

 

Görmədik biz gül dəstəsi,

Görmədik biz oyuncaq...

Ata səsi, ana səsi

Eşitmədik doyunca...

 

Arazın anası atasından sonra çox yaşamır. Üç ildən sonra xəstələnir və bir gün...

 

- Mən onda ikinci dəfə tamam ruhdan düşdüm. Birinci dəfə o qədər ruhdan düşməmişdim... Bilirdim ki, heç olmasa anam var, özümü bir az möhkəm hiss eləyirdim. Deyirdim, mən möhkəm olmalı, bacı-qardaşımı böyütməli, anama arxa olmalıyam. Yükü daşımaq üçün güclü olmalıyam. İkinci dəfə isə elə bil qollarım tamam qırıldı. Üç ilin içində iki valideyn itirdim... Bu dəfə beş uşaq qaldıq tək...

 

Şamaxıya yaz gəlirdi və Əhmədovlar ailəsində yas məclisinin son günləri idi. Uşaqlar qapı dalınca oturub böyüklərin müzakirəsini dinləyirdilər. İçəridə nəslin bütün böyükləri toplaşmışdılar:

 

- Gəlin bu uşaqlar taleyini həll edək, sonra dağılışaq evimizə.

 

- Qızları xalası, oğlanları əmisi götürsün, vəssalam!

 

- Mən qızların ikisini də özümlə Bakıya aparacam. Öz qızıma qatıb böyüdəcəm. Bacımın balası, mənim balamdır! Qız uşaqlarını gözümdən kənara qoymaram!

 

Azad isə əmi himayəsinə getmək istəmirdi.

 

- Xalam 12 və 9 yaşlı bacılarımı himayəsinə götürməklə elə bil çiynimdən ağır bir yükü götürmüşdü. Rəhmətlik çox zəhmətkeş, qayğıkeş qadın idi...

 

- Əminiz də sizi apardı?

 

- Yox! Biz əmi himayəsindən imtina elədik.

 

- Niyə?

 

- ...Bizi himayəyə götürəndə daha çox “el gözü” düşünülürdü. El gözünə görülən iş isə məni qane eləmirdi. Əmim yaşlı idi, övladları, nəvələri var idi. Böyük təsərrüfatı var idi, biz də gedib orda işləməli idik. Bu isə mənim istədiyim, arzuladığım gələcək deyildi. Özümdən başqa iki qardaşımın da məsuliyyəti mənim üstümdə idi, belə qərar verə bilməzdim. Bu vaxt başladılar bizi qorxutmağa ki, əgər əminlə getməsəniz, üçünüzü də internata aparacaqlar.

 

- İnternat haqqında nə düşünürdünüz?

 

- Onlar çalışırdılar məni inandırmağa ki, internat həbsxana kimi yerdir və orda adamı ancaq döyür, incidirlər. Mənsə bu fikri özümə yaşı buraxmaq istəmirdim... Beləcə, yas bitdi və hərə öz evinə çəkildi. Xalam bacılarımı da götürüb Bakıya apardı. Mən isə qardaşlarımla evdə qaldım.

 

- İki azyaşlı körpə ilə?

 

- Hə. Rəşad rahat uşaq idi. Həm də bizim məhəllə əsasən ana qohumlarından ibarət idi. Hamısı bizə əl atırdılar. Paltarlarımızı vaxtlı-vaxtında yuyur, yeməyimizi bişirirdilər. Həm də artıq yay idi, əsas meyvə ilə dolanırdıq. Üzümlük var idi, bağlar başlı-başına qalmışdı. Gedib üzümlüyə girir, yığır, yeyir, hətta satırdıq da... Evə də gətirirdik.

 

- Nə qədər belə davam elədi?

 

- Sentyabra qədər. Bir gün İcra Hakimiyyətindən yetkinlik yaşına çatmayanlar üzrə şöbənin nümayəndəsi gəlib dedi variant yoxdur! Ya himayəyə getməlisiniz, ya da internata. Himayəyə qətiyyən razı deyildik, qalırdı internat.

 

- İnternata getmək sizi narahat etmirdi?

 

- Yox. Bizə axşamlar 5-6 arası bir saatlıq işıq verirdilər, onda da televizora baxırdıq. Orda Bakını, bulvarı göstərirdilər. İşıqlı şəhər, xoşbəxt insanlar... Bakı məni cəlb edirdi, ard-arda doğmalarımı itirdiyim evdən uzaqlaşmaq istəyirdim. Elə bilirdim uğursuzluğun səbəbi buradır...

 

Elçin bu il məktəbə getməliydi. Araz onun gələcəyi naminə bir addım atmalıydı. Ona görə də İcra Hakimiyyətinin nümayəndəsi ilə çoxdan onu narahat edən məsələni araşdırmağa, narahatlığına son qoymağa başlayır:

 

- Ora necə yerdir?

 

- Məktəb kimi, ev kimi. Orda müəllimlər, tərbiyəçilər və müdir var.

 

- Deyirlər orda adamı ancaq döyürlər, zülm eləyirlər...

 

- Heç də elə deyil, orda dövlətin nəzarəti var. Amma arada balaca dava-şava olur.

 

- Eh, o bizim məhəllədə də olur!

 

- Ay sağ ol! Elə ora da məhəllə kimidir! Harda dava olmur ki?

 

Araz iki azyaşlı qardaşını geydirib, sənədlərini götürüb, qapını bağlayır. İki polisin nəzarəti altında “06” maşınının arxa oturacağında hər tərəfində 3 və 6 yaşlı qardaşları üzü Bakıya, xəyallardakı işıqlı şəhərə üz tutur. 13 yaşlı oğlan televizorun həqiqətləri göstərmək üçün olmadığını ilk dəfə maşın Bakıya girəndə bildi.

 

- İşıqlı şəhər görəcəyimi gözləyirdim, buna görə də yatmadım. Biz gecə Bakıya girəndə isə işıqlar sönmüşdü, elə Şamaxıdakı kimi...

 

- Qardaşlarınız bu “səyahətə” nə deyirdilər?

 

- Onlar nə baş verdiyinin fərqində deyildilər.

 

- Bakıya gəldiniz və...

 

- Bunlar elə hesablayıbmışlar ki, bizi gətirib gündüz vaxtı internat məktəbinə yetişdirə bilsinlər. Çatdırmadılar. İndi burada gecələməli, səhər bizi internata verməli idilər. Uşaq olsam da, öz aralarındakı söhbətdən başa düşdüm ki, Bakıda gecələsələr xərcə düşəcəklər. Əgər qayıtsalar, o xərc özlərinə qalacaq. Ona görə də geri qayıtmağa qərar verdilər.

 

- Bəs siz?

 

- Xətai rayonunda 14 yaşına çatmayan uşaqların saxlanma məntəqəsi var. O vaxtı küçələrdə, elektriçkalarda, 28 may tərəflərdə yatan kimsəsiz, dilənçi uşaqlar çox idi. Onları tutub bura gətirirdilər. Mən bunu ora gedəndən sonra bildim. Sən demə, hansı uşaq evində uşaq az olursa, bağlanmaq təhlükəsi var, müdir bunlara hörmət edir və bu uşaqlardan öz məktəbinə aparır. Məktəb bağlanmır. Polislər demişdi ki, sizi ora təhvil verib qayıdırıq, onlar səhər sizi aparıb internata verəcəklər. Sağollaşdıq... İçəri girib o rejimi görəndə, döyülən, işgəncə verilən uşaqların səsini eşidəndə... Bu dəhşət idi.

 

- Necə yer idi ki? Rejim necə idi? Sizi necə qarşıladılar?

 

- Bizi normal qarşılayıb, ayrıca otaq verdilər. Üst-başımızdan görünürdü ki, biz ev uşağıyıq, ailədən gəlmişik. Amma orda olan hadisələr hələ də mənim gözümün qabağında getmir.

 

- Bir-iki epizod danışa bilərsiniz?

 

- Ən pis yadımda qalan Surxay adlı nəzarətçi idi. Onun uşaqlarla elədiyi rəftarı görsəydiniz...

 

- Necə davranırdı uşaqlarla? Söyürdü, döyürdü, təhqir eləyirdi?

 

- Elə hamısından...

 

- Şərait necə idi?

 

- Otaqlar, şərait, yemək-içmək yaxşı idi.

 

- Sizin balacalar o uşaqların işgəncəsinə necə reaksiya verdilər?

 

- Onlar mənim yanımda idilər. Bizə ayrıca, təmiz otaq vermişdilər. İstədiyimiz vaxt mətbəxə düşür, ya həyətə çıxa bilirdik. Ancaq o biri uşaqlarda məhdudiyyətlər var idi. Məsələn, onları döyəndə bizi o tərəfə buraxmırdılar, amma səsləri gəlirdi...

 

- Ancaq səsləri gəlirdi?

 

- Gözümüzlə gördüyümüz də olurdu... (Gözlərini yayındırır, söhbətdən qaçır. Görünür ki, o hadisələri xatırlamaq asan deyil) Surxay yadımda çox ağır bir travma kimi qalıb. Rastlaşsam, bilmirəm üzdən tanıyaram, ya yox. Amma bilsəm o adam budur, ona necə reaksiya verəcəyimdən əmin deyiləm...

 

- Səhər sizi internata apardılar?

 

- (Gülümsəyir) Bu gün - sabah deyə-deyə orda 15 gün qalası olduq.

 

- Hər gün gördüyünüz mənzərədən sonra nə düşünürdünüz? Bəlkə elə internat da belə bir yer idi. Narahat olmurdunuz?

 

- Yox. Mən bilirdim ki, biz bura aid deyildik. Çünki onlar kimi deyildik. Mən ən ağır günlərimdə belə optimist olmuşam. Mən tez-tez yada salırdım ki, bizi internata aparmalısınız...

 

- Kimə deyirdiniz?

 

- Surxaydan da başqa bir nəzarətçi var idi, o yaxşı adam idi. Növbə ilə işləyirdilər. Adı Akif idi. O dedi ki, sizi Lənkərana aparacaqlar. Nəhayət, Akif bizi Lənkərana gətirdi, mən isə evdən Bakı ümidi ilə çıxmışdım...

 

- Xəyal qırıqlığı idi?

 

- Akif deyirdi Lənkəran yaxşı yerdir, orda çox qalmayacaqsınız və s. Mən isə təki tezliklə burdan çıxaq deyə... Onsuz da ayrı seçimimiz yox idi...

 

- Və nəhayət, internata gəldiniz. Bura necə idi?

 

- Orda həyatımda heç vaxt yaşamadığım dəhşəti yaşadım. Biz, üç qardaş burda artıq həyatda ala biləcəyimiz ən ağır zərbəni aldıq...

 

 

(Davamı olacaq)

 

II hissədə:

 

- Qışqırıb “Buraları yandıracam” deyirdim...

 

- Uşaqları cəzalandıranda soyuducuya qoyurdular...

 

- Yolu öyrənən kimi qaçdım...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11076
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar