İnternat dramı: “İşgəncə verdiyi uşaqları tapıb, halallıq istəyirmiş...” - <span style="color:red;">II HİSSƏ
04 dekabr 2014 15:05 (UTC +04:00)

İnternat dramı: “İşgəncə verdiyi uşaqları tapıb, halallıq istəyirmiş...” - II HİSSƏ

Əvvəli: http://news.lent.az/news/185836

 

Araz Lənkəran şəhər Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evində direktorun qapısı qarşısında qardaşlarının əlindən tutub gözləyirdi. Ətrafa göz gəzdirəndə ümumi vəziyyətin neçə gündür Bakıda saxlanıldıqları məntəqədən yaxşı olduğunu düşünürdü. Bu vaxt uşaq evinin direktoru Nazilə xanımla Akif içəridən çıxdılar:

 

- Araz, biz səninlə Bakıya qayıdırıq. Qardaşların burda qalır.

 

- Necə yəni? Bizi ayırmayın...

 

- Bura qızlar məktəbidir. Oğlanlar burada ancaq 7-ci sinfə qədər oxuyur, sonra isə Bakıdakı internatlara göndərilir...

 

***

 

- Təsəvvür edin ki, orda verdiyim reaksiyanı mən burda heç cür sizə deyə bilmərəm. Nə qədər izah eləməyə çalışsam da, bu cılız görünəcək, mümkün olmayacaq. Mənə elə bir gərginlik gəlmişdi ki, elə bilirdim binanı üstümə aşırdırlar... Çox mübarizə apardım. Yadımdadır, “bizi ayırmayın” qışqırıb, “buraları yandıracam” deyirdim... Başımıza gələn bütün müsibətlərə dözsək də, həyatdan belə ağır zərbə almağa hazır deyildik...

 

- Qardaşlarınız necə reaksiya verirdilər?

 

- Artıq başa düşürdülər ki, ayrılırıq. Onların stress keçirəcəyindən qorxub özümü ələ almağa çalışdım. Məktəbin ümumi şəraiti ilə özümü bir az sakitləşdirdim. Özümə dedim ki, onsuzda sən qardaşlarını buraxıb heç yana gedən deyilsən. İndi burada qalsalar da, geri qayıdacaqsan. Ən azından arxayın ol ki, qaldıqları yer münasib yerdir. Hara aparılacağımı bilmirəm, ən azından körpələri özümlə sürüməyəcəm. Özüm yerbəyer olsam, gəlib bunları da apara bilərəm. Axırda bir əmanət qoyan kimi onları həmin uşaq evində qoyub, uzaqlaşdım...

 

- Qardaşlarınızla necə ayrıldınız? Vəziyyəti necə izah elədiniz?

 

- Bu müsibət idi. Özümü sakitləşdirən yox idi, mən üstəlik onları da sakitləşdirirdim. Bizi bir otağa saldılar. Üçümüz oturub söhbət elədik. Söhbətimiz iki saata qədər çəkdi. Onları əmin elədim ki, bu müvəqqətidir, özümə bir şərait qurub qayıdacam, gəlib sizi götürəcəm. Hərəsini bir yanımda oturdub danışırdım ki, siz hələlik burda qalın, məni gözləyin. Burda sizə yaxşı baxacaqlar.

 

- Etiraz elədilər, yoxsa...

 

- Körpə idilər, amma yenə də sağ olsunlar. Məni axıra qədər dinləyib, razılaşırdılar. Bərk-bərk qucaqlaşıb, öpüşdük... Ayrıldıq...

 

- Arxanızca ağladılar?

 

- O dərəcəyə çatmalarına qoymadım. Özümü saxladım... Amma yenə də o vidalaşmağımızı təsvir edə bilmirəm...

 

Bakıya qayıdıb yenə həmin dəhşətli saxlanılma məntəqəsində gecələyəndən sonra səhəri Arazı Sabunçu Rayon Maştağa qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 saylı internat məktəbinə gətirdilər.

 

- Direktorla tanış olduq. Adil müəllim çox yaxşı adam idi, uşaq evlərində elə adama nadir hallarda rast gəlirsən.

 

- Lənkərandakı direktor necə təsir bağışlayırdı?

 

- İlk baxışdan elə də pis adama oxşamırdı, sonradan məlum oldu ki, çox qəddar, qansız qadınmış. İndi işdən çıxıb, işgəncə verdiyi uşaqlara dəfələrlə zəng eləyib halallıq istəyib.

 

- Necə işgəncələr verirdi?

 

- Eh, bunu gərək o uşaqlar özləri sizə danışa. Təsəvvür edin, yağış yağa-yağa uşağın əllərini maşının arxasına bağlayıb həyətdə gəzdirməkdən tutmuş, uşaqları soyuducuya salmağa qədər.

 

- Bu sağlam düşüncə ilə atılacaq addım deyil axı. Bəlkə xəstə imiş?

 

- Üzdən baxanda normal adam idi, nə biləsən... Eh, üzümdə “smaylik” olduğuna baxmayın, danışdıqca dəli oluram. Adil müəllim mənimlə çox yumşaq, həlim davrandı. Dedi burda sənə geyim və yemək verəcəklər, oxuyacaqsan, dostların olacaq.

 

- Siz elə neçə gündür evdən çıxdığınız paltarda idiniz?

 

- Yox, Lənkəranda paltar verdilər, dəyişdim. Adil müəllimlə söhbətdən sonra da məktəbin ümumi atmosferinə baxıb dedim mənim axtardığım yer buradır. Akif məni təhvil verib getdi. Məktəb üzrə baş tərbiyəçi var idi, Hüseyn müəllim. Sonra bizim sinif rəhbərimiz oldu. Həm yaxşı insan, həm də savadlı kadr idi. Tarix müəllimi idi. Adil müəllim Hüseyn müəllimi çağırıb bizi tanış elədi. O, məni gətirib təzə paltar verdi. Əynimi dəyişib, o biriləri yuyulmağa verdim. Evimizdən çıxanda götürdüyüm 500 manatı çıxardıb təzə şalvarımın cibinə qoydum. Onu qorumalı idim, o mənim ehtiyat pulum idi. Məktəbli forması da verdilər, o vaxt hələ sovetlərdən qalma forma geyilirdi, dəmir düyməli. Təzə paltarlarımı geyinəndən sonra yeməkxanaya getdik. Dərslər qurtarmışdı, uşaqlar yeməyə hazırlaşırdı. Hüseyn müəllim məni uşaqlara təqdim elədi...

 

- Mühit necə idi?

 

- Saxlanılma məntəqəsində 15 gün qalıb ordakı mühiti görəndən sonra burda mühit necə olur olsun, gözünə cənnət kimi görünəcəkdi.

 

- Uşaqlar necə idi?

 

- Əslində internat uşaqlarının çoxu şən olur. Ən kədərli vaxtında belə gülümsəyən uşaqlar olur. Çox gülənin acısı böyükdür. Mən uşaqlarla tanış olanda da ancaq onu düşünürdüm ki, tezliklə qardaşlarımı bura gətirməliyəm. Yanımda olmalıdırlar ki, gözüm üstlərində olsun. Onlar mənə əmanətdir. Onlara söz vermişəm...

 

- Orda təzə gələn uşaqdan əsasən nə soruşurlar?

 

- Gördüm pıçapıç başlayır, tez özüm başladım münasibət qurmağa. Axı mən artıq dağdan dərəyə yuvarlanan, dərədən dağa dırmaşan biri idim. Çox bərkə-boşa düşmüşdüm. Uşaqlar rayondan gəldiyimi bilən kimi başladılar soruşmağa ki, rayon necə idi, orda atın var idimi...

 

Gülməyə çalışır. Alınmayanda da gülümsəyir. Arazın ən sevdiyim cəhətlərindən biri bütün hekayəsini danışarkən sınmaması, üzündən gülüşü əksik etməməsidir.

 

- Dedim var idi. Doğrudan da, mən at sevirdim. İndi də həvəskarıyam. O vaxt uşaqlarla örüşə gedib kiminsə atını minib gəzir, sonra qaytarırdıq. Kim atını tapmasa, bizi axtarırdı. (Gülür)

 

- Uşaqlar valideynlərlə bağlı sual verdilər?

 

- O barədə hamı susurdu. Biz bir-birimizə heç vaxt valideynlərlə bağlı suallar vermirdik.

 

- Valideyni vəfat edənlə, imtina edilən uşaqlara fərq qoyulurdu?

 

- Orda hər uşağın öz dramı var idi. Uşaqlar var ki, görürsən ailə tərbiyəsi görməyib. Baxmayaraq ki, burada eyni təhsili və tərbiyəni alırıq, amma tamam başqa tipdirlər. Kimi də var uşağı kefindən gətirib verib ora.

 

- Necə?

 

- Təsəvvür edin, şənbə-bazar uşağının arxasınca elə maşınlarda gələn adamlar var idi ki... O vaxt şəhərdə xarici maşınlar tək-tük görərdin, o valideyn hər dəfə biri ilə gəlirdi. Düşünürdün ki, bu adamın on uşağa baxmaq imkanı var. Müharibə dövrü idi, qaçqınlar var idi ki, uşağına baxa bilmirdi, gətirib ora qoyurdu. Düzdür, uşaqlarından əl çəkmirdilər, hər şənbə-bazar yanlarına qaçırdılar. Tapdıqlarını, əllərinə düşəni, aldıqları yardım payını gətirib uşağa verirdilər ki, o özünü atılmış hiss eləməsin.

 

- Şənbə-bazarı sizin yanınıza gələn olurdu?

 

- Yox. Heç gözləmirdim də. Orda elə ən yaxşısı da heç kimi gözləməməkdir.

 

- Gözləyən uşaqlar necə olurdu?

 

- Tez depressiyaya düşürdülər. “Söz vermişdi, gəlmədi. Bu həftə gəlməliydi axı” deyib dolaşırdılar...

 

- Tezdən oyanıb gözləyirdilər?

 

- Tək o yox, bütün sinif yoldaşları yola, pəncərəyə düzülüb gözləyirdilər ki, kim tez xəbər versə, gələn paydan ona da muştuluq düşəcək.

 

- Siz heç muştuluq əldə edə bilmişdiniz?

 

- Yox. (Gülür) Çox istəyərdim ki, onlar kimi, uşaq xasiyyətli olum. Kimsə gələndə əvvəlcədən qaçım xəbər verim. Amma məndə elə şeylər olmayıb. Bir az tez böyümüşdüm. Ancaq onu düşünürdüm ki, hansı yolla qardaşlarımı yanıma gətirə bilərəm.

 

- Gecələr necə idi?

 

- Sıraya düzüb sayırdılar. Adlarımızı çəkirdilər, biz “burda” deyirdik. Deyirdilər “qalxın yuxarı”. Gecə dayəsi Gulya xala rus idi. Çox sərt görkəmi var idi, amma ürəyi çox yumşaq idi. Qəti qəddarlığı yox idi. İçəri girib qışqırırdı, “durun ayağa, yatağı belə yığışdırmazlar!” Sonra mülayimcə əlavə eləyirdi, əvvəlcə mələfəni sərin, sonra yastığı düzəldin... O altdan olacaq, bu üstdən, öyrənin belə şeyləri...

 

- İnternatda ilk gecəni xatırlayaq. Necə idi?

 

- Gulya xala məni gətirib çarpayının qarşısında qoydu, yataq dəstləri verib dedi ki, bura sənin yerindir və internat həyatı başladı.

 

- Yata bildiniz?

 

- İnternatda nəinki birinci gün, uzun müddət yata bilməmişəm. Ancaq fikirləşirdim... Lənkəranla əlaqə yaratmaq mümkün deyildi və fikirləşməkdən dəli olurdum. O vaxtlar mobil telefon yox idi, həyat bu qədər asan deyildi... (Gülür) Amma sonralar onun da çarəsini tapdıq.

 

- Necə?

 

- Uşaqlardan biri evlərinə gedəndə köhnə telefon aparatı gətirmişdi. Dama çıxıb direktorun otağına gedən telefon naqilini yonub bu aparatı ora calaşdırırdıq.

 

- Kimə zəng edirdiniz?

 

- Kimimiz var idi ki? Sadəcə həyat o qədər monoton idi ki, əyləncə axtarırdıq. Məsələn, bir dəfə yanğınsöndürən çağırmışdıq. O lap çox vaxt alırdı, o aparatlarla sıfırı yığanda nə qədərə fırlanmağı yadınızdadır? (Gülür) Kiminsə evinə düşürdük, danışırdıq. Görürdük danışan adamdı, nömrəni yadımızda saxlayıb gələn dəfə də onu yığırdıq.

 

- Ordan xalanıza zəng edirdiniz?

 

- O vaxt xalamgilə telefon çəkilməmişdi. Bir dəfə bir uşaq Rusiya ilə danışmışdı, hesab gəlmişdi... O vaxt üçün çox böyük məbləğ idi, direktor dəli olmuşdu.

 

- Kiminlə danışmışdı ki?

 

- Böyük qardaşı məktəbi qurtarıb Rusiyada getmişdi, orda yaşayırdı. Direktor nömrəni qabağına qoyub axtardı ki, kimin nömrəsidir, tapa bilmədi. Uzun müddətdən sonra bilindi ki, bunu uşaqlar edib. O vaxtacan bizdən şübələnmirdilər.

 

- Cəzalandırdılar?

 

- Bilmədilər axı kimdir. Bizim uşaqlarda bir cəhət var idi. Nəyin bahasına olur-olsun, satmaq olmaz! Bu çox ciddi məsələ idi. İki nəfərin arasında dava ola bilərdi, sonra o adam o birisi üçün elə bir əziyyətə dözərdi ki, amma satmazdı. Hətta ümumi cəza tətbiq olunanda cəza da çəkərdi, yenə də kimsənin adını verməzdi.

 

- Bunu sizə müəllimlər aşılayırdı, yoxsa böyük siniflər?

 

- Heç kim. Bu orda yazılmamış, köklü qanundur. Bilirdin ki, satmaq olmaz.

 

- Heç satan olmuşdu?

 

- Mən rast gəlməmişdim.

 

- İnternatda nə qədər qalandan sonra rahat yata bildiniz?

 

- Çox vaxt keçdi... Rahatlıq yox idi, ürəyim qardaşlarımın yanında idi. Ona görə də yolu öyrənən kimi qaçdım...

 

- Lənkərana?

 

- İnternata gəldiyim ilk həftəni ancaq məlumat topladım. 7-ci sinifdə oxuyurdum. Yuxarı siniflərdən, əsasən 10-11-ci siniflərdən maraqlandım. Şəhəri tanımırdım, onlar isə şəhərə çıxırdılar. Sinif yoldaşım var idi, Lənkəranın Səpnəkəran kəndindən idi. Hər yay Lənkərana gedirdi. Ondan yolu öyrəndim. Dedi Bakıda dəmiryolu vağzalı var, ordan Lənkərana qatarlar gedir. Dedim 500 manatım, o vaxtlar “bir Nizami” deyirdilər, varımdır, yola bəs edər? Dedi pul nədir, onu saxla, biz pulsuz gedib-gəlirik. Hər şeyi başa saldılar və qaçdım...

 

Araz böyük tənəffüsdə məktəbdən çıxıb yola düzəldi. Əvvəlcədən hər şeyi planlamışdı - əliboş olacaq, səliqəli görünəcək, sərbəst olacaq. Diqqət cəlb etməmək üçün tam ev uşağına bənzəmək lazım idi.

 

Məktəbin yaxınlığındakı dayanacaqdan avtobusa minmək olardı, amma təcrübəli dostları bunun təhlükəli olacağını, o vaxt dərsə gələn müəllimlərlə rastlaşmağın mümkünlüyü izah etmişdilər. Məktəbdən xeyli aşağıda “dörd yol” deyilən yerə gəlib, 31 saylı avtobusa mindi.

 

- O vaxtkı “Əzizbəyov” metrosuna gəldim.

 

- İlk dəfə idi metroda idiniz?

 

- Yox, bir dəfə xalam bizi “20 yanvar”dan şəhərə gəzməyə gətirmişdi. Axı mən internata düzələndən sonra icazə alıb xalamgilə getdim ki, bilsin burdayam. İlk dəfə idi şəhərə tək çıxırdım. Bilirdim ki, metronun “20 yanvar” stansiyasında düşsəm, 92 saylı avtobusla xalamgilə gedəcəm. Məni görüb təəccübləndilər. İnternata gəldiyimizi bilirdilər, amma yerbəyer olmağımızı bilmirdilər. Biz 15 gün məntəqədə saxlanılan vaxtı xalam Bakıdakı bütün internatları gəzmişdi, bizi tapmamışdı. İndi məni görüb arxayınlaşdı... Nə isə, gəldim “28-ə”. Soruşdum Lənkəran qatarı. Dedilər Lənkəran qatarı olmur. “Bakı-Astara” qatarı olur, Lənkərandan da keçir. Gecə çıxır. Qayıdanda azmayım deyə təxmini istiqamət tuta-tuta getdim. Gördüm gəmiyə oxşar bir şey var. Demə Azadlıq meydanına gəlib çıxmışam. Ora-bura baxıb başa düşdüm ki, bulvardayam. İlk dəfə bulvarı televizorda görmüşdüm, indi isə canlı görürdüm.

 

- Heç içinizdə qorxu yox idi ki, sizi tutsalar, kimsəsiz uşaq kimi həmin məntəqəyə aparacaqlar? Surxayın nəzarətinə...

 

- Yox, sərbəst idim. Səliqəli geyimimə arxayın idim. Ev uşağı kimi görsənim deyə özümü bir az da “boğurdum”. (Gülür) Axşam qayıtdım vağzala. O vaxtı qatarlar çox bərbad vəziyyətdə idi, bilinmirdi kim kimdir. Hər yanı balıq iyi bürümüşdü. Sentyabrın axırları olardı. Uşaqların tapşırdığı kimi, biletsiz zadsız, girdim qatara, plaskarta, qalxdım üçüncü mərtəbəyə.

 

- Üçüncü?

 

- (Gülür) Uşaqlar yük yerinə “üçüncü mərtəbə” deyirdilər. Deyirdilər ora pulsuzdur. Nəzarətçi gəlib düşürtsə, keç o biri vaqona, o birisinə gəldi, keç bu birisinə. Bütün vaqonları gəz, amma pul vermə. Bir dəfə nəzarətçi gəlib dürtmələdi, özümü vurdum yuxululuğa. Guya yatmışam, neylədi gördü oyanmıram, çıxıb getdi.

 

Qatar Lənkərana çatanda yenə o qaydada qatardan düşdü. Yadında bircə o qalmışdı ki, uşaq evi 20 yanvar küçəsində idi. Taksiyə yaxınlaşdı:

 

- Salam dayı. Mən 20 yanvar küçəsindəki uşaq evinə getmək istəyirəm.

- Salam bala. 20 yanvar küçəsində uşaq evi yoxdur. Bəlkə sən qızlar məktəbini deyirsən?

- Bəlkə siz ora qızlar məktəbi deyirsiniz, amma mənə 20 yanvar küçəsindəki uşaq evi lazımdır. Binanı tanıyıram, görsəm biləcəm.

- Otur, gedək.

 

Taksi məktəbə yaxınlaşanda Araz binanı tanıyıb necə sevinirdisə, az qalmışdı maşın saxlamamış qapını açıb düşsün. Taksi məktəbin qarşısında dayananda isə sürücüyə yaxınlıqdakı mağazaya sürməyini xahiş elədi.

 

- O vaxtlar “ballı-qozlu” deyilən şokoladlar var idi. Onlardan çoxlu yığdım. Heç düşünmədim pulum çatacaq, ya yox. Onun da pulunu sürücü verdi, məndən də pul götürmədi. Heç nə soruşmadı, amma sevincimdən hər şeyi başa düşdü.

 

Taksi sürücüsü Arazı uşaq evinin qabağında maşından endirib soruşdu:

 

- Dalınca saat neçədə gəlim?

 

- Bilmirəm, hələ burdayam.

 

- Yaxşı, özüm münasib vaxt tapıb dalınca gələcəm. Bakıya qayıdacaqsansa, burdan çıxma. Qatar hava qaralandan sonra çıxır. Özüm gəlib səni götürəcəm.

 

Araz əlində içi dolu iki torba ilə uşaq evinə girəndə uşaqlar “Elçinin qardaşı gəldi! Elçinin qardaşı gəldi!” deyərək qışqırırdılar...

 

- İnternatdan icazə aldığımı dedim. Qardaşlarım yaxşıya doğru dəyişmişdilər. Elə bil rəngləri üstlərinə qayıtmışdı, həyatları düzənə girmişdi. Həmin gecə üçümüz bir otaqda yatdıq.

 

- Heç olmasa bu dəfə rahat yata bildiniz?

 

- Yox. (Gülür) Bu dəfə də sevincdən yata bilmədim. Rəşad durmadan suallar verirdi, çalışırdım yayınım.

 

- Nə soruşurdu?

 

- Elə şeyləri soruşurdu ki, heç biri cavab veriləsi deyildi...

 

- Nələri?

 

- Şamaxını, ordakı dostunu, evi, anamı, bacılarımızı soruşurdu... Həyətdə bir itimiz var idi, o saxlayırdı, özü yedirirdi, onu soruşur, “Çubuş necədir” deyirdi... Məncə, o elə başa düşmüşdü ki, mən onları uşaq evinə təhvil verib evimizə qayıtmışam. Ha deyirdim Bakıda yaşayıram, sizi də aparacam, onlarsa elə Şamaxı ilə bağlı soruşurdular.

 

- Qardaşlarınızda döyülmək, işgəncə əlaməti gördünüz?

 

- Həmin vaxtı yox. Bir gün qaldım, gecə taksi sürücüsü arxamca gəldi, dedim qalacam. Səhəri gün axşam gəlib məni götürdü, gətirib qatarla yola saldı. Yolda yeməyim üçün də balıq ləvəngisi gətirmişdi. Çox yaxşı insan idi.

 

- Uşaqlarla necə sağollaşdınız?

 

- Dostları ilə toplaşıb məni yola saldılar. Ordakı dostları ilə şəkilləri var, istəsəniz göndərərəm. Cibimdəki iki “250-liyin” hərəsini birinə verdim. Dedim üstünüzdə olsun, nə istəsəniz, alın. Elçin başa düşdü, Rəşad isə hələ bilmirdi pul nədir. Gəldim Bakıya, rəhmətlik Adil müəllim dedi belə olmaz. Mənsə artıq yolu tanıyırdım, bilirdim ki, ilk fürsətdə yenə qaçacam. Sonralar inam qazandım və elə ay olurdu ki, iki dəfə Lənkərana gedirdim. Artıq qaçmağa ehtiyac yox idi, Adil müəllim icazə verirdi.

 

- Sizin internatda işgəncə var idi?

 

- Adil müəllimin vaxtında əmin-amanlıq idi. O çox nurani kişi idi. Sərtlik edən müəllimlər var idi, amma görürdün ki, rejimi sırf o sərtliyin hesabına saxlayırlar. Amma vurmaq, təhqir eləmək yox. Lənkərandakı işgəncələrə burada rast gəlmədim.

 

Qış gəlmişdi, Şamaxıdakı problemlər burada da var idi. İşıq sönürdü, qazanxana işləmirdi. Soyuq, şaxta. Yatanda üstümüzə 5 adyal salırdıq...

 

- Yorğan yox idi?

 

- (Susur) Qalın gödəkçələr geyinib yatırdıq... Elə günlər də olub... (Susur) Yenə də Adil müəllim dünyasını dəyişənə qədər hər şey yaxşı idi. Onun yerinə əmək dərsi keçən Allahverdi müəllimi təyin etdilər. İnternatda dəhşətli günlər başladı... “Şvabralar”ın uşaqların belində qırıldığı günlər... Dəhlizə sıra ilə düzürdü və... (Susur) Bir qohumu vəzifədə idi, ona güvənirdi, ən xırda şeylərə görə uşaqları “lomlayırdı”.

 

(Davamı olacaq)

 

III hissədə:

 

- Bu oğurluq deyildi, biz uşaqların pozulan hüququnu bərpa etmək istəyirdik...

 

- Məni xüsusi məktəbə göndərmək üçün polis çağırdılar...

 

- Gördüm Elçin çıxıb yuxarıdan pəncərənin barmaqlığını dartışdırır. Ora niyə çıxmısan soruşdum, dedi “Rəşadı bura salıblar”...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7327
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar