“Əvvəl iydən, sonra isə sudan boğulurdum... Üstündən də döyürdülər...” –<span style="color:red;"> İNTERNAT DRAMI
11 mart 2016 11:30 (UTC +04:00)

“Əvvəl iydən, sonra isə sudan boğulurdum... Üstündən də döyürdülər...” – İNTERNAT DRAMI

Şərti adı Cabirdir. Lent.az-ın “İnternat dramı” rubrikasında ilk dəfədir ki, anonim qəhrəmandan bəhs olunur. Səbəbini hekayəni bitirəndə izah edəcəyəm. Sonda onun kimliyini də biləcəksiniz…

 

***

 

Çirkli-bulanıq divarlarda əks-səda verən çığır-bağırdan cana doymuş kök qadın arada bir sabunlu əlləri ilə uşaqların çılpaq bədəninə şillə çəkib, acıqlanırdı:

 

- Bəsdirin! Kəsin səsinizi… Yetimçələr…

 

Və deyinə-deyinə sıraya düzülmüş uşaqların başını, üz-gözünü, “paltar sabunu” ilə sabunlamağa davam edir, onları bir-bir duşun altına çəkir, sonra qapıya ötürürdü…

 

***

 

- Nə o vaxt, nə də indi başa düşə bilmirəm… Nədən gözümün sabununu yusunlar deyə növbəyə dayanmalı idim… Axı biz körpə idik, bir-bir sabunlayıb yumaq çətin deyildi… Oranı cəhənnəm kimi xatırlayıram…

 

- Yadınızda başqa nələr qalıb?

 

- Çarpayıda iki-iki yatırdıq... Biri yatağını batırırdısa, o biri də bulaşığı “paylaşmalı” olurdu… Bu, əsl işgəncə idi… O vaxtlar yaşıl rəngli “klyonkalar” var idi, döşəyə onu sərir, üstündən isə mələfə çəkmirdilər. Çirkli “klyonka” bədənimizə yapışırdı. Buna görə də ayaqlarımda səpgilər əmələ gəlmişdi… Hər dəfə yanımdakı uşaq özünü saxlaya bilməyib çarpayını batıranda yaralarım  göynəyirdi… Dözə bilməyib ağlayırdım… Hamımız xəstə, zəif uşaqlar idik, yorğanı qəfil qaldırıb, iynəni budumuza vururdular… Qalırdıq bağıra-bağıra… Bir az keçmiş, görürdün, yenə qayıtdılar… Təzədən iynə…

 

- Nə qədər iynə vururdular ki?

 

- Söhbətlərindən başa düşürdük ki, bayaq səhv olub. Məsələn, mənim yanımda yatan uşağa vurmalı olduğu iynəni mənə, mənə vuracağı iynəni isə ona vurublar… Hərənin isə öz xəstəliyi var idi… Eyni çarpayıda olduğumuz üçün dəyişik salırdılar…

 

- Heç olmasa şprislər dezinfeksiya edilirdi?

 

- Mən orda heç vaxt şpris dəyişdiklərini görmədim. Eyni iynə ilə mənə, sonra da o birinə vururdular… Oradan yadımda ancaq ağrılar, əzablar, işgəncələr qalıb… Ayağa qalxa bilmirdim, yeriyən kimi yıxılırdım… Xatırlayıram ki, yataqda uzanıb zarıyırdım…

 

- Özünüz yemək yeyə bilirdiniz?

 

- Onu başa düşürdük ki, yeməsək öləcəyik. Düzdür ölmək nədir, anlamırdıq. Amma hansısa instinktlə bilirdik ki, yeməliyik. Yeməsək, yedirdən olmayacaqdı... Bilirdik ki, nazımızla oynamayacaqlar. Qaşığı əlimdə güclə tuturdum, bacardığım qədər möhkəm yapışıb, yeyirdim… Bizim yeməyimizi, sıyığı yatağımıza gətirirdilər. Amma bir az çox yeyən kimi ürəyim bulanırdı… Qaytarmaq istəyəndə danışa bilmədiyimdən qışqırırdım… Onda gəlib məni qucaqlarında aparırdılar… Məni qucaqda aparmaq yatağı təmizləməkdən asan idi…

 

- İşçilərdən yadınızda xüsusi kimsə qalıb?

 

- Hamısı rusca danışan qadınlar idi. Ruslar, ermənilər, yəhudilər... Azərbaycanlılar ancaq xadimə kimi işləyirdilər. Bir də orada bir qadın var idi, adına Zeynəb həkim deyirdilər. Mənə yaxşı davranan yeganə o idi… Arada ayaqlarıma dərman gətirib çəkirdi ki, yaralarım sağalsın…

 

- Xəstəliyiniz nə idi, nə vaxtdan yeriməyə başladınız?

 

- Ayaqlarım qorxudan açıldı... Uşaq iflici ilə doğulmuşdum. Ayaqlarım, əllərim bir-birinə dolaşırdı. Bir az böyüyən kimi dedilər bunu göndərək əlillər evinə... Onda çox qorxdum...

 

- Əlillər evinin necə yer olduğunu haradan bilirdiniz ki?

 

- Heç nə bilmirdim. Amma başa düşürdüm ki, əlillər evinə göndərilsəm həmişə yataqda uzanılı qalacağam, yerimdən qalxa bilməyəcəyəm…

 

***

 

Cabir əlillər evinə göndərilməmək üçün yeriməyə cəhd etdi. İlk addımlarında yıxılaraq əzilirdi. Amma ağrıya-ağrıya qalxıb, israrla addımlayırdı. Dizlərini bir-birindən ayıra bilməsə də, ayaqlarını ata bilirdi. Dirsəklərini bərk-bərk yanına qısıb, əllərini havada oynada-oynada müvazinətini saxlayıb, yıxılmamağa çalışırdı.

 

Qısa müddətdən sonra Cabir özü tualetə, çimməyə gedə bilirdi. Onun belə iradə nümayiş etdirməsi qərarı dəyişdirdi:

 

- Bura azyaşlı, xəstə körpələr üçündür. Cabir artıq özünü idarə edə bilir, onu uşaq evinə göndərək!

 

***

 

- Məni Mərdəkandakı xəstə uşaqları qəbul edən 2 saylı internat məktəbinə gətirdilər.

 

- Orada necə xəstələr idi?

 

- Əsasən lallar, raxitlər, bir də ağıldankəmlər idi...

 

- Burada sizə münasibət necə idi?

 

- Bura gələndə artıq həyatda lazımsız olduğumu hiss edirdim… Artıq yeriyə bilirdim deyə stulun, skamyanın üstünə çıxıb, əllərimi göyə, buludlara uzadırdım. Elə bilirdim buludlar məni daha yaxşı yerlərə apara biləcək. Dünya mənə qorxulu gəlirdi, ətrafımdakı insanlardan çəkinir, uzaqlaşmaq istəyirdim...

 

- “Buludlara qoşulmaq” arzusu çox davam etdi?

 

- Zamanla alışdım. O vaxtlar uşaq evləri indiki kimi qapalı yerlər deyildi. Mərdəkanda çox gözəl paytaxt həyatı hökm sürürdü. Ətrafda hamı xoşbəxt görünürdü. Mən orada özümü kimsəsiz hesab etmirdim. Nədənsə Mərdəkanda keçirdiyim günlərdən ancaq yay fəsli yadımda qalıb. Yaxınlıqda uşaqlar üçün düşərgə var idi, buraya turistlər, SSRİ-nin bütün respublikalarından uşaqlar gəlirdi. İndi düşünürəm ki, çox xoşbəxt adamam. Bakının ən gözəl vaxtlarını görmüşəm, dəniz kənarında böyümüşəm... Elə mühitdə zövq də fərqli formalaşır. Rus qadınlar, turistlər... Tamam başqa cür geyinən insanlar, vyetnamkalarının üstündə güllər, muncuqlar olurdu. Bu, mənim üçün rəngli və maraqlı bir aləm idi… Buna görə də Mərdəkanda ağrılarımı tez unutdum...

 

- Ayaqlarınızdakı yaralar qalırdı?

 

- Zeynəb həkim öz pulu ilə dərman alır, gətirib ayaqlarıma çəkirdi. İndi öz yatağım var idi, təmiz idi deyə yaralar da tez sağaldı. Zeynəb həkimi sanki allah yetirmişdi mənə. Məni çox istəyirdi, hərdən oğurlayıb evinə aparır, qulluq edir, çimizdirir, yedizdirir, qayğıma qalırdı...

 

- Mərdəkana da arxanızca gəlirdi?

 

- Bəli. Yaşım az olsa da, mən onu Mərdəkanda xatırlayıram. O, həmişə mənim arxamca gəlirdi. Meyvə sevirdim deyə mənə alma gətirirdi... Sıyıq da gətirirdi, deyirdim ki, burada bizə dadlı sıyıq verirlər, gətirmə...

 

- Zeynəb xanım ailəli idi?

 

- Əri, uşağı var idi. Evinə aparanda onlar da mənimlə çox yaxşı davranırdılar. Çox  cüzi olsa da, dəqiq xatırlayıram, onlardan heç vaxt soyuq münasibət görməmişəm… Elə hiss edirdim ki, anamdı...

 

- Ata-ananın nə olduğunu başa düşürdünüz?

 

- Yox, tam da nə olduğunu anlamırdım. Başa düşürdüm ki, hər uşağın öz sevimlisi olur, o sevimli adamın yanında uşaq qanundan kənar hərəkətlər etsə, ona dinmir, cəzalandırmırlar... Bilirdim ki, Zeynəb həkim adlı bir qadın məni çox istəyir. Mən də onu çox istəyirdim və yolunu gözləyirdim. Bilirdim ki, vaxt tapan kimi arxamca gələcək...

 

- Zeynəb həkimdən başqa yaxşı münasibət gördüyünüz kimsə var idi?

 

- Məktəbin direktoru Polina Semyonovna. Bütün uşaqlar ondan çəkinsələr də, məni çox istəyirdi. I sinfə Mərdəkanda getdim, rus bölməsində oxuyurdum. Danışmağa çətinlik çəkirdim. Nə demək istəsəm “amma”, “amma” deyir, davam edə bilmirdim.

 

- Bu diqqətsizlikdən idi, yoxsa xəstəliyin əlamətləri idi?

 

- Xəstəlikdən idi. Yalnız son vaxtlarda sərbəst danışa bilirəm. Uzun illər dediklərimi heç kim başa düşməyib. Dilimdə qatlamalar var idi, nə dediyimi ancaq loqoped başa düşürdü. Mərdəkanda güclü loqopedlər var idi. Onlar başladılar mənimlə işləməyə, “r” hərfini öyrətməyə... Qısa zamanda öz fikrimi izah etməyi öyrəndim... Amma loqopedlə çox məşğul ola bilmədim... II sinfə təzə başlamışdım ki, Polina Semyonovna dünyasını dəyişdi... Həmişə belə olub, kim mənə yaxşı münasibət bəsləyibsə, allah onu məndən tez alıb...

 

- Polina Semyonovnanın ölümü həyatınızda nəyi dəyişdi?

 

- Yaxşı günlərin ömrü bitdi. Mərdəkanla vidalaşmalı oldum. Qarşıda məni ağlıma gətirə bilməyəcəyim günlər gözləyirdi...

 

***

 

Sentyabrın axırları idi. Dərsdən çıxıb, yeməyə getdilər. Elə yeməklərini yeyib bitirmişdilər ki, tədris hissə müdiri Lyudmila Nikolayevna onları səslədi:

 

- Cabir, Tofiq, Zahid! Mənimlə gedək!

 

Yeddi yaşlı uşaqlar elə məktəbli geyimində dostlarından ayrılıb, onun arxasınca düşdülər. Zahidin valideynləri var idi, həftə sonu gəlib onu evə aparırdılar deyə o, kimsəsiz Cabirlə Tofiqdən xeyli fərqlənirdi. Çağıran kimi də inamlı addımlarla Lyudmila Nikolayevnanın yanına qaçdı.

 

Cabir isə hələ çox zəif idi. Yeriməyə çətinlik çəkir, dizlərini aralaya bilmir, yıxılmamaq üçün bütün gücünü səfərbər edir, biləkləri havada fırlanırdı. Onun bu həyat mübarizəsi ətrafdakılara həmişə qəribə gəlirdi.

 

Siniflərində cəmi iki nəfər kimsəsiz idi. Həftə sonu hamını ata-anası aparanda onlar tək qaldığı üçün Tofiq içində Cabirə qarşı bir məsuliyyət, cavabdehlik hiss edirdi. Tofiq sağlam və çevik uşaq idi. Yeri gələndə, nadinc, dalaşqan idi. Amma bütün şuluqluqlarına baxmayaraq, bir gözü daima Cabirin üstündə olur, kimsəyə onu incitməyə, vurmağa, ələ salmağa imkan vermirdi.

 

İndi də Tofiq yıxılmasın deyə Cabirin yanınca addımlayırdı:

 

- Cabir, yəqin Lyudmila Nikolayevna yenə bizi ekskursiyaya aparır.

 

- Nə yaxşı! Haradan bildin?

 

- Bax, qucağında kolbasa çörək var!

 

Üçü də maşına minib, yerlərini rahatladılar. Yol boyu ekskursiyaya təkcə üçü getdiyi üçün sevinirdilər. Tofiq pıçıldayırdı:

 

- “Buterbrod” da götürüb, deməli lap çox yer gəzəcəyik!

 

***

 

Sevinci bir maşına sığmayan körpələr Bilgəh qəsəbəsində əqli qüsurlu oliqofren uşaqlar üçün yaradılmış 11 saylı yardımçı internat-məktəbinə (indiki 11 saylı İnteqrasiya təlimli internat məktəbi) çatanda buranın gəzməli yer olmadığını anlayıb, tutuldular. Cabir kövrəlmişdi. Lyudmila Nikolayevnanın arxasınca düşüb, uzun dəhlizlərdən keçirdilər. Axır ki, bir otaqda dayandılar. Gənc bir qız ara qapını açdı:

 

- Keçin, Nelya Arturovna sizi gözləyir.

 

Lyudmila Nikolayevna, arxasınca da üç azyaşlı içəri girdilər. Cabirlə Tofiq Lyudmilanın ətəyindən yapışıb, arxasında gizlənmişdilər. Zahid isə yanında dayanmışdı. Sərt görkəmli yaşlı qadın gözlüyünün üstündən uşaqları süzdü. Lyudmila Nikolayevnanın ətəyindən yapışıb, “yalvarıram, gedək buradan” deyən ürkək oğlandan soruşdu:

 

- Sənin adın nədir?

 

Nelya Arturovnanın kobud, qalın səsi Cabiri bir az da vahimələndirdi. Lyudmila Nikolayevnanın arxasına keçərək, ağlamsındı:

 

- Mən bu qadından qorxuram, gedək...

 

- Qorxma! Gəl yanıma! - Nelya Arturovnanın amiranə səsi otağı silkələdi. Lyudmila Nikolayevna Cabirin saçlarını sığalladı:

 

- Get, Cabirçik, get. O, artıq sənin direktorundur, Polina Semyonovna kimi. Onu əsəbiləşdirmə, çağıranda yanına get...

 

Cabir qorxa-qorxa, çətinliklə addımlayıb qadına yaxınlaşanda Nelya Arturovna onun bir-birinə dolaşan ayaqlarına baxıb, istehza isə başını yırğaladı:

 

- Adın nədir?

 

- Cabir...

 

- Bu hərəkətin sənə çox baha başa gələcək, Cabir! Burada hələ heç kim bu günə qədər mənə qarşı belə hörmətsizlik etməyib!

 

Cabir addımlarını zorla ataraq Lyudmila Nikolayevnanın üstünə qaçdı:

 

- Məni aparın, burada qalmaq istəmirəm...

 

- Bir az burada qalmağın lazımdır, Cabirçik. Mən sabah sənin yanına gələcəyəm. Gedib bizim məktəbdə danışacağam, razılaşdırıb, icazə alacağam. Gəlib səni aparacağam... Hələlik burada qalmalısan...

 

Nelya Arturovnanın səsi eşidiləndə hamı susdu. O, bu dəfə Tofiqi çağırırdı:

 

- Sənin adın nədir?

 

- Tofiq.

 

- Familiya?

 

- Tofiq... Quliyev...

 

- Tofiq Quliyev?

 

- Bəli...

 

- Gəl bura!

 

Tofiq Nelya Arturovnanin ona uzatdığı konfeti alıb, kənara atdı:

 

- İstəmirəm! Mən nə konfet istəyirəm, nə də buranı. Geri qayıdaq! Ora qayıtmaq istəyirəm!

 

Nelya Arturovna Zahidlə isə çox asan dil tapdı. İlk sorğu sualdan sonra qucaqlayıb öpdü, nəvazişlə yanaşdı. Cabirlə Tofiq isə Lyudmila Nikolayevnanın ətəyini buraxmırdılar:

 

- Qoy Zahid qalsın, bizi aparın! Söz veririk, özümüzü yaxşı aparacağıq, sözə baxacağıq! Bizi aparın!

 

- Mən bu günlük gedirəm, səhər açılan kimi arxanızca qayıdacağam!

 

***

 

- Eləcə, çıxıb getdi... Qaldıq burada... Mənim üçün Lyudmila da, Polina da valideynlərim kimi idi. Elə bil məni valideynlərim atırdı... Heç məni o biri uşaq evindən Mərdəkana gətirəndə elə ağlamamışdım. Çünki Mərdəkanın çox müsbət aurası var idi. Burada isə elə mühit var idi ki, içəri girəndə elə bildim üstümə qaramat çökdü, nəfəsim daraldı, boğuldum və ağladım ki, mən buradan getmək istəyirəm...

 

- Lyudmila Nikolayevna gedəndən sonra sizi hara apardılar?

 

- Üçümüzü də sinfə.... Zahidin kefi yaxşı idi, Tofiqlə mən isə ağlayırdıq. Suqra müəllimə var idi, çox kobud qadın idi, bizə əyri-əyri baxıb, “gedin oturun” dedi... Sovet dövrünün müəllimləri də qəribə olurdu... Bilmirdin nə yeyir, nə içir. Onlar həmişə sirr olaraq qalırdılar... Gəlib hərəmizə bir şillə vurdu ki, kəsin səsinizi, bura oradan yaxşı olacaq!

 

- Axı siz bura dərsdən çıxıb gəlmişdiniz?

 

- Mərdəkanda səhər oxuyurduq, burada günorta. Orada rus bölməsində oxuyurduq, burada isə bizi Azərbaycan bölməsinə gətirdilər... Dərsdən sonra şam yeməyinə getdik. Nə mən bir şey yedim, nə də Tofiq. Həmin günümüz ağlamaqla keçdi... Elə gözləyirdik ki, səhər açılsın, Lyudmila Nikolayevna arxamızca gəlib bizi geri qaytarsın...

 

***

 

Zahid axşamdan uşaqlara qoşulub, yatdı. Bilirdi ki, harada olsa da, həftə sonu arxasınca gələcəklər. Zahidin bura özündən əvvəl gələn sənədlərindən, o sənədin uşaq üçün hansı rahat qapıları açmasından xəbəri yox idi. Sənədlərində anasının erməni olduğu yazıldığından, Nelya Arturovna Zahid üçün xüsusi imtiyazlar tanımışdı. Onu incitməyəcək, xüsusi qayğı və diqqətlə yanaşacaqdı... Zahid bütün bunlardan xəbərsiz idi...

 

Tofiqlə Cabir isə bütün gecəni vaxt tez keçsin deyə dəhlizdə o baş-bu başa gəzişir, arada bir pəncərəyə qaçıb gözlərini səmaya dikirdilər. Elə düşünürdülər ki, hava işıqlaşan kimi Lyudmila Nikolayevna arxalarınca gələcəkdi…

 

Onlar kimsəsiz olduqlarını bilirdilər, atıldıqlarını da başa düşürdülər. İndi isə ikinci dəfə kimsəsiz qalmışdılar. Yenidən atılmışdılar...

 

Səhər açılanda sevinirdilər. Pəncərənin qabağında əl-ələ tutub, gözlərini qapıya dikdilər. Yeni gün başlamışdı, Lyudmila Nikolayevna indilərdə gəlməli idi. Uşaqları səhər yeməyinə aparanda onlar etiraz etdi:

 

- Biz istəmirik. İndi Lyudmila Nikolayevna gələcək, birdən  bizi tapmaz!

 

Yeməkdən qayıtdıqdan sonra birinci növbədə oxuyanlar dərsə, o birilər isə oynamağa getdilər... Tofiqlə Cabir isə hələ də qapının açılacağını gözləyirdilər... Bir neçə saat sonra kimsənin gəlmədiyini görən körpələr ağlamağa başladılar. Hətta bir-iki şillə də onları susdura bilmədi… Direktora xəbər getdi:

 

- Təzələrdən ikisi səhərəcən ağlayıb, heç kəsi yatmağa qoymayıblar. İndi də ağlayıb, uşaqları qorxudurlar.

 

Nelya Arturovna təxirə salınmaz tədbirlər gördü:

 

- Həkim çağırın! Uşaqların sinif rəhbəri Xalidə xanım xasiyyətnamə hazırlasın!

 

Bir saat keçməmiş həkimin müşayiəti ilə hər ikisini maşına mindirib apardılar...

 

***

 

- Ən qara günlərim də orada başladı...

 

- Ora hara idi?

 

- ...1 saylı ruhi xəstəxana... Həkimlər baxıb dedi ki, bu uşaqlar dəli deyillər...

 

- Siz hələ də ağlamaqda davam edirdiniz?

 

- Artıq ağlamırdıq, amma şokda idik. Gözümüz böyümüşdü. Hara gətirildiyimizi bilmirdik. Adımızı, soyadımızı yazıb, sənədlərimizə baxdılar. Baş həkim dedi ki, xəstə deyillər, amma uşaq şöbəsinə aparın. Uşaq şöbəsində isə dedilər ki, hələlik bir ay müayinədən keçsinlər... Amma üç günə təsdiqlədilər... Qısa müddətdə bizi ruhi xəstə elədilər... Zəif olduğumuz üçün iynələr bizə həmən təsir elədi. Diaqnoz qoydular ki, bu uşaqlar psixi xəstədirlər. Bizi palataya keçirdilər. Onsuz da həyatın hər üzünü görmüş iki körpə indi də bir palata ruhi xəstə ilə bir yerdə... İynələr vururdular, bütün günü yatırdıq. Bədənim bu iynələri qəbul etmirdi, yenidən hər yerimi yara basdı. Hərəkətsizlikdən ayaqlarım, qorxudan isə dilim tutuldu... Yenə başladım “amma, amma” deməyə...

 

- Tofiq necə? Dərmanlar ona necə təsir edirdi?

 

- O daha betər oldu... Manyaklaşdı... Vəhşiləşdi... Yeddi yaşlı uşaq adamlara hücum edirdi...

 

Davamı olacaq...

 

II hissədə:

 

- Dilim tamam tutulduğundan fikrimi ağlamaqla başa salırdım. Qışqıra-qışqıra ağlayırdım deyə sidikli mələfəni başıma dolayıb suyun altında saxlayırdılar... Qorxudan təlaşa qapılır, daha bərk ağlayırdım... Su ilə dolu vannanı görəndə artıq bilirdim ki, başımı ora salıb, çıxarmağa qoymayacaqlar... Bu dəhşətli idi, əvvəlcə iydən, sonra isə sudan boğulurdun... Üstündən də döyürdülər...

 

- Bir neçə gün keçmiş, hadisə təkrarlandı. Tofiq qız, oğlan demir, təklikdə qarşılaşdığı 1-ci, 2-ci sinif uşaqlarına hücum edir, soyundururdu...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7855
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar