Sevimli oxucum, Lent.az-ın “İnternat dramı” layihəsində insanların uğur hekayələrini təqdim edirik. Bilirəm, uğur hekayəsi adı altında çox tanınmış insanların övladları və ya nəvələri ilə tanış olmusunuz. Biz o layihələri davam eləməyi düşünmürük. Bizim qəhrəmanlar həyata uğursuzluqla başlayanlar, valideynlərinin adı rastlaşdıqları qapıları üzlərinə taybatay açan yox, gəldikləri yerin adı duyulunca bütün qapıların sifətlərinə çırpıldığı insanlardır. Bir ananın qucağından, bir atanın sığalından məhrum olub yerin dibinə düşən, oradan yabanı bitki kimi böyüyüb boy atan, öz ayaqları üstünə qalxan insanlar... Körpə yaşdan dünyanın bütün vəfasızlığını görmüş, içlərində ünvansız nəhəng sevgi saxlayan insanlar – internat məzunları.
Onların məktəbdən sonrakı həyatı həmişə mənə maraqlı idi və gün gəldi ki, bu marağımın dalınca düşdüm. Əgər bu, sizə də maraqlıdırsa, F11 düyməsinə klikləyin.
2014-cü ilin payızında Lent.az-da “İnternat dramı” layihəsinə bu sözlərlə başlamışdım. Moskvada yaşayan Əli Əlizadə Araz Əhmədovun həyat hekayəsini oxuyub, fikirlərini mənə Facebookda yazmışdı. Rus qarışığı olduğu ağlıma da gəlməyən qarabuğdayı gənc “burada fotokamera almaq üçün pul yığıram. Məbləği əldə edən kimi Bakıya qayıdacağam” dedi.
Həqiqətən də, söhbətimizdən dörd ay sonra kitabımın imza gününə fotokamerası ilə birlikdə gəldi. Onun fotoqraf gözünə heyran olduqca, dostlaşdıq. Amma dostluğumuz ancaq onun obyektivindən görünən çərçivədə baş tuturdu. Hekayəsini dinləməyimi istəmirdi. Təxminən bir il sonra qısa bir mesaj yazdı: “İstəyirəm mənim də haqqımda yazasınız...”
Nəhayət! Bəzən sıradan olan mənzərələrə Əlinin gözü ilə baxanda orada maraqlı detallar tapdığımdan onun taleyi məni daha çox cəlb edirdi. Amma bu, o qədər də asan olmadı. İlk görüşdə də, növbəti görüşlərdə də ancaq mən danışdım. Elə hey sual verirdi. Hamısı da ailə ilə bağlı...
Həyatımda heç vaxt ailə bağlarını bu qədər tədqiq edən insana rast gəlməmişdim. Ailə üzvlərimlə münasibətimi o qədər yaxından izləyib, elə həssas məqamlara toxunurdu ki, sanki sualları ilə doğmalığın, sevginin portretini cızmağa çalışırdı.
Artıq danışacağına bütün ümidimi itirdiyimdə birlikdə Azərbaycan Milli İncəsənət Muzeyinə getməyi təklif etdim. Eksponatların sehrinə dalarkən onu itirdim. Sərgi salonunu qələbəlikdə övladını itirən ana kimi dolaşırdım ki, qəhrəmanımı tapdım. O, Ömər Eldarovun “Zamanın dörd rəngi” kompozisiyasının qarşısında beşinci fəsil kimi donub qalmışdı. Yaxınlaşdığımın fərqində deyildi...
Tişə ustası şah əsərlərindən sayılan kompozisiyada bir-birindən fərqli dörd qadın obrazında ilin dörd fəslinin fəlsəfi mahiyyətini açmağa çalışıb. Əlləri qoynunda heykələ dönən qəhrəmanımın simasında qışın yükü, payızın tənhalığı, yayın həyəcanı və baharın yaşamaq təşnəsi eyni anda əks olunub...
Nəhayət dillənir:
- Qoz ağacıdır... Kötük olasıydı, amma sevgi ilə toxunulduğunda sənət əsərinə çevrilib... Ancaq sevgi nəyisə əbədi edə bilər... Bu ecazkar kompozisiyanı yaratmaq üçün cəmi 12 alət lazımdır... Onlardan biri olmasa, alınmaz... Alınar, amma kamil əsər olmaz...
Barmaqlarını oymanın arasında sürüşdürərək pıçıldayır:
- Ağac üstündə oyma sənətini öyrənəndə 3-cü sinifdə oxuyurdum. Müəllimimizin adı Nizami idi. Həvəsim olmadığı üçün məcburi gedib-gəlirdim, amma nə isə ortaya çıxarda bilmişdi. Dərnəyə getdiyim üç ay idi ki, uşaq evləri arasında müsabiqə elan etdilər. O həyəcanımızı heç vaxt unutmuram. Qalibləri bir həftəlik Nabrana göndərəcəkdilər. Bu, bizim üçün nağıllar aləminə düşmək idi. Ağlımız kəsəndən sanki qapalı planetdə idik, indi uşaq evinin qapısından kənara çıxacaq, fərqli həyat görəcəkdik. Bütün səyimizlə çalışırdıq...
- Alındı?
- Alındı... Hazırladığım buta ilə III yerə layiq görüldüm və həyatımda ilk dəfə olaraq belə sevinirdim. Maraq məni yeyib-bitirirdi ki, buradan kənardakı həyatda nə var, nə görəcəyəm...
- Nə gördünüz?
- Hər şey çox fərqli idi. Əvvəlcə qalib gəlsək belə buradan çıxacağımıza icazə verəcəklərini düşünmürdük. Çünki ondan əvvəl uşaq evinə humanitar yardım gətirən ərəblər bizi dincəlmək üçün İsmayıllı rayonuna aparmaq istəyəndə rəhbərlik icazə verməmişdi. Elə bilirdik yenə belə olacaq. Deyəndə ki, qalib gələn uşaqlar Nabrana gedir, sevincimizdən uçurduq! Təsəvvür edin, özümüzü xatırlayandan hər şey üçün sıraya dayanırdıq. Hər şey üçün növbə gözləməliydik... Sən demə, bu, təkcə bizim planetdə belə imiş... O biri dünyada isə uşaqlar sıraya dayanmır, gözləmir, əldə etmək üçün itaət etmir, sadəcə özündən böyüklərin əlindən tutub yaşayır... sevilir... əzizlənir... O böyüklər də uşaqların valideynləridir... Bütün bunları dərk etmək çox qəribə hisslər idi...
- O vaxt öz valideynlərinizi xatırlayırdınız?
Danışdıqca “Zamanın dörd rəngi”nin başına dolanan Əli birdən-birə susub, gözlərini muzeyin boş tavanında gəzdirir:
- Anamı həyatda iki dəfə görmüşəm... Cəmi ikicə dəfə...
***
Körpələr evinin vanna otağında adəti üzrə yanmasın deyə gözlərini bərk-bərk yummuşdu. Cod bir əl tez-tez başında gəzir, sanki tikanlı bir barmaq qulağına girib-çıxırdı. Bu narahatlığın bir an öncə bitməsini, bədənini gicitkən kimi dalayan bu əldən xilas olmasını arzulayırdı. Duş açılmaqla sanki sabunun köpüyü ilə birlikdə o tikanlı əlləri də yuyub apardı. İsti, yumşaq əllər başında, üz-gözündə, bədənində gəzişməyə başladı. Əllər o qədər ləng tərpənir, sanki bu anları saatlarla, bəlkə illərlə uzatmaq istəyirdi. Bu barmaqlardan körpənin vücuduna sevgi, hüzur axırdı. Bu əllərdən aldığı cəsarətlə ilk dəfə duşun altında, nə sabundan, nə də sudan qorxmayaraq gözlərini açdı...
O idi... Hüznlə əlini körpənin bədənində gəzdirir, sanki ona bir daha toxuna bilməyəcəyindən hər hüceyrəsini yadında saxlamağa çalışırdı. Bu təmasın vidalaşma olduğunu duyan körpə nifrətlə geri çəkilib, onun əlindən çıxdı...
***
- Neçə yaşınız olardı?
- Yəqin ki, üç. Axı körpələr evində üç yaşına qədər olurlar. Sənədlərimdən bilirəm ki, iki yaşım olanda ora verilmişəm. Ara-sıra gəlib... amma bu, sonuncu görüşümüz idi...
- Yadınızda necə qalıb? Təsvir edə bilərsiniz?
- Olardı 35-36 yaşlarında... Qara geyimli, qara saçları çiyinlərində olan bir qadın... Nə kök idi, nə də arıq... Orta boylu... - əllərini üzünə çəkir – elə mənim kimi, qarabuğdayı idi... Cizgilərini dəqiq deyə bilmərəm. Həyatımda heç vaxt elə bir insan olmayıb ki, onları müqayisə edim və məncə... məncə, mənə oxşayırdı...
- Və eləcə əlindən çıxıb, geri çəkildiniz. Doğma olduğunu bilə-bilə yaxınlaşmadınız?
- Qətiyyən! Artıq atıldığımı başa düşmüşdüm...
- Sonradan bu hadisə yadınıza düşəndə nə isə bir peşmançılıq keçirirdiniz?
- Yox...
- O sizə qarşı necə davranırdı? Hər halda sizi sevməsə toxunmazdı.
- Əlbəttə ki! Amma elə sabunlu-sabunlu bu adamı özümdən itələdim. Uzaqlaşdım... Hərəkətimdən başa düşdü ki, istəyirəm məni körpələr evinin işçisi çimizdirsin...
- Həmin o cod əlli qadın...
- Hə... O qadın məni çimizdirib, quruladı. O birisi isə kənardan bütün bunları səssiz müşahidə edirdi. Sonra yaxınlaşdı, ikisi birlikdə məni geyindirməyə başladılar. Bu dəfə çəkilmədim, amma qeyri-ixtiyari ağlamağa başladım... Səbəbini bilmirəm...
- Sizi sakitləşdirmək üçün heç bir söz... sığal... öpüş...
- Heç nə... Nadir hallarda danışırdı... Sanki öz aləmi var idi... Sakit adam idi, elə də çox danışan deyildi...
- Bəlkə də elə deyil. Sadəcə həmin vaxt həyatının sükut mərhələsi imiş...
- Yəqin ki... Heç məni çimizdirib, geyindirən xadimə ilə də heç nə danışmırdı. İkisi də susur, bircə mən ağlayırdım...
- O vaxta qədər yanınıza gəlib-getməyini xatırlayırsınız?
- Çox körpə idim. Əslində, bu hadisəni xatırlamağım da qəribədir. Hətta bir dəfə psixoloqla məsləhətləşdim. Soruşdum ki, anamdan ayrılanda çox körpə olmuşam, amma onu xatırlayıram. Bu necə mümkün olur? Dedi ki, sən ananla bağlı travma almısan, elə böyük sarsıntı keçirmisən ki, yaşından asılı olmayaraq yaddaşına həkk olunub. Ömrünün sonuna qədər də yadında qalacaq... Məsələn, körpələr evindən belə bir xatirəm də var... Orada bir dayə var idi, məni çox istəyirdi. Dəqiq deyə bilmərəm bu çox istəmək idi, ya nə isə başqa bir maraq. Amma hər axşam məni yuxudan oyadıb, aparırdı... Telefon olan otağa gəlirdik. Harasa zəng edib, dəstəyi mənə verirdi. Mən də danışırdım...
- Kiminlə?
- Yəqin ki, anamla... Salam, necəsən... Yaxşıyam... Belə danışırdıq... Elə bu vaxt da dayə məni öpür, dişləyir, çimdikləyirdi. Bütün bunları düz mən ağlayana qədər edirdi. Mən dözümlü uşaq idim, hər şeydən ağlayan deyildim. Gərək məni çox, lap çox incidərdilər ki, ağlayardım. Ona görə də bu xeyli çəkirdi. Elə ki, ağlamağa başladım, dəstəyi əlimdən alıb asır, əlimə konfet verib, sakitləşdirir, yola salırdı yatağıma. Bu hadisə bir neçə dəfə baş vermişdi. Bilmirəm qadının məqsədi nə idi, amma məni incitmək istəsə sadəcə çimdikləyər, vurardı. Bu isə məni əzizləyir, oxşayıb, öpürdü. Amma çalışırdı ki, ağlayım...
- Həmin günü sizi geyindirəndən sonra nə baş verdi?
- Məni elə ağlaya-ağlaya körpələr evindən çıxardıb həyətə gətirdilər. Qırmızı rəngli “09” markalı maşına doğru gedəndə hiss etdim ki, anamdan həmişəlik ayrılıram... Bax, onda bütün nifrətim, kinim, incikliyim bir anda əriyib yox oldu və o qadının əlindən çıxıb, var gücümlə anamdan yapışdım... “Məni buraxma” deyib, qışqırdım...
***
Oğlu ayaqlarından yapışıb qışqıranda bayaqdan ilk dəfə olaraq qadın da ağlamağa başladı. Əllərini onun saçları arasında dolaşdırıb üzünə çəkdi. Bu, oğluna son toxunuşu idi.
Anasının göz yaşından ürəklənən Əli ondan daha möhkəm yapışır, bacardıqca ucadan qışqırırdı ki, onu heç yerə aparmasınlar. Körpələr evinin işçiləri isə soyuqqanlılıqla uşağın qolundan çəkərək, anasından qopartdılar. Məcburi maşına mindirib, hərəsi bir tərəfdən yanında əyləşdilər. Maşından çıxmağa can atan uşaq əlini qapılara atanda müəllimlər əlini itələdilər. Heç bir əlacı qalmayan Əli oturacağa çıxıb, maşının arxa pəncərəsindən gözlərini ağlayan anasına zillədi. Qadın maşının arxasınca addımlayaq, ağlayırdı... Maşın uzaqlaşdıqca, qadın da addımlarını yavaşıtdı. Bir neçə saniyə hərəkətsiz qalandan sonra uzaqlarda gözdən itdi...
***
- Sizi hara apardılar?
- Yadımda sanatoriya kimi qalıb. Təxminən iki-üç ay orada qaldım. Bir müəllimə var idi, o yaxşı qalıb yadımda... Bəlkə də müəllimə deyildi, sadəcə biz uşaqlar onların hamısına müəllimə deyirdik... Uşaqları elə amansızlıqla döyürdü ki, indi düşünəndə onun müəllimə olduğuna şübhə edirəm. Təsəvvür edin ki, əlinə şlanq parçasını alıb, düşürdü körpə uşaqların canına... Bəxtim gətirdi, orada az qaldım... Məni 1 saylı uşaq evinə gətirdilər. Ora gəlməyim yadımda çox dəqiq qalıb... Biz gələndə uşaqlar günorta yeməyində idi. Düyü şorbası ilə kələm dolması yeyirdilər. Məni də gətirib onlarla oturtdular. Şorba qurtarmışdı, dolma ilə başımı aldatdılar... Əvvəl yemək istəmədim, amma başa saldılar ki, yeməlisən...
- Alışmaq çətin oldu?
- İndiyə qədər ümidli idim ki, anam qayıdacaq... Ya da məni onun yanına aparacaqlar. Hər gün özümü onunla görüşə hazırlayırdım. Elə uşaq evinə gələndə də sevinirdim ki, yəqin anamın yanına gedirəm. Amma yeməkxanada uşaqlarla bir masa arxasında əyləşib, kiçik boşqabda cüt-cüt dayanan dolmalara baxanda içimdən bir səs dedi ki, bundan sonrakı həyatını tək, təmtək yaşayacaqsan... Bu ayrılığın ömürlük olduğunu, atıldığımı iliklərimə qədər dərk etdim... Dolmanı yeyə-yeyə hansı hissləri keçirdiyim bu gün kimi yadımdadır...
- Sözə çevirmək heç cür mümkün deyil?
- Sözə çevirsəm bəlkə də gülməli alınacaq... Məsələn, əvvəlcə dolmanın birini arxayın yedim. Tənhalığım sanki bir daş parçasına çevrilib boğazıma tıxanmışdı deyə yeməyə çətinlik çəkirdim. Sonra görəndə ki, o biri dolma boşqabda tək qalıb, tez başladım onu çeynəmədən udmağa... Elə istəyirdim ki, dolmalar gedib mədəmdə yanaşı dayansınlar... Bir az əvvəl boşqabda qoşa dayanan dolmaları ayırdığım üçün vicdan əzabı çəkirdim... Elə bilirdim onları birləşdirsəm, mənim də tənhalığıma son qoyulacaq...
I hissənin sonu
II hissədə:
- Özümə qapılmışdım deyə kənardan sakit görünürdüm. Amma içimdə daima mübarizə aparırdım. Çox gözəl yadımdadır ki, uşaq evinə qonaqlar, sponsorlar gələndə “bu adam məni anamın yanına aparacaq” düşüncəsi ilə özümü onunla görüşə hazırlayırdım.
- 1992-ci ildə uşaq evinin rəhbərliyi dəyişdi. Yeni müdir Leyla müəllimə 45-50 yaşlarında dolu qadın idi. “Atamana” oxşayırdı... Onun gəlişi ilə uşaq evində ən qəddar günlər başladı... Əvvəlki müəllimələr Leyla müəllimənin yeni tətbiq etdiyi qaydalara uymadıqları üçün işdən getdilər... Təzə heyət formalaşdı... Amansız, acımasız heyət...