"Qəbələ"nin cari mövsümdəki uğurlu çıxışı UEFA-nın rəsmi internet səhifəsində işıqlandırılıb.
Lent.az-ın qol.az-a istinadən verdiyi məlumat görə, Avropanın ali futbol qurumu saytında komandanın Yuri Syominlə başlayan yeni inkişaf mərhələsindən bəhs edib.
"Syominin qalib "Qəbələ" düsturu" başlıqlı yazıda "qırmızı-qaralar"ın Rusiyanın tanınmış futbol mütəxəssisinin gəlişindən sonra uğur qazanmağa başlamasından söhbət açılıb. Mətndə “Lokomotiv" (Moskva) və “Dinamo"da (Kiyev) çalışmış mütəxəssisin fikirlərinə də yer verilib.
Syomin söhbət zamanı Azərbaycanın inkişaf tempindən danışıb və onu daha əvvəl çalışdığı Tacikistan və Yeni Zenlandiya ilə müqayisə edib. O, Bakının artıq megapolis olduğunu, getdikcə daha gözəl və müasir görkəm aldığını, burada futbola böyük sərmayə qoyulduğunu söyləyib. Rusiyalı mütəxəssis komandanın hazırkı durumunu dəyərləndirməyi də unutmayıb:
“Hər kəs bizdən ölkə çempionatında yüksək yer tutmağı və ya heç olmasa Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanmağımızı gözləyir. Hazırda komandamdan razıyam, amma hələ çatışmazlıqlarımız var. Müdafiə xəttimizi gücləndirməliyik və sabit oyun nümayiş etdirməliyik. Komandaya yeni qoşulan futbolçuların səviyyəsi məni razı salır, amma onların əsl səviyyəsi barədə gələn ilin mayında müzakirə apara bilərik".