Kamran Ağayev: “ “Xəzər Lənkəran” dəftərini artıq bağlamışam” - MÜSAHİBƏ
17 dekabr 2012 17:42 (UTC +04:00)

Kamran Ağayev: “ “Xəzər Lənkəran” dəftərini artıq bağlamışam” - MÜSAHİBƏ

“Xəzər Lənkəran” futbol klubunun yayda transferə çıxardığı Kamran Ağayev Azərbaycan milli komandasının ən yaxşı qapıçısı seçilib. Lent.az-ın məlumatına görə, AFFA tərəfindən təşkil olunan mükafatlandırma mərasiminin ardından Ağayev jurnalistlərin suallarını cavablandırıb:

 

- Qazandığınız mükafatla bağlı təəssüratlarınız necədir?
 

- Bundan gözəl nə ola bilər ki? Əsas odur ki, özümüzü itirməyək, öz üzərimizdə işləyək. Çoxları elə bilir ki, futbol bizim üçün qurtarıb. Yox, elə deyil. Futbol bizi atmasa, biz futboldan əl çəkən deyilik. Həmişə futbolla birgəyik. Amma bu, o demək də deyil ki, futbolla nəfəs alırıq. Nəfəs almaqla həyatımızı yaşayırıq. Nəinki futbolda, insanın həyatında da problemlər olur. Böyüklük odur ki, problemləri dəf edə biləsən. Həyat davam edir. Növbəti oyunlara hazır olmaq lazımdır ki, ümidləri doğruldaq. Bizə layiq gördükləri bu mükafatı qazanmaq rahatdır, saxlamaq isə daha çətin. Ona görə, gərək hər zaman öz üzərində işləyəsən, fasilə verməyəsən. Bütün futbolsevərlərə, futbol ictimaiyyətinə, məni bu mükafata layiq görən hər kəsə təşəkkür edirəm. Çalışacağıq ki, etimadı doğruldaq. Biz Azərbaycan xalqı üçün futbol oynayırıq, millinin heyətində çıxış edirik. Əlimizdən nə gəlirsə, onu etməliyik. Etməyə bilmərik. Bizim borcumuzdur.

 

 

- Bu mükafat 2013-cü ildə də millimizin qapısını qoruyacağınız anlamına gəlirmi?

 

- Milli komandada əsas heyət üzvü yoxdur. Sadəcə, futbol ictimaiyyəti bilir ki, yığmada liderlər var. Biz özümüzü liderlərdən saymırıq. Lider komandanın kapitanı, vitse-kapitanıdır. Əsas heyətə isə baş məşqçinin hazır, taktikasına uyğun saydığı oyunçular salınır. Bilmək olmaz ki, gələcək oyunlarda meydana çıxacağam, ya yox, Bunun üçün özümüzü doğrultmalıyıq, oynamalıyıq. Fərq etməz: əsas heyətdə başqası da oynaya bilər, əsas odur ki, uduzmayaq. Milli komanda hamımızındır. Ola bilər ki, kimsə sadəcə, məhəllədə futbol oynasın. O, bizdən yaxşı oynaya bilirsə, baş məşqçi əsas heyətdə onu da oynatmağa hazırdır.

 

- Bəs sizi gələn ildən hansısa klubda görə biləcəyik?

 

- Hansısa klubla müqavilə bağlayacam, orada oynayacağamsa, yəqin ki, o klubun üzvü olacağam.

 

- Belə bir hal gözlənilir?

 

- Hər şey gözlənilə bilər. Sadəcə, “Xəzər Lənkəran” rəhbərliyinin mənə real qiymət qoymaması səbəbindən bu mövsümün ilk yarısında başqa kluba keçə bilmədim. Amma həyat davam edir. Müqaviləm davam etdiyi müddətdə oradan ayrıla bilməsəm də, yəqin ki, yayda azad agent kimi başqa kluba keçəcəyəm. Ümumiyyətlə, “Xəzər Lənkəran”a gəldiyim gündən açdığım dəftəri artıq bağlamışam. Bu klubda məni istəyənlər də var, istəməyənlər də. Sadəcə, mən orada qazandığım fanatları itirmək istəmirəm. Lənkəranda məni istəməyənlər çox azdır. Onlar da nəyinsə bahasına formalaşıb. Orada nəinki komanda yoldaşlarım, rəhbərlik və fanatlar arasında da dostlarım var. Onları belə ağır vəziyyətdə görəndə çox pis oluram. Çünki “Xəzər Lənkəran” daim çempionluğa oynayıb. Bundan sonra qazanacağım uğurlara bu klubu qatmayacağam. “Xəzər Lənkəran” karyeramdan kənardadır. Orada tarixim var, uğurlarım tarixdə qaldı, hər şey qurtardı.

 

- Futbolsuz həyatınız necə keçir? Harada məşq edirsiniz?

    

- Həyatımı yaşayıram. Ümumiyyətlə, futboldan danışmıram. Kimsə futboldan danışanda, ondan uzaq oluram. Peşəkar idmançı necə, mən də elə. Bunlar hər kəsin başına gələ bilər. Biz də bunları yaşadıq, bizə dərs oldu ki, hansısa kluba getsən, hər şey müqavilə şərtlərinə uyğun olmalıdır. Belə deyək ki, “kişi sözü”, “balamın canı” kimi ifadələrə baxmayacağam. Sizdən də xahişim budur ki, mobil telefonuma zəng edərkən, mənə futbolla bağlı suallar verməyəsiniz. Futbolla bağlı sualları buradaca cavablandırmağa hazıram.

 

- Qış transfer dövründə “Bakı”ya transfer olunacağınız deyilir...

 

- Hansısa kluba keçsəm, orada futbol oynayacağam. Amma bu cür yox. O ki qaldı legioner həyatı yaşamağa, bunun üçün insan gərək hazır olsun. Yayda istəyənlər var idi, gedə bilərdim, amma “Xəzər Lənkəran”da qaldım. Bu da bir qismətdir. İndiki vəziyyətdə isə ona görə getmirəm ki, hazır deyiləm. 8 kq artıq çəkidən əziyyət çəkirəm. Mənə bir komanda lazımdır ki, orda formalaşım. Hazırda oyun praktikası sarıdan əziyyət çəkirəm. İndiki vəziyyətdə getsəm, getdiyim kimi geri qayıdacağam. Buna görə belə vəziyyətdə getmək istəmirəm. Hər kəs özünü yaxşı tanıyır. Bilirəm ki, bu dəqiqə hazır vəziyyətdə deyiləm. Bilsəm ki, irəlidə ciddi oyunumuz var, intensiv məşqlər edərəm. Amma bu, yoxdursa, sadəcə, yüngül məşqlərlə kifayətlənirəm. Futbolçu karyeram qurtarmayıb, davam edir.

 

- Ümumiyyətlə, təkliflər var?

 

- Var, çoxdur. Sadəcə, “Xəzər Lənkəran” klubunun mənə qoyduğu qiymətə klub saxlayırlar, futbolçu almırlar. Ola bilər, məni futbolçu kimi belə yüksək qiymətləndirirlər. Bu da sevindirici haldır. Ola bilər ki, futbola qayıda da bilməyim, alınmasın. Yenə üzülmərəm. “Mən-mən” danışmaqla aram yoxdur. “Mən” sözü Allaha məxsusdur. Avropa, dünya çempionu olmaq Azərbaycan millisi üçün real deyil, amma qalan titulların hamısını əldə etmişəm. İstədiyim nəticələrə nail olmuşam. Futboldan getsəm, rahat, amma doymadan, yanıq gedəcəyəm. Sadəcə, bütün klublar danışanda “Azərbaycan millisi üçün çalışırıq” deyirlər. Amma bu, belə deyil. Milli güclə futbolçu yetişdirir, klublar isə onu məhv edirlər. Belə olmaz! Kiməsə lazım deyiləmsə, kağızımı verin, gedim başqa yerdə futbol oynayım, nəyə qadir olduğumu sübuta yetirim.

 

- “Xəzər Lənkəran” rəhbərliyi ilə danışıqlarınız olub?

 

- Danışmaq da istəmirəm!

# 1518
avatar

Oxşar yazılar

PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

2 may 2024 , 14:54
Qadın futbolçular arasında DAVA:  7-si yaralandı

Qadın futbolçular arasında DAVA: 7-si yaralandı

2 may 2024 , 13:15
Klopp gələn il klubsuz qalacaq

Klopp gələn il klubsuz qalacaq

2 may 2024 , 09:35
PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23
“Qalatasaray” Mertensi buraxmaq istəmir

“Qalatasaray” Mertensi buraxmaq istəmir

1 may 2024 , 15:32
FHN-in əməkdaşı çempionatın qalibi olub

FHN-in əməkdaşı çempionatın qalibi olub

1 may 2024 , 14:00
"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

1 may 2024 , 13:49