“Qəbələ” Bakıdakı oyunda çox uğurlu nəticə qazanmışdı. Hamı gözləyirdi ki, onlar evdə “Neftçi”ni çox asanlıqla keçəcəklər. Ancaq futbol sürprizlərlə doludur. Gördünüz ki, ikinci matçda ilk oyundakı nəticə təkrarlandı (1:1), əlavə vaxtda da qol olmadı və 11 metrlik zərbələr seriyasından sonra “Neftçi” finala yüksəldi”.
Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev deyib.
Futbol üzrə Azərbaycan çempionatı finiş xəttinə yaxınlaşır. Topaz Premyer Liqası ilə yanaşı keçirilən ölkə kubokunda isə artıq yarımfinal mərhələsinə yekun vurulub. Azərbaycan çempionu titulunu təmin edən “Qarabağ” 1 il əvvəl olduğu kimi kubokun finalında yenə “Neftçi” ilə qarşılaşacaq.
Yarımfinal qarşılaşmalarını şərh edən mütəxəssis bildirib ki, bu mərhələdə ən ağır oyun “Qəbələ” və “Neftçi” duelinə təsadüf edib: “Qəbələ”ni tanımaq olmur. Heyətinə baxırsan, elə bil dünyanın millisidir. Hərəsi bir ölkədən gəlmə futbolçulardır. “Neftçi”də də heyət tam dəyişib. Mən işlədiyim dövrdə futbolçular hamısı ağıllı idi və adamı yarı sözlə başa düşürdülər. Bu gün burada kimlər var? Komandada can qoyanlar Araz Abdullayev və Ruslan Qurbanovdur. Legionerləri də bizim yerli futbolçulardan üstün oynamırlar. Əgər əcnəbi ölkəmizə gəlib, yerli oyunçudan iki baş üstün oynamırsa, o, heç kimə lazım deyil”.
“Qarabağ” - “İnter” cütünün oyununu da dəyərləndirən Böyükağa Hacıyev Ağdam təmsilçisinin ilk oyunda hər şeyə aydınlıq gətirdiyini deyib. Onun sözlərinə görə, birinci matçda 4:0 hesablı qələbə qazanan ikinci qarşılaşmada da 1:0 hesablı qələbəni asanlıqla əldə edib. Çalışdırıcı bildirib ki, “İnter”in ötən illərdən futbolçulara borclu olması və bu səbəbdən avrokuboklarda iştirakdan məhrum edilməsi komandanın oyunlara lazımınca köklənməsinə imkan vermir: “Onlar birinci UEFA ilə problemlərini həll etməlidir. Bundan sonra avrokubok barədə fikirləşməlidirlər. Bu səbəbdən də futbolçular oyuna lazımınca köklənə bilmirlər. Fikirləşirlər ki, qalib gəlsələr də, uduzsalar da, Avropaya getmirlər. Əgər rəhbərlik bunu istəyirdisə, çətinliyini vaxtında həll etməli idi”.
B. Hacıyev mayın 25-də “Neftçi” və “Qarabağ” arasında baş tutacaq final oyununda komandaların şanslarını da dəyərləndirib. O bildirib ki, həlledici qarşılaşma hər iki komanda üçün çətin alınacaq: “Bu gün “Neftçi” də yaxşı gündə deyil, ağır günlərini yaşayır. Turnir cədvəlində 7-ci yerdədir. Fikrimcə, “Qarabağ” bu fürsəti əldən verməz. Çünki onların “qızıl dubl” etmək imkanı var. Oyuna görə də “Qarabağ” “Neftçi”dən üstündür. Amma onlar da arxayın olmamalıdır. “Neftçi”dir, 1 ya 2 qol vurub, çəkilər müdafiəyə. Buna görə də bu matçla bağlı əvvəldən nə isə demək çətindir. Mən şansları 60/40-a “Qarabağ”ın xeyrinə deyərdim. Əgər “Neftçi” özünü cəmləyə bilsə, rəqibinə qarşı ciddi müqavimət göstərə bilərlər. Lakin bu istək “Qarabağ”da daha çox olsa, onlar üçün hansısa problem olmayacaq”.
B. Hacıyev “Neftçi”nin kuboku qazandığı halda belə çempionatdakı uğursuzluğu sığortalaya bilməyəcəyini deyib: “Düzdür, hər il cəmi 2 titul var. Amma bu gün “Neftçi” kuboku götürüb, çempionatı 7-ci yerdə başa vurursa, mən bunu müvəffəqiyyət saymıram”.
O, “Qarabağ”ın Premyer Liqanın başa çatmasına 4 tur qalmış çempion titulunu təmin etməsini isə rəqabət apara biləcək rəqiblərinin olmaması ilə əlaqələndirib: “Onlar startdaca başa düşdülər ki, ölkə çempionudurlar. 2-3 il əvvəlki yarış deyil. Həmin vaxt 6-7 komanda çempionluq üçün “vuruşurdu”. İndi isə bu komandaların sayı 1-dir. Bu da ona dəlalət edir ki, artıq çempionatımız “sönür””.
B. Hacıyev bildirib ki, özü hansısa komandanın “sükanı” arxasında olsaydı, “Qarabağ”ın vaxtından əvvəl çempionluğuna imkan verməzdi: “Təvazökarlıqdan uzaq olsun, mən onların belə asan çempion olmasına imkan verməzdim. Fikir verin, bu gün Azərbaycan futbolunda intriqa hiss olunmur. Əgər bu yoxdursa, hansısa rəqabətdən danışmağa dəyməz. Mən o vaxt bir kəlmə söz deyib, çəkilirdim qırağa, bütün aləm qarışırdı bir-birinə. İndi o yoxdur. Bu barədə fikirləşmək lazımdır”.
O, “Neftçi”nin hazırkı duruma düşməsində məşqçiləri günahlandırıb. B. Hacıyev bildirib ki, çalışdırıcı müqaviləyə qol çəkdikdə, sabahı da fikirləşməlidir: ““Neftçi”yə gələn baş məşqçi birinci növbədə avtoritet olmalıdır. Təklif gələn kimi, qaçıb qol çəkirlər. Amma fikirləşməlidirlər ki, sabah “niyə” sualı olduqda cavab vermək lazımdır. Legionerləri nəzərə almasaq, bizim qoyub, getdiyimiz heyətdir. Nikolas Kanales mənim baş məşqçi olduğum zaman 26 qol vurdu. Bu gün isə ehtiyatda oturur. Necə olur, bu, həmin Kanalesdir də. Onun “vuran ayağı” var. Əgər ehtiyatda saxlayacaqdısa, o qədər pulları xərcləyib, yenidən komandaya qaytarmağa ehtiyac da yox idi”.
B. Hacıyev Azərbaycan çempionatının yaxşı və pis mənada sürpriz komandalarının adlarını da açıqlayıb: “Qarabağ” artıq çempion adını qazanıb. Deməli, ən yaxşı komanda onlardır. Pis mənada sürpriz komanda isə “Xəzər Lənkəran”dır. “Rəvan” da o gündədir. Ancaq onlar hər oyuna həvəslə çıxırlar. Fikrimcə, “Xəzər Lənkəran”ı birdən-birə “söndürüb”, belə uşaq futboluna çevirməzdilər. Hələ görək yeni mövsümdə onlar oynayacaqlarmı? Məncə, bu 2 komanda ilin sonunda aşağı diviziona düşər və onlar “Turan-Tovuz” və “Zaqatala” əvəzləyər”.
B. Hacıyev sonda gələcək karyerasına da toxunub. Mövsümdə hansısa komandanı çalışdırmayan mütəxəssisin sözlərinə görə, bu məsələyə yeni ilə hazırlıq ərəfəsində aydınlıq gələ bilər: “Futbol sirlərimi heç kimə açmıram. Bu mənə aiddir. Sabah işlədərəm, effekt versə də, mənim adımdır, verməsə də”.