AFFA İntizam Komitəsi Topaz Premyer Liqasının VI turunun 5 matçından 4-də hüquqi pozuntu aşkarlayıb. Lent.az-ın məlumatına görə, komitə yalnız “Simurq” – “Sumqayıt” matçı problemsiz ötüşüb.
“Neftçi” ilə oyunun 76-cı dəqiqəsində “İnter”in baş məşqçisi Kaxaber Sxadadze texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılıb. Ona 1 oyunluq cəza, klubuna 1000 manat cərimə kəsilib. Gürcüstanlı mütəxəssis oyundan sonra mətbuat konfransına gəlməyib və bu hal 2-ci dəfə təkrarlandığı üçün o, klubunu daha 2000 manat ziyana salıb.
83-cü dəqiqədə isə “İnter”in futbolçusu Abdulla Abatsiyevlə “Neftçi”nin oyunçusu Bruno Bertuççi arasında dava düşüb. Baş hakim Fariz Yusifov onları ikinci sarı vərəqə ilə meydandan qovub. İntizam Komitəsi Abatsiyevlə Bertuççini hərəyə 1 oyunluq cəzaya, klublarını 200 manat cəriməyə məruz qoyub.
“Qarabağ” azarkeşlərinin yenə meydana kənar əşya tullamaları ucbatından 2000 manat ziyana düşüb. Son olay “Rəvan”la görüşün 54-cü dəqiqəsində baş verib.
Ən ağır cəzalar “Xəzər Lənkəran” – “Bakı” və AZAL – “Qəbələ” matçları ilə bağlı kəsilib. Lənkərandakı qarşılaşmada “Bakı”nın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib. 8-ci dəqiqədə “Xəzər Lənkəran”ın məşqçisi Emin Quliyev, fasilə zamanı “Bakı”nın baş meneceri Zeynal Məmmədov hakimləri təhqir edib. Quliyev dərhal meydandan kənarlaşdırılıb. Ona və Məmmədova 5 oyunluq cəzalanır, hər iki kluba 5000 manat cərimə kəsilib.
AZAL-la qarşılaşmanın 50-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Amit Quluzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılıb. Quluzadə 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb. 90+3-cü dəqiqədə “Qəbələ”nin məşqçiləri Dmitri Kramarenko, Sənan Qurbanov, klubun inzibatçıları Vüqar Məmmədov və Şirin Tahirov texniki zona qaydalarını pozduqları üçün hərəyə 1 oyunluq cəza alıblar, klub isə 4000 manat cərimələnib. Oyun başa çatdıqdan sonra “Qəbələ”nin məşqçisi Andrey Syomin hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzaya, klub 5000 manat cəriməyə məruz qalıb. Beləliklə, baş məşqçi Yuri Syomin “Rəvan”la növbəti görüşdə 4 köməkçisinin 3-dən yararlana bilməyəcək. Rusiyalı mütəxəssisə yalnız Yuri Baturenko kömək edə biləcək. Sonrakı matçda ata-Syominə oğul-Syomin də qoşulacaq. Amma azərbaycanlı 3 məşqçi XI turdan iş başında ola biləcək.
AZAL isə cəmi 1000 manat cərimələnib. Paytaxt klubu 5 futbolçusunun sarı vərəqə alması səbəbindən bu qədər ziyana düşüb.