“Belə fikirlərə normal münasibət göstərirəm. Çünki bəzən futbolu çox müzakirə edən insanlar öz fikirlərini bölüşürlər”.
Bunu Lent.az-a müsahibəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi”nin yarımmüdafiəçisi Sabir Buqrinlə maraqlanmaları ilə bağlı yayılan söz-söhbətə münasibət bildirərkən deyib.
Ağdam klubunun çalışdırıcısı belçikalı orta sahə oyunçusu ilə heç bir danışıq aparılmadığını bildirib: “İnsanlar düşünürlər ki, “Qarabağ” “Neftçi”dən və ya başqa klubdan hansı futbolçunu istəyə bilər. Ortaya müəyyən fikirlər atırlar. Biz çox futbolçu ilə maraqlanırıq, oyunlarını təhlil edirik. Bildiyimiz odur ki, Buqrinin klubu ilə müqaviləsi var. Heç kimə müraciət eləməmişik: nə “Neftçi”yə, nə Buqrinə, nə də bu məsələ ilə bağlı başqa birinə. Hələlik bütün fikirlərimiz ölkə xaricindəki futbolçulardadır”.
Qeyd edək ki, “Qarabağ” hələlik yalnız Portuqaliyanın “Vilafranquense” klubundan Kadi Borqesi heyətinə qatıb.