19 illik sevdiyi ilə ailə quran qadının toyundan bir neçə saat sonra ürəyi dayanıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 37 yaşlı Ceyd Tebrar mədə xərçəngi ilə mübarizə aparıb.
![]()
Ona 2023-cü ilin avqust ayında mədə xərçəngi diaqnozu qoyulub. Ağır vəziyyətinə baxmayaraq, Ceyd 19 ildir birlikdə yaşadığı və beş övlad böyütdüyü həyat yoldaşı Adam Kemp ilə ailə qurub.
Xəstəliyin ilk əlamətləri onun son hamiləliyi dövründə ortaya çıxıb. Qadın güclü qarın ağrılarından əziyyət çəkir, sürətlə çəki itirirdi. Həkimlər əvvəlcə bu halı hamiləlik stresiylə əlaqələndirsələr də, 2023-cü ilin fevralında doğuşdan sonra vəziyyət dəyişməyib.
Bir müddət sonra həkimlər ona II mərhələdə mədə xərçəngi diaqnozu qoyublar, lakin xəstəlik bir neçə həftə ərzində IV mərhələyə keçib. Sentyabrda isə metastazlar uşaqlığa və yumurtalıqlara yayılıb.
Ceyd bütün bunlara baxmayaraq ruhdan düşməyib. O, arzular siyahısı tərtib edib və tək bir diləyi olub, uşaqları üçün ən gözəl Yeni ili keçirmək. Lakin özü yaxşı bilib ki, bəlkə də həmin günə qədər yaşaya bilməyəcək.
Cütlük əslində 2026-cı il noyabrın 21-də, münasibətlərinin 20 illiyində evlənməyi planlaşdırıb. Amma Ceydin səhhətinə görə qərar dəyişib. Dostları və hospis əməkdaşları toy mərasimini birbaşa evdə təşkil ediblər: qeydiyyatçı tapıblar, tort və bəzəklər hazırlayıblar.
Ceyd artıq gəzə bilmədiyindən, onu təkərlikli kresloda mərasim otağına gətiriblər. Adam isə onun yanında diz çöküb ki, göz-gözə olsunlar.
“Biz ‘bəli’ dedik, o isə mənim göz yaşlarımı silərək pıçıldadı: "Ağlama, mən səni sevirəm”, – Adam xatırlayır.
Mərasimdə olanlar duyğulanaraq ağlayıblar. “Heç kim bu qədər sevgi dolu toy görməmişdi”, – onlar bildiriblər.
Toydan sonra Adam həyat yoldaşına uzanmağa kömək edib. Onlar geyimlərini dəyişib, keçmiş illərini xatırlayıblar, həm gülüb, həm ağlayıblar.
“Onun nəfəsi dəyişdi. Hospitala zəng etdim – dedilər, artıq çox az vaxt qalır. O an anladım ki, həyat yoldaşımı elə həmin gün, onunla ailə qurduğum gün itirirəm”, – yoldaşı danışır.
Ceyd son dəfə ərinə baxaraq “mən xoşbəxtəm, çünki artıq Missis Kempəm” sözlərini söyləyib. Bir neçə dəqiqə sonra, axşam saat 22:45-də sakitcə dünyasını dəyişib.
Adam həyat yoldaşını “inanılmaz dərəcədə güclü” qadın kimi təsvir edib: “O, son anadək sevən ana və həyat yoldaşı olaraq qaldı”.
Dostları ailəyə dəstək olmaq və uşaqların ehtiyaclarını, həmçinin dəfn xərclərini qarşılamaq üçün ianə kampaniyası başladıb.
Bu hadisə sevginin, sədaqətin və insan ruhunun nə qədər güclü ola biləcəyini, eyni zamanda həyatın necə kövrək olduğunu bir daha göstərib.