Qurban Qurbanov:  "Onun yeri mənim həyatımda ayrıdır" - MÜSAHİBƏ
29 iyun 2021 12:34 (UTC +04:00)

Qurban Qurbanov: "Onun yeri mənim həyatımda ayrıdır" - MÜSAHİBƏ

"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Lent.az-a geniş müsahibə verib.

Lent.az həmin müsahibəni təqdim edir: 

- Qurban bəy, yeni mövsümə hazırlıq necə gedir? 

- 9-10 gündür yeni mövsümə hazırlıq prosesləri gedir. Turnirin ilk ilində biz də mübarizə aparacağıq. Hələ ki, çempionat barədə tam düşünmürük. Bütün fikirlərimiz Konfrans Liqasına yönəlib. Düzdür, komandanı tam formalaşdırmamışıq. Bəzi transferləri gözləyirik. Yaxın vaxtlarda bir neçə oyunçu almağı düşünürük. Hələ başlanğıc mərhələsindəyik. İstədiyimiz heyəti formalaşdırdıqdan sonra işimiz daha asan olacaq . 

- Kadi Borqesdən sonra kimləri transfer etməyi düşünürsünüz? 

- Planımızda 4-5 nəfər var. Görək, hansını əldə edəcəyik. Adları açıqlaya bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, siyahımızda çox ölkədən futbolçu yer alıb. Məsələn, İspaniya Sequndası, Fransa, Belçika, Portuqaliyadan danışıq apardığımız oyunçular var. Həmçinin siyahımızda braziliyalı futbolçuların da adlarına rast gəlmək olar.

- Transferləri birdəfəlik planlaşdırırsınız, yoxsa?  

- Biz çox istəyirik ki, birdəfəlik olsun. Amma bəzilərini icarəyə götürə də bilərik. Çünki elə dönəmdəyik ki, bizə futbolçu lazımdır. Ötən illə müqayisədə dəyişikliklərimiz oldu, çox futbolçu getdi. Bəziləri millidə, bəziləri bizdə zədə aldı. Ən vacib məqam odur ki, bizim istədiyimiz futbolçu olsun. Ola bilər ki, komandada 5-10 artıq futbolçu yer alsın. Amma bizim istədiklərimiz olmadıqda hansısa problem yaranır. Planımızda olanları əldə etmək üçün də böyük məbləğ tələb olunur. Bəzən ölkə standartlarını aşırıq, amma yenə də həmin oyunçuları gətirə bilmirik. Onlar çempionatımızla, komanda ilə maraqlanırlar. Xüsusən də, perspektivli futbolçuların bura gəlməsi bir az problem yaradır. Onlar daha səviyyəli çempionatda iştirak etmək istəyirlər.

"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov

- Azarkeşlər də yeni transferlər gözləyirlər... 

- Azarkeşləri də anlayıram. Çox deyirlər ki, transfer etmirik. Transfer dönəminə həddindən artıq çox vaxt sərf edirik. Əldə eləmək istədiyimiz futbolçulara, loru dildə desək, yaxın düşmək olmur. Hərənin öz kateqoriyası var. Həmin kateqoriyadan kənara çıxanda istər-istəməz gətirə bilmirsən, problemlərlə üzləşirsən. Hamımız bilirik ki, bizim kimi ölkələr sərbəst futbolçu axtarır. Belə oyunçu əldə etmək isə çətindir. Bəzən kənardan deyirlər ki, Afrikadan, Braziliyadan gənc, perspektivli futbolçu tapmaq olar. Bunu biz də düşünürük. Amma digər ölkələrin də, klubların da xeyli sayda skautları var. Onlar bir az perspektivli oyunçu olan kimi tez əldə edirlər. Bizə gəlib çatmır. Bu dəqiqə çox çətindir. Qiymətlər, ümumiyyətlə, böyük rol oynayır. Futbolçunu maaşı məsələsində razı sala bilirik, çətini klubu ilə anlaşmaqdır. Biz hələ o səviyyəyə çatmamışıq ki, futbolçunun maaşı ayrı, transfer büdcəsi ayrı olsun. Əvvəllər azad agent gətirmək daha asan idi. İndi bütün klublar həm daha çox təcrübə toplayıb, həm də daha ağıllı davranırlar. Oyunçularla 3-5 illik müqavilə bağlayırlar ki, bəyənmədikləri zaman hansısa kluba icarəyə verib pul qazansınlar. Yerli futbolçu yetişdirməyə ehtiyac var. Əfsuslar olsun ki, ölkə futbolu hələ də o səviyyəyə çatmayıb. 

- Mətbuatda “Qarabağ”ın "Neftçi"nin belçikalı legioneri Sabir Buqrinlə maraqlandığını yazırlar. Bununla bağlı nə deyə bilərsiniz? 

- Bəzən futbolu çox müzakirə edən insanlar öz fikirlərini bölüşürlər. İnsanlar düşünürlər ki, “Qarabağ” “Neftçi”dən və ya başqa klubdan hansı futbolçunu istəyə bilər. Ortaya müəyyən fikirlər atırlar. Biz çox futbolçu ilə maraqlanırıq, oyunlarını təhlil edirik. Bildiyimiz odur ki, Buqrinin klubu ilə müqaviləsi var. Heç kimə müraciət eləməmişik: nə “Neftçi”yə, nə Buqrinə, nə də bu məsələ ilə bağlı başqa birinə. Hələlik bütün fikirlərimiz ölkə xaricindəki futbolçulardadır.

- Mahir Emrelinin Polşanın "Legiya" klubuna transferi necə gerçəkləşdi? Ona xeyir-dua verdinizmi? 

- Əlbəttə ki, Mahirə xeyir-dua verdik. Mahir Emreli kimi futbolçularımızın ölkə xaricində yaxşı iştirak etməsi futbolumuza, digər oyunçularımıza böyük təkan olar. Xarici klublar son 2 ildə Mahirlə daha çox maraqlanmağa başladılar. Avropa Liqasındakı və millidəki oyunlardan sonra Mahir ötən mövsüm bombardirlər sırasında yer aldı. Bir oyunçunun bombardirlik bacarığı varsa, istər-istəməz ona maraq çox olur. Skautlar bütün ölkələrdəki futbolçulara baxırlar, istedadlıları almağa çalışırlar. Son bir ildə Mahirlə bağlı danışıqlar daha çox oldu. Onun özünə, kluba təkliflər gəldi. Sonda ən real təklif “Legiya”, həmçinin Macarıstan və Belçikadan idi. Emreli “Legiya”nı seçdi. Bizimlə mayın sonunda müqaviləsi bitmişdi. Biz onun gedişinə ancaq sevinirik.

Nigar Adil və "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov

- “Legiya”ya keçən Mahir Emreli debütdəcə het-trik elədi. Ardınca ikinci oyununda da fərqləndi. Onun komandaya belə tez uyğunlaşacağını gözləyirdinizmi? 
 
- Mahirin üstün xüsusiyyəti odur ki, futbolda ünsiyyətcil, mühitə tez alışandır. Yaxşı mənada deyə bilərəm ki, Mahir sırtıq (gülür...), yəni, diribaş oyunçudur. Bu da komandaya adaptasiya olmasında ona kömək edir. İdmanda gərək utanmayasan, çəkinməyəsən. Təbii ki, yoxlama görüşləri ilə rəsmi matçlar tam fərqlidir. Orada başqa oyun, sürət, məsuliyyət var. İnanıram ki, Mahirin qollarının davamı olacaq. Çünki onda bacarıq, potensial var. Sırf futbolu düşünsə, daha yaxşısını edə bilər.

- Qurban bəy, uzun müddətdən sonra ilk dəfə Çempionlar Liqasında deyil, yeni yaradılan Konfrans Liqasında mübarizə aparacaqsınız. Ardıcıl 7 ilin çempionu kimi buna üzülürsünüz? 

- Bir dəfə mənə sual vermişdilər ki, futbolda nədən qorxursunuz? Mən də demişdim ki, nə oyundan, nə də rəqibdən qorxmuram. Qorxduğum odur ki, insan uğur qazana-qazana gəlir, birdən heç nə əldə edə bilmir. Məsələn, çempionluqdu, o çempionluğu əldə edə bilmirsən. Qorxduğum odur ki, bunu nə vaxt itirəcəyik. Hər il özümü buna daha çox hazırlayırdım. Şükürlər olsun, komandada 7 ildir hər şey istədiyimiz kimi gedir. Üzülməyim ən çox azarkeşlərə, rəhbərliyə və futbolçulara görə olur. Çox əziyyət çəkirlər. Amma bu idmandır. İdmanda belə şeylər olacaq. Biz buna hazır olmalıyıq. Hər zaman deyirəm ki, belə məğlubiyyətlərin bizə faydası, köməyi çox olur. Bu il də çox istərdik ki, Çempionlar Liqasında iştirak edək. Bizim kimi digər komandalar da çox istəklidirlər, əziyyət çəkirlər. Təbii ki, üzgünlük var, amma istək daha çoxdur. 

- Konfrans Liqasında ilk rəqib “Aşdod” olacaq. Rəqibi təhlil etmisinizmi? 

- Rəqiblə tanış olmuşuq, İsrail çempionatında 3-cü yerdədir. Son vaxtlar İsrail çempionatı daha da inkişaf edib. Bizə tanış çempionatdır, “Aşdod”un oyunları ilə maraqlanmışıq. Bundan əvvəl də İsrail klublarına qarşı oynamışıq. “Aşdod” asan rəqib deyil, amma çalışırıq hər şey bizim tərəfimizdə olsun. Daha ciddi və məsuliyyətli yanaşırıq. İlk problemimiz öz futbolçularımızın, komandamızın, oyunumuzun yaxşılaşdırılmasıdır. Bundan sonra rəqibi daha yaxından tanımağa başlayırıq. Əgər düşündüklərimi kollektivə aşılaya bilsəm, istənilən rəqibə qarşı oynamaq asan olacaq. Əlbəttə ki, onları düzgün təhlil etdikdən sonra. Ona görə çalışırıq ilk növbədə komandamızı formalaşdıraq. Bundan sonra rəqibi tam təhlil edib, zamanı gəldikdə o komandaya qarşı oyuna hazırlaşacağıq. Ümumi məlumatımız var - neçə legionerə sahibdir, hansı üslubda oynayır, hansı səviyyədə komandadır... Raportlar gətirilir, hazırlanır, videoroliklər yığılır. Yəni hərtərəfli iş gedir.

"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov

- Çempionluğu “Neftçi”yə uduzmağınızın səbəblərini rahat şəkildə təhlil etdikdən sonra hansı qənaətə gəldiniz?  

- Həmişə futbolçulara bildirmişəm ki, məğlub olmağı bacarmalıyıq. Məğlub olmağı bacarmasaq və qəbul etməsək uğur əldə edə bilmərik. Hesabda uduza bilərik, amma oyunda geri olmalı deyilik. Çalışmışam ki, istənilən rəqibə qarşı minimum oyun planında belə rəqibdən üstün olaq. Düşünmürəm ki, bizim məğlub olduğumuz oyunda “Neftçi”dən tam zəif idik və buna görə uduzduq. Belə bir fikir nə özümə, nə də futbolçularıma bildirdim. Çünki biz məğlub olanda daim rəqibi təbrik edirik, uğurlar arzulayırıq. Nə vaxt məğlub olursan? Hər hansı səhvlərdən sonra... Sadəcə bu səhvləri aradan qaldırmaq, təkrarlamaq istəmirik. Bunun üzərində çalışırıq. Son dəqiqələrdə biz həmin qolu buraxdıq. Bu il çempion olmaq “Neftçi”nin haqqı idi. Mən belə yanaşıram. Belə hallar futbolda olur. Sadəcə individual qaydada bəzi futbolçuların səhvlərinə görə məğlubiyyətlər olur. Hər oyun birimiz səhv edirik. Bu futbolun silinməyən qanunlarıdır. Nə qədər güclü olsaq da, 7 illik çempionluqdan sonra haradasa durmalı idi. Son vaxtlar Avropa futbolunda belə hallar həddindən artıq çox olub. Bəzən misal göstərirəm ki, “Liverpul” bundan iki il əvvəl Çempionlar Liqasını uddu, sonra bacara bilmədi. “Mançester Siti” bu cür məşqçi, futbolçu ilə çempion olur, niyə sonra bunu əldə saxlaya bilmir? İdmanın, futbolun marağı, özəlliyi də odur ki, bir il mən oldum, növbəti il başqası olsun. Biz çalışırıq ki, işlədiyimiz yerdə cavabdeh özümüz olaq. Əgər rəhbərlik bizə etimad göstərirsə, onu düzgün, doğru yerinə yetirək və azarkeşlərimizi üzməyək. Biz doğrusunu etməyə çalışırıq. Sonda nəticə olmursa, mən buna üzülmürəm. Bilirəm ki, əziyyət çəkdik, çalışdıq, istədik... Bəzi hallarda alınmadısa, deməli daha yaxşısını etməyə çalışacağıq.

- Oğlunuz Musa Qurbanlını “Zirə”dən qaytardınız. Onu gələcəkdə Mahir Emrəlinin layiqli davamçısı saymaq olar? 

- Musa “Qarabağ”ın futbolçusu idi, “Zirə”yə icarəyə vermişdik. Onu komandaya qaytarıb, müqavilə müddətini uzatdıq. Gənclər öz üzərilərində daha çox işləməlidirlər. Yaxşı olmaq üçün mütləq digərlərindən daha çox çalışmalısan. Mahir Emrelinin davamçısı olar-olmaz sualına bu gün fikir bildirə bilmərəm. Sadəcə, Mahirlə Musa fərqli futbolçulardır.

- Futbol ictimaiyyəti və azarkeşlər belə düşünür ki, oğlunuz olduğu üçün Musaya çox şans vermirsiniz. Qınaq obyektinə çevrilməmək üçün belə edirsiniz, yoxsa oğlunuzu “Qarabağ”da müntəzəm oynamağa hələ hazır saymırsınız?

- Birincisi, hələ gəncdir. İkincisi, bir az da bu amil var. Əgər Musa ilə digəri eyni səviyyədədirsə, mən o biri oyunçuya üstünlük verirəm. Əks təqdirdə, həmin futbolçu düşünə bilər ki, oğlum olduğu üçün onu oynadıram. Bu gün görsəm ki, Musa hamısından üstündür, əlbəttə, onun qarşısını kəsmərəm. Azarkeşlərin çoxu da bilir ki, belə məsələlərdə dürüst olmağa çalışıram. Baxmıram ki, bu mənim oğlumdur, qohumumdur, yaxınımdır. İdman bunu sevmir. Yaxşı olacaqsa, biz heç kimin qarşısını almayacağıq. Kim üstündürsə, o da oynayacaq.

- Qardaşınız Musa Qurbanlının prezidenti olduğu “Zaqatala” klubu bu il də Premyer Liqaya buraxılmadı. Bu xəbəri necə qarşıladınız? 

- Düzü heç bir reaksiya vermədim. İllərdir eyni proses təkrarlanır, birinci diviziondan Premyer Liqaya vəsiqə qazanan komanda elitaya yüksəlmir. Budəfəki vəziyyət də əvvəlcədən bəlli idi. Təxminən 5-6 ildir ki, çempionatda 8-dən artıq komanda oynamır. Yenə eyni halın təkrarlanacağını bilirdik. Təbii ki, mən bunun tərəfdarı olmamışam. Əlbəttə, rəqabət olmalıdır. Çox istərdim ki, hər komandanın haqqı verilsin. Əgər komanda aşağı dəstədə birinci yer tutubsa, mütləq Premyer Liqaya çıxarılmalıdır. Həmçinin elitada da sonuncu olan birinci diviziona düşməlidir. “Zaqatala” “Neftçi-2”dən sonra ikinci yeri tutdu və Premer Liqaya çıxmaq şansı var idi. Artıq neçə ildir ki, Premyer Liqada 8 klub mübarizə aparır. Digərləri birinci divizionda vaxt keçirir desəm, kobud çıxacaq. Hansısa maraq olmalıdır ki, oradakı futbolçular, məşqçilər, klub rəhbərləri öz işlərinə daha məsuliyyətli yanaşsın. Bölgə komandaları olmadan keçirilən çempionat elə də maraqlı deyil. Onların elitada iştirak etməsini çox istərdim. Futbolun gözəlliyi, inkişafı bölgələrdədir. Çünki onların azarkeşləri fərqlidir. Mən fərqli komandaların avrokuboklarda iştirakının tərəfdarıyam. Çünki xaricdən gələn klublar hər şəhərin, bölgənin öz mədəniyyəti ilə tanış ola bilərlər. Gəncənin, Zaqatalanın, Tovuzun hərəsinin öz mədəniyyəti var. Belədə Azərbaycan haqda daha yaxşı fikir formalaşacaq. Adicə futbolçularım yalnız paytaxtda oynadıqları üçün Bakı mədəniyyətini görürlər. Biz futbola cavabdehiksə, sponsoru özümüz tapmalı, işimizi də özümüz yaxşılaşdırmalıyıq. Bu gün AFFA neçə klubu maliyyələşdirir. Özüm bölgə futbolundan çıxmışam. Gəncə ən çox oyunçu verən bölgələrdən biridir. Orada hazırlamadan futbolçu yetişir. Azarkeşləri də fərqlidir. Biz Gəncədə oyunlara gedəndə tribunalarda 15-17 min azarkeş olurdu. Bu, Azərbaycan üçün çox böyük rəqəmdir. Avrokuboklardakı bəzi matçlarımıza 8-12 min azarkeş toplaşıb. Amma Gəncədə 3-4 il əvvəl 15 mindən çox tamaşaçı olurdu. Əgər orada çempionatda müntəzəm çıxış edən komanda olsa, inanmıram ki, oyunlarına 20 mindən az azarkeş gəlsin. 20 min azarkeş futbola sevgi, onların 10 mininin övladının futbola marağının olması deməkdir. Mənim oynadığım vaxt Zaqatala stadionunun boş günü olmurdu. Qəbələdə də həmçinin. Futbolumuzun uğuru bölgələrimizdədir. Bölgələrdə futbol olmadığından və komandaları Premyer Liqada iştirak etmədiyindən, futbola sevgi də azalır. Yüz minlərlə azarkeşdə futbola qarşı nifrət yaradırıq. Pandemiya dönəmində tam şahidi olduq ki, azarkeşsiz sanki futbol oynamırsan. Boş tribunlar önünə çıxırsan. Amma 1000-2000 azarkeş olanda sevinirdik ki, səs-küy yaranacaq, fanatlar arasında deyişmə olacaq.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, Lent.az saytının baş redaktoru Hafiz Heydərov, Apasport.az saytının baş redaktoru Tahir Hümmətov və Nigar Adil 

- Premyer Liqanın növbəti mövsümündə hədəf yəqin ki, çempionluq olacaq. Bu yolda “Neftçi”dən başqa hansı komandanın sizə rəqib olmasını gözləyirsiniz? 

- Son illər həmişə ən yaxşılardan olmaq, liderliyi qoruyub saxlamaq istəmişik. Məqsədimiz maksimum çalışıb, birinci yeri tutmaqdır. Əlbəttə, bunu istəyən komanda çoxdur. Hazırda “Neftçi” birincilərdəndir. Keçən mövsüm daha çox “Neftçi” ilə bizim aramızda mübarizə getdi. Hələlik digər komandaların qarşılarına qoyduqları hədəfləri bilmirəm. Ola bilsin hansısa klub yeni sponsor tapıb, daha yaxşı heyət formalaşdırsın və yüksək hədəfləri olsun. Bunu yəqin ki, mövsümün startına az müddət qalmış təxmin edə biləcəyik. Amma görünən odur ki, daha çox “Qarabağ”la “Neftçi” arasında mübarizə gedəcək.  

- Çoxları düşünür ki, dərslərini yaxşı oxumayan uşaq idmanla məşğul olsun. Sizcə, idmana bu cür münasibətin yaranmasının kökündə nə dayanır? 

- Maraqlı sualdır. Həqiqətən də statistika onu göstərir ki, 95 faiz futbolçu dərslərini yaxşı oxumayıb. Dünya futbolunda tək-tük oyunçu var ki, yüksək elm sahibi olub. Lakin son vaxtlar proses dəyişib. Elm sahibi olmaq, dərsləri yaxşı oxumaq güclü futbolçu olmağı daha da tezləşdirir. Akademiyalarda futbolçuya təhsil verirlər. Görünən odur ki, futbolun getdikcə çətinləşməsi elmlə bağlıdır. Kobud səslənsə də, əvvəllər futbolçular savadsızlardan çıxırdısa, bu idman növü get-gedə savad, hətta riyazi elm tələb edir. Heç kimə tövsiyə etməzdim ki, “mən futbolçu olacağam”, deyib, dərslərindən uzaq düşsün. Elm çox vacibdir. Hər futbola gedən bu işin peşəkarı olmur. 20 yaşında həm futbolu atsa, həm də elmsiz qalsa, onun üçün çətin olar. 

- Azərbaycanda uşaq futboluna maliyyə ayrıldığı halda, yeni futbolçular görə bilmirik. Səbəb nədir?  

- Uşaq futboluna maliyyə ayrılır, amma düşünürəm ki, yəqin az ayrılır. Yaxşı futbolçu yetişdirmək üçün təkcə maliyyə rol oynamır. Dəfələrlə demişəm ki, bizim sağlam uşaq məşqçilərimiz olmalıdır. Sağlam idman həkimlərimiz, fizioterapevtlərimiz olmalıdır. Təkcə maliyyəni ayırıb, futbolçunu məşq elətdirməklə, geyim verməklə iş bitmir. Onların içindən tək-tük futbolçu çıxa bilər. Futbolçunu yetişdirmək üçün onların qidası çox önəmlidir. Mən tərəfdarıyam ki, əgər uşaq futbolunu yaxşılaşdırmaq istəyiriksə, təkcə maliyyə rol oynamır. Haradansa 20 gənc yığıb, “biz futbolu inkişaf elətdiririk”, - deyə bir qayda yoxdur. Futbolu inkişaf elətdirmək üçün bir çox sahələr var ki, həmin sahələrə diqqət göstərilməlidir. Bu gün mən, məsələn, idman həkimini, fizioterapevti xaricdən gətirirəm. Niyə xaricdən gətirməliyəm? Bu mütəxəssisləri özümüz yetişdirməliyik. Bizdə heç bir ali təhsil müəssisəsində idman həkimi, analitiki yetişmir. Mən bu barədə dəfələrlə təkliflərimi vermişəm. Təəssüf ki, hələlik nəticə yoxdur. Tibb Universiteti, AFFA və Nazirlik bu barədə düşünməlidir. Futbol mütəxəssisini özümüz yetişdirməliyik.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov

- Bizdə belə bir deyim var, “Şərait yaradılıb, amma oynamağı bacaran yoxdur”... 

- Bu düzgün fikir deyil. Yaxşı futbolçu yetişdirmək üçün 8-10 yaşından uşaqlar etibarlı əllərdə olmalıdır. Həm dediyim kimi savadlı məşqçilərimiz olmalıdır, həm də bacarıqlı həkimlərimiz. Bir daha deyirəm, bizim klubumuzda yerli olan mütəxəssis yoxdur. Hamısı kənardan gətirilir. Bu gün futbolçu yetişdirməkdən əvvəl biz bu dediyim mütəxəssislərə daha böyük önəm verməliyik. Son vaxtlar məşqçilərimiz yetişir. Amma uşaq məşqçilərimizin sayı həddindən artıq çox olmalıdır. Şəraitimiz, meydançalarımız da çox olmalıdır. Futbolçunun hər addımını, qidasını yoxlamalıyıq. Onları düzgün idarə etməliyik. Ötən il cavan, yerli fiziki məşqçi götürdüm. Bizim məşqçinin yanında öyrəndi. İndi “Zirə”də işləyir. Artıq formalaşmağa başlayıb. Təcrübə ilə o səviyyəyə gəlib. Amma elmi tərəfdən Tibb Universiteti və Bədən Tərbiyəsi Akademiyasında ayrıca bir fakültəmiz olsa, istər-istəməz məşqçilərin də marağı olacaq. Bunsuz mümkün deyil. Hər bir halda öz ölkəmizdə bunları yetişdirməliyik. Ən rahat yol təbii ki, xaricdən gətirməkdir. Amma biz öz yerli kadrlarımızı hazırlamalıyıq. Xalqımız hər bir sahədə bacarıqlıdır. Niyə bu sahələrdə ehtiyac duyduğumuz insanlar olmasın. Təbii ki, olması üçün daha böyük proqram, futbola, idmana daha böyük sevgi olmalıdır. Görünməyən və ən vacib sahələrdə kadr çatışmazlığından əziyyət çəkirik. 

- Futbolçuların formada qalması, pəhriz saxlaması da çox vacibdir... 
  
- Əlbəttə, düzgün qeyd etdiniz. Bu çox vacib məsələdir. Bir neçə aydır mən komandaya idman diyetoloqu götürmüşəm. Çox savadlı gəncdir, Türkiyədə təhsil alıb. Amma təcrübəsi yox idi. Onu qəbul elədik, yavaş-yavaş işimizi qurduq. Bu gün artıq futbolçularımız özləri maraqlanırlar ki, necə qidalanaq. Həmin diyetoloqu yay fasiləsində “Qalatasaray”, “Fənərbaxca”a təcrübəyə göndərdik. Bununla kiçik də olsa bir addım atmış olduq. Futbolçu bilməlidir ki, oyun zamanı hansı qida güc alır, hansı qida ona güc əlavə edir. Ona görə deyirəm ki, əvvəl savadsızlardan futbolçu çıxırdısa, indi savad həddindən artıq vacibdir. Bizim mentalitetimizdə belə bir fikir var ki, ancaq nəticə olsun. Bu rəhbərlərdə də var. Nəticə verib kiminsə yanında bir müddətlik yaxşı olacağamsa, işim davamlı olmayacaq. Təkcə məşqlə iş bitmir. Sağlam həkimimiz, məşqçimiz, masajçımız olmasa, futbolçu matça düzgün hazırlaşa bilməz. Futbol böyük elmdir. Mən bu gün öz işimdən narazıyam, çünki çatışmazlıqlar var. Çalışırıq pillə-pillə aradan qaldıraq. Futbolda hərtərəfli çox geridəyik. Elmin gücü ilə bu prosesi tezləşdirə bilərik. Futbol kasıbların oyunudur. Hər oyunçunun imkanı, şəraiti yaxşı olsa, görün neçə ailə yaxşı dolanar. Ona görə narahatam ki, futbolumuz zəifləməyə başlayıb. Bunun qarşısını mütləq almaq lazımdır. Buna da sevgi olmalıdır.

- Artıq torpaqlarımız işğaldan azad edilib. Qarabağa nə vaxt qayıtmağı düşünürsünüz? 

- İnanın ki, torpaqlarımızın işğaldan azad olunması xəbərini eşitmək mənim həyatımda ən sevimli anlardan biri oldu. “Qarabağ”ın baş məşqçisi olaraq bunu sözlə ifadə edə bilmirəm. Torpaqlarımız işğal altında olanda çox narahat və gərgin rejimdə işləyirdik. Başqa ölkələrə gedəndə maraqlanırdılar ki, “Qarabağ” hansı komandadır? Torpağımız kimin işğalındadır? Heç vaxt düşmənin adını çəkmirdim. Həmişə demişəm ki, düşmənlərimiz dəyərsiz insanlardır. İstəməzdim ki, torpaqlarımız onlarda olsun. İnanın ki, torpaqlarımız azad olunandan sonra mən çox rahat oldum. Bu həm də bir məsuliyyət məsələsi idi. Çünki hər oyun deyirdilər ki, “Qurban bunu mütləq udmaq lazımdır”. Azarkeşdən tutmuş, rəhbərə kimi hamı bunu tələb edirdi. İndi yenə də deyirlər. Amma əvvəlki kimi demirlər (gülür). İçimdə sevincli bir rahatçılıq var. Əlbəttə ki, futbolçu olduğum vaxtdan çalışmışam ki, məsuliyyətli olum. Futbolçularımdan da bunu tələb edirəm. Birincisi biz ailəmizi futbolla, bu klubla dolandırırıq. Ona görə də mütləq işimizə məsuliyyətli yanaşmalı, aldığımızın qarşılığını ikiqat verməliyik. Qarabağa isə nə vaxt qayıdacağımızı bilmirəm. Dövlət səviyyəsində nə vaxt lazım bilinsə, o zaman biz də canla-başla orada olacağıq. Hələlik Bakıdayıq, o adı, o bölgəni şərəflə təmsil edirik. Ümid edirik ki, tezliklə işğaldan azad edilmiş ərazilər minalardan tam təmizlənsin, orada yaşayış bərpa edilsin, qalanı isə düzələcək. Onu da çox istərdim ki, Qarabağda da hər rayonun öz komandası olsun. Rayonlar arasında futbol yarışları keçirilsin. Həmin günü böyük ümidlə gözləyirik. 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov

- Azərbaycan futbolunun bugünkü durumu hər kəsi çox narahat edir. Bu durumdan nə vaxt qurtulacağıq? 
 
- Çətin mərhələ artıq geridə qalıb. Çətini o idi ki, ölkədə futbola diqqət yox idi. Bu gün isə çox şey dəyişib. Artıq futbola maraq var. Ölkə başçısı futbol azarkeşidir. Bundan sonra mən də daxil olmaqla məsuliyyətli şəxslər daha artığını düşünməli və etməliyik. Biz cavabdeh şəxslərə tələblərimizi deməliyik. “Sadəcə komanda var, bununla razıyam” - fikri olmalı deyil. Avropa gündə on addım irəli gedir. Biz zatən çox geridəyik. Dediyim kimi biz bölgələrdə futbolu ayağa qaldırmalıyıq. Bölgə insanları mütləq futbolu canlı görməlidirlər. Niyə azarkeşlərimiz bizi, oyunumuzu canlı izləməməlidir? Bölgədə futbolu kütləviləşdirmək lazımdır. Bakıda oturub 7-8 komanda ilə oynamaqla futbolumuz irəli getməyəcək. İldə 1-2 uğurla sadəcə özümüzü aldatmalı olacağıq. Bölgədə futbol yoxdursa, bu gün futbolun durumu yaxşıdır deməli deyilik. Maliyyə dəstəyi, akademiyaları, strukturları yaxşılaşdırmaq lazımdır. Bu təkcə maliyyə ilə olan iş deyil. 

- Bildiyimizə görə, ədalətli insansınız. Ədalətli olmağınız sizə hansı problemləri yaradır? 

- Ədalətli olan insanlar problemli olurlar. Həmişə işimdə ədalətli olmağa çalışmışam. Hamı məni ədalətli saymır. Futbolda elə bir pis vərdişlər var ki, meydana 11 nəfər çıxır və oyunçular nə qədər çox istəsələr də, arxamca danışırlar ki, məni oynatmadı, filankəsdən güclüyəm, ədalətsizdir. Bizim bilmədən ədalətsiz vaxtlarımız olur. Bəlkə mən bunu ədalətli görürəm, amma daha çox müzakirə olunsa, kənardakıların fikirlərini də nəzərə alsam, ədalətsiz qərar vermiş olaram. Özümdən və işimdən hər vaxt razı olmamışam. Dəfələrlə qalib gəldiyimiz matçlarda, çempion olduğumuz dönəmdə özümdən də, futbolçularımdan da narazı qalmışam.

- Bu gün hər kəs "Qarabağ"ın oyunları haqqında sərt tənqidi fikir söyləməkdə azaddır. Bu azadlıq futbolçulara necə təsir edir? 

- İnsandan insana fərq var. Kimsə ona reaksiya verir, kimsə vermir. Azarkeşlərin müsbət və mənfi fikirləri mütləq şəkildə futbola təsir edir. Dünya futbolunda belə bir təcrübə var ki, neqativ fikirlərin çoxu azarkeşdən yox, rəqib komandanın azarkeşlərindən gəlir. Bu fikirləri rəqib komandanın azarkeşləri formalaşdırırlar ki, öz azarkeşlərimiz futbolçularımızdan narazı olsun. Bu futbolun taktiki prinsiplərdən biridir. Biz də rəqibi təhlil edəndə, rəqibin zəif tərəfini axtarırıq, hansı səbəbə görə qalib gələ bilərik. Ən böyük rol baş məşqçinin və rəhbərliyin üzərinə düşür. Futbolçu hiss eləməlidir ki, biz daim onlara güvənirik və inanırıq. Futbolçuların nə əziyyət çəkdiyini məndən çox görən və bilən yoxdur. Ona görə çalışıram ki, həmişə sərt tənqid olanda azarkeşlərin fikirlərinə hörmətlə yanaşsınlar. Bu onların haqqıdır. Onlar bizim qalib gəlməyimizi istəyirlər. Biz düzgün işimizdən əl çəkməli deyilik. Bu gün azarkeş narazı qala bilər, sabah qalib gələcəyik və azarkeş də razı qalacaq. Bizim bacarıqlı futbolçularımız azdı. Ona görə də onların yanında olmalıyıq ki, onlar daha da yaxşı oynayıb, irəli getsinlər. Amma azarkeş təkcə futbolçunun oyununa yox, davranışına da fikir verir. Əgər futbolçularımız oyundan kənar, işdən sonra özünü yaxşı idarə etməsə, lazımsız məkanlarda görünsə, bu, əlbəttə azarkeşlərin də narazılığına səbəb olacaq. Futbolçularıma həmişə demişəm ki, yazılan neqativ fikirlərə reaksiya vermək olmaz. Kim fikir verirsə, onun haqqında daha çox yazırlar. Rəqibin də istədiyi budur... 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov

- Avropa çempionatında Türkiyənin oyunlarından razı qaldınızmı? Qısa olaraq necə şərh edərdiniz? 
 
- Çox üzüldüm. Təbii ki, qardaş Türkiyədən uğurlu nəticə gözləyirdik. Dua edirdik ki, qalib olsunlar. Baş məşqçi Şenol Günəşlə bizim yaxşı münasibətlərimiz var. Həmişə Türkiyə ilə münasibətlərimiz yaxşı olub, özümüzə dayaq bilmişik. Əlimizə düşən fürsətdən istifadə edib dəstəyimizi, sevgimizi göstərdik. Təəssüf ki, alınmadı, amma bir futbolçudan, komandadan çox şey tələb olunursa, gözlənilirsə, orada uğursuzluq daha çox olacaq. Mənə görə, Türkiyənin məğlub olma səbəbi onların həddindən artıq özlərini qalib hesab etmələri mane oldu. Türkiyə və Azərbaycan prezidentlərinin oyunda iştirak edəcəyini hər kəs bilirdi. Hamı da bilirdi ki, bu oyunu mütləq udmaq lazımdır. Qorxduqları nə idi? Məğlub olmaq. Nə qədər çox qalib gəlmək istəsələr də, o qədər də məğlubiyyətdən qorxurdular. Bu cür şəxsiyyətlər oyuna canlı baxırsa onun məsuliyyətini sözlə ifadə etmək mümkün deyil. Mən də o həyəcanı yaşamışam. Onların oyunu uduzmağı həddindən artıq həyəcandan və qorxmalarına görə də ola bilər. Bu cür liderlər stadionda olanda futbolçularda həyəcanlı olur və bu oyunçuların sərbəstliyini aradan qaldırır. Mən məğlubiyyəti bunda görürəm. Bu məğlubiyyət o demək deyil ki, Türkiyə millisi zəif idi. Final mərhələsinə kimi biz onların oyunlarını izləmişdik. Çox da rahat, sərbəst oynadılar, Fransaya qalib gəldilər. Məğlub olmadılar. Həmişə demişəm ki, futbolu, futbolçunu, məşqçini təkcə nəticəyə görə sevməli deyilik. Bu gün Şenol Günəşin Türkiyə futbolunda nə qədər böyük əməyi var. Bu gün o futbolçuların əməyini yerə vurmalı deyilik. Onların hansı komandalarda Türkiyəni təmsil elədiklərini unutmalı deyilik. Xalqı üçün əziyyət çəkən insanlara dəyər verməliyik. Onların bu dəqiqə nə hiss keçirdiklərini anlayıram. Bu gün məğlubiyyət varsa, sabah mütləq qalibiyyət olacaq. 

- İlk məşqçiniz Şaban Şirdanovla maraqlanırsınızmı? Sonuncu dəfə onunla nə vaxt görüşmüsünüz? 
 
- İlk məşqçim Şaban Şirdanovla münasibətim çox yaxşıdır. Sonuncu dəfə 20 gün əvvəl Zaqatalada olanda görüşdük. Şaban müəllimin həyətində tennis masası var, 2-3 gün tennis oynadıq. Ora gedəndə idmanım onunla tennis oynamaq olur. Çox yaxşı tennis oynayır, amma mən daha yaxşıyam (gülür). Hətta son duelimizdə dedi ki, sən keçən dəfə ancaq hücumda yaxşı idin, indi həm də müdafiədə düzgün oynayırsan. Arada telefonla danışırıq. Şaban müəllimin yeri mənim həyatımda ayrıdır, onun xətrini çox istəyirəm, böyük dəyər verirəm. Məni futbolda anlayan, düzgün qəbul edən, çəkdiyim əziyyətə dəqiq dəyər verən ilk insandır. Onunla bəzi söhbətlərimiz olur. Daha çox uğursuzluq olanda mənimlə ünsiyyətdə olur. Bu özü onun böyüklüyünü, işə düzgün yanaşmağını göstərir.

- Düzdür, bir az real deyil. “Qarabağ” və Azərbaycan yığması qarşılaşsaydı, sizcə kim qalib gələrdi? 

- Heç istəmərəm qarşılaşsınlar (gülür). Həmişə milli komanda ilə "Qarabağ"ı bir-birindən ayırmaq istəməmişəm. Bizdə hər klubun öz yeri, hər bir komandanın da öz əziyyəti var. Milli komandanı ölkəni nə qədər təmsil edirsə, “Qarabağ” da o qədər təmsil edirdi. Torpaqlarımız işğal altında olduğu vaxt böyük turnirlərdə “Qarabağ” daha çox oynayırdı. "Qarabağ" deyəndə hamı Azərbaycan deyirdi. "Zirə" - Azərbaycan, "Neftçi" - Azərbaycan deyəndə bir az qəribə səslənir. Amma "Qarabağ" - Azərbaycan deyəndə istər-istəməz kənar şəxslərin, ölkələrin diqqətini cəlb edirdi. Çünki Qarabağ işğal atında idi və işğal olunan da Azərbaycanın ərazisi idi. Hansı komandaya qarşı oynayırdıqsa həmin komandanın rəhbər şəxsləri ilə bizim rəhbər şəxslərimiz şam yeməyimdə həmişə Qarabağ haqqında onlara məlumat verirdi. Deyirdik ki, Qarabağ Azərbaycandır! Futboldur, bəzən şou xarakterli oyun olarsa “Qarabağ”la Azərbaycan yığması qarşılaşa bilər. Belə bir oyun olarsa, bəlkə də mən meydana çıxmaram (gülür). Güclü olan qalib gələcək. 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov

- Dünya ulduzlarından kimləri öz komandanızda görmək istərdiniz? 

- Məsələyə real baxmaq lazımdır. Dünya ulduzlarından kimi komandamda görmək istəsəm, bura gəlməyəcək. Bəlkə 40 yaşında Maykl Essyen “Səbail”ə, Keysuke Honda “Neftçi”yə keçir. Bu, sadəcə reklam xarakterli ola bilər. Biz o klub deyilik ki, bunu etmək istəyək. Dünyada bəzi ulduz futbolçular var ki, onlara dəyər verirəm. Lionel Messi, Kriştiano Ronaldo, Zlatan İbrahimoviç bu yaşda da formalarını qoruyub saxlayırlar. Həmişə futbolçularımıza onları misal göstərirəm. Onlar qol vurmaqdan doymurlar, öz işinin fanatlarıdır. Qalib gəlmək, azarkeşi sevindirmək istəyirlər. Bu xəyalla yaşayırlar. Ona görə də, futboldan uzaqlaşmaq istəmirlər. Ronaldodan da, İbrahimoviçdən də bacarıqlı futbolçular olub. Messini demirəm, ona tam başqa biri kimi yanaşıram. Bəziləri 30 yaşında karyerasını bitiriblər. Deməli, onlarda o peşəkarlıq çatışmayıb. Onların mənim komandamda olmalarını istəmirəm. Əksinə, daha böyük işlərə layiqdirlər.

- Müstəqillik dövrü, 1992-ci ildən bəri, Azərbaycan yığmasının simvolik heyətinin açıqlaya bilərsinizmi? Yəni, bu günə qədər gəlib-keçən 11 ən yaxşı oyunçu kimdir? 

- Bu dəqiqə səsləndirdiyiniz suala hazır deyiləm. Heç vaxt bu haqda düşünməmişəm. Kimləri, hansı oyunçuları hara yerləşdirmək olardı, bilmirəm. 3-4 nəfərin adını çəkə bilərəm, o da az olar.  

- Sosial şəbəkələrin hansından istifadə edirsiniz? 

- Desəm hamı üçün maraqsız olardı (gülür). Heç birindən istifadə etmirəm. 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov

- Müharibə zamanı hamı xəbərləri əsasən sosial şəbəkələrdən izləyirdi. Bəs siz haradan izləyirdiniz? 

- Müharibə zamanı xəbərləri, məlumatları saytlardan, televiziyalarda alırdım. Amma inanın ki, tam səmimi deyirəm, özüm “Facebook” və “İnstagram”a girmirəm. 

- Haqqınızda yazılanları yalnız mediadan izləyirsiniz? 

- Bəli, qarşıma çıxan xəbərləri oxuyuram. Bir də hansısa bir özəl, yaxşı və qeyri-yaxşı nə isə olanda mətbuat xidmətimizə demişəm ki, mənə göstərsin. Haqqımda nə yazılırsa onu masamın üzərinə qoyun kimi bir tapşırığım yoxdur. Düzü xoşlamıram da. Bilirsiniz, mən həmişə bəzi sözləri deməyi çəkinmişəm. Bu kənardan özünü tərifləyən, yaxşı göstərən kimi görünə bilər. Heç vaxt həmvətənlərimə qarşı pis fikirdə olmaq istəməmişəm. Mənim haqqımda kimsə pis nəsə yazıbsa, istər-istəməz o adam haqqında mənfi fikir yaranacaq. İstəməmişəm ki, pis yazanlar haqqında mənfi düşünüm. 

- Futboldan uzaqlaşandan sonra xatirələrinizi yazmağı düşünürsünüz? 

- Belə bir planım yoxdur. Avtobioqrafiyamı hamı yazır, hamı bilir. Sadəcə, futboldan uzaqlaşanda bəlkə başıma gələn maraqlı hadisələri danışmaq, yazmaq olar. Onları indi danışmağım düzgün çıxmaz. 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov

- Sosial şəbəkələrdə xeyli sayda fanatlarınız var. Onlara nə demək istərdiniz?

- Ola bilər, sosial şəbəkələrdə olmamağım onları qəzəbləndirir. İstəyərdilər orada olum. Təəssüf ki, yoxam. Sosial şəbəkə yaranandan sonra insanlar arasında narazılıqlar çoxalıb. Bəzən hansısa fikir bildirməyə ehtiyat edirəm. Ola bilər ki, dediyim sözdən kimsə razı qalsın, kimsə narazı... Digərləri də tamam başqa məna çıxarıb, mənə qarşı istifadə edə bilərlər. Onu deyə bilərəm ki, hamı üçün yaxşı ola bilmərəm. Biri fikirləşər ki, Qurban kiməsə daha çox diqqət ayırır, mənə az vaxt ayırır. Ona görə sosial şəbəkələrdə olmaq istəmirəm. Sosial şəbəkə istifadəçilərinin hər birinə təşəkkür edirəm, hamısına uğurlar arzulayıram. Əlavə bir şey demək istəməzdim. Sonra deyərlər ki, xeyir ola, özün orada yoxsan, amma fikir bildirirsən (gülür...). 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17985
avatar

Nigar Adil

Oxşar yazılar