“Hücumçu qıtlığı var”  - Nadir Nəbiyevdən həyəcan təbili
28 iyul 2021 14:23 (UTC +04:00)

“Hücumçu qıtlığı var” - Nadir Nəbiyevdən həyəcan təbili

“Düzdür, hücumçunun işi qol vurmaqdır. Amma baxaq görək, avrokuboklardakı komandalarımızın ilk oyunlarında nə qədər qol imkanları yarandı ki, ön xətt oyunçuları onlardan yararlana bilmədi?”

Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq hücumçusu Nadir Nəbiyev avrokuboklarda iştirak edən klublarımızın II təsnifat mərhələsinin ilk oyunlarında qol vura bilməmələrinə münasibət bildirərkən deyib.

Hazırda “Turan Tovuz” klubunun icraçı-direktoru vəzifəsində çalışan 41 yaşlı mütəxəssis “dişsizliy”in əsas səbəbkarının forvardlar olmadığını düşünür: “Hər şeyi hücumçunun üstünə atmaq düz çıxmaq. Məsələn, “Sumqayıt” “Çukariçki”yə qarşı Serbiyadakı görüşdə ağıllı oyuna üstünlük verdi, sırf qol buraxmamaq barədə düşündü. Amma Sumqayıtda tam başqa futbol sərgiləyəcək. “Neftçi” “Olimpiakos”la səfər matçında öz qapısına oturmadı, hətta pressinq tətbiq edir, qol vurmağa çalışırdı. “Neftçi” bu oyunla qələbə qazanmalı idi, uduzdu. “Qarabağ” isə bütünlüklə müdafiə olunan “Aşdod” önündə qol vəziyyəti yaratmaqda çətinlik çəkdi. Hansı oyunda hücumçumuzun 3 qol şansı yarandı, yararlana bilmədi? Bəlkə Əli Qurbani imkanları qaçırdı, bəlkə Mirabdulla Abbasov sonradan meydana daxil olub, ötürmələri puç etdi? Sadəcə, ötən həftədəki görüşlərdə klublarımızın qol imkanları kasad oldu”.

Nəbiyev Azərbaycanda son illər hücumçu probleminin olmasından da gileylənib: “Bizim dönəmimizdə futbolçu çox idi. Amma indi millinin baş məşqçisi futbolçu dəvət edəndə çətinlik çəkir. Düşünür ki, kimi çağırım, hücumda kimi oynadım? Bizdə son vaxtlar futbolçu, xüsusən də, hücumçu qıtlığı var. Son bir neçə ilə nəzər yetirək, hansı hücumçumuz yetişib? Klub sayı çoxalmalıdır ki, daha çox futbolçu oynamaq imkanı qazansın. Bizim vaxtımızda hər klubun heyətində milliyə namizəd hücumçular var idi. Hamımızın məqsədi klubdakı rəqabətdən qalib ayrılıb, milliyə düşmək idi. Samir Əliyev, Fərrux İsmayılov, Qurban Qurbanov, Vadim Vasilyev, Kənan Kərimov, Zaur Ramazanov kimi hücumçular çıxış edirdi. Amma indi 8 klubun hansında iki hücumçu var? Futbolçu da arxayındır. Görür, rəqabət yoxdur, deyir ki, onsuz da mən oynayacağam. Məsələn, Namik Ələskərov zədəlidir, düşünürük ki, onu kim əvəz edə bilər? Allah qorusun, sabah Mahir Emreli də zədələnsə, sentyabrdakı matçlarda millidə hücumçu olmayacaq. Bu qıtlığın yaranmaması üçün köklü işlər görülməlidir”.

Qeyd edək ki, Nadir Nəbiyev futbolçu karyerası dönəmində “Turan Tovuz”, “Neftçi”, “Xəzər Lənkəran” və “Standard”ın formasını geyinib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1773
avatar

Oxşar yazılar