Hollandiya millisinin və Avropanın aparıcı klublarının məşhur keçmiş futbolçusu Marko van Basten bu mövsümdə Çempionlar Liqası tituluna əsas namizədlərdən biri haqda danışıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 60 yaşlı "uçan hollandiyalı" Fransa PSJ-sinin finalda oynamağa layiq olduğuna inanır.
"Ayaks"ın və "Milan"ın keçmiş ulduzu Fransa çempionunun Avropa səhnəsində son oyunlarını izlədikdən sonra belə qənaətə gəlib.
"PSJ "Arsenal"ı məğlub etməyə qadirdir, o zaman finalda "Barselona" ilə qarşılaşacaq. Klub 15 ildir ki, sərmayə qoyub və uğura ümid edirdi. "Mançester Siti" buna artıq nail olub, amma parislilər bacarmayıb, bu dəfə uğur qazanacaqlarını düşünürəm. PSJ-nin "Liverpul"la necə oynadığını gördüm. Bu, xüsusi bir şey idi. Ümid edirəm ki, fransızlar eyni ruhda davam edəcəklər. İndi isə Luis Enrinin parlaq futbol oyunu var", - Marko van Basten vurğulayıb.
Fransa klubuna gəlincə, aprelin 10-na keçən gecə onlar 1/4 finalın ilk oyununda evdə İngiltərənin “Aston Villa” klubuna 3:1 hesabı ilə qalib gələrək, bu mövsüm Çempionlar Liqasının yarımfinalına yüksəlmək üçün ciddi imkan əldə ediblər.
Üstəlik, Luis Enrikenin komandası vaxtından əvvəl Fransanın ən yaxşı klubu adını qazanaraq Liqa 1 oyunlarından praktiki olaraq azad edilib.