Zaur Tağızadə: "Neftçi" üçün darıxmışdım” - MÜSAHİBƏ
08 oktyabr 2010 16:44 (UTC +04:00)

Zaur Tağızadə: "Neftçi" üçün darıxmışdım” - MÜSAHİBƏ

- Peşəkar futbolçu karyeranızı bu il başa vurmaq planlarınıza daxil idimi?

- Düzünü deyim ki, planımda yox idi. Ən azı 1-2 il də oynamaq istəyirdim. Lakin axır illər tez-tez zədələnirdim, tam qüvvəmlə oynaya bilmirdim.

- Digər klublardan təkliflər alırdınızmı?

- Bəli. Amma onların heç birini qəbul etmirdim. Çünki karyeramı "Neftçi"də başa vurmaq istəyirdim. Hamıya deyirdim ki, sonuncu klubum "Neftçi" olacaq. Və belə də oldu.

- "Neftçi" rəhbərliyinin sizə məşqçi təklifini necə qarşıladınız?

- Klubun prezidenti Sadıq müəllimə minnətdarlığımı bildirirəm. Məşqçi işini mənə o təklif etdi. Bəzi problemlərim olduğuna görə, rəhbərlikdən fikirləşmək üçün bir qədər möhlət aldım. Düşündükdən sonra öz istəyimlə "Neftçi"yə qayıtdım. Komandaya xeyir vermək istəyirəm.

- Yəqin ki, "Neftçi"yə bağlılığınız da qərarınıza təsir göstərdi?

- "Neftçi" üçün darıxmışdım. Cəmi 5 ay əvvələdək flaqmanın oyunçusu olmağıma baxmayaraq, komandadan kənarda qala bilmirdim. İstər-istəməz hər şey məni "Neftçi"yə tərəf çəkdi. Çünki bu kluba sevgim sonsuzdur.

- Məşqçilik fəaliyyətinə nisbətən aşağıdan - əvəzedici heyətin məşqçisi postundan başlamağınız düşünülmüş addımdır, yoxsa sadəcə, belə alınıb?

- Bəli, bu, düşünülmüş addımdır. Futbol mənim üçün yad sahə deyil. Ancaq bu vaxta qədər məşqçi işləməmişəm. Ona görə də fəaliyyətimə əvəzedici heyətdə başlayıb, təcrübə toplamağı məqsəduyğun saydım.

- Əslində, məşqçi işi çox streslidir, böyük enerji, səbir, diqqət tələb edir. Bu işin məsuliyyətindən ehtiyatlanmırsınız ki?

- Məşqçiliyin məsuliyyətli, çətin iş olduğunu bilirəm. Amma istənilən halda, özümü bu sahədə yoxlayacağam. İnşallah, yəqin ki, nəticə yaxşı olar.

- Artıq "Neftçi"nin görüşlərini kənardan izləyirsiniz. İndiki flaqman sizdə necə təəssürat oyadır?

- Komandanın oyun üslubu olduğu üçün birinci pillədə qərarlaşıb. Əsas odur ki, "Neftçi"nin futbolçuları qol vurmağı bacarırlar. Ötən mövsüm bizdə ən böyük problem hücumun "dişsizliyi" idi.

- "Ağ-qaralar"ın çempionluq şansını necə dəyərləndirirsiniz?

- "Neftçi"nin qızıl medalları qazanmaq şansını yüksək qiymətləndirirəm. Komandaya istedadlı, bacarıqlı futbolçular toplaşıblar. Son 5 ildə 1-ci yeri tuta bilməmişik. Bu mövsüm çempion olmalıyıq.
# 522

Oxşar yazılar