Donadoni: özünü doğrultmayan risk – TƏHLİL
23 aprel 2009 18:30 (UTC +04:00)

Donadoni: özünü doğrultmayan risk – TƏHLİL

Futbolda yeniliyə köklənmiş, inkişaf prosesinə fərqli yön vermək istiqamətində atılan addımlar heç də həmişə özünü doğrultmur. 2006-cı ilin iyulunda İtaliyanın ali futbol qurumu tərəfindən qəbul edilən, Roberto Donadoninin millinin baş məşqçisi postuna təyin edilməsini nəzərdə tutan qərar da yuxarıda qeyd edilən məqsədlərlə bağlı idi, lakin son nəticədə bu riskli addım özünü doğrultmadı.

İstisna versiya

Donadonin “Squadra Azzurra”nın baş məşqçisi sifətindəki işini analiz etməzdən öncə onun təyin olunması ilə bağlı məqamlara diqqət yetirmək lazımdır. Belə ki, Apennində uzun illər ərzində formalaşmış ənənəyə əsasən, yığmaya “allenatore” təyinatı iki prinsip əsasında həyata keçirilir. Birinci vesiyaya uyğun olaraq, “A” Seriyasının top-klublarında nailiyyətlər əldə etmiş şəxslərə etimad göstərilir. Marçello Lippi, Arriqo Sakki, Ciovanni Trappatoni və digərlərinin təyinatı məhz haqqında danışılan prinsip əsasında həyata keçirilmişdi. Digər tərəfdən, məşqçi seçimində yığma komandanın müxtəlif yaş qrupları üzrə fəaliyyət göstərmiş və sözügedən istiqamətdə xidmətləri olanlara da üstünlük verilir. Bu baxımdan Ançello Viçini və Çezare Maldini kimi taktikləri göstərmək olar. Sözügedən təyin olunma prinsipinin üstünlüyü ondan ibarətdir ki, bu qəbildən olan “allenatore”lər “Azzurra”dakı mövcud durumu gözəl bilir, gənc oyunçularla iş praktikaları olduğundan onların əsas yığmaya tranfromasiyasını asanlıqla həyata keçirirlər. İtaliya Futbol Federasiyası Roberto Donadoninin ölkənin birinci komandasına rəhbərlik etməsi barədə qərar verərkən yuxarıda qeyd edilən və prinsipcə müəyyən istisnaları nəzərə almasaq, özünü doğruldan istiqamətlərə yox, tamamilə yeni və riskli versiyaya üstünlük vermişdi. “Squadra”nın eks-məşqçisi yığmaya qədər nə top-klublarda işləmiş, nə də “Azzurrini”
(İtaliyanın gənclərdən ibarət millisi) ilə iş təcrübəsi əldə etmişdi. O zaman məşqçi lisenziyasını yeni alan Donadoninin bir il altı aylıq “Livorno” praktikasını nəzərə almasaq, onu tamamilə təcrübəsiz hesab etmək olardı. Belə şəraitdə məşqçidən çox federasiya rəsmilərinin günahkar olması qənaəti formalaşır. Hər halda, İtaliyanın taleyinin perspektivli, lakin özünü sübut etməmiş şəxsə həvalə edilməsi ilə bağlı qərarın müəllifi ali futbol qurumu idi. Donadoni isə sadəcə, cəsarətli addım ataraq, taleyin ona ünvanlandırdığı “çağırışı” müsbət cavablandırmışdı.

Xarizmanın yoxluğu

İtaliya ictimaiyyətində formalaşmış ümumi qənaətə görə, sinyor Donadoninin öz missiyasını layiqincə həyata keçirməməsini şərtləndirən amillərdən biri onun xarizmatik olmaması ilə bağlıdır. Əslində qeyd edilən keyfiyyətin bu və ya digər şəxsdə möcvudluğu ilə bağlı konkret fikir söyləmək çətindir. Hər halda, indiki şəraitdə bu istiqamətdə stereotiplərə əsaslanaraq, münasibət ifadə etmək daha məntiqli görünür. Donadonidə xarizma yoxluğu ilk növbədə, onun oyunçular üzərində avtoritetini təsdiqləməməsi, yığmanın məqsədləri naminə bütün layiqliləri kollektivə cəlb etmək üçün gərəkli nüfuza sahib olmaması və digər məqamlarda ifadə olundu. Lippidən fərqli olaraq, Roberto vahid ideyaya istiqamətlənmiş komanda yarada bilmədi. Digər tərəfdən, italyan mediasının iddiasına əsasən, Nesta və Tottinin yığmadan kənarda qalmasının arxasında da sinyor Donadoninin “ulduz”larla işləmək bacarığının aşağı səviyyədə olması amili dayanırdı. Çesko ilə bağlı mətbuatın səsləndirdiyi versiya prinsipcə özünü doğrultdu. Belə ki, 2007-ci ilin yayında yığmadan gedişini texniki deyil, fiziki səbəblərlə izah edən “Roma” kapitanının Lippinin qayıtmasından sonra yenidən millidə çıxış etmək niyyətini müxtəlif formalarda ifadə etməsi problemin kvintessensiyasının məşqçi faktoruna dayandığını sübut etdi. Tottidən fərqli, “Squadra Azzurra”ya geri dönməyəcəyini bildirən Nesta ilə əlaqədar Donadoninin təqnid edilməsi isə özünü doğrultmadı.

Uğursuz islahatçı

Mahiyyət etibarı ilə refarmator ruhlu, “Squadra Azzurra”nın yeni formatını cızmağa niyyətli Donadoninin məşqçi kimi özünəməxsus ideyası mövcud idi. Roberto millidəki praktika əsası Lippi tərəfindən qoyulan 4-3-2-1 ( və ya 4-3-3) taktiki düzülüşünün hücumameyilli versiyasının hazırlanması və sistemə gənclərin transformasiyasının reallaşdırılmasında müəyyən addımlar atsa da, tələb olunan keyfiyyətlərin onda lazımı səviyyədə olmaması gənc məşqçinin evolsyusiya ruhlu islahatlarının uğursuzluğuna səbəb oldu.

Fortuna amili

Donadoninin “Azzurra”dakı fəaliyyətinin uğursuz şəkildə sonuclanmasında bəxt amili də az rol oynamadı. EURO-2008 öncəsi və onun gedişində baş verənlərə diqqət yetirək: Niderlandla oyun ərəfəsində komandanın kapitanı və lideri Fabio Kannavaro zədə alır və nəticədə start matçında arxa xəttin bel sütununun yoxluğunda italyan müdafiəsi “çat vedi”. Qrup mərhələsinin sonrakı qarşıdurmalarında mərkəz müdafiəçilərinin yeni cütlüyünü yaratmağa nail olan Donadoni “play-off”da başqa problemlə üzləşir. Pirlo və Qatuzzonun sarı vərəqə limitini aşması nəticəsində Roberto orta xətdə komandanın əsas oyunqurucusu və dağıdıcısının yoxluğunda istədiyi taktiki gedişləri reallaşdıra bilmir. Yekunda müdafiənin səhvsiz oyunu sayəsində qapısının toxunulmazlığını qoruyan apenninlilər “penalti seriyası”nda İspaniya yığmasına məğlub olurlar. Lotoreya yarışından qalib çıxdığı təqdirdə Donadoninin komandası Rusiya və Almaniyanı məğlub edərək, qitə çempionatının qızıl medallarını əldə edəcəkdi. Hər halda, “Squadra Azzurra”nın 2008-ci il versiyasının potensialı sözügedən məqsədə nail olmağa kifayət edirdi. Əgər hadisələr yixarıda ifadə olunan axarla getsəydi, Donadoninin təyinatını özünü doğrultmayan addım, onun özünü isə uğursuz islahatçı adlandırmayacaqdıq. Başqa tərəfdən, futbolun yazılmamış qanunlarından birinə əsasən, güclülərin bəxtinin gətirdiyini nəzərə alsaq, belə nəticə çıxarmaq olar ki, Roberto milli ilə işlədiyi dönəmdə fortuna ilə dostluq etmək üçün yetərli səviyyəyə çatmamışdı.

Təcrübəsizlik

Sadalananlardan Donadoninin baş məşqçi kimi istedadlı və ümidverən olması fikri yaransa da, onun İtaliya kimi böyük futbol ölkəsinin birinci rəhbərlik edəcək qədər yetişkən olmaması aydın olur. Etiraf etmək lazımdır ki, Lippi, Sakki kimi taktika dühaları da karyeralarının erkən çağlarında belə ağır missiyanın öhdəsindən gəlməkdə çətinlik çəkərdilər. Bu baxımdan böyük komandalarla işləməyin psixoloji əsaslarını dərindən bilməyən Donadoninin təcrübəsizliyi onun fiaskosunu şərtləndirən birinci dərəcəli amillərdən oldu. Kim bilir, bəlkə müəyyən müddətdən sonra sözügedən istiqamətdə böyük yüksəlişə nail olan Roberto üçün bir daha yığmada işləmək şansı yaranacaq və həmin halda o, “Azzurra”nı yeni zirvələrə doğru aparacaq. Böyük məşqçilərə xas bir çox bir atributların ilkin elementləri qəhrəmanımızda müşahidə olunmaqdadı və münasib şərait yetişsə, o, çox şey edə bilər. Hal hazırda “Napoli”də çalışan Roberto ciddi nailiyyətlər əldə etməsə də, məşqçi fikrinin konseptuallığı kontekstində “A” Seriyasının bir çox taktiklərini üstələyir. Ən azı buna görə onun perspektivlərinə optimist tərzdə baxmaq olar.

İkili yanaşma və nisbilik

Donadonini İtaliya tarixinin ən uğursuz “allenatore”si adlandırmaq da ədalətsizlik olardı.Hər halda, nüfuzu və təcrübəsi şübhə doğurmayan Trappatoni ilə müqayisədə o, “Squadra” ilə nisbi də olsa normal nəticə əldə etmişdi. Lakin gərəkli avtoritetə sahib olmaması və digər amillər federasiyanın Donadonini İspaniya məğlubiyyəti nəticəsində vəzifəsindən uzaqlaşdırmasına səbəb oldu. Müqayisəli təhlil üçün Ciovanni Trappatoninin Cənubi Koreya biabırçılığı sonrası səsləndirdiyi fikirlərə diqqət yetirək: “Mənim getməyimi istəyirlər, onlara sevinməyə imkan verməyəcəm. Mən qalıram və İtaliyaya yeni uğurlar qazandırmaq yolunda işimi davam etdirəcəm”. O zaman ölkənin ali futbol qurumunun faciəvi fiaskoya düçar olmuş Trapı vəzifəsindən uzaqlaşdırmağa cürəti çatmadı. Böyük iddiaları ilə öyünməyən gənc məşqçiyə münasibətdə isə fərqli mövqe nümayiş etdirildi. 2002-ci ildə federasiyaya başqa şəxslərin rəhbərlik etməsi faktı isə məsələnin mahiyyətini dəyişmir. Odur ki, hər şey nisbidir, Donadoninin “Squadra Azzurra”nın baş məşqçisi qismində həyata keçirdiyi iki illik fəaliyyətə dövrünə verilən qiymətin özü də...

Orxan Amaşov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1706

Oxşar yazılar