“Qalatasaray”ın əfsanəvi kapitanı: “Bakı çox gözəlləşib!”
20 fevral 2009 18:15 (UTC +04:00)

“Qalatasaray”ın əfsanəvi kapitanı: “Bakı çox gözəlləşib!”

“Bakı məni yaxşı mənada təəccübləndirdi. Ay aman, paytaxtınız əvvəlki ilə müqayisədə necə də gözəlləşib”.

Bunu apasport.az saytına eksklüziv açıqlamasında “Qalatasaray” klubunun əfsanəvi kapitanı Bülənt Korkmaz deyib. UEFA kubokunun qalibi, Türkiyə yığmasının heyətində dünya çempionatı və Konfederasiyalar Kubokunun bürünc mükafatçısı olan 41 yaşlı veteran müdafiəçi az öncə ölkəmizə gəlib. Bakıya ilk dəfə milli komandasının heyətində 2000-ci oktyabrında gələn Bülənt fərqli mənzərənin şahidi olduğunu deyir:

“Paytaxtınız çox dəyişib, indi çox gözəldir. Yeni tikililər göz oxşayır. Hələ mən Bakıya axşam saatlarında düşmüşəm, yəni hər tərəf qaranlıqdır. Ancaq bununla belə, şəhərinizin mənzərəsi məni məftun etdi. Təsəvvür et ki, gündüz saatlarında Bakı necə görünür. İndi oteldəyəm, istirahət edəcəyəm. Sabah isə tədbirdə iştirak etməklə yanaşı, paytaxtınızın görməli yerlərini mütləq gəzəcəyəm”.

Sabah həm də Tofiq Bəhramov adına Respublika stadionuna yollanmağı planlaşdıran Korkmaz “Bakı” – “Neftçi” oyununu izləyəcək: “Azərbaycan Premyer Liqasının matçını izləmək mənim üçün maraqlı olacaq. Özü də iki güclü klubun iştirakı ilə derbi matçı. Bildiyimə görə, “Bakı” hazırda turnir cədvəlində 2-ci, “Neftçi” isə 9-cu yerdədir. Bu klublarda həmyerlilərim olduğu üçün hər ikisinə də azarkeşlik edəcəyəm. “Neftçi”də çıxış edən Suat Usta ilə Əli Cansun tələbələrimdir. Məni bura dəvət edən “Bakı”nın vitse-prezidenti Tunc Afşar da dostumdur. Rəğbət baxımından kiməsə fərq qoymaq mənim üçün çətindir. Baxımlı oyuna azarkeşlik edəcəyəm. Kim güclüdürsə, o da qalib gəlsin”.

Qeyd edək ki, Bülənt 8 il öncə Respublika stadionunda milli komandamızı 1:0 hesabı ilə məğlub etdikləri rəsmi oyunda yığmasının heyətində olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1408

Oxşar yazılar