Raul 15,5 il öncə debüt etdiyi stadionda sıradan çıxdı
26 aprel 2010 10:30 (UTC +04:00)

Raul 15,5 il öncə debüt etdiyi stadionda sıradan çıxdı

Futbol üzrə İspaniya çempionatının 34-cü turunda “Saraqosa” ilə oyun “Real” klubunun əfsanəsi Raul Qonsales üçün bu mövsüm sonuncu olub. Lent.az-ın “kral klubu”nun rəsmi saytına istinadən verdiyi məlumata görə, Raul dizindən ağır zədələnərək mövsümün sonunadək sıradan çıxıb.

Lakin bundan öncə o, vurduğu qol sayəsində komandasının tarixi ərzində ən yaxşı bombardirinə çevrilib. Raul 228-ci qolu sayəsində klubun daha bir əfsanəsi Alfredo di Stefanonu geridə qoyub. İndi 33 yaşlı forvard İspaniya çempionatları tarixində 3-cü, “Real”ın isə ən güclü bombardiridir.

Raul matça ehtiyat oyunçular skamyasından başlasa da, ilk yarıdaca xəsarət almış Rafael van der Vartın əvəzinə meydançaya daxil olub. 50-ci dəqiqədə Kriştianu Ronaldunun ötürməsindən sonra o, qol vurarkən zədələnib və dərhal komanda yoldaşlarının qolları arasında meydançanı tərk edib. Raulu tribunadakı minlərlə azarkeş alqışlarla yola salıb. Görüş isə “Real”ın 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, Raul Qonsalesin debütü 29 oktyabr 1994-cü ildə məhz Saraqosadakı stadionda baş tutub. Həmin vaxt onun 17 yaşı olub.
# 498

Oxşar yazılar