Sərxoş və məşqlərə gecikən boksçular yığmamızdan qovuldu - EKSKLÜZİV
05 aprel 2010 11:00 (UTC +04:00)

Sərxoş və məşqlərə gecikən boksçular yığmamızdan qovuldu - EKSKLÜZİV

Ağacan Abiyev: “Qərar qətidir, komanda daxilində intizamı pozanlar bağışlanmayacaq”



Boks üzrə 2005-ci il dünya çempionatının gümüş mükafatçısı Elçin Əlizadə və 2007-ci il dünya çempionatının bürünc mükafatçısı Samir Məmmədov Azərbaycan milli komandasından qovulublar.


Yığmamızın məşqçilər korpusundan Lent.az-a verilən məlumata görə, hər 2 boksçu nizam-intizamı pozduğu üçün kubalı məşqçilər Xesus Yu Polier və Lazaro Ximenes Martinesin qəzəbinə tuş gəlib.


2008-ci il Pekin Yay Olimpiya Oyunlarında da çıxış etmiş Məmmədov millimiz “Sərhədçi” İdman Olimpiya Mərkəzində təlim-məşq toplantısında olduğu vaxt gecə saatlarında otelə içkili halda qayıdıb. O, otelin videokameraları tərəfindən qeydə alınıb.


Əlizadə isə məşqlərə gecikdiyi və tapşırıqlara əməl etmədiyi üçün kubalı mütəxəssislərin səbir kasasını daşırıb. Nəticədə hər 2 boksçunun məsələsi Azərbaycan Boks Federasiyasının (ABF) rəhbərliyi qarşısında qaldırılıb. ABF-nin I vitse-prezidenti Ağacan Abiyev isə məşqçilərin raportu əsasında Məmmədov və Əlizadənin yığmadan qovulmasına qərar verib.


Məlumatı Lent.az-a açıqlamasında Abiyevin özü də təsdiqləyib. Federasiya rəsmisi qərarın qəti olduğunu və bundan sonra da komanda daxilində intizamı pozanların bağışlanmayacağını vurğulayıb.


Qeyd edək ki, 22 yaşlı Samir Məmmədov 51 kq, 24 yaşlı Elçin Əlizadə isə 91 kq çəki dərəcəsində mübarizə aparıb.

Elşən Məmmədov
# 725

Oxşar yazılar