Avropa Liqasının mənasız oyunu təxirə salındı
07 dekabr 2012 11:18 (UTC +04:00)

Avropa Liqasının mənasız oyunu təxirə salındı

Futbol üzrə Avropa Liqasında Portuqaliyanın “Sportinq” və Macarıstanın “Videoton” komandaları arasında dekabrın 6-da keçirilməli olan VI turun oyunu təxirə salınıb. Lent.az-ın məlumatına görə, Lissabon şəhərində keçirilməli olan matça bir neçə saat qalmış “Joze Alvalade” stadionunu leysan nəticəsində su basıb.

Nəticədə meydanın ot örtüyü oyun üçün əlverişsiz vəziyyətə düşüb. Top otlara ilişib və demək olar ki, hərəkət etməyib. Hakimlər briqadası oyunu qeyri-müəyyən müddətə təxirə salıb. Lakin sonradan görüşün bir gün sonra keçirilməsi qərara alınıb.

Qeyd edək ki, “Videoton” son tur öncəsi 1/16 finala vəsiqə qazanmağa yaxın olub. Bunun üçün Macarıstan klubuna “Sportinq”i yenmək və İsveçrə “Bazel”inin Belçika “Genk”i ilə görüşdə qələbəsinə ümid etmək lazım idi. Lakin “Bazel” – “Genk” matçında hesab açılmayıb. Bu isə İsveçrə təmsilçisinə qrup ikincisi kimi çıxmaq imkanı verib. Birinci yer isə Belçika komandasına qismət olub. “Videoton” 5 turdan sonra 6 xalla 3-cü pillədə qərarlaşıb. Lakin “Bazel” Macarıstan komandasını əlavə göstəricilərdə üstələyir. “Sportinq” isə cəmi 2 xal yığıb. Bu isə o deməkdir ki, təxirə salınan matçın nəticəsi turnir cədvəlində heç nəyi dəyişməyəcək.
# 928

Oxşar yazılar