“Barselona” şokda: Messi zədələndi - FOTO
06 dekabr 2012 10:50 (UTC +04:00)

“Barselona” şokda: Messi zədələndi - FOTO

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi zədələnib. Lent.az-ın məlumatına görə, argentinalı hücumçu Portuqaliya “Benfika”sı ilə Çempionlar Liqasının VI tur matçının sonlarında xəsarət alıb.

O, 84-cü dəqiqədə rəqib qapıçı Atur Moraeşi keçməyə çalışarkən, yerə sərilib. Futbolçu meydanı yalnız elektromobillə tərk edə bilib. İlkin tibbi müayinə nəticəsində Messinin sol dizində əzik aşkarlanıb. Zədənin ciddilik dərəcəsinə və bərpa müddətinə rentgen əməliyyatından sonra aydınlıq gələcək. İlkin ehtimallara görə, onun zədəsi ciddi deyil və forvard bir neçə gündən sonra yaşıl meydanlara dönə biləcək.

Qeyd edək ki, bu görüşdə Lionel Messi təqvim ilində vurulan qol sayında almaniyalı Herd Müllerə məxsus rekordu keçə bilərdi. Müller Almaniya yığması və “Bavariya”nın heyətində 1972-ci ildə 85 qola imza atıb. Messinin hesabında isə hazırda 84 top var. O, “Benfika” ilə görüşə ehtiyat oyunçular skamyasında başlayıb. 58-ci dəqiqədə oyuna girən futbolçu “Benfika”nın qapıçısı ilə təkbətək qaldığı epizodda hesabı aça bilməyib. Artur Moraeş topu son anda ələ keçirib. Messinin meydanı tərk etməsindən sonra “Barselona” oyunu 10 futbolçu ilə başa vurmalı olub. Çünki həmin vaxtadək Kataloniya komandası hər 3 əvəzetmə imkanında yararlanıb.
Sonuncu dəfə Messi 2008-ci ilin martında zədələnib.
# 2414

Oxşar yazılar