“Rəvan”ın oyunçusundan 50-ci qol
02 noyabr 2012 14:54 (UTC +04:00)

“Rəvan”ın oyunçusundan 50-ci qol

Lent.az-ın məlumatına görə, serbiyalı hücumçunun “Turan”la səfər oyununun 76-cı dəqiqəsindəki qolu klubunun Premyer Liqa tarixində rəqib qapısından keçirdiyi 50-ci top olub.

Yubiley qolunun müəllifi bundan cəmi 4 dəqiqə sonra komandasının 51-ci qolunu da vurub. Premyer Liqada 2-ci mövsümünü keçirən paytaxt komandası 50 qol həddinə 43-cü matçda çatıb. Bu isə komandanın iki mövsümdə orta məhsuldarlığının 1,19-a bərabər olduğunu göstərir.

Cari mövsümdə 12 dəfə rəqib qapılarına yol tapan “Rəvan”ın Premyer Liqadakı ilk qolu isə ötən il avqustun 6-da vurulub. Həmin gün “Kəpəz”lə Gəncədəki oyunun 37-ci dəqiqəsində Con Pelu tarixi qola imza atıb. “Rəvan”ın Premyer Liqada qarşılaşıb qol vurmadığı komanda yoxdur. AZAL və “Kəpəz” daha çox - 9, “Turan” isə 8 dəfə məyus edilib.

“Rəvan”ın Premyer Liqadakı bütün qollarını 16 futbolçu vurub. Onlardan başqa daha 1 top avtoqol hesabına qeydə alınıb. “Turan”la matçda dubla imza atan 27 yaşlı forvard ötən turdakı dublu hesabına klubun Premyer Liqada ən yaxşı bombardiri olub. Hazırda Vidakoviçin hesabında 7 qol var.

Qeyd edək ki, “Turan” – “Rəvan” matçında qalib müəyyənləşməyib – 2:2.
# 1013

Oxşar yazılar