Soyuq Kazanda - REPORTAJ
24 oktyabr 2012 06:10 (UTC +04:00)

Soyuq Kazanda - REPORTAJ

“Neftçi” klubunun futbol üzrə Avropa Liqasında Rusiyanın “Rubin” komandası ilə oktyabrın 25-də keçirəcəyi oyunu işıqlandırmaq üçün Heydər Əliyev Hava Limanından ayrılırdıq. Matça ezam olunan 15 jurnalist arasında Lent.az-ın əməkdaşı da vardı. Bakıdakı oktyabr ayı üçün xarakterik olmayan istiləri tərk edərək, Kazana yollanırdıq. Hava limanına hətta qısaqol köynəklə də gəlmişdilər...

Böyükağa Hacıyev Kurban Berdıyevi futbolçu olduğu vaxtdan tanıyır

“Neftçi” klubunun üzvləri isə üzərində klubun emblemi olan kostyumlarla hamıdan seçilirdilər. Baş məşqçi Böyükağa Hacıyev, həmişəki kimi şən əhval-ruhiyyədə idi. Qeydiyyatdan keçənədək vaxt tapıb ayaqüstü söhbətə vaxt ayırdı. Hələ İtaliya “İnter”i ilə ötən turdan indiyədək müzakirə olunan “Neftçi”nin heyəti ilə bağlı qaranlıq qalan bəzi məsələləri onunla aydınlaşdırdıq. Amma əvvəlcə o, “Rubin”in baş məşqçisi Kurban Berdıyevlə tanışlıq tarixindən danışdı. Berdıyevi hələ Türkmənistanın “Kolxozçu” komandasında oynadığı vaxtdan tanıdığını dedi. Hacıyev həmin vaxt Naxçıvan “Araz”ının heyətində hazırkı rəqib həmkarına qarşı dəfələrlə forma geyindiyini də diqqətə çatdırdı. O, oktyabrın 25-də müsəlman baş məşqçilərin mücadiləsinin olacağını vurğulayaraq, bunu tarixi hadisə adlandırdı.

“Neftçi”nin start heyətinə aydınlıq gəldi

Söhbət zamanı həm də flaqmanın “Rubin” qarşısına hansı heyətlə çıxacağı böyük ölçüdə məlum oldu. Əslində İtaliya “İnter”i ilə əvvəlki oyuna nəzərən “Neftçi”nin heyətində ciddi dəyişiklik edilməyəcək. Yenə Cavid İmamverdiyev zədəli olduğu üçün oynamayacaq. Amma onu bu dəfə də Kamil Nurəhmədovun əvəzləyəcəyi ehtimalı çox azdır. Düzdür, Hacıyev yenə Nurəhmədovun rəqib müdafiəsini gərginlikdə saxlama xüsusiyyətinə malik olduğunu iddia edir. Amma yeganə mərkəz hücumçusu Nikolas Kanalesin arxasında ilk dəqiqələrdən Mirhüseyn Seyidovun oynama ehtimalı böyükdür. Əslində Flavinyonu sol cinahdan bu mövqeyə də keçirmək, əvəzində Araz Abdullayevi elə ilk dəqiqələrdən buraxaraq, cinahda oynatmaq da mümkündür. Amma baş məşqçi bu variantı mümkünsüz saydı. Dedi ki, Flavinyo solda daha yaxşı təsir bağışlayır. Kanalesə dəstək verməli olan futbolçulardan isə heç biri 90 dəqiqə oynamaq iqtidarında deyil. Mərkəz müdafiəçisi mövqeyində isə İqor Mitreskinin yanında Tərlan Quliyevin oynama ehtimalı daha böyükdür. “İnter”lə görüşdə bu mövqedə çıxış etmiş Elvin Yunuszadə etimadı doğrulda bilməyib. Bu səbəbdən, son oyunlarda Tərlan Quliyev oynamağa başlayıb. “Rubin”lə görüşdə də Quliyevin start heyətində yer alacağı şübhə doğurmur. Beləliklə, qapıda Saşa Stamenkoviç, müdafiənin cinahlarında Bruno Bertuççi və Mahir Şükürov, mərkəzində İqor Mitreski və Tərlan Quliyev, dayaq yarımmüdafiəçiləri qismində Erik Ramos və kapitan Rəşad Sadiqov, orta xəttin cinahlarında Flavinyo ilə Culius Vobay yer alacaq. Yeganə hücumçu Nikolas Kanalesə Mirhüseyn Seyidov dəstək olacaq. Hacıyev oyun taktikasını da açıqladı. Bildirdi ki, yenə açıq və hücum futbolu sərgiləyəcəklər.

“Yüksək”dən uçuş

Çarter reysli təyyarədə Kazana komanda ilə birgə uçurduq. Təyyarədə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun köməkçisi Nazim Süleymanov və Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov da yer almışdı. Futbolçulardan bir-biri ilə söhbət edənlər də vardı, qulaqcıqla mahnı dinləyənlər də. Jurnalistlər üçün onlarla müsahibə almaq da problem deyildi. Bu baxımdan, “Neftçi”nin məhz “Rubin”dən aldığı Bahodir Nasimovun fikirləri maraqlı olardı. Nasimov zədə üzündən sabahkı oyunu buraxacaq. Lakin o, hazırkı komandasına dəstək olmaq üçün Kazana yollanmağı məqsədəuyğun saymışdı. Söhbət zamanı Nasimov “Rubin”in zəif cəhətlərini dedi, “Neftçi”nin nəyin hesabına Kazandan uğurlu nəticə ilə dönə biləcəyini açıqladı. Son zamanlar qol vurmağa başlayan Kanalesə gəldikdə, belə məlum oldu ki, özbəkistanlı hücumçu ona “ağ-qaralar”ın heyətində çıxış etməyə başladığı günlərdən dəstək olub. Artıq Kanales son oyunlarda müntəzəm qol vurur və bu da Nasimovu əsas heyətə dönməkdə çətinliklə üzləşəcəyini düşünməyə vadar etmir, əksinə, sevindirir. Ümumiyyətlə, 3 saatadək davam edən səfər ərzində “Neftçi” kollektivində yüksək əhval-ruhiyyənin şahidi olduq. Elə jurnalistlər də onlardan geri qalmırdı. Belə bir ab-havada 3 saatlıq yolun necə qət olunduğunu hiss etmədik.

Soyuq qarşılanma

Kazanda isə gözlənildiyi kimi, şaxtalı hava ilə üzləşdik. Xeyr, çöldə nə qar yağırdı, nə də soyuq külək əsirdi. Sadəcə, temperatur sıfır dərəcə həddində idi. Bakının istisindən gəlib soyuq havaya tezliklə alışmaq elə də asan deyildi. Amma pasport nəzarətindən keçməyə başladığımız vaxtdan bizi haqlamağa başlayan soyuq çöldə gözləyən avtobusa minənədək davam etdi. Bəli, çöldə “Neftçi”ni rusiyalı jurnalistlər yox, minik vasitələri gözləyirdi. Heç avtobusları müşayiət edərək tıxaclı yollardan otelə ləngimədən çatdırmaq üçün yol polisinə məxsus avtomobillər də yox idi. Bu arada hətta komanda üzvlərinin pasport yoxlanışının uzun çəkməsi “Neftçi” rəhbərliyinin etirazına səbəb olmaya bilməzdi. Soyuq havada soyuq qarşılanmaya rəğmən, problem olmadan avtobusa, oradan da 5 ulduzlu “Miraj” otelinə yetişə bildik.

Divarlarda oyun nişanı yoxdur

Otel matçın keçiriləcəyi Mərkəzi stadionla üzbəüzdədir. Bura elə Kazanın da mərkəzi hissəsindədir. Axşam naharından sonra şəhərlə tanışlıq imkanını əldən vermədik. Bu zaman rusca və tatarca yazılar arasında “Rubin” – “Neftçi” matçı ilə bağlı afişaya rast gəlmədik. Elə sakinlər arasında da bir futbol əhval-ruhiyyəsi hiss etmədik. Əvəzində çoxlu sayda yıxıq-sökük binalar gördük. Oktyabrın 24-də Mərkəzi stadionda “Neftçi” ilk 15 dəqiqəsi açıq olan məşqə çıxacaq. Sonra da Kurban Berdıyevlə Böyükağa Hacıyev mətbuat konfransı keçirəcəklər. Qarşılamağa gəlməsələr də, Rusiyanın “NTV+Futbol” telekanalının “Futbol klubu” verilişi flaqmanın baş məşqçisi ilə futbolçuları İqor Mitreski və Bahodir Nasimovdan müsahibə götürmək niyyətindədir. Mitreski vaxtilə Rusiya çempionatında Moskva “Spartak”ının heyətində çıxış edib. Görünür, bu məqam rusiyalı həmkarlarımızın diqqətini makedoniyalı müdafiəçiyə yönəltməsinə səbəb olub. Oyun isə oktyabrın 25-də yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00-da) başlanacaq.

Elşən MƏMMƏDOV
# 1284

Oxşar yazılar

La Liqa klubları "Liverpul"un oyunçusunu almaq üçün yarışa başladı

La Liqa klubları "Liverpul"un oyunçusunu almaq üçün yarışa başladı

18 may 2024 , 15:38
"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

18 may 2024 , 12:57
Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

18 may 2024 , 09:57
“Yuventus” baş məşqçisini qovdu

“Yuventus” baş məşqçisini qovdu

18 may 2024 , 07:13
Şahruddinin komandası xalsız qaldı

Şahruddinin komandası xalsız qaldı

18 may 2024 , 02:17
14 yaşında Maradonanın rekordunu qırdı

14 yaşında Maradonanın rekordunu qırdı

18 may 2024 , 00:23
Tomas Tuxel "Bavariya"da  bu şərtlərlə   qala bilər

Tomas Tuxel "Bavariya"da bu şərtlərlə qala bilər

17 may 2024 , 19:49
Van Persi  baş məşqçi   oldu

Van Persi baş məşqçi oldu

17 may 2024 , 15:25