Mahir Şükürov: “İndiki “Rubin” 2 il öncəkindən güclüdür” - MÜSAHİBƏ
24 oktyabr 2012 00:11 (UTC +04:00)

Mahir Şükürov: “İndiki “Rubin” 2 il öncəkindən güclüdür” - MÜSAHİBƏ

“Neftçi” klubunun və Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov Rusiya “Rubin”i ilə səfər oyunu öncəsi Kazana ezam olunan jurnalistlərə müsahibə verib. Şükürov Lent.az-ın da suallarını cavablandırıb.

- Oktyabrın 25-də “Rubin”lə keçirəcəyiniz oyundan nə gözləyirsiniz?

- Bilirik ki, zəif komandaya qarşı oynamayacağıq. “Rubin”in güclü heyəti var. Ardıcıl iki mövsüm Çempionlar Liqasının qrup mərhələsində oynayıblar. Bu il isə komanda Avropa Liqasının qrup mərhələsinə düşüb. Bu mənada onların təcrübəsi bizdən çoxdur. Lakin buna baxmayaraq, Kazana 3 xal dalınca gəlmişik. Bizim komandanın da güclü heyəti var. İnşallah, istəyimizə çatarıq. Futbolda hər cür nəticə mümkündür. Lakin məqsədimiz odur ki, Rusiyadan qələbə ilə qayıdaq.

- “İnter” qrupumuzun aşkar favoritidir. 2-ci yer uğrunda mübarizə 3 komanda arasında gedəcək. “Rubin” və “Partizan”la ardıcıl evdə oynayacağımızı nəzərə alsaq, Kazanda 1 xal da münasib sayıla bilərmi?

- Bəli. “Rubin”lə səfər oyunundan xalla qayıtsaq, yaxşı şansımız olacaq. Çünki sonradan ardıcıl 2 ev oyununa çıxacağıq. Bu mənada Kazanda heç-heçə etsək, Bakıdakı matçlarda “Rubin”lə “Partizan”a qalib gələrək, xal ehtiyatımızı xeyli artıra biləcəyik. Ona görə də Rusiyadan xalla qayıtsaq, bu, bizim üstünlüyümüz olacaq.

- Kazanda havalar çox soyuqdur. Belə hava şəraiti uğurlu nəticə qazanmağınıza mane ola bilərmi?

- Bundan az öncə millimizin heyətində Rusiya yığmasına qarşı oynadım. Həmin vaxt Moskvada havanın temperaturu mənfi 8-10 dərəcə idi. Ancaq elə də soyuq deyildi. Əsl futbol havası idi. Buna görə də problemin yaranmayacağını düşünürəm. Düzdür, ola bilər ki, cənubi amerikalı futbolçularımız belə hava şəraitinə öyrəşməsinlər. Ancaq buna görə də oktyabrın 23-dən Kazana gedirik ki, yerli hava şəraitinə uyğunlaşaq və orada oynamağımız asan olsun.

- Siz Rusiyada oynamısınız və şimal qonşularımızın bundan xəbəri var. Bu mənada Rusiyadan Sizinlə əlaqə saxlayan olub?

- Mənə Rusiya yığması ilə oyun öncəsi oradan jurnalist zəng etmişdi və bu matç haqda danışdıq. Ancaq yığmanın oyunundan sonra Rusiyadan əlaqə saxlayan olmayıb.

- Siz “Anji”də çıxış etdiyiniz vaxt “Rubin”ə qarşı oynamısınız. Həmin “Rubin”lə indiki arasında hansı fərqi görürsünüz?

- Rusiya komandaları fiziki cəhətdən çox güclü olurlar. Bu, onların ən böyük üstünlüklərindəndir. “Rubin”in baş məşqçisi Kurban Berdıyev güclü mütəxəssisdir. Belə olmasaydı, bu komandaya uzun müddət rəhbərlik etməzdi. Mən deyərdim ki, indiki “Rubin” 2 il öncəkindən güclüdür. Çünki hazırda legionerlərinin də sayı çoxdur. Bu, onu göstərir ki, komandaya həqiqətən səviyyəli legionerlər gətiriblər.

- “Anji”nin heyətində “Rubin”lə oyunlar Sizin üçün nə dərəcədə uğurlu olub?

- Uğurlu sayıram. Kazandan xalla qayıtmışdıq. Yadımdadır, oyun 0:0 hesabı ilə nəticələnmişdi. Mahaçqaladakı matçda isə meydana çıxmamışdım. Çünki sarı vərəqə limitimi aşdığımdan, cəzalı idim.

- Sizcə, “Rubin” hazırda qeyri-sabit çıxış etmir?

- Ola bilər ki, Rusiya Premyer Liqasında belədir. Ancaq Avroliqada daha yaxşı təsir bağışlayırlar. Bu da bütün güclərini bu turnirə qoymaları ilə əlaqədardır. Fikrimcə, “Rubin”in məqsədi Avroliqanın qalibi olmaqdır. Çünki Rusiyada MOİK və “Zenit” buna nail olub, “Rubin” də buna nail olmaq istəyir.

- Son vaxtlar həm “Neftçi”də, həm də millinin heyətində beynəlxalq oyunlarda çıxış edirsiniz. Özünüzdə yorğunluq varmı?

- “Yorğunluğum var” desəm, soruşacaqlar ki, futbolçusan, niyə oynamırsan? Yorğunluq var. Demirəm ki, yoxdur. Lakin buna baxmayaraq, belə fikirləri başdan çıxarmaq lazımdır. Qarşıda vacib oyunumuz var. “Rubin”lə matça ciddi yanaşaraq, bütün diqqətimizi bu qarşılaşmaya yönəltməliyik.

- Baş məşqçi Böyükağa Hacıyevə bu haqda demisiniz? Ola bilərmi ki, buna görə Hacıyev Sizi əsas heyətdə oynatmasın?

- Onunla söhbətimiz olsa da, bu barədə bir söz deməmişəm. Mənə millinin oyunundan sonra bir günlük istirahət veriblər. Millidən qayıtdıqdan sonra “Neftçi”nin məşqlərinə qatılmışam. Yorğunluğum elə də yoxdur. Sadəcə, Moskvada süni meydanda oynamaq müəyyən çətinliklər yaradır. Ancaq Kazanda təbii ot örtüyündə çıxış edəcəyik. İnşallah, orada problem yaranmaz.
# 895

Oxşar yazılar